Azərbaycan XXX Yay Olimpiya Oyunlarında kitabının və Milli Olimpiya yığmasının rəsmi kommunikasiya tərəfdaşının təqdimatı keçirilmişdir

 

İyulun 20-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsində (MOK) "Azərbaycan XXX Yay Olimpiya Oyunlarında" kitabının və Milli Olimpiya yığmasının rəsmi kommunikasiya tərəfdaşının təqdimatı keçirilmişdir.

AzərTAc xəbər verir ki, kitab Azərbaycanın zəngin təbiəti, mədəniyyəti, Olimpiya və idmanın inkişaf tarixi ilə yanaşı, Milli Olimpiya yığmasının üzvləri, həmçinin rəsmi tərəfdaşlar haqda məlumatlardan ibarətdir. Kitabın nəşrində "bp-Azərbaycan" şirkəti də maliyyə dəstəyi göstərmişdir.

Təqdimat mərasimində gənclər və idman nazirinin müavini  İsmayıl İsmayılov, Azərbaycanın Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, Milli Olimpiya yığmasının üzvləri - idmançılar, məşqçilər və media nümayəndələri də iştirak etmişlər.

"Azərbaycan XXX Yay Olimpiya Oyunlarında" kitabının rəsmi təqdimatından sonra Gənclər və İdman NazirliyininMOK-un rəsmiləri çıxış edərək Yay Olimpiya Oyunlarına 3-cü dəfə ev sahibliyi edən Londonda yarışların gərgin idman mübarizəsi şəraitində keçəcəyini vurğulamışlar. Buna baxmayaraq, idmançılarımızın yüksək hazırlığı nəticəsində bu dəfəki Olimpiya Oyunlarından da üzüağ qayıdacaqlarını və Azərbaycan xalqını sevindirəcəklərinə ümidvar olduqlarını bildirmişlər.

Ç.Hüseynzadə çıxışında London Yay Olimpiya Oyunlarının ümumdünya tərəfdaşları, eyni zamanda, MOK-un rəsmi tərəfdaşı "bp-Azərbaycan" şirkətinə və yığmamızın rəsmi kommunikasiya tərəfdaşı mobil rabitə sahəsində qabaqcıl olan "Nar Mobile" şirkətinə Olimpiya hərəkatına, həmçinin milliyə göstərdikləri dəstəklərinə görə öz təşəkkürünü bildirmişdir.

"bp-Azərbaycan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı çıxışında MOK ilə olan rəsmi tərəfdaşlıqdan, həmçinin London Yay OlimpiyaParalimpiya Oyunlarında iştirak edəcək  Azərbaycanın 7 nəfər idmançısına dəstək olmalarından qürur duyduğunu söyləmişdir.

"Nar Mobile"ın baş direktoru Yurgen Peetz rəhbərlik etdiyi şirkətin hər zaman olduğu kimi, ölkə üçün önəm daşıyan məsələlərdən kənar qalmayaraq Azərbaycan idmançılarına dəstək olmaq üçün yığmamızın rəsmi kommunikasiya tərəfdaşlığını qəbul etməsindən və bu əməkdaşlıqdan məmnunluğunu ifadə etmişdir.

Çıxışının sonunda Y.Peetz "Nar Mobile" şirkəti adından Milli Olimpiya yığmasının bir sıra idmançı, məşqçi və media nümayəndələrinə rouminq xidməti ilə təchiz edilmiş mobil telefonlar təqdim edərək bu telefonlar vasitəsilə Azərbaycana, ailələrinə və dostlarına yalnız qələbə və xoş xəbərlər verməyi arzu etmişdir.

Daha sonra Milli Olimpiya Komitəsinin 20 illik yubileyi və "İdman İli"nə həsr edilmiş rəssamlıq və heykəltəraşlıq müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.

 

 

Azərbaycan.- 2012.- 21 iyul.- S. 7.