AMEA-da afişa və reklamların dili ilə bağlı müzakirə keçirilmişdir

 

"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın hazırlanması üzrə Azərbaycan Milli Elmlər Akademiyasının işçi qrupunun növbəti iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, iclası Humanitarİctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullayev açaraq Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" haqqında imzaladığı sərəncamın icrası ilə əlaqədar yaradılmış İşçi qrupunun indiyə qədər AMEA-nın Humanitarİctimai Elmlər Bölməsi, AMEA-nın Rəyasət Heyəti, Milli Məclisin üzvləri ilə ayrı-ayrılıqda görüşlər keçirdiyini tədbir iştirakçılarının nəzərinə çatdırmış və qeyd etmişdir ki, bu görüşlərin Dövlət Proqramını hazırlayan işçi qrupun üzvləri üçün böyük faydası olmuşdur. Bugünkü görüşə isə Bakı şəhərində küçə və meydanlarda adlar, reklamlar, afişalar yerləşdirən müvafiq dövlət və ictimai qurumların nümayəndələri dəvət olunmuşlar.

K.Abdullayev işçi qrupunun bu günə qədər gördüyü işlər barədə geniş məlumat vermiş və dəvət olunan qurum nümayəndələrinin Dövlət Proqramının hazırlanması ilə bağlı faydalı təkliflər irəli sürəcəyinə əmin olduğunu bildirmişdir. O, iclas iştirakçılarına Prezidentin sərəncamında küçə və meydanlardakı reklamlarda, afişalarda Azərbaycan dilinin ən adi leksikqrammatik qaydalarının pozulmasının təkcə dil mədəniyyətinin deyil, ümumi mədəni səviyyənin də arzuedilməz göstəricisinə çevrildiyinin xüsusi qeyd olunduğunu xatırladaraq müzakirə olunan məsələnin nə dərəcədə ciddi olduğunu vurğulamışdır.

İclasda AMEA rəhbərliyinin nümayəndələri, işçi qrupun üzvləri, Bakı Şəhəri İcra Hakimiyyətinin məsul işçiləri, Əmlak Məsələləri Komitəsinin, "İcərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun, həmçinin Bakının müxtəlif rayonlarının mənzil istismar idarələrinin əlaqədar nümayəndələri iştirak etmişlər.

Dilimizin bu istiqamətdəki fəaliyyəti cəmiyyətin demək olar ki,  bütün üzvləri tərəfindən xüsusi həssaslıq və narahatlıqla qarşılanır. Müzakirələrin gedişində bu hal bir daha özünü göstərmişdir. Bununla əlaqədar Dövlət Proqramına işlək mexanizm ünsürünün daxil edilməsi razılıqla qəbul edilmişdir. Təmsil olunan qurumların və dilçi alimlərin nümayəndələrindən ibarət daimi komissiya yaradılmasının və bu komissiyanın təkcə Bakının deyil, ölkənin digər şəhərlərinin küçə və meydanlarında da reklamların, afişaların dili ilə bağlı tövsiyəverici funksiyalar daşımasının vacibliyi vurğulanmışdır.

İşçi qrupunun fəaliyyəti davam edir. O, cəmiyyətimizin hər bir üzvündən arzu və təklifləri qəbul etməyə hazırdır.

 

 

Azərbaycan.- 2012.- 21 iyul.- S. 7.