İlham Əliyev: “Azərbaycanın
inkişafı bölgələrin inkişafından
asılıdır”
Bu reallıq Qazax rayonunun
timsalında da aydın görünür
Ölkəmizin
qərb qapısı sayılan Qazax həyatın hər sahəsində
sürətlə inkişaf edir. Son vaxtlarda bir-birindən dəyərli
layihələr həyata keçirilir, genişmiqyaslı
abadlıq və quruculuq işləri görülür.
Cari ilin altı ayının yekunları müzakirə olunarkən bu barədə geniş söhbət getmişdir. Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov hesabat məruzəsi ilə çıxış etdi. Sonra maliyyə, qaz istismarı, su-kanal və suvarma sistemləri, mədəniyyət və turizm idarələrinin hesabatları dinlənildi. Rayon üzrə altı aylığın yekunları Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı nitqində irəli sürülən vəzifələr baxımından geniş təhlil edildi. Yekdilliklə qeyd olundu ki, Qazaxda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının tələbləri uğurla yerinə yetirilir, rayonda bir-birindən dəyərli layihələr həyata keçirilir. Həm iqtisadiyyat inkişaf edir, həm təzə istehsal sahələri yaranır, həm yol infrastrukturu yenidən qurulur, həm də yeni-yeni sosial-mədəni obyektlər istifadəyə verilir.
Hesabat dövrü Prezident İlham Əliyevin bu yerlərə səfəri ilə də əlamətdar olmuşdur. Səfər zamanı dövlət başçısı bir sıra obyektlərə baş çəkmiş, Qazaxbəyli-Aşağısalahlı avtomobil yolu, konserv zavodu, gənclər mərkəzi, şahmat məktəbi və yeni tikilən sement zavodu ilə ətraflı tanış olandan sonra rayonda görülən işlərə yüksək qiymət verərək sakinlərlə söhbət zamanı demişdir: "Mən Qazax rayonunda dəfələrlə olmuşam. Keçən il də gəlmişdim. Çox şadam ki, işlər yaxşı gedir, daha da yaxşı getməlidir. Bütün sahələrdə qarşıya qoyulan vəzifələr icra edilməlidir. Yaxşı yaşayış üçün bütün şərait olmalıdır. Yaxşı yollar, yaxşı məktəblər, tibb məntəqələri, iş yerləri olmalıdır... Çalışırıq ki, hər yerdə işlər yaxşı getsin, iş yerləri açılsın. İnsanların yaşayış səviyyəsi yüksəlsin və gözəl şərait olsun".
Prezident konserv və sement zavodlarının ölkə üçün əhəmiyyətini xüsusi vurğuladı. Qazax konserv zavodu qərb bölgəsi üçün çox əlamətdar hadisədir. İllik istehsal gücü 21,5 min ton olan zavodun ümumi dəyəri 14 milyon manatdır. Burada ilkin mərhələdə beş min ton meyvə xammalı, iki min ton turşu və tərəvəz istehsalı nəzərdə tutulub. İkinci mərhələdə altı min tona yaxın kartof, üç min ton turşu istehsalı və üzüm yarpağının emalı üçün yeni texnoloji xətti işə salınacaqdır. Mütəxəssislər deyirlər ki, bu istehsal xətti Qafqazda yeganədir. İş başa çatanda burada təqribən altı yüz yeni iş yeri açılacaqdır.
Hesabat yığıncağı ərəfəsində bu mühüm obyektin inşaat meydanına baş çəkdik. Burada genişmiqyaslı quruculuq işləri gedir. Bir sıra istehsal sahələri, texnoloji qurğular, yol-nəqliyyat, su, elektrik sistemləri yaradılır. Bundan əlavə 75 otaqdan ibarət altımərtəbəli mehmanxananın, üçmərtəbəli yeməkxananın, beşmərtəbəli inzibati binanın, tibb mərkəzinin, uşaqlar üçün əyləncə meydançasının tikilməsi nəzərdə tutulub.
Bir vaxtlar kənd təsərrüfatı ilə şöhrət qazanan Qazax indi əsl sənaye mərkəzinə çevrilir. Toplantıda qeyd edildiyi kimi, günümüzün reallığı budur. Bu sahədə işlərin daha da sürətləndirilməsi üçün ölkə rəhbərinin 12 aprel 2012-ci il tarixli sərəncamı ilə rayon icra hakimiyyətinə iki milyon manat vəsait ayrılmışdır.
Yerli istehsal hesabına rayonun özünün də vəsaiti aybaay artır. Cari ilin altı ayı ərzində yerli daxilolmalar üzrə proqnoz 108,5 faiz yerinə yetirilmişdir. Başqa sözlə desək, ötən ilin müvafiq dövrünə nisbətən büdcəyə 369 min manat çox vəsait daxil olmuşdur. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrı-ayrı iş adamına 4,6 milyon manat kredit verilmişdir. Bütün bunların hesabına rayonda məhsul istehsalı getdikcə artır, abadlıq və quruculuq işlərinin miqyası genişlənir. Təbii qaz, elektrik enerjisi və su problemləri sistemli surətdə həll olunur.
Son altı ayda 18 yeni müəssisə yaradılmış, 471 yeni iş yeri açılmışdır. Xanlıqlar kəndində məskunlaşan qaçqın və məcburi köçkünlərin evlərinə su, qaz və elektrik xətti çəkilmiş, küçələr, yollar sahmana salınmışdır.
Şəhərin giriş hissəsi və Heydər Əliyev parkı tamamilə yenidən qurulmuş, Gənclər Mərkəzinin tikintisi başa çatmış, 2 fəvvarə quraşdırılmış, təzə istifadəyə verilən şahmat məktəbinin həyətində çoxlu dekorativ ağac və gül kolları əkilmiş, müasir görkəmli işıqlanma sistemi qurulmuş, dörd məktəb binası inşa olunmuş, beş yaşayış binasının və dəmiryolu vağzalının dam örtüyü təzələnmiş, tamamilə yeni üslubda şəhidlərin abidəsi ucaldılmışdır.
Toplantıda əxlaqi, mənəvi problemlərə xüsusi diqqət yetirilmişdir. İftixarla qeyd olundu ki, Qazax bölgəsi sənətkarlar vətəni, şairlər və aşıqlar yurdu kimi tanınır. Bu ulu torpaq bütün həyatları boyu Vətənimizi tərənnüm etmiş, poeziyamıza dəyərli söz sənəti inciləri vermiş Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Səməd Vurğun, Mehdi Hüseyn, İsmayıl Şıxlı, Mirvarid Dilbazi kimi görkəmli şəxsiyyətlər yetişdirmişdir.
Ölkəmizdə söz-sənət ustadlarının xatirəsi həmişə əziz tutulur, onların adına park və xiyabanlar salınmış, abidələr ucaldılmış, ev-muzeyləri yaradılmışdır. Bu ənənələr hazırda da davam etdirilir. Qazax rayonunda fəaliyyət göstərən Səməd Vurğun poeziya evində, Molla Vəli Vidadi və Molla Pənah Vaqifin xatirə muzeyində böyük sənətkarların həyat və yaradıcılığının dərindən öyrənilməsi və təbliğ edilməsinə, yaradıcı insanların görüşlərinin, toplantılarının, poeziya gecələrinin keçirilməsinə lazımi şəraitin olmaması müasir ədəbi mərkəzin yaradılmasını zəruri edir. Təsadüfi deyil ki, qərb bölgəsinə Prezident İlham Əliyevin səfəri zamanı Qazax mahalının yazarları ilə görüşü, onlarla səmimi söhbəti hamının ürəyindən xəbər vermişdir. Qeyd olunmuşdur ki, gənc yaradıcı nəslin potensialının üzə çıxarılmasının, ədəbiyyatımızın milli istiqamətlərinin və xalqımızın ədəbi-mədəni irsinin qorunmasının və təbliğinin vacibliyini, habelə bölgə yazıçı və şairlərinin ədəbiyyat muzeyinin yaradılması barədə müraciətlərini nəzərə alaraq dövlət başçısının xüsusi sərəncamı ilə Qazax şəhərində ədəbiyyat muzeyinin tikintisi üçün Prezidentin Ehtiyat Fondundan rayon icra hakimiyyətinə beş milyon manat pul ayrılmışdır.
Toplantı iştirakçıları qədim mədəniyyətə malik Qazax rayonunun inkişafına göstərilən tükənməz qayğı və köməyə görə dövlət başçısına dərin minnətdarlıqlarını bildirdilər.
Əhməd
İSAYEV
Azərbaycan.- 2012.- 21 iyul.- S. 6.