Regionların inkişafı iqtisadi siyasətin prioritet istiqamətidir

 

"Azərbaycan" qəzetinin Qəbələ Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi "dəyirmi masa"

 

Azərbaycanda iqtisadiyyatın müşahidə olunan dinamik inkişafı artıq dönməz xarakter alıb, ölkəmiz regional əhəmiyyətli iqtisadi güc mərkəzinə çevrilib. Sözsüz ki, bu uğurların həlledici amili ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında inamla davam etdirilən, elmi əsaslara söykənən iqtisadi islahatlar siyasətidir.

Bu siyasətin ən mühüm istiqamətlərindən biri ölkənin kompleks və eləcə də regional baxımdan tarazlı inkişafının təmin edilməsindən ibarətdir. Çünki məhz bu yanaşma inkişafın davamlılığını təmin edə bilər. Hələ 2003-cü ildə cənab İlham Əliyevin qarşıya qoyduğu məqsədlərdən biri ölkədə aparılan islahatlar hesabına Azərbaycan iqtisadiyyatında qazanılan uğurların miqyasını daha da genişləndirmək, bütün regionları sosial-iqtisadi baxımdan yüksək səviyyədə inkişaf etdirmək idi. Aradan ötən 9 ilə yaxın müddətdə əldə edilən nəticələr göstərir ki, qarşıya qoyulan bütün vəzifələr uğurla həyata keçirilir, bütün məqsədlər reallığa çevrilir.

Azərbaycanın regionlarının inkişafı Qəbələ rayonunun timsalında da aydın görünür. "Azərbaycan" qəzetinin Qəbələ Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi "dəyirmi masa"da rayonun son illərdə keçdiyi dinamik inkişaf yoluna nəzər salındı, qarşıda duran vəzifələrdən söz açıldı.

Tədbir iştirakçıları öncə rayon mərkəzində ucaldılan Heydər Əliyev abidəsini ziyarət etdilər, ulu öndərin əbədiyaşar xatirəsini anaraq, abidə önünə gül-çiçək dəstəsi qoydular.

"Qafqaz Resort" otelində keçirilən "dəyirmi masa"da giriş sözü ilə çıxış edən Milli Məclisin deputatı Fəttah HEYDƏROV bu tədbirin məhz tariximizin əlamətdar mərhələsinin ildönümü günlərində keçirilməsini məntiqi qanunauyğunluq saydı:

- Bu günlərdə 43-cü ildönümünü qeyd etdiyimiz möhtəşəm bir tarixi dövrlə, yəni 1969-cu ilin 14 iyulunda Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi ilə xalqımızın taleyində yeni səhifə açıldı. Bir məqamı qeyd etmək istərdim ki, bəzən yanlış olaraq Azərbaycanın uğurlarını, sadəcə, ötən 19 illik dövrlə əlaqələndiririk. Halbuki müstəqillik illərində qazandığımız böyük nailiyyətlərin əsası hələ ötən əsrin 70-80-ci illərində qoyulub. Bu həmin dövr idi ki, Azərbaycan iqtisadi göstəricilərinə görə keçmiş SSRİ respublikalarından geridə qalır, sahibsiz ölkə təəssüratı yaradırdı. İqtisadi cəhətdən tənəzzül dövrünü yaşayan respublikada mənəvi-psixoloji durum da son dərəcə pisləşmişdi. Əminliklə deyə bilərik ki, 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Azərbaycan məhz bu illərdə faktiki müstəqilliyi üçün etibarlı zəmin formalaşdırdı.

1993-cü ildə Qurtuluş prosesi ilə davam edən bu şərəfli missiya 2003-cü ildən etibarən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında yeni mərhələdə həyata keçirilir. Müasir dövrün inkişaf, yüksəliş və quruculuq salnaməsinin müəllifinə çevrilən dövlət başçımızın böyük müdriklik və qətiyyətlə həyata keçirdiyi milli inkişaf strategiyası Azərbaycanın hərtərəfli intibahını təmin etməklə bərabər, ölkəmizin beynəlxalq məkandakı mövqeyini əsaslı şəkildə möhkəmləndirmiş və artıq respublikamız Cənubi Qafqazın əsas söz sahibinə çevrilmişdir.

Rəsmi dövlət nəşri olan "Azərbaycan" qəzetinin artıq ənənə halını almış səyyar "dəyirmi masa"lar silsiləsinin növbəti tədbirini məhz Qəbələ rayonuna salması da təsadüfi sayılmamalıdır. Hesab edirəm ki, ölkəmizin ən nüfuzlu qəzeti olan və bütün bölgələrdə oxucuların böyük maraqla izlədiyi "Azərbaycan" regionların yüksəliş mərhələsi ilə bağlı apardığı tədqiqatları həm də Qəbələ rayonunun timsalında ölkə ictimaiyyətinə çatdıracaq.

"Dəyirmi masa" açıq elan edən "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:

 

- Hörmətli "dəyirmi masa" iştirakçıları!

 

Azərbaycanda həyata keçirilən məqsədyönlü, davamlı və ardıcıl inkişaf və quruculuq siyasəti ölkəmizdə tarix boyu görünməmiş yüksəlişə səbəb olub. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində son 9 ildə mərhələli şəkildə nail olduğumuz bu inkişaf Azərbaycanın regionda lider, dünya birliyində isə öz layiqli yeri olan dövlətə çevrilməsini təmin edib. Ən fərəhlisi isə odur ki, bu illər ərzində inkişafın Azərbaycan modelini də dünyaya uğurla təqdim edə bilmişik.

İnkişafın Azərbaycan modeli təkcə iqtisadiyyatın və sosial sferanın deyil, ölkə həyatının bütün sahələrinin kompleks inkişafını özündə ehtiva edir. Əgər bu prosesi dərindən təhlil etsək görərik ki, biz bu illər ərzində yalnız iqtisadiyyatın inkişafı ilə kifayətlənməmişik. Ötən dövrdə ölkə rəhbərliyinin həyata keçirdiyi quruculuq siyasəti özünü həm sosial-iqtisadi, həm mədəni, həm humanitar sahədə göstərib. Neft gəlirlərindən səmərəli istifadə edilməsi qeyri-neft sektorunda inkişafa və ciddi artıma səbəb olub. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclaslarında bu məsələni həmişə xüsusi qeyd edir.

Azərbaycanın özünəməxsus inkişafının digər mühüm göstəricisi ölkə regionlarının inkişaf yoluna çıxarılmasıdır. Məhz regional inkişaf Prezident İlham Əliyevin daxili siyasətində prioritet istiqamət təşkil edir. Təsadüfi deyil ki, son 8 ildə bu istiqamətdə çox böyük işlər görülüb, regionların, şəhər və rayonların tarazlı inkişafı təmin edilib. İndi biz yalnız şəhərlərin, rayon mərkəzlərinin deyil, qəsəbə və kəndlərimizin inkişafından ağız dolusu söz açırıq.

Azərbaycanın rayonları arasında füsunkar təbiəti ilə seçilən Qəbələnin özünəməxsus yeri var. Əlbəttə, Qəbələ həm də özünün dinamik inkişafı ilə fərqlənir. Təsadüfi deyil ki, biz Qəbələni inkişaf baxımından Azərbaycanın digər regionları ilə müqayisə etmirik. Bu gün Qəbələ dünyanın ən gözəl məkanları ilə müqayisə oluna bilər. Vaxtilə ulu öndər Heydər Əliyev deyirdi ki, biz Qəbələni Azərbaycanın İsveçrəsinə çevirməliyik. Budur, Qəbələ bu gün özünün gözəlliyi və inkişafı ilə İsveçrə ilə bir sırada duran məkana  çevrilib.

Qəbələdə əsas inkişaf istiqamətlərindən biri turizmdir. Məhz gözəl təbiəti bu əsrarəngiz diyarı tarixən turizm baxımından cəlbedici etmişdir. Sovet dövründə burada bir sıra turist bazaları yaradılsa da, bütövlükdə regionun turizm potensialından səmərəli istifadə olunmurdu. Son bir neçə ildə isə Azərbaycanın bu bölgəsinin turizm bazarına yeni sərmayələr qoyulub və möhtəşəm turizm infrastrukturu formalaşıb. Bu gün Qəbələdə 4 beşulduzlu otelin fəaliyyət göstərməsi bunun əyani təsdiqidir.

Möhtərəm Prezidentimizin Qəbələ barəsində söylədiyi aşağıdakı fikirlər rayonun turizm potensialından daha səmərəli istifadə olunması baxımından qarşımızda mühim vəzifələr qoyur: "Qəbələnin çox böyük turizm potensialı var. Qəbələdə turizmin inkişafı dövlətin iqtisadi siyasətinin tərkib hissəsidir. Qəbələ dünya miqyasında turizm mərkəzlərindən birinə çevrilməlidir".

Bəli, bu gün Qəbələnin dünya miqyasında turizm mərkəzinə çevrilməsi üçün mühüm işlərin həyata keçirildiyinin şahidiyik. Məlum olduğu kimi, turizmin inkişafına xidmət edən ən vacib amillərdən biri mükəmməl yol-nəqliyyat infrastrukturunun mövcudluğudur. Bu yaxınlarda istifadəyə verilən Qəbələ Beynəlxalq hava limanı  rayonun turizm mərkəzlərindən birinə çevrilməsi istiqamətində vacib addımlardandır.

Qəbələ həmçinin beynəlxalq mərkəzə, mühüm mədəni, idman, humanitar tədbirlərin keçirildiyi məkana çevrilməkdədir. Bildiyimiz kimi, Heydər Əliyev Fondunun xətti ilə hər il Qəbələdə beynəlxalq musiqi festivalı keçirilir. Bu festival həm Qəbələnin, həm də bütövlükdə Azərbaycanın dünyada tanıdılması istiqamətində çox möhtəşəm mədəni tədbirdir. Qəbələdə istifadəyə verilən piano fabriki də buranın mədəni mərkəz statusunu daha da artırır. Bir neçə il əvvəl beynəlxalq standartlara uyğun olaraq yaradılan və qısa müddətdə bir çox uğurlara imza atan "Qəbələ" futbol klubu isə qəbələlilərin idman sahəsindəki böyük uğurudur.

Yəqin ki, bütün bunlar barədə "dəyirmi masa" iştirakçıları ətraflı söz açacaqlar. İndi isə çıxış üçün söz Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi ABDULLAYEVə verilir.

 

 

Səbuhi ABDULLAYEV:

 

- Azərbaycanda bütün sahələrdə həyata keçirilən irimiqyaslı islahatlar, reallaşan dövlət proqramları bugünkü uğurlarımızı sürətləndirmişdir. Ölkəmiz iqtisadi artım göstəricisinə görə dinamik statusunu qoruyub saxlamaqdadır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqtisadi inkişaf strategiyasının yeni mərhələdə uğurla davam etdirilməsi ölkənin sürətli tərəqqisinə gətirib çıxarmışdır.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları ölkəmizin bölgələrinin tarazlı, davamlı inkişafını, onların potensialının bir-birinə kömək mexanizmi üzərində qurulmasını və özəl sektorun inkişafını təmin edir. Azərbaycanın hərtərəfli inkişafını təhlil edərkən respublikamızın regionlarında, o cümlədən Qəbələ rayonunda həyata keçirilən möhtəşəm tədbirlərdən də söhbət açmaq son dərəcə diqqətəlayiqdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qədim tarixə malik olan rayonumuza son 7 ildə 6 dəfə səfər etməsini onun Qəbələ sakinlərinə məhəbbət və qayğının təzahürü kimi qiymətləndiririk. Ölkə başçısının düzgün müəyyənləşdirdiyi regionların iqtisadi inkişafı strategiyası bu gün hər sahədə öz töhfələrini verməkdədir. Belə ki, Qəbələ rayonunda ümumi məhsul buraxılışının həcmi 2003-cü illə müqayisədə 2011-ci ildə 6,4 dəfə artaraq 220007 min manata, sənaye məhsulunun həcmi 16,7 dəfə artaraq 20758 min manata, kənd təsərrüfatı məhsullarının həcmi 2 dəfə artaraq 49798 min manata çatmışdır. Əsas kapitala yönəldilən investisiyaların həcmi 31,4 dəfə artaraq 124165 min manat, o cümlədən tikinti-quraşdırma işlərinin həcmi 40,3 dəfə artaraq 93123 min manat təşkil etmişdir.

Azərbaycan Respublikasının Prezidentinin rəhbərliyi və yaxından köməyi nəticəsində Qəbələ şəhərinin giriş hissəsi, park və küçələr abadlaşdırılmış, Heydər Əliyev Mərkəzi yaradılmış, ulu öndərin adını daşıyan mədəniyyət və istirahət parkı salınmış və parkda ümummilli liderin abidəsi ucaldılmışdır.

Müalicə Diqnostika Mərkəzi, əlil və şəhid ailələri üçün 2 ədəd 16 mənzilli, 1 ədəd 36 mənzilli yaşayış binası, 4 beşulduzlu otel, 11 istirahət kompleksi, "Qəbələnd" gənclik, turizm və otelçilik üzrə peşə tədrisi mərkəzləri, piano fabriki, çoxmərtəbəli yaşayış binaları kompleksləri, uşaq bağçası, avtovağzal, meyvə və tərəvəzin saxlanılması üçün 5 min tonluq soyuducu anbar, 11010 kilovoltluq Qəbələ-Laza elektrik paylayıcı yarımstansiyası, Zarağan kəndində 192 qaçqın və məcburi köçkün ailəsi üçün 3 ədəd beşmərtəbəli yaşayış binası və orta məktəb, konserv, süd, makaron, üzüm, fındıq emalı və xalçaçılıq müəssisələri, çörək, kərpic və beton zavodları, seysmoloji stansiya və 1500 yerlik stadion inşa edilərək istifadəyə verilmiş, elektron tipli 24 ATS quraşdırılmış, "Aqrotexservis" yaradılmışdır

Qəbələ Rayon Mərkəzi Xəstəxanası, Şəhidlər xiyabanı, İ.Qutqaşınlının abidəsi, tarix-diyarşünaslıq muzeyi, İkinci Dünya müharibəsində həlak olan həmyerlilərimizin xatirə kompleksi əsaslı təmir edilmiş, ümumi uzunluğu 143 km. olan avtomobil yolu, 32 kilometr qaz xətti çəkilmiş, 6550 pm sahilbərkitmə işləri görülmüş, Dünya Bankının krediti hesabına şəhərdə su-kanalizasiya sisteminin yenidən qurulmasına başlanılmışdır. İsmayıllı-Qəbələ-Şəki avtomobil yolu yenidən qurulmuşdur. Vəndam qəsəbəsində şəhidlər üçün abidə kompleksi, istirahət parkı yeni layihə əsasında inşa olunmuş, mərkəzi küçə abadlaşdırılmışdır. Vəndam, Bum, Nic qəsəbələrinə və Nohurqışlaq, Tüntül kəndlərinə təbii qaz xətləri çəkilməkdədir.

Qəbələ Beynəlxalq hava limanının, rayon icra hakimiyyəti üçün inzibati binanın, Atçılıq mərkəzinin, Yengicə kəndində "İstisu" sağlamlıq mərkəzinin yeni korpusunun, Olimpiya-idman kompleksinin, mədəniyyət mərkəzinin, FHN-nin "N" saylı hərbi hissəsi üçün şəhərciyin, şərab zavodunun, Qafqaz Sport otelinin tikintisi başa çatdırılaraq istismara verilmişdir.

6860 şagird yerlik 21, o cümlədən Heydər Əliyev Fondu tərəfindən 2000 şagird yerlik 9 yeni məktəb binası tikilmiş, 2 məktəb əsaslı təmir edilmişdir. 80 şagird yerlik Topbağ, 180 şagird yerlik Tövlə tam orta məktəblərində hazırda tamamlanma işləri görülür. Nic qəsəbəsində 320 şagird yerlik, Kiçik Pirəli kəndində 180 şagird yerlik tam orta məktəblər, Solquca kəndində isə 80 şagird yerlik ibtidai məktəbin, Bum qəsəbəsində 25 yerlik uşaq bağçasının, Beynəlxalq Hava Limanı - Qəbələ yolunun, Qəbələ Futbol Akademiyasının, "Atçılıq Mərkəzi"nin, Qəbələ şəhərində "Konqres Mərkəzi"nin, "Karvansaray" kompleksinin, şəhər məscidinin, MTN-nin rayon şöbəsinin inzibati binasının, dağ xizəkçilik kompleksinin, Bum qəsəbəsində "Stend Atıcılıq Mərkəzi"nin, Vəndam qəsəbəsində 640, Kiçik Əmili kəndində 500 başlıq heyvandarlıq kompleksinin, Qəbələ-Küsnət-Laza avtomobil yolunun və həmin yolda Dəmiraparan çayı üzərində körpülərin, Hacıalılı kəndində 1103510 kilovoltluq elektrik yarımstansiyasının tikintisinə, şəhərin Zərifə Əliyeva, Səməd Vurğun, Nizami küçələrində, Vəndam və Nic qəsəbələrində abadlıq və yenidənqurma işlərinə başlanılmışdır.

2003-cü ildən bu günə kimi 8273-ü daimi olmaqla 10321 yeni iş yeri açılmışdır. 2012-ci ilin I rübü ərzində 279 yeni iş yeri açılmışdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev demişdir: "Qəbələdə sosial-iqtisadi inkişaf baxımından, abadlıq və quruculuq işləri sayəsində mühüm nailiyyətlər qazanılmışdır. Dağlar diyarının bugünkü inkişafı insanlarımızın hər şeyə qadir olduğunu sübut edir". Ölkə rəhbərinin Qəbələdə aparılan genişmiqyaslı quruculuq-abadlıq işlərinə verdiyi bu yüksək qiymət üzərimizə böyük məsuliyyət qoymaqla yanaşı, bizi daha səmərəli fəaliyyət göstərməyə səfərbər edir.

Cari ilin ötən dövründə keçən ilə nisbətən ümumi məhsul buraxılışı tikintidə 12500 min manat, yaxud 3,4 dəfə, nəqliyyatda 50 min manat, yaxud 7 faiz, ticarətdə 452 min manat, yaxud 8 faiz, kənd təsərrüfatında 262 min manat, yaxud 3 faiz, rabitə xidmətində 15 min manat, yaxud 9 faiz artmışdır. Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı ötən ilin müvafiq dövrünə nisbətən 115 manat artaraq 383 manata çatdırılmışdır. Rayonun yerli gəlirləri 2012-ci ilin birinci rübündə 1979 min manat proqnoza qarşı 2190,1 min manat (110,7 faiz) və ya 211,1 min manat çox yerinə yetirilmişdir. Ümumi məhsul istehsalında və xidmətlərin göstərilməsində qeyri-dövlət bölməsinin xüsusi çəkisi 87,5 faiz təşkil etmişdir.

Aqrar sahəyə dövlət qayğısının daim artması nəticəsində, bütövlükdə respublikada olduğu kimi, rayonumuzun kənd təsərrüfatı sahəsində də əhəmiyyətli dirçəliş hiss edilir. Rayonun iqtisadiyyatının əsasını təşkil edən taxılçılıqda ekstensiv amillərdən intensiv amillərə keçidlə əlaqədar xeyli irəliləyiş nəzərə çarpır. 2012-ci ilin məhsulu üçün 25820 hektar sahədə payızlıq dənli bitkilər əkilmişdir. Onun 20150 hektarını buğda, 5670 hektarını isə arpa sahələri təşkil edir. Ötən il 61852 ton taxıl məhsulu istehsal olunmuş və məhsuldarlıq hər hektardan orta hesabla 23,5 sentner təşkil etmişdir.

Kənd təsərrüfatı texnikası ilə təminat işi qənaətbəxş səviyyədə təşkil edilmişdir. Hazırda rayon üzrə kənd təsərrüfatı işlərini tam təmin edəcək səviyyədə kənd təsərrüfatı texnikası mövcuddur. Kənd təsərrüfatı texnikası parkı daim təzələnir.

Heyvandarlıq sahəsində də əhəmiyyətli dirçəliş hiss edilir. Hazırda rayon üzrə qaramalın sayı artaraq 52432 başa, qoyun-keçilər 218948 başa, donuzların sayı 914 başa, quşların sayı isə 327266-ya çatmışdır.

"Qəbələdə iqtisadiyyatın inkişafı rayonda işsizliyin aradan qaldırılmasına, insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına müsbət təsir edir" - deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu qiymətli fikirlərini aparılan məqsədyönlü tədbirlərə verilən yüksək qiymət kimi qəbul edirik.

Azərbaycan turizm sektorunun durmadan inkişaf etdiyi bir ölkədir. Respublikada dünya standartlarına cavab verən otellər, istirahət mərkəzləri, restoranlar fəaliyyət göstərir. Qəbələ isə ölkənin bu sahədə öndə gedən bölgələrindən biridir.

Rayonumuza gələn turistlərin sayı ilbəil artır. Hazırda rayon ərazisində 12 mehmanxana tipli obyekt fəaliyyət göstərir. Bu obyektlərdə yer sayı 1706-dır. Cari ilin ötən dövrü ərzində rayonumuza 10 min nəfərdən artıq turist gəlmişdir. Həmin turizm obyektlərində meşə gəzintisi, atla gəzinti, balıq ovu, göldə qayıqla gəzinti, tarixi abidələrə baxış və digər xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılmışdır.

Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələdə keçirilən Beynəlxalq musiqi festivalları istər mədəni dəyərlərimizin təbliği, istərsə də Azərbaycanın dünyaya tanıdılması, turizmin inkişafı və s. baxımdan olduqca mühüm əhəmiyyət kəsb etmişdir.

Qəbələdə keçirilən Beynəlxalq musiqi festivallarında dünyanın ən məşhur musiqi kollektivləri və ayrı-ayrı sənət ulduzları iştirak etmişdir. Bu kollektivlərin və musiqiçilərin, o cümlədən İngiltərə Kral Orkestrinin ifaları böyük maraq doğurmuşdur. Bu tədbirlər təkcə Qəbələ əhalisinin deyil, bütün ölkənin və xeyli sayda xarici ölkə tamaşaçılarının hədsiz marağına səbəb olmuşdur. II Beynəlxalq musiqi festivalının açılışında Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın, UNESCO-nun baş katibi İrina Bokovanın iştirak etməsi tədbirin xüsusi əhəmiyyətini bir daha sübut edir.

Rayonun mədəni həyatında digər beynəlxalq tədbirlər də keçirilmişdir. Bunlardan Qəbələ I və II Beynəlxalq rəsm sərgilərini qeyd etmək olar.

Rayonumuzda başqa sahələri əhatə edən beynəlxalq tədbirlər də baş tutmuşdu. MDB Dövlətlərarası Şurasının hidrometrologiya üzrə 22-ci sessiyası, standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın 38-ci iclası, Azərbaycan Respublikası Hökuməti və BMT Ətraf Mühit Proqramı tərəfindən Biomüxtəliflik üzrə Avropanın ətraf mühit nazirləri və ekspertləri səviyyəsində beynəlxalq konfrans Qəbələdə keçirilmişdir. Habelə dünyanın 40-dan çox ekspertinin iştirak etdiyi XI Beynəlxalq pestisit forumu, görkəmli torpaqşünas alim Muxtar Abduyevin 85 illiyinə həsr olunmuş "Azərbaycan torpaqları: genesiz, coğrafiya, meliorasiya, səmərəli istifadə və ekologiya" mövzusunda Beynəlxalq konfrans, dünya şöhrətli sənətkar Oljas Süleymenovun 75 illik yubiley tədbiri, atçılıq üzrə ölkə çempionatı, ümummilli liderimizin xatirəsinə həsr olunmuş beynəlxalq velotur, Qəbələ Kuboku uğrunda yeniyetmələrin beynəlxalq futbol turniri, "Udinlər: dünən, bu gün, sabah" mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi ilə onkoloji məsələlərə həsr olunmuş Beynəlxalq konfrans və s. tədbirlər məhz rayonumuzda təşkil olunmuşdur. Həmçinin Respublika Ağsaqqallar Şurasının zona müşavirəsinə, respublika veloturuna, "İrəli" gənclər birliyinin qış universitetinə Qəbələ ev sahibliyi etmişdir.

Çıxışımı ümummilli liderimiz Heydər Əliyevin bu müdrik fikirləri ilə bitirmək istərdim. Ulu öndər vaxtilə qeyd edirdi: "Həyatda çox şey görmüşəm, çox şeyə nail olmuşam. Təkcə bir arzum var: özümdən sonra böyük və qüdrətli bir ölkə qoyub getmək..." Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin titanik fəaliyyəti nəticəsində ulu öndərin müqəddəs arzusu gerçəkləşmişdir. Xalqımızın gələcək rifah halının durmadan yüksəlməsi yolunda görülən işlər bir daha təsdiq edir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bütün tədbirlər ölkəmizi və insanlarımızı daha işıqlı və firavan gələcəyə aparacaqdır.

 

 Bəxtiyar SADIQOV:

 

- Ölkəmizin bütün regionları kimi Qəbələ rayonu da özünün yüksəliş dövrünü yaşayır. Bu tarixi Azərbaycan şəhəri keçmişdə malik olduğu şöhrəti özünə qaytarır. Rayonda son illərdə onlarla istehsal və xidmət sahəsi yaradılıb və bu rayonun iqtisadi inkişafına verdiyi töhfələrlə yanaşı, əhalinin məşğulluğunun təmin edilməsində böyük rol oynayır. Qəbələdə eyni zamanda aqrar sahə inkişaf edir. Rayonda kənd təsərrüfatının müxtəlif sahələrinə son illərdə xeyli sərmayə qoyulub. Bütün bunlar barədə danışmaq üçün söz Vəndam qəsəbə 1 saylı tam orta məktəbin direktoru Qətibə ABBASOVAya verilir.

 

 Qətibə ABBASOVA:

 

- Hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatlar, qəbul olunan dövlət proqramları ölkəmizin iqtisadi gücünün və qüdrətinin artmasına, regionda inkişafın dinamikasına görə lider dövlətə çevrilməsinə səbəb olmuşdur. Bu aspektdə Qəbələ rayonunda da işlər uğur və sürətlə davam etdirilir. Rayonun iqtisadiyyatının aparıcı sahəsini turizm, taxılçılıq, meyvəçilik və heyvandarlıq təşkil etsə də, bu gün burada aparılan abadlıq-quruculuq işləri, yeni infrastrukturların yaradılması çox geniş vüsət almışdır. Qəbələdə tikilən inşaat materialları müəssisələri, emal müəssisələri, zavodlar, fabriklər, müalicə ocaqları, təhsil, mədəniyyət, səhiyyə müəssisələri, otellər və idman kompleksləri, turizm və istirahət mərkəzləri regionun və respublikanın inkişafında mühüm rol oynayır. Rayonda gedən bu iqtisadi inkişaf əhalinin məşğulluğunun təmin olunmasına və rifahının yaxşılaşdırılmasına stimul verir.

Qafqazda analoqu olmayan Qəbələ konserv zavodunun tikintisi, yardımçı saxlama və emal müəssisələrinin inşa edilməsi zavodun xammala olan tələbatının ödənilməsi üçün yüz hektarlarla sahələrdə bağların salınması, istehsal olan rəqabətədavamlı, yüksək keyfiyyətli məhsulların dünya bazarına çıxarılması və ölkəmizin beynəlxalq arenada daha yaxından tanınması qəbul olunmuş dövlət proqramlarının bəhrəsidir. Qəbələdə gedən bu inkişafı yüksək qiymətləndirən möhtərəm Prezidentimiz demişdir: "Qəbələdə sənaye infrastrukturu ilə sosial infrastrukturun inkişafı paralel aparılır".

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında aqrar sahə üzrə nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi ölkənin aqrar sektorunun inkişafında həlledici rol oynamışdır. Son illərdə islahatın dərinləşməsi, sahibkarlara münbit şəraitin yaradılması, əhalinin sosial vəziyyətinin yüksəldilməsi qəbələlilər tərəfindən böyük rəğbət hissi ilə qarşılanır.

Aqrar sahəyə dövlət qayğısının artması, üzümçülüyün inkişafına dair Dövlət Proqramının qəbul edilməsi, "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamın verilməsi kəndli-sahibkarlar tərəfindən ruh yüksəkliyi və minnətdarlıqla qarşılanmışdır. Sərəncamın icrası taxılçılıq sahəsində xüsusi dönüş yaratmış, bu istiqamətdə rekord nəticələr əldə edilmişdir.

Heyvandarlıq sahəsində də əhəmiyyətli işlər görülmüşdür. Təsərrüfatın bu bölməsinin daha da inkişaf etdirilməsi məqsədi ilə Vəndam qəsəbəsi ərazisində 500 başlıq, Kiçik Əmili kəndi ərazisində isə 640 başlıq modern maldarlıq komplekslərinin tikintisinə başlanılmışdır. Görülən işlərin nəticəsi olaraq rayonda heyvandarlıq məhsullarının istehsalı da ilbəil artırılır.

Üzümçülük və şərabçılıq aqrar-sənaye sahələri arasında xüsusi yer tutmaqla səmərəlilik baxımından mühüm iqtisadi əhəmiyyət kəsb edir. Üzüm digər kənd təsərrüfatı məhsulları arasında yeni yaradılan iş yerlərinin sayına və ümumi məhsul buraxılışına görə ən yüksək göstəriciyə malik olan texniki bitkilərdən biridir. Üzümçülüyə dair Dövlət Proqramının təsdiq edilməsi də rayonda üzümçülüyün inkişafına öz layiqli töhfələrini verməkdədir. Hazırda hüquqi və fiziki şəxslər tərəfindən yeni üzüm plantasiyaları salınır, şərabın ilkin emalı və Qəbələ şərab zavodları fəaliyyət göstərir. Rayonda digər kənd təsərrüfatı sahələrinin inkişafına da xüsusi diqqət yetirilir. Kompleks tədbirlər həyata keçirilir.

Bütün bunlar göstərir ki, respublikamızın hər yerində olduğu kimi, Qəbələdə də istər iqtisadi, istərsə də aqrar sahədə görülən işlər yüksək templə inkişaf edəcəkdir.

 

 Bəxtiyar SADIQOV:

 

- Bu gün sürətlə inkişaf edən sahələrdən biri də turizmdir. Son illərdə zəngin turizm potensialından səmərəli istifadə edilməsinin şahidiyik. Dövlət turizmin inkişafını yalnız təşviq etməklə kifayətlənmir, həmçinin zəruri olan addımları atır. Təbii ki, turizmin inkişafı üçün gözəl yollar, otellər, hava limanları, fasiləsiz elektrik təminatı lazımdır. Fərəhli haldır ki, bu gün ölkəmizdə bu deyilənlərin hamısı var. Elə Qəbələnin də timsalında biz ölkəmizdə turizmin necə sürətlə inkişaf etdiyini və bununla da Azərbaycanın dünyaya layiqincə təqdimatını görürük. Bu barədə çıxış etmək üçün söz "Xanlar" Turizm və İstirahət Mərkəzinin direktoru Yaşar NƏZİROVa verilir.

 

 Yaşar NƏZİROV:

 

- Özəl sektorun inkişafı hər zaman möhtərəm Prezidentimizin diqqət mərkəzində olmuşdur. Cənab İlham Əliyevin birbaşa diqqəti və qayğısı sayəsində qanunvericilik aktlarına edilən əlavə və dəyişikliklər, idarəetmə sisteminin təkmilləşdirilməsi sahəsində atılan addımlar özəl sektorun inkişafı üçün münbit şərait yaradıb və qısa zaman ərzində ölkəmizdə oturuşmuş güclü sahibkarlar ordusu formalaşıb.

 Bunların nəticəsidir ki, indi iqtisadiyyatımızda özəl sektorun çəkisi 80 faizi ötmüşdür. Dövlət başçısının göstərişi ilə bütün regionların təbii-coğrafi şəraiti öyrənilir və buna uyğun infrastruktur layihələri hazırlanır və gerçəkləşdirilir.

Qəbələnin ecazkar təbiəti burada turizm sahəsinin inkişafını da önə çıxardı. Hələ 2002-ci ildə ümummilli liderimiz Qəbələdə olarkən buranın təbiətinə heyran olduğunu bildirmiş, Qəbələni İsveçrə kimi turizm-kurort diyarı ilə müqayisə etmişdir. Qəbələnin gələcəkdə turizm mərkəzinə çevrilməsinin vacibliyini xüsusi qeyd etmişdir. Elə o zamandan Qəbələ sürətlə inkişaf edərək, qısa zaman kəsiyində ölkənin ən mühüm turizim mərkəzlərindən birinə çevrilmişdir. Tarixi qədimliyimiz, füsunkar təbiətimiz, Azərbaycanın zəngin və çoxəsrlik mədəniyyətinə söykənən adət-ənənələrimiz, mətbəximiz və qonaqpərvərliyimiz turizm potensialımızın inkişafına stimul verən əsas amillərdən biridir.

Bu gün rayonumuzda ondan yuxarı turizm mərkəzi fəaliyyət göstərir, onlarla insan turizm sahibkarlığı ilə məşğuldur, yüzlərlə insan bu sektorda özünə daimi iş tapmışdır. Bütün bunlar hamısı dövlət başçımızın Qəbələyə, özəl sektora göstərdiyi diqqət və qayğının sayəsində mümkün olmuşdur. Bu istirahət mərkəzlərinin əksəriyyəti dövrün ən müasir tələblərinə cavab verir və Qəbələnin ecazkar təbiəti ilə bir ahənglik yaradır.

Sürətlə inkişaf edən turizm sektoru hesabına Qəbələ bir çox beynəlxalq və respublika əhəmiyyətli simpoziumlara, beynəlxalq musiqi festivallarına, tədbirlərə ev sahibliyi edir, ölkəmizin mədəni imicinin yüksəlməsinə öz töhfəsini verməkdədir.

2011-ci ilin "Turizm ili" elan olunması rayonumuza turist axınını sürətləndirdi. Bu turistlərin 20 faizə qədəri xarici ölkə vətəndaşlarıdır. Əgər 2010-cu ildə rayonumuza 30 minə yaxın turist gəlmişdisə, 2011-ci ildə bu rəqəm 30 faiz çoxalaraq 40 mini ötmüşdür.

Turizm sahəsinin inkişafı üçün mövcud şərait və sərvətlərlə yanaşı, ən mühüm amillərdən biri də həmin sektoru yüksək ixtisaslı kadrlarla təmin etmək məsələsidir. Məhz yüksək ixtisaslı kadrların hesabına xidmətin səviyyəsini lazım olan standartlara çatdırmaq olar. Bu məsələ də rayonumuzda həll olunmuşdur. Dövlət başçısının göstərişi ilə Qəbələ və ətraf rayonların turizm sektorunu ixtisaslı kadrlarla təmin edə biləcək tədris-peşə mərkəzi tikildi və 2009-cu ildə istifadəyə verildi. Bu tədris-peşə mərkəzi qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlir, bu sektoru yüksək ixtisaslı kadrlarla təmin edir.

2011-ci il turizm ili olmaqla yanaşı, həm də müstəqilliyimizin bərpasının 20-ci ildönümü və hər birimizə qürur yaşadan bir tarixdir. Biz turizm sahəsində çalışanlar da müstəqilliyimizin daimiliyinin təminatını yaradan, onu möhkəmləndirən, inkişaf etdirən dövlət başçısının hər zaman yanındayıq, onun apardığı uğurlu daxili və xarici siyasəti dəstəkləyirik.

 

Bəxtiyar SADIQOV:

 

- Gənclik istənilən cəmiyyətdə böyük qüvvədir. Hər bir ölkənin gələcəyi gənclərin sosial-siyasi fəallığından əhəmiyyətli dərəcədə asılıdır. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin aparıcı xəttini həm də bu mühüm konsepsiya təşkil edir. Bunun nəticəsidir ki, Qəbələ rayonunda qazanılan uğurlarda gənclərin də rolu var. Eyni zamanda, Azərbaycan bu gün dünyada idman ölkəsi kimi tanınır. Azərbaycan idmançılarının səsi ən nüfuzlu idman arenalarından gəlir və inanırııq ki, qarşıdakı London Olimpiadasında da biz idmançılarımızın uğurlu çıxışının şahidi olacağıq.

İdman Qəbələdə də inkişafda olan sahələrdən biridir. Rayonda görülən işlər barədə danışmaq üçün söz Qəbələ Rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri SOLTANOVa verilir.

 

Fəxri SOLTANOV:

 

- Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanda gənclərlə iş və idmanın inkişafı siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikanın bütün regionlarında tikilən və istifadəyə verilən yeni-yeni idman qurğuları, olimpiya idman kompleksləri, stadionlar, idman zalları Azərbaycanda çox güclü gənc nəslin və idmançıların yetişməsində müstəsna rol oynayır. Bu gün artıq dünya idman federasiyaları öz yarışlarını, çempionatlarını və birinciliklərini Azərbaycanda keçirməyə məmnuniyyətlə razılıq verirlər. Çünki Azərbaycanda idmana dövlət qayğısı vardır.

Cənab Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının təsdiq edilməsi və 2012-ci ilin "İdman ili" elan edilməsi Azərbaycanda gənclər siyasətinə və idmana dövlət qayğısının bariz nümunəsidir. Nəyə görə il idman ili elan edildi? Müstəqilliyimizin iyirminci ildönümünü qeyd etdiyimiz 2011-ci ildə respublikaya gətirilən medalların əyarı və sayı, həmçinin, baza və keyfiyyətinə görə ev sahibliyi etdiyimiz beynəlxalq yarışların sayı bu ilin idman ili edilməsi zərurətini meydana çıxardı.

Əlbəttə ki, bu sərəncam bizim məsuliyyətimizi daha da artıraraq işimizin daha keyfiyyətlə inkişafına stimul verir. Bu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi, "İdman ili"nə öz töhfələrini verməsi məqsədilə Qəbələ ötən illərlə müqayisədə daha böyük addımlarla irəliləyir.

Rayonda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmanın kütləviliyinin təşkili sahəsində çox işlər görülmüşdür. Buna misal olaraq "Qəbələ" Peşəkar Futbol Klubunun təsis edilməsi və bu gün Azərbaycan Premyer Liqasında uğurla çıxış etməsini göstərmək istərdim. Futbol klubunun Qəbələ şəhər stadionunda hər cür şəraiti olan yeni bazası yaradılmışdır. Klubun 15 min yerlik əsas stadionunun tikintisi ən yüksək standartlara uyğun aparılacaqdır. Hazırda klub ev oyunlarını 4 min tamaşaçı yeri olan stadionda keçirir. Tikiləcək əsas stadion ilə yanaşı kompleksdə artıq 6 stadion da fəaliyyət göstərməkdədir. Çıxışımda onu da qeyd etməliyəm ki, hazırda əsas diqqət uşaq futbolunun inkişafına yönəldilib. Bu məqsədlə "Qəbələ" Peşəkar Futbol Klubunun nəzdində 5 yaş qrupunda Uşaq Futbol Akademiyası fəaliyyət göstərir ki, burada da respublikanın müxtəlif regionlarından cəlb olunmuş 160-dək yeniyetmə və gənc müntəzəm olaraq məşqçi-müəllimlərin nəzarəti altında məşqlərini davam etdirirlər. Onu da qeyd edim ki, Qəbələ Futbol Akademiyasının inzibati binasının tikintisinə başlanmış və bu ilin sonuna kimi təhvil verilməsi nəzərdə tutulmuşdur.

Ötən ilin sevindirici hadisələrindən biri də Prezident İlham Əliyevin xeyir-duası ilə açılışı olan Olimpiya İdman Kompleksinin istifadəyə verilməsidir ki, bu da rayon idmanının inkişafında müstəsna əhəmiyyət kəsb edir. Bundan əlavə, Qəbələ Cıdır Kompleksinin inşası, "Qafqaz" Sport otelin nəzdində fəaliyyət göstərən fitnes mərkəzinin istifadəyə verilməsi Qəbələ idmançılarının hədsiz sevincinə səbəb olmuşdur.

Gənclər və idman idarəsi olaraq bu il qarşımıza qoyduğumuz əsas məqsəd respublika tədbirlərində daha çox iştirak etmək və rayona nailiyyətlə qayıtmaq, həmçinin rayon ərazisində idmanın kütləviliyinə, gənclərin zərərli vərdişlərdən uzaq olması, onların asudə vaxtlarının səmərəli təşkili məsələlərinə diqqət etməkdir. Sevindirici haldır ki, artıq idmançılarımızın xoş sədalarını eşidirik. Belə ki, idmanın şahmat, futbol, taekvondo, kikboksinq, sindo-ryu karate, armrestlinq, sərbəst-güləş, cüdo, qocyu karate döyüş növləri üzrə 15 medal və mükafatçımız "İdman ili"nə öz töhfələrini vermişlər.

Bunlarla yanaşı, rayonumuz "İdman ili"ndə bir neçə beynəlxalq və respublika səviyyəli yarışa - "Offroard" avtomobil yarışı üzrə Beynəlxalq turnirə, 17 ölkədən 20-dək komandanın iştirak etdiyi ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Beynəlxalq velosiped turnirinə, 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında 6 Avropa klubunun qatıldığı I Qəbələ Kuboku futbol turnirinə, "Olimpiya Yol yürüşü" adlı kütləvi-idman tədbirinə, velosiped üzrə Azərbaycan çempionatına ev sahibliyi etmişdir. Rayonda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsinin nəticəsidir ki, sərbəst-güləş, boks və taekvondo üzrə Azərbaycan yığma komandaları təlim-məşq üçün Qəbələni seçmişlər.

 

 Bəxtiyar SADIQOV:

 

- Qəbələ rayonunda aparılan abadlıq və quruculuq işlərində Heydər Əliyev Fondunun böyük xidmətləri var. Ümummilli lider Heydər Əliyevin yaradıcılıq irsinin təbliği və öyrənilməsi ilə yanaşı Fond xeyriyyəçiliyi, uşaqlara kömək etməyi, müxtəlif humanitar aksiyalar keçirməyi, sosial quruculuq işlərinə dəstək verməyi öz fəaliyyətinin prioritet istiqamətləri elan etmişdir. Bu baxımdan ölkə Prezidentinin həyata keçirdiyi inkişaf siyasətinə öz layihələri ilə yaxından kömək göstərən Heydər Əliyev Fondu Qəbələ rayonunun da tərəqqisinə böyük töhfələr verir. Heydər Əliyev Fondunun burada həyata keçirdiyi layihələrlə bağlı danışmaq üçün söz Qəbələ Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə İSAYEVAya verilir.

 

 Xəyalə İSAYEVA:

 

- 2004-cü il may ayının 10-dan fəaliyyətə başlayan Heydər Əliyev Fondu öz fəaliyyəti ilə ictimai həyatımızda necə böyük rol oynadığını məqdəsyönlü planları, strateji əhəmiyyətli layihələri, mədəni-ictimai tədbirləri ilə sübut edir. Fondun həyata keçirdiyi xeyriyyəçilik tədbirləri, səhiyyə, təhsil sisteminin, mədəniyyət və incəsənətin inkişafı, mədəni irsimizin dünyada təbliği, ekologiya sahəsində tədqiqatları dəstəkləməsi, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasına verdiyi dəstək, ölkəmizin dünyadakı imicinin formalaşması sahəsindəki fəallığı ümummilli lider Heydər Əliyevin ideyalarına ləyaqətlə xidmət etdiyini təsdiqləyir.

Heydər Əliyev Fondunun belə geniş fəaliyyətinin əsasında onun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüskarlığı, əzmkarlığı və xeyirxahlığı dayanır. Mehriban xanım Əliyevanın özünün də bəyan etdiyi kimi, Heydər Əliyev Fondunun əsas məqsədi insanlara təmənnasız yaxşılıq etməkdir.

Heydər Əliyev Fondu respublikamızın bütün bölgələrində, o cümlədən Qəbələ rayonunda da xeyriyyəçilik tədbirləri həyata keçirir. Fondun təşəbbüsü ilə rayon mərkəzi xəstəxanasına 2004-cü ilin dekabr ayında 5 nəfər diabetli xəstə uşaq üçün 1 illik miqdarında insulin preparatı və şprislər verilmişdi. 2009-cu ildə Milli Onkologiya İnstitutunun həkimləri mərkəzi xəstəxanada onkoloji xəstələri müayinə və müalicə etmişdilər. 2011-ci ildə xəstəxanada 240-300 doza donorluq günü keçirilib. Artıq 6 ildir ki, ənənəvi olaraq Fondun təşəbbüsü ilə akademik Zərifə xanım Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin mütəxəssisləri Qəbələ Rayon Mərkəzi Xəstəxanasında gözdən katarakta xəstəliyindən əziyyət çəkən insanları müayinə və müalicə edirlər.

2009-cu ilin aprelin 20-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələ Rayon Müalicə Diaqnostika Mərkəzində Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri tərəfindən 3 xəstədə açıq ürək əməliyyatı aparılmışdır. 2011-ci ilin dekabr ayının 22-də talassemiyalı xəstələrə yardım məqsədi ilə "Qanvermə" aksiyası keçirilmişdir. 2012-ci ilin 28-29 may tarixlərində Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri tərəfindən 4 nəfər donordan 4 nəfər pasiyentə böyrək transplantasiya edilmişdir.

Mehriban xanımın uşaqlara qayğısı onun Azərbaycanın gələcəyini düşünməsində təcəssümünü tapır. Bu gün "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi uğurla həyata keçirilir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələ rayonunda da bir sıra məktəblər tikilib, əsaslı təmir olunub. Onlara misal olaraq Çarxana, Daçlıca, Əmirvan, Tüntül, Bum ümumi orta məktəbi, Savalan, Abrıx, K.Əmli, Dızaxlı, Nic 2 saylı tam orta məktəbi üçün yeni binalar inşa edilmiş, Çuxur Qəbələ tam orta məktəbi isə əsaslı təmir edilmişdir. Daşlıca tam orta məktəbinin açılışında Mehriban xanım Əliyeva, Nic 2 saylı tam orta məktəbinin açılışında isə cənab Prezident İlham Əliyev iştirak etmişdir.

Fondun təşəbbüsü ilə Qəbələ rayonunda keçirilən Beynəlxalq Musiqi festivalları insanların musiqi duyumunu inkişaf etdirməklə yanaşı, Avropa musiqisi ilə tanışlığına şərait yaradır. Qəbələ II Beynəlxalq Musiqi festivalında Mehriban xanım Əliyeva çıxış edərək bildirmişdir ki, "Buraya qədəm qoyan hər bir insan əsrlərin nəfəsini hiss edir. Hazırda dünya xəritəsində Qafqaz Albaniyası olmasa da, Qəbələ mədəniyyətin paytaxtı kimi çıxış edir".

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Fondun vitse-prezidenti, Ətraf mühit kampaniyasının təsisçisi Leyla xanım Əliyevanın iştirakı ilə Qəbələdə "Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah" mövzusunda tədbir keçirilmişdir.

Fondun Qəbələdə həyata keçirdiyi mədəni, sosial layihələr, xeyirxahlıq tədbirləri, quruculuq işləri rayonun inkişafına böyük təkan verir. Bütün Qəbələ sakinləri cənab Prezidentimiz İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rayonumuz üçün gördükləri işləri yüksək qiymətləndirir, onların bütün fəaliyyətini dəstəkləyir və ətrafında sıx birləşdiyini bəyan edir.

 

Bəxtiyar SADIQOV:

 

- Qəbələnin inkişafı makroiqtisadi göstəricilərdə və rəqəmlərdə öz əksini tapır və çıxışlarda bu barədə söz açıldı. Bu inkişafın əsas göstəricilərindən biri də aparılan abadlıq və quruculuq işləridir. Bütün bunlar qəbələlilər tərəfindən də böyük rəğbət və razılıqla qarşılanır. Bu barədə danışmaq üçün söz Qəbələ rayon ictimaiyyətinin nümayəndəsi Şirin ŞİRİNOVa verilir.

 

Şirin ŞİRİNOV:

 

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və göstərişi ilə bütün regionların siması dəyişir, bölgələrdə nəinki rayon mərkəzləri, onlara paralel kəndlərimizdə də böyük quruculuq və abadlıq işləri görülür. Lakin Qəbələdə bu gün həyata keçirilən abadlıq və quruculuğun miqyası o dərəcədə böyükdür ki, bir ay əvvəl burada olmuş adam yenidən şəhərin ərazisinə qədəm qoyarkən gördüklərinə çətin inanar və başqa bir aləmə düşdüyünü zənn edər.

1548 kvadratkilometr ərazisi olan Qəbələ rayonunun bu sahədə inkişafını daha aydınlığı ilə görmək üçün şimaldan rayonun qurtaracağına, cənuba doğru və şərqdən qərbə tərəf səmadan ərazini seyr etməklə abadlıq və quruculuq işinin həcminin böyüklüyünü görmək olar.

Beşulduz otellərin, yaraşıqlı parkların, turizm istirahət mərkəzlərinin, yenidən qurulan abad küçələrin, yeni tikilmiş məktəb binalarının, idman-sağlamlıq obyektlərinin, müasir sənaye müəssisələrinin, beynəlxalq hava limanının, yeni körpülərin, geniş yolların tikintisi və sadalamaqla qurtarmayan neçə-neçə infrastruktur layihələrin Qəbələdə reallaşdırılması rayonumuzun mühüm turizm və mədəniyyət mərkəzinə çevrilməsindən xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər dəfə Qəbələyə səfərindən sonra abadlıq və quruculuq sahəsində planlaşdırılan işlərin sürətinə yeni impuls verilir. Cənab Prezident Qəbələdə 2011-ci ilin noyabr ayının 17-18-də ictimaiyyətlə görüşəndə bildirmişdir ki, son illər ərzində Qəbələ beynəlxalq mərkəzə çevrilmişdir. Beynəlxalq miqyaslı layihələr ona görə gerçəkləşir ki, Qəbələ abad və füsunkar gözəlliyə malik olan diyardır. Qəbələ tarixiliyinə, təmizliyinə, gözəlliyinə və mehriban insanlarına görə diqqəti özünə cəlb edir.

Qəbələ rayonunda 1 şəhər, 3 qəsəbə və 60 kənd vardır. Vəndam qəsəbəsinin mərkəzi yenidən qurularaq görkəmini dəyişmiş, əsas küçə abadlaşdırılmış, işıqlanma sistemi yeniləndirilmiş, əsas küçənin hər iki tərəfində piyadalar üçün səkilər salınmışdır.

Nic qəsəbəsində görülən abadlıq və quruculuq işləri sayəsində qəsəbənin mərkəzi istirahət üçün uyğunlaşdırılmış və yaraşıqlı məktəb binası tikilərək istifadəyə verilmişdir. Qəsəbənin əsas yolunun 1600 metrlik hissəsi yenidən qurularaq asfaltlaşdırılmış, yolların kənarında dekorativ hasarlar inşa edilmiş və qəsəbə müasir yaşayış məntəqəsinə çevrilmişdir. Qəsəbədə ikinci müasir məktəb binası inşa edilir. Rayonun digər qəsəbə və kəndlərində də abadlıq və quruculuqla bağlı kifayət qədər iş görülmüş və bu gün də davam etdirilir.

Yengicə İstisu Sağlamlıq Sanatoriyası istifadəyə verilmiş, Nohurqışlaq, Tüntül, Yengicə kəndlərinin ərazisindən keçən yollar asfaltlaşdırılmış, yolların kənarları və yaşayış məntəqələri abadlaşdırılmışdır. Bütün bunlar tədricən şəhərlə kəndlər arasındakı fərqin azalmasına səbəb olmuş və kəndlərimiz şəhər görkəmi almağa başlamışdır. Qədim Qəbələ şəhərinin yaxınlığındakı Çuxur Qəbələ kəndində müasir otel binasının tikilməsi, Çuxur Qəbələ-Mirzəbəyli, Qəbələ-Qəmərvan yolunun asfaltlaşdırılması və yol kənarlarının, kəndlərin mərkəzlərinin abadlaşdırılması həmin kəndlərin görkəmini dəyişmiş, kəndlərə xüsusi yaraşıq və gözəllik vermişdir.

Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına da xüsusi diqqət yetirilir. Vəndam sakinlərinə uzun illər gözlədikləri mavi yanacağın verilməsi və eyni zamanda Nohurqışlaq, Tüntül, Yengicə kəndlərinə, Nic və Bum qəsəbələrinə və həmin istiqamətdə olan digər yaşayış məntəqələrinə qaz çəkilişinə başlanılması qəsəbə və kəndlərimizin müasirləşdirilməsi və abadlaşdırılması istiqamətində atılan mühüm addımdır.

 

 Bəxtiyar SADIQOV:

 

- Azərbaycanın son onillikdə əldə etdiyi möhtəşəm iqtisadi-sosial inkişaf dünyanın iqtisadi mənzərəsində yeni bir trendi müəyyənləşdirmişdir: inkişafın Azərbaycan modeli. Bu gün bu model nəinki MDB məkanında, Şərqi Avropa və Asiya regionunda da mühüm tədqiqatların obyektidir. Dünya iqtisadçıları, həmçinin planetimizin məşhur "beyin mərkəzləri" olan iqtisadi-sosial təsisatlar inkişafın Azərbaycan modelini dərindən öyrənirlər, təhlillər aparırlar.

İnkişafın Azərbaycan modeli barədə danışmaq üçün söz Qəbələ rayonunun yüksəlişində mühüm töhfələri olan Milli Məclisin deputatı Fəttah HEYDƏROVa verilir.

 

 Fəttah HEYDƏROV:

 

- Bu gün dünyanın maraqla öyrəndiyi, alimlərin diqqətlə tədqiq etdikləri İnkişafın Azərbaycan modelinin alt qatlarına vardıqca, onun mahiyyətini tam araşdırdıqca aydın olur ki, bu, böyük dövlətçilik təcrübəsinə söykənən bir modeldir. Öz torpağına, xalqına, insanlarına böyük məhəbbət bəsləyən, ömrünü Azərbaycanın inkişafına, rifahına həsr edən işıqlı insanın saf ideyalarının məntiqi nəticəsidir. Bu, Heydər Əliyev ideyalarının cəmləşdiyi modeldir. XX əsrdə xalqımızın yetirdiyi ən böyük şəxsiyyət olan, ümumiyyətlə isə dünyanın ən böyük azərbaycanlısı sayılan Heydər Əliyevin müdrikliklə müəyyənləşdirdiyi yol Azərbaycanın alternativsiz inkişaf strategiyasına çevrilib.

Ümummilli liderlik səviyyəsinə yüksəlmiş bu fenomen şəxsiyyət, ilk növbədə, Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını mükəmməl konsepsiya halına gətirib. Ümummilli lider Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, ölkəni xaosdan, vətəndaş müharibəsindən, hərc-mərclikdən, hüquqi nihilizmdən qurtardu. Heydər Əliyev siyasi sabitliyi təmin etməklə bahəm, demokratik dövlət modeli konsepsiyasını da uğurla həyata keçirməyə başladı. Azərbaycanın davamlı inkişafını təmin edən konsepsiya müdriklə tətbiq olundu və uğurlu nəticələrini verdi.

Möhtərəm Prezident İlham Əliyevin müəllifliyi ilə son 9 ildə Azərbaycanın möhtəşəm inkişaf salnaməsinin yeni parlaq səhifələri yazılır. Heydər Əliyevin strateji inkişaf kursunu müasir mərhələyə uyğun zənginləşdirən dövlət rəhbərinin yürütdüyü məqsədyönlü siyasətin uğurları çağdaş Azərbaycanın şanlı tarixinə çevrilir. Bəli, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyata keçirdiyi siyasət bu gün uğurla davam etdirilir. Cəmiyyət dinamik inkişaf edir, müasir dünyada gedən proseslərə uyğun olaraq Azərbaycanın sosial-iqtisadi sferasında, qanunlarında, insanların həyat tərzində, idarəçilikdə müvafiq dəyişikliklər həyata keçirilir. İnsanların təfəkkür, düşüncə tərzi hazırkı dövrün çağırışlarına uyğun olaraq yeniləşir, müasirləşir. Eyni zamanda milli özünəməxsusluq və adət-ənənələr də qorunub saxlanılır.

Düşünürəm ki, cənab İlham Əliyevin əldə etdiyi böyük uğurlarının əsas səbəblərindən biri də məhz onun qətiyyətli və prinsipial rəhbər olmasıdır. Prezident qısa müddətdə Azərbaycan dövlətçiliyini hər cür cinayətkar qəsddən qorumağa qadir siyasətçi olduğunu, milli maraqlar naminə cəsarətli qərarlar qəbul etmək bacarığını nümayiş etdirdi. Respublikada ictimai-siyasi sabitlik əleyhinə yönəlmiş xarici və daxili təzahürləri bacarıqla aradan qaldıran dövlət başçısı dövlətçiliyin müdafiəsi üçün zəruri keyfiyyətlərə malik lider olduğunu sübuta yetirdi. Cənab İlham Əliyev ən mürəkkəb siyasi şəraitdə birləşdiricilik keyfiyyətləri sayəsində xalqı öz ətrafına, Heydər Əliyev ideyalarının cazibəsinə toplaya bildi.

Azərbaycan son illərdə inanılmaz dərəcədə dəyişib, zamanı qabaqlayaraq onilliklərə bərabər yol qət edib. Azərbaycan təkcə sosial-iqtisadi sahədə deyil, siyasi müstəvidə də bir çox problemləri geridə qoyub. Bir vaxtlar dünya xəritəsində tanınmayan, bədnam erməni lobbisinin təsiri ilə müxtəlif təzyiqlərə, təhdidlərə, ədalətsizliklərə məruz qalan, informasiya blokadası şəraitində haqlı mövqeyini dünyaya çatdıra bilməyən Azərbaycan bu gün tamam fərqli statusda çıxış edir. Respublikamız artıq bütün regional məsələlərdə əsas oyunçulardan biridir. Bölgədəki strateji əhəmiyyətli heç bir layihə Azərbaycansız gerçəkləşə bilmir. Respublikamız dünyanın enerji təhlükəsizliyinə mühüm töhfələrini verir, regionun ən iri layihələrini maliyyələşdirir. Dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlər Azərbaycanla hesablaşır, onun mövqeyini nəzərə alırlar. Bu gün Azərbaycan müstəqil siyasət yürüdən dövlət olmaqla yanaşı, BMT Təhlükəsizlik Şurasının üzvü kimi qlobal proseslərə fəal nüfuz edir. Azərbaycan dünya miqyasında mükəmməl iqtisadi inkişaf modeli olan, heç kəsin vassalı olmayan müstəqil dövlət kimi tanınır. Azərbaycanda həyata keçirilən siyasi-hüquqi islahatlar və modernləşmə kursu keçid dövrünü yaşayan ölkələr üçün örnək-nümunə olaraq qəbul edilir.

Milli Məclisdə təmsilçisi olduğum Qəbələ rayonu sanki qələbənin rəmzinə çevrilib. Prezident İlham Əliyevin təbirincə desək, hətta xarici ölkələrin paytaxt şəhərləri ilə müqayisə olunacaq səviyyədədir. Qəbələdə kəndlər qəsəbə, şəhər mənzərəsi alıb. Abad yollar, çoxsaylı sosial infrastrukturlar, məktəblər, xəstəxanalar, idman kompleksləri, müəssisələr, istirahət mərkəzləri, parklar - bütün bunlar kəndlərimizin artıq adi görüntüsünə çevrilib. Bir zəruri fakta nəzər salmaq istərdim. Əgər 20 il öncə Qəbələdən Bakıya və digər ölkələrə kütləvi axın vardısa, son illərdə bu axın geriyə doğru yönəlib. Qəbələlilər öz doğma yurdlarına - artıq abad və gözəl Qəbələyə kütləvi şəkildə qayıdırlar. Təsadüfi deyildir ki, son 15 ildə Qəbələ sakinlərinin sayı təxminən 20 faiz artıb. İnsanlar üçün Qəbələdə iş yeri tapmaq problem deyil. Amma sahibkar üçün işçi tapmaq artıq problemə çevrilir. Buna görə də Qəbələ indi ətraf bölgələrdən olan vətəndaşlarımızın da ruzi qapısına çevrilib.

Ölkəmizdə ən uzun uçuş xəttinə - 3600 metrilik zolağa malik olan Qəbələ Beynəlxalq Hava Limanı isə rayonun artıq Azərbaycan üçün vacib strateji əhəmiyyət daşıdığını nümayiş etdirir. Qəbələ mübaliğəsiz deyək ki, Azərbaycanın turizm paytaxtına çevrilir. 4 beşulduzlu möhtəşəm otelə, eləcə də onlarla mehmanxanaya malik olan rayonun turizm potensialı il ərzində yüz minlərlə insana xidmət etmək imkanındadır və bunu edir də. Qəbələdə fəaliyyət göstərən konserv zavodlarının, digər müəssisələrin məhsulları dünyanın 30-dan artıq ölkəsinə ixrac olunur.

Mənim qəlbimi qürur hissi ilə dolduran faktlardan biri də rayonda piano fabrikinin açılmasıdır. Postsovet məkanında yalnız Rusiya və Ukraynada analogiyası olan bu müəssisə həm də Azərbaycanın mədəniyyət, incəsənət, o cümlədən musiqi potensialının müasirliyini, insanlarımızın bəşəri musiqi dəyərlərinə olan sıx bağlılığını aydın nümayiş etdirir.

Bütün bu nailiyyətlərə yalnız və yalnız möhtərəm Prezident İlham Əliyevin böyük qayğısının, himayəsinin nəticəsində nail olunub. Məhz dövlət başçısının diqqəti sayəsində bu gün Qəbələ davamlı inkişaf yolundadır. Qəbələnin möhtəşəm yüksəliş, tərəqqi və quruculuq tempi Azərbaycanın sosial-iqtisadi inkişafının, eyni zamanda inkişafın Azərbaycan modelinin ən bariz nümunəsidir.

 

"Dəyirmi masa"ya yekun vuran Bəxtiyar SADIQOV dedi:

 

- Bu gözəl məkanda keçirdiyimiz "dəyirmi masa"da Qəbələnin inkişaf yoluna, bu yolun fundamental əsasa malik cəhətlərinə ətraflı nəzər saldıq. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən və sürətli tərəqqiyə xidmət edən siyasətin bütün regionlar kimi Qəbələnin də inkişaf etməsinə, gözəlləşməsinə, müasirləşməsinə gətirib çıxardığı konkret faktlarla göstərildi. Çıxışlardan, səslənən fikirlərdən bir daha aydın oldu ki, Qəbələ özünün dinamik yüksəliş mərhələsini yaşayır və bu rayon Azərbaycanda qeyri-neft sektorunun, xüsusən turizmin inkişafının ən bariz nümunəsidir.

Ümumiyyətlə, son illərdə regionların tərəqqisinə yetirilən diqqət onların mövcud iqtisadi potensialından tam və səmərəli istifadə olunmasına, burada yaşayan əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına gətirib çıxarıb. Eyni zamanda, bu, ölkə iqtisadiyyatının tarazlı inkişafına yol açaraq yeni istehsal və emal müəssisələrinin yaranmasına rəvac verib. Bütün bunlarla paralel olaraq regionlarda yeni təhsil, səhiyyə, idman-sağlamlıq, mədəniyyət obyektləri istifadəyə verilib, əvvəlkilər müasir tələblərə cavab verən hala gətirilib. Elə Qəbələnin indiki gözəl simasına nəzər yetirməklə qeyd edilənlərin əyani təcəssümünü görmək mümkündür.

Azərbaycan qazandığı nailiyyətlərlə, əldə etdiyi uğurlu nəticələrlə kifayətlənməyərək daim irəliyə baxan, inkişaf etmiş ölkələr sırasına daxil olmağı qarşıya əsas məqsədlərdən biri kimi qoyan dövlətdir. Bu isə o deməkdir ki, qarşıdakı dövr ərzində ölkənin sürətli inkişafına yol açan işlərin miqyası, göstərilən səylərin həcmi daha da genişlənəcək. Sözügedən kontekstdə ölkənin hər bir bölgəsi, şəhəri, rayonu bu tərəqqiyə şübhəsiz ki, daha çox töhfə verməyə çalışacaq. Qəbələnin də bu inkişafda öz sözünü deyən, xüsusi çəkiyə malik rayonlardan biri kimi çıxış edəcəyi şübhəsizdir.

 

 

Azərbaycan.- 2012.- 21 iyul.- S. 4-5.