Azərbaycanda söz və mətbuat azadlığı tam təmin edilib

 

 

"Hesab edirəm ki, bizim mətbuatımız böyükuğurlu yol keçibdir. Elə etməliyik ki, problemlərin həlli işində birgə fəaliyyət göstərək. Bu, bizim ümumi işimizdir. Bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər".

 

İlham ƏLİYEV

 

 

Azad söz, fikir və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəratin yaradılması demokratik inkişafın əsas meyarlarından biridir. Bu mənada ölkəmizdə demokratikləşmə istiqamətində həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsi kimi söz azadlığının təmin edilməsi, eləcə də mətbuatın inkişafı üçün bütün zəruri addımlar atılır.

Lakin məlum olduğu kimi, müstəqilliyin bərpasının ilk illərində Azərbaycanda azad mətbuatın formalaşma və inkişaf yolu heç də rəvan olmadı. 1991-ci il 18 oktyabr tarixli "Azərbaycan Respublikasinin dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nda vətəndaşların söz, fikir, mətbuat azadlıqları təsbit edilsə də, ilk vaxtlar müəyyən obyektiv və subyektiv səbəblər üzündən ölkənin yeni formalaşan mətbuat orqanları ciddi çətinliklərlə üzləşdi. Hətta  1992-ci ildə hərbi senzura adı altında mətbuat üzərində nəzarət daha da gücləndirilmişdi. AXC-Müsavat cütlüyünün bir illik fəaliyyəti dövründə söz azadlığı və mətbuat sahəsində vəziyyət daha da pisləşmişdi. Nəinki hansısa jurnalistin, hətta sıravi vətəndaşın təhlükəsizliyinə də təminat yox idi. Jurnalistlər daha ağır senzura ilə üzləşir, öz fikirlərini sərbəst ifadə edə bilmirdilər. Mətbuat nümayəndələrinin ayrı-ayrı məmurlar tərəfindən döyülməsi, hakimiyyətə qarşı təndiqi yazılar dərc edən nəşrlərin bağlanması isə adi hala çevrilmişdi.

Yalnız ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan mətbuatının inkişafında birinci intibah dövrü başlandı. Respublikada ictimai-siyasi sabitliyin bərqərar olması, vətəndaşların təhlükəsizlik təminatının və qanunçuluğun tədricən gücləndirilməsi, sosial-iqtisadi problemlərin həlli istiqamətində ciddi addımların atılması KİV-in fəaliyyəti, söz və mətbuat azadlığının müdafiəsi sahəsində də əsaslı irəliləyişlərin əldə olunmasına şərait yaratdı.

1995-ci ildə qəbul olunan Azərbaycan Konstitusiyasında ölkə vətəndaşlarının təhlükəsiz yaşamaq, söz, fikir, vicdan azadlığı təsbit edildi. Əsas Qanunun tələblərinə müvafiq surətdə həyata keçirilmiş demokratik-hüquqi islahatlar kütləvi informasiya vasitələrinin və jurnalistlərin normal fəaliyyətinə geniş imkanlar açdı. Konstitusiyanın 50-ci maddəsinə əsasən hər kəsin informasiya əldə etmək hüququ təmin edildi.

1996-cı il noyabrın 15-də "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra Nazirlər Kabineti yanında Dövlət Sirlərini Mühafizə edən Baş İdarənin ("Qlavlit") iş metodlarında müsbətə doğru ciddi dəyişikliklər edildi. Ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq edilən "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" isə vətəndaşların Konstitusiyada əksini tapmış söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli imkanlar açdı. Həmin dövlət proqramından az sonra Azərbaycan Prezidentinin 1998-ci il  avqustun 6-da imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların cəmiyyətin demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin həyata keçirilməsində mühüm addım oldu. Həmin fərmanla informasiya vasitələri üzərində senzura fəaliyyəti həyata keçirən "Qlavlit" ləğv olundu. Hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman, eləcə də bütün informasiya yayımı üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab olundu. Bu qətiyyətli addım 1875-ci ildə "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə senzuradan tamamilə azad edilməsi demək idi. Mətbuat üzərində dövlət senzurasının ləğvi barədə fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, cəmiyyət həyatında onların səmərəli rolunun artırılması sahəsində geniş dövlət proqramının əsas istiqamətlərini müəyyənləşdirdi.

Sonrakı dövrdə qəbul edilən "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında", "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Ətraf mühitə dair informasiya almaq haqqında", "Kütləvi informasiya vasitələri haqqında" qanunlar ölkədə demokratiyanın möhkəmlənməsinə xidmət etməklə yanaşı, söz və mətbuat azadlığının hüquqi bazasını daha da möhkəmləndirdi.

2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğvi ilə kütləvi informasiya vasitələrinin təsis olunması daha da asanlaşdı. Azərbaycan Respublikası Prezidentinin 11 may 2002-ci il tarixli "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər və əlavələr edilməsi barədə" fərmanı yazılı medianın təsis edilməsini və ondan istifadə imkanlarını qat-qat asanlaşdırmaqla, bu sahədə liberallığı tam təmin etmiş, mətbu nəşrlərin dövlət qeydiyyatı ilə bağlı icazə sistemini aradan götürmüşdür. Bu isə inkişaf etmiş bir sıra Qərb ölkələrinin mətbuata dair qanunvericilik təcrübəsinə əsaslanır.

Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması ilə dövlət mətbuat üzərində nəzarət funksiyasından da imtina etdi. 2003-cü ildə yaradılan və mətbuatda özünütənzimləmə funksiyasını həyata keçirən Mətbuat Şurası öz vəzifələrini uğurla həyata keçirir. Şura 2003-cü ilin martında Jurnalistlərin I qurultayında azad şəkildə formalaşaraq fəaliyyətə başladı və hazırda mətbuatın özünütənzimləməsi prosesini uğurla həyata keçirir.

Dünyanın heç bir yerində dövlət mətbuata birbaşa yardım etmir və ya hansısa qəzetin mətbəəyə yaranmış borcunu ödəmir. Bu mənada Azərbaycan hakimiyyəti bir sıra qəzetlərin yaranmış borcunu ödəməklə həm də mətbuat tarixində yeniliyə imza atıb. 1998-ci ildən bütün dövlət vergilərindən azad olunan çap mediasının həm də 2003-cü ilə qədər Azərbaycan nəşriyyatına olan bütün borcları dövlət tərəfindən ödənildi. 18 dekabr 2001-ci il tarixdə aparıcı KİV rəhbərləri ilə görüşən ümummilli lider Heydər Əliyev sonrakı mərhələdə də milli jurnalistikanın üzləşdiyi bir sıra problemlərin aradan qaldırılması üçün mühüm fərman və sərəncamlar imzaladı. Həmin sənədlər mətbuata güzəştli kreditlərin verilməsini, onların maddi-texniki bazasının daha da gücləndirilməsini, çoxlu sayda qəzetin "Azərbaycan" nəşriyyatına olan borcunun 2005-ci ilədək dondurulmasını nəzərdə tuturdu. Bu diqqət və qayğının qarşılığı kimi, 2001-ci ildə Heydər Əliyev "Jurnalistlərin dostu" mükafatına layiq görüldü.

2003-cü ildən sonra ölkəmizin dinamik inkişaf mərhələsinə qədəm qoymasına nail olan Prezident İlham Əliyev söz və mətbuat azadlıqlığını daim diqqət mərkəzində saxlayır. Dövlət başçısı respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə hər cür imkan yaradıb. 2005 və 2010-cu illərdə Azərbaycan milli mətbuatının yaranmasının 130 və 135 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, yubiley münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsi, fəxri adlar alması, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə verilən yüksək qiymətin göstəricisidir.

Mətbuatın maddi-texniki və maliyyə bazasının möhkəmləndirilməsi məqsədilə Prezident İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı "Qəzetlərin "Azərbaycan" nəşriyyatına 2001-ci il dekabrın 31-dək olan borclarının ödənilməsi haqqında" sərəncamına əsasən isə qəzetlərin "Azərbaycan" nəşriyyatına olan 398 min manat məbləgində borcu dövlət büdcəsindən ödənilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları ölkəmizdə mətbuata göstərilən dövlət qayğısının davamlı və sistemli səciyyə daşıdığını təsdiqləyir. Belə bir konsepsiyanın imzalanması milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Mətbuata dövlət dəstəyi konsepsiyasının imzalanması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi məqsədindən irəli gəlmişdir.

Dövlət başçısının 2009-cu il 3 aprel tarixli "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" fərmanı da məhz ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Sərəncamla həmçinin "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu haqqında Nizamnamə" təsdiq edilmişdir. Həmçinin hər il dövlət büdcəsinin layihəsi tərtib edilərkən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi məqsədilə müvafiq vəsaitin ayrılması təmin edilmişdir.

Mətbuat Şurası üçün yeni inzibati binanın tikintisi və təntənəli açılış mərasiminin keçirilməsi, jurnalistlərin mənzil probleminin həlli üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat vəsaitin ayrılması da mətbuata yüksək diqqət və qayğının bariz təcəssümüdür. Xüsusi vurğulamaq lazımdır ki, mətbuat işçiləri üçün dövlət hesabına yeni mənzillərin inşası dünya miqyasında analoqu olmayan bir addımdır.

Azərbaycan mətbuatı keyfiyyətcə yeni mərhələdə sağlam jurnalistika dəyərləri əsasında fəaliyyət göstərməli, ifrat siyasiləşmə meyillərindən qaçmalı, cəmiyyət qarşısındakı sosial məsuliyyətini unutmamalıdır. Mətbuatda milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına hörmət prinsipi bütün konyunktur maraqlardan öndə dayanmalıdır. 2010-cu il 22 iyul tarixdə Mətbuat Şurasının yeni müasir binasında - şuranın idarə heyətinin üzvləri ilə görüşdə dövlət başçısı bu və digər məsələlərə xüsusi toxunmuş, mətbuatın cəmiyyətdəki missiyasını yüksək dəyərləndirməklə yanaşı, onun qarşısında duran başlıca vəzifələrdən də söz açmışdır. Prezident İlham Əliyev hazırkı inkişaf mərhələsində mətbuatın müstəqilləşməsi, obyektivlik və tərəfsizlik nümayiş etdirməsi, siyasiləşmə meyillərindən, qərəzdən, böhtandan uzaq olması, milli-mənəvi dəyərlərə hörmətlə yanaşması, ümummilli məsələlərdə vətəndaşlıq mövqeyi nümayiş etdirməsi ilə bağlı dəyərli tövsiyələr vermişdir.

Həyata keçirilən tədbirlər ölkə jurnalistlərinin böyük razılığı, minnətdarlığı ilə qarşılanır. Bunun nəticəsidir ki, Prezident İlham Əliyev 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür. Mükafatın təqdimetmə mərasimində Prezident İlham Əliyev mətbuatın inkişafı istiqamətində bundan sonra da bütün lazımi tədbirlərin həyata keçiriləcəyini demişdir: "Azərbaycan hüquqi dövlət quruculuğu işində çox böyük nailiyyətlərə çatmışdır. Biz, sözün əsl mənasında, azad, müasir, demokratik, hüquqi dövlət qururuq. Hüquqi dövləti azad mətbuatsız təsəvvür etmək mümkün deyildir. Məhz buna görə Azərbaycanda söz azadlığı, vicdan azadlığı, plüralizm meyilləri gücləndirilməlidir. Azərbaycan dövləti və Azərbaycan iqtidarı, əlbəttə, bu sahədə öz işini elə qurmalıdır ki, bu azadlıqlar Azərbaycanda tam şəkildə bərqərar olunsun. Son illər ərzində görülmüş işlər onu göstərir ki, biz düzgün yolla addımlayırıq".

Azərbaycan Prezidenti ölkə mətbuatının mütərəqqi milli və bəşəri dəyərlər əsasında inkişafında maraqlıdır və bunun üçün bütün zəruri tədbirləri həyata keçirir. Dövlət başçısı bunu ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri uğurla davam etdirməklə, mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi üçün, habelə jurnalist əməyinin qiymətləndirilməsi istiqamətində atdığı addımlarla təsdiq edib.  Bütün bunların nəticəsidir ki, artıq Azərbaycan mediası müasir dövrün tələblərinə uyğun inkişaf mərhələsinə qədəm qoyub.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2012.- 22 iyul.- S. 1.