Qurtuluşun başlanğıc günü

 

Ötən əsrin səksəninci illərinin axırlarında SSRİ rəhbərliyindən istefa verən ümummilli lider Heydər Əliyev onu gözləyən təhlükəli və soyuq münasibət qarşısında mətanətlə dayandı. Kommunist imperiyasının "başbilənlərinin" Şərqin və türk dünyasının böyük siyasi şəxsiyyətinə qısqanclığı Heydər Əliyevi müvəqqəti də olsa siyasi fəaliyyətdən uzaqlaşdıra bilərdi. Lakin ilahi bir qanunauyğunluq var: Tanrının bir xalqın taleyində qurtuluş missioneri kimi müəyyənləşdirdiyi şəxsləri elə Tanrının özü qoruyur. Heydər Əliyev məhz belə bir dahi insan idi.

Dünya nizamının siyasi oyunlarla çalxalandığı bir dövrdə SSRİ-i məkanında müxtəlif coğrafiyaya, düşüncəyə malik olan xalqların yaşadığı dövlətlər "böyük qardaş"ın özbaşınalığına etiraz olaraq müstəqilliyə can atırdılar. Bu dövrdə Azərbaycan xalqının da müstəqillik arzuları aşıb-daşırdı. SSRİ rəhbərlərinin qəddarlığı da elə bu məqamlarda üzə çıxdı. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakı küçələrində Azərbaycan xalqının azadlıq arzularını boğmağa çalışdılar. Həmin gün Bakının küçələri Azərbaycan xalqının qanına boyansa da, o qan heç vaxt boyun əyməyə alışmayan bir torpağın da qanını qaynatdı, coşdurdu. Bu vəhşicəsinə törədilmiş faciəyə ilk etiraz isə elə o "başbilənlər"in oturduğu Moskvadan gəldi. Ulu öndər Heydər Əliyev həmin günün səhərisi - 21 yanvar 1990-cı ildə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib ictimaiyyət nümayəndələri qarşısında çıxış edərək, 20 Yanvar faciəsinin günahkarlarını kəskin şəkildə ittiham etdi, qınadı.

Həmin gündən sonra Heydər Əliyevə qarşı təqiblər artdı. Bu təqiblərdən qorunmağın ən yaxşı yolu vətənə qayıtmaq idi. 1969-1982-ci illərdə rəhbərlik etdiyi Azərbaycanın paytaxtı Bakıda isə onu vəzifə hərisləri, kommunizm tərəfdarları təhdidlərlə qarşıladılar. Belə olan halda Heydər Əliyev ata-baba ocağına, doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu. Sonralar həmin günləri xatırlayan Heydər Əliyev bu barədə belə deyəcəkdi:

"1990-cı ilin yayı idi. Bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da vəziyyət çox ağır idi. Mən buraya gələrkən Naxçıvanı çox çətin bir vəziyyətdə gördüm. Amma eyni zamanda, özümü çox rahat hiss etdim. Moskvada məni təqib edirdilər... Hətta yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Görünür, mənim Naxçıvana gəlməyim taleyin işi imiş".

22 İyul 1990-cı ildə Naxçıvana gələn Heydər Əliyev axşam çağı onun gəlişi münasibətilə toplaşmış 100 min nəfərə yaxın əhali ilə görüşdü. Bu taleyi sual altında olan bir xalqın qurtuluşu üçün Tanrı buyruğu idi. Bu, həm də bir tale işi idi. Naxçıvandan başlananİttifaq rəhbərliyinə kimi gedib çıxan yolu bu dəfə fərqli məqsəd üçün - Azərbaycanın müstəqilliyi üçün başlamaq lazım gələcəkdi.

30 sentyabr 1990-cı ildə keçirilən Azərbaycan SSR xalq deputatlarının və yerli xalq deputatları sovetləri deputatlarının seçkilərinin birinci turunda Heydər Əliyev 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan SSR xalq deputatı, 2 nömrəli M.F.Axundov seçki dairəsindən isə Naxçıvan MSSR xalq deputatı seçildi.

17 noyabrda isə Heydər Əliyevin sədrliyi ilə on ikinci çağırış Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası öz işinə başladı. Elə həmin iclasda "Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında", "Naxçıvan MR ali dövlət hakimiyyəti orqanı haqqında", "Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında" tarixi qərarlar qəbul edildi. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildio vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı ki, bu bayrağı Azərbaycanın dövlət bayrağı kimi qəbul etsin.

Sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından "Sovet" və "Sosialist" sözləri çıxarıldı, onun Naxçıvan Muxtar Respublikası adlandırılması haqqında qərar qəbul edildi. Naxçıvan MSSR Ali Sovetinin də adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. Ulu öndər fəaliyyətinin sonrakı dövründə o günlərin əhəmiyyətini bu cür xarakterizə edəcəkdi: "Naxçıvan Azərbaycanın ayrılmaz bir tərkib hissəsi kimi milli azadlıq uğrunda, dövlət müstəqilliyimiz uğrunda gedən mübarizələrdə həmişə ön sırada olmuşdur... Müstəqillik yolunda mübarizə aparan adamlar Naxçıvan əhalisinin, demək olar ki, əksəriyyətini təşkil edirdi. Naxçıvanın müstəqillik, milli azadlıq əhval-ruhiyyəsi bütün Azərbaycana təsir edirdi. Məhz bunların nəticəsində Naxçıvan bir çox ciddi addımlar atdı və nəhayət, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əldə olunmasında öz xidmətlərini göstərdi".

Azərbaycan xalqının müstəqillik mübarizəsi yolunda baş verən 20 Yanvar faciəsinə ilk dəfə siyasi qiymət də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən verildi. Xalq deputatı Heydər Əliyev "1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərar layihəsini hazırlayıb Ali Məclisin sessiyasının gündəliyinə çıxarmışdı. Burada qəbul olunan həmin qərarla ilk dəfə olaraq qanlı yanvar hadisələrinə siyasi qiymət verilmiş, hadisədə günahı olan SSRİ rəhbərliyi ilə bərabər, ölkə rəhbərliyinin adları göstərilmiş, onların məsuliyyətə cəlb olunması  tələb edilmişdi.

Bu proseslərin məntiqi nəticəsi kimi 1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan MR Ali Məclisinə sədr seçildi. Bundan sonrakı proseslərdə ulu öndər muxtar respublikanın erməni təcavüzündən müdafiəsi ilə birbaşa məşğul olmağa başladı. Ümummilli liderin sədr seçilməsindən sonra Naxçıvan qanunvericilik orqanında Azərbaycan xalqının sonrakı taleyində ciddi rola malik olan qərar və qanunlar qəbul edildi. Ali Məclisin 16 dekabr 1991-ci il tarixli sessiyasında "Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında" qərar qəbul olundu.

İqtisadi blokadanı yarmaq üçün beynəlxalq əlaqələr quruldu. Muxtar respublikanın həyatda qalması üçün atılan bu addımların ən vacibi 1992-ci il mayın 28-də Naxçıvan və Türkiyəni birləşdirən "Sədərək-Dilucu", bir başqa adıyla "Ümid" körpüsünün açılışı oldu.

Eyni zamanda, blokada şəraitində iqtisadi vəziyyətin ağırlığını nəzərə alan ümummilli lider iqtisadi problemlərin həlli istiqamətində ciddi adımlar atdı. Muxtar respublikanı düçar olduğu ağır iqtisadi böhrandan çıxarmaq, əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirildi. Ali Məclisin Rəyasət Heyətinin 5 fevral 1992-ci il tarixli iclasında   muxtar respublika ilə qonşu dövlətlər arasında ticarət və mədəni əlaqələrin genişlənməsini sürətləndirəcək Naxçıvan hava limanında tikinti işlərinin gedişi müzakirə edildi, aeroportda yeni uçuş xəttinin tez bir zamanda istifadəyə verilməsi üçün təcili tədbirlər müəyyənləşdirildi.

Ali Məclisin 6 aprel 1992-ci il tarixdə keçirilmiş növbəti sessiyasında isə iqtisadi islahatlarla bağlı məsələ müzakirə edildi. Ətraflı və qızğın müzakirələrdən sonra muxtar respublikanın iqtisadi vəziyyətinin inkişafını sürətləndirəcək iki mühüm qərar qəbul edildi - "Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxozsovxozlar haqqında" və "Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında". Birinci məsələ ilə əlaqədar qərara alındı ki, zərərlə işləyən təsərrüfatlar özəlləşdirilsin və onlara məxsus torpaqlar, ictimai əmlak və mal-qara əhaliyə paylanılsın. İlk növbədə də Culfa rayonunun sərhəd kəndləri olan ŞurudGal kəndlərində eksperimental qaydada torpaq islahatına başlanıldı. Torpaqlar pay norması əsasında həmin kənddə yaşayan əhaliyə paylandı. Yeni yaradılan şəxsi təsərrüfatlara kömək məqsədi ilə onlara toxum, gübrə, maşın-mexanizmlər və sair zəruri avadanlıq ayrıldı. Blokada çətinlikləri nəticəsində ictimai təsərrüfatlarda mal-qaranın tələf olmasının qarşısını almaq məqsədilə daha bir mühüm addım atıldı. Rentabelli kolxozsovxozlarda ictimai mal-qaranın təsərrüfat üzvlərinə və kənd sakinlərinə satılması nəzərdə tutuldu. Bütün bunlar isə Naxçıvanda dövlət müstəqilliyinin bərpası istiqamətində həyata keçirilən tədbirlərin təkcə siyasi sahədə deyil, iqtisadi, ticari, sosial-mədəni, aqrar sahələrdə də həyata keçirdiyinin sübutu idi.

Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədrlik etdiyi bir il doqquz ay ərzində muxtar respublikanın bütün həyatında müsbət dəyişikliklər qeydə alındı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aşağıdakı fikirləri o dövrün proseslərinin hansı əhəmiyyət daşıdığını bir daha yada salır: "Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir".

1993-cü ilin 9 iyun tarixində Heydər Əliyevin Bakıya gəlişi və iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkəni düçar olduğu təhlükələrdən qurtara biləcək real şəxsiyyət olmasının hamı tərəfindən qəbul edilməsi idi. Milli Qurtuluş Gününə gedən yol məhz 22 İyul 1990-cı ildən başlandı.  Həmin gün Heydər Əliyevin Naxçıvana gəlməsi Azərbaycan xalqının gələcək taleyində baş verəcək siyasi-iqtisadi, sosial-mədəni intibahın başlanğıc günü kimi taleyin işi idi.

 

 

Elxan MƏMMƏDOV

 

Azərbaycan.- 2012.- 22 iyul.- S. 2.