Ürəkaçan mənzərələr
Masallı ölkəmizin dilbər guşələrindəndir. Dəmirağac, fıstıq, nil, palıd və digər nadir ağac növləri ilə zəngin meşələri, yaşılörtüklü dağları, gah sakit axan, gah da coşub-daşan Viləşçayı, bumbuz bulaqları bu torpağın "vizit kartı"dır. Çox sayda tarixi abidələri olan bu torpaqda keçmiş adət-ənənələr böyük hörmətlə qorunub saxlanılır. Gildən bişirilib hazırlanan nehrə, piri bardağı, su kuzələri, daladan toxunan həsir, zənbil, tərəzi və digər məişət əşyaları ayrı-ayrı sənətkarlar tərəfindən hələ də böyük həvəslə hazırlanır. Bütün bunlar rayonda turizmə real şərait yaradır.
Yerin təkindən çıxan və min bir dərdin dərmanı olan İstisu şəfa çeşməsi neçə qərinələrdən bəri insanların ümidlə üz tutduğu məkandır. Yaşıllıqlar içində, Dəmbalov dağının ətəyində, Viləşçayın sahilində yerləşən İstisu dəniz səviyyəsindən 1650 metr yüksəklikdədir. Dərinlikdən çıxan suyun istiliyi isə 60 dərəcədən çoxdur. 1960-cı illərdə həkim-alim Mir Kazım Aslanlı İstisuyun tərkibində bir çox xəstəliklərin dərmanı olan maddələrin olduğunu aşkar etmişdir. O vaxtdan revmatizm, yel, böyrək, sidik yolları, prostat, qaraciyər və öd yolları, dəri, qadın və kişi sonsuzluğu, mədə-bağırsaq, habelə bir sıra digər xəstəliklərdən əziyyət çəkənlər bu məkana üz tutmağa başlayıblar. İlk vaxtlar İstisuda şərait primitiv olub. Adamlar gildən olan təbii hovuza qrup-qrup girib çıxıblar. Müsafirlərin qalması, mədəni istirahəti üçün heç bir şərait olmayıb. İctimai-iaşə xidməti olmadığından bura pənah gətirənlər özləri ilə gətirdikləri əti, toyuğu və başqa ərzağı özləri bişirib yeyiblər. Zaman keçdikcə hər şey dəyişib. 1998-ci ildə Masallı rayon sakini Hacı İldırım Allahyarov buranı özəlləşdirib, sonra isə obyektdə əsaslı yenidənqurma işləri aparıb. Təzə binalar, koteclər, vanna otaqları, ictimai-iaşə obyektləri və s. tikilib. İndi bura gələnlərə hər cür xidmət göstərilir. Tibbi müayinədən keçdikdən sonra müalicə kursu təyin edilir.
İlin bu çağlarında "İstisu" sanatoriyasında həmişə qələbəlik olur. Nəinki ölkə vətəndaşları, hətta burada bir dəfə olan, sorağını eşidən xaricdə yaşayan soydaşlarımız da "İstisu"ya gəlirlər. Burada onların müalicəsi ilə yanaşı, mənalı istirahəti üçün də tədbirlər keçirilir. Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının tarixi abidələri, görməli yerləri ilə tanışlıq üçün ekskursiyalar təşkil edilir, dəvə və atla Viləşçayın sahili boyunca gəzinti təşkil olunur. Tilov atıb çaydan balıq tutmaq əsəblərə sakitlik gətirir. Voleybol, futbol, tennis və digər oyunlar üzrə yarışlar da öz yerində. Üstəlik, Masallı Mədəniyyət Evinin "Halay" folklor kollektivi vaxtaşırı olaraq burada konsertlər verir.
Burada dincələn bir neçə nəfərlə görüşüb necə müalicə aldıqları, istirahətlərinin necə keçdiyi ilə maraqlandıq. Əfqan Əliyev dedi ki, Kəlbəcərin Seyidlər kəndindəndir: "Nankor düşmənin torpaqlarımızı işğal etməsi ucbatından indi Bakının Xəzər rayonunda yaşayıram. Kəlbəcərin İstisuyunun qoxusunu buradan alıram. Buranın da suyu şəfalıdır. Dağlarının, meşələrinin səfası da eynilə bizimki kimidir. Bəhmən Vətənoğlu ilə əmizadəyəm, həm də müəllimim olub. Artıq bir neçə gündür ki, Masallının İstisuyunda dincəlirəm. Sağ olsunlar, yaxşı baxırlar. Müalicə, qalmaq yeri, yemək-içmək - hamısı yüksək səviyyədədir. Həkimlər də bizə tez-tez baş çəkirlər. Gələndən ayaqlarımdakı ağrılar xeyli azalıb. Günü-gündən özümü yaxşı hiss edirəm. Qurban olum Vətənimizin hər yerinə. Hər yanı gözəldir, səfalı və şəfalıdır".
Yeganə Mehdiyeva: "Həyat
yoldaşım İsmayıl Mehdiyevlə göndərişlə
gəlmişik. Cəbrayıl rayonundanıq. Hazırda
Bakıda yaşayırıq. Özüm ingilis dili müəllimiyəm.
Ərim isə Qafqaz Universitetində
işləyir. Müalicəmizdən və istirahətimizdən
razıyıq. Dağları, meşələri,
çayları seyr etdikcə doğma yerlər yada düşür, onlar üçün adamın burnunun
ucu göynəyir. Buranın suyuna söz ola bilməz. Bədənin
ağrı-acısını aparır. Bir
çoxları xarici ölkələrdə
istirahət etməyə üstünlük
verirlər. Bu öz
işləridir. Amma Azərbaycanın da gəzməli, görməli yerləri,
müalicə suları çoxdur. Deyirlər,
buradakı İstisuyun keyfiyyəti barədə
keçmiş SSRİ-nin
alimləri yüksək fikir söyləyiblər.
Bəzən biz özümüzün
yaxşı cəhətlərimizi, müsbət xasiyyətlərimizi
görə bilmirik. Bakıda
yaşayan bir rəfiqəm
dünyanın düz vaxtında Şuşaya, Kəlbəcərə getmədiyi,
Cıdır düzünü,
xarıbülbülü, Daşaltını görmədiyi üçün peşmançılıq hissi keçirir, özünü bağışlamır.
Məncə, hər bir azərbaycanlı çox
böyük olmayan Vətənimizi
gəzməli, onu tanımalıdır. Yurdumuzun gözəllikləri çoxdur.
Masallı, onun İstisuyu
da onlardan biridir".
Ağdamın
Mahrızlı kəndindən istirahətə gələn
Nizami, Elmir Əliyevlər, Ağamir Zeynalov, Lənkəranın
Boladi kənd sakini Şahbaba Xankişiyev də buradakı
şəraitdən çox razılıq etdilər.
Hazırda
Masallı rayonunda 31 istirahət mərkəzi var. Hər il
onların sırasına yeniləri əlavə olunur. Meşəli
dağlar qoynunda yerləşən "Daşvənd",
"Zirvə", "Göl üstü", "Baba
bulağı", "Cənnət bağı", "Dəmirağac"
istirahət mərkəzləri turistlərin çox
xoşladığı məkanlardandır. Keçən il
rayonun istirahət mərkəzləri 16,6 min turist qəbul
etmişdir ki, onlardan da 600-dən çoxu xarici ölkə vətəndaşları
olmuşdur. Cari ilin 6 ayında isə rayona 8 min nəfər
turist gəlmişdir. Onlardan 317-si xaricdən gələnlərdir.
"Viləş-hotel" iyun
ayından fəaliyyətə başlayıb. 90 nəfəri eyni vaxtda qəbul etmək
imkanına malik hotel 4
ulduzludur. Buradakı 45 otaqdan
7-si lüks, qalanları standartdır. Hotelin istər çölündə, istərsə
də daxilindəki səliqə-sahman, təmizlik
gözoxşayır. İcraçı direktor
Səbinə İsmayıllı artıq 13 ildir
turizm sahəsində
çalışır. Türkiyədə işləyərkən
kifayət qədər təcrübə toplayıb. İxtisasca psixoloq olsa da, Almaniya
və Çexiyada turizmlə bağlı
təhsil alıb. Qeyd edək
ki, "Viləş-otel"in
internet saytı və
"Facebook" səhifəsi
var.
Masallı şəhərinə girərkən
uzaqdan zümrüddonlu
dağlar səhnə
fonuna vurulmuş əsrarəngiz mənzərə
tablosunu xatırladır. Şəhərin mərkəzində Viləşçayın
üstündəki körpünü
keçib Qəriblər
kəndinə daha tez çatmaq istəyirsən. Masallının turist istirahət mərkəzlərinin çoxu
burada yerləşir.
Seyran CAVADOV
Azərbaycan.- 2012.- 21 iyul.- S. 6.