Maarifçi ideyalar “Əkinçi”si
"Hər kəsi çağırıram, gəlməyir,
göstərirəm, görməyir, deyirəm, qanmayır.
Axırda gördüm ki,
onları haraylayıb çağırmaqdan, onlara
deməkdən başqa bir
qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın! Necə ki, bir bulağın suyunun
altına nə qədər bərk daş
qoysan, bir neçə
ildən sonra o su tökülməkdən
o bərk daş mürur ilə əriyib deşilir,
habelə söz də, ələlxüsus,
doğru söz mürur ilə
qanmazın başını deşib onun beyninə əsər edər".
Həsən bəy
ZƏRDABİ
"Maarifdən, elmdən məhrum bir xalq işıqdan məhrumdur" deyən Həsən bəy Zərdabi bütün həyatını xalqının qəflət yuxusundan oyanmasına, savadlanmasına, tərəqqi və inkişafına həsr etdi. Həsr etdi demək azdır. Ömrünü, zəkasının işığını, ürəyinin hərarətini xalqının maariflənməsi yolunda sərf etdi. Həsən bəy çox ağır məhrumiyyətlərlə üzləşdi, vuruldu, əzildi, amma sınmadı! Çünki tutduğu yol haqq yolu, gördüyü iş haqq işi idi!
Tanrı ona fitri istedad, bitməz-tükənməz idrak bəxş etmişdi. Həsən bəy ən adi məişət problemlərindən tutmuş ən ali məsələlərə qədər qələmə aldığı hər bir mövzunun ustasına, yolgöstərəninə çevrilmişdi. Onun zəngin irsini oxuduqca heyrətlənməmək mümkün deyil. Hər hansı bir sahənin bilicisinə çevrilmək, hər hansı bir sahədə uğur qazanmaq, bir sahəyə dərindən bağlanmaq mümkündür. Amma məişətin, siyasətin, elmin, ədəbiyyatın, teatrın, bir sözlə, cəmiyyət həyatının bütün sahələrinə nüfuz etmək, həm də dərindən nüfuz etmək, yazıçı, tədqiqatçı, alim, jurnalist, loğman, bağban, həm də siyasət adamı olmaq ancaq Tanrı vergisi və böyük əzmkarlıq sayəsində başa gəlir. Bütün bu keyfiyyətlər Həsən bəyi sadəcə ziyalı deyil, ziyalılar ziyalısı edirdi. Təsadüfi deyil ki, müasirləri onu "Zaqafqaziya müsəlman ziyalılarının müəllimi və mənəvi atası" adlandırırdılar.
Söz yox ki, onun gördüyü işlərin hər biri əhəmiyyətli idi. Lakin Azərbaycanın o zamanki tarixi inkişaf səviyyəsində ən təsirli, ən münasib vasitələrdən biri söz idi. Zərdabinin "Rusiyada əvvəlinci Azərbaycan qəzeti" məqaləsində oxuyuruq: "Hər kəsi çağırıram, gəlməyir, göstərirəm, görməyir, deyirəm, qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus doğru söz. Belədə qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur. Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Sonra, düşmənin düşmənçiliyi, dostun doğruluğu və dost göstərən doğru yolun doğru olması aşkar olar".
H.Zərdabi çox vaxt bir neçə adamın - müəllif, redaktor, mürəttib, naşir, korrektor və başqa mütəxəssislərin işini də təkbaşına görürdü. O öz qəzetini dünya mətbuatı ilə müqayisə edərək yazırdı: "Dünyada hər qəzeti beş, ya on adam inşa edir. Onu çap edən, hərflərini düzən, qələtlərini düzəldən başqa kəslər olur. Amma bu işlərin hamısını gərək mən özüm görüm. Ey bizə diqqət edənlər, bu qəzetin kəsrini görəndə gülməyin. Gülmək yeri deyil. Siz ağlayın ki, bizim müsəlmanların bircə qəzeti də basdırmağa adamı yoxdur".
Üstəlik, hakim dairələrin, mürtəce ziyalıların, mühafizəkar din xadimlərinin təqibləri onu cana gətirirdi. Şüurlarda inqilab edən Həsən bəy hər gün ətrafındakı cəhalət həlqəsindən saysız-hesabsiz təhqirlər, hədələr eşidirdi. O zamanlar Kür çayının o biri sahilindən - Qarabağdan aldığı kobud, təhqiredici bir həcvə Həsən bəyin verdiyi məşhur cavabı xatırlayaq: "Fikrim budur ku, Zərdab kəndində Qarabağın sərhədində bir daş qoydurub üstündə zikr olunan həcvi tamam qazdırım ki, gələcəkdə bizim övladlar baxıb bilsinlər ki, mən bu zəhmət ilə milləti-islamı qəflətdən ayıltmaq istəyən vaxtda necə nadanlara rast gəlmişəm".
Bəli, bu idi Zərdabinin
faciəsi. Hələ maddi-texniki çətinliklər,
qəzetin ildə təxminən min manat (o zaman üçün bu, çox böyük məbləğ
idi) zərər etməsi.
Bütün bunlara Zərdabi mətanətlə dözürdü. Vətəninə, xalqına bəslədiyi məhəbbət onun iradəsini hər gün daha da
möhkəmləndirirdi.
O zaman Bakıya gəlmiş bir fransız jurnalisti Zərdabiyə demişdi ki, "doğrusu, siz əsl qəhrəmansınız.
Bizim Fransada belə bir yoxsul
qəzet üçün
işləmək istəyən
adam tapmaq
olmazdı. Sizin qüvvənizə heyrət eləyirəm.
Belə məlum olur ki, siz öz
xalqınızı çox
istəyirsiniz".
Çətin anlarında ən böyük hayanı, onunla bu əzablı,
keşməkeşli, məhrumiyyətlərlə
dolu, eyni zamanda qürurverici bir həyatı paylaşan Hənifə xanım olurdu. Hənifə
xanım Həsən bəyin, sadəcə, ömür-gün yoldaşı,
övladlarının anası
deyil, onu dərindən anlayan, hər an yanında
olan ən yaxşı dostu, ən yaxın həmdəmi idi. Hənifə xanım
1925-ci ildə Zərdabi
haqqında qələmə
aldığı xatirələrinin
sonunu belə tamamlayır: "Oxucu səriştəsiz hazırlanmış
bu bioqrafiya ilə tanış olaraq, onun mahiyyətini
anlayaraq razılaşar
ki, bu vaxtadək
Azərbaycan türkləri
arasında belə bir xadim olmamışdır.
Öz xalqını belə fədakarlıqla sevən
başqası nə vaxtsa olacaqmi - kim bilir?"
Hənifə xanımın ilk baxışda
çox sadə görünən, hər cür bər-bəzəkdən,
təmtəraqdan uzaq olan bu fikirlərinə
binaən demək yerinə düşər ki, Hənifə xanım, əlbəttə
ki, bu xalq,
bu torpaq Zərdabidən sonra da yurduna, xalqına
ürəkdən bağlı
olan, həyatını
xalqının gələcəyinə
həsr edən fədakar oğullar yetişdirdi. Və bu böyük
oğulların davamçıları
olanlar da aldıqları böyük
dərsi unutmayaraq, keçdikləri böyük
məktəbə sadıq
qalaraq xalqı parlaq bir gələcəyə
aparmaqla yanaşı,
uluları da yaşadırlar.
Bu mənada hələ sağlığında böyük
bir maarifçilik, vətənsevərlik məktəbi
yaradan Həsən bəy Zərdabinin 170 illik yubileyinin təntənəli şəkildə
qeyd edilməsi ilə əlaqədar olaraq ölkə Prezidenti cənab İlham Əliyev bu ilin iyun
ayında verdiyi dəyərli sərəncamla,
düşünürük ki, həqiqətən də hər bir azərbaycanlının
Prezidenti olduğunu bir daha sübut
etdi. Bu sərəncam
üçün qəlbində
elm, maarif çırağı
gəzdirən, damarında
milli təəssübkeşlik,
vətənpərvərlik qanı axan milyonlarla azərbaycanlı
öz sevimli Prezidentinə minnətdardır.
Təbii, bu milyonların içərisində
Zərdabinin həmkəndlisi
olan, doğulub boya-başa çatdığı
torpağın hazırkı
əlli beş minlik əhalisi də var. Biz ölkə Prezidentinə böyük elm və sənət fədaisi, xalqını ürəkdən
sevən Həsən bəy Zərdabinin irsinin araşdırılması
və layiqli qiymətinin verilməsi xahişi ilə etdiyimiz müraciətə
həssaslıqla yanaşdığı
üçün sonsuz
təşəkkürlərimizi bildiririk. Nə yaxşı ki,
milli-mənəvi, tarixi
dəyərlərimizin qorunması
və bu dəyərlərin gələcək
nəsillərə saf
və təmiz bir şəkildə ötürülməsi üçün
dönməz iradə
göstərir, güclü
zəka nümayiş
etdirir, bitməz-tükənməz
qüvvə sərf edirsiniz.
...Və sonda.
Bəzən düşünürəm ki,
Həsən bəyin qismətinə, həqiqətən,
çox qəribə,
qəribə olduğu
qədər şərəfli
və şərəfli
olduğu qədər
də əzablı bir tale payı düşüb. Həyatda çəkdikləri az deyilmiş kimi, axirət dünyasında da əbədi uyuduğu məkan dəfələrlə dəyişdirilib,
uğrunda bütün
maddi varlığından
imtina etdiyi vətənində nəşini
tapşırmağa bir
qarış torpaq qəhətə çıxıb, ruhu
sərasər dolaşıb.
Nəhayət, ölümündən
tam əlli il
sonra əbədi rahatlıq tapıb, Fəxri xiyabanda torpağa tapşırılıb.
Tale elə gətirib ki, doğulub böyüdüyü, yaşadığı,
misilsiz əsərlər
yaratdığı evi
də baxımsızlıq
və biganəlik ucbatından
uzun illər maddi və mənəvi
aşınmaya məruz
qalaraq az qala xarabalığa çevrilib. Nəhayət,
qədirbilən və
vətənsevər insanların
təşəbbüsüylə onun adını əbədiləşdirmək,
zəngin irsini gələcək nəsillərə
layiqincə tanıtmaq
üçün 2005-ci ilin
may ayında həmin evə muzey statusu verilib və burada Zərdabi muzeyi açılıb. Həmin
tarixə qədər
tamamilə yararsız
vəziyyətdə olan
ev və həyət həmin il əsaslı şəkildə bərpa
və təmir edilib və "Əkinçı" qəzetinin
130 illiyi ərəfəsində
qapılarını bütün
zərdabisevərlərin üzünə
açıb. Çox qısa
bir müddət ərzində Respublika Baş Arxivindən və respublikanın bütün muzeylərindən
200-ə yaxın eksponatın
surəti Zərdaba gətirilib. Bu gün muzey doqquz nəfər ştat vahidiylə tam fəaliyyət göstərir.
...İndi Zərdabinin doğma vətənində
- Zərdabın ən
əsas küçəsi
olan, ulu öndər Heydər Əliyevin adını daşıyan küçədə
göz oxşayan, cəlbedici bir ev var. Evin
xudmani bağçası
isə kiçik bir cənnəti xatırladır. Lakin bu evin daha
da gözəlləşməyə,
Zərdabinin özünün
yaratdığı, eyni
zamanda onun haqqında yazılan əsərlərlə, kitablarla
zənginləşməyə ehtiyacı var. Çünki
bu evdə sıradan əsərlər
deyil, öz dövrünün milli düşüncəsini formalaşdıran,
ürəklərdə vətən və millət sevgisi oyadan, beyinlərdə elm və maarif işığı yandıran
əvəzsiz əsərlər
ərsəyə gəlib.
Şübhəsiz ki, heçdən var yaratmaq böyük
hünərdir. Həmin hünəri göstərənlər,
əlbəttə ki, ən böyük alqışa layiqdirlər.
Bizim isə öhdəmizə olanları qorumaq, inkişaf etdirmək və bizdən sonra gələnlərə
tanıtmaq düşür.
İki gün əvvəl ölkə başçısı
mənəvi irsimizə
böyük diqqət
və qayğısının
növbəti örnəyi
kimi Həsən bəy Zərdabinin ev muzeyinin əsaslı
təmiri və bədii tərtib işlərinin aparılması,
muzeyin zəruri avadanlıqla təchiz edilməsi və eksponatlarla zənginləşdirilməsi,
eləcə də ərazisinin abadlaşdırılması
haqqında verdiyi sərəncamla taixi keçmişimizin, bugünümüzün
və gələcəyimizin
əbədiyyət kitabına
yeni bir silinməz imza atdı. Və bu sərəncam
üçün cənab
Prezidentə bütün
zərdabisevərlər dərin
təşəkkürünü bildirir.
Jalə ƏLİYEVA,
Milli Məclisin deputatı,
BDU-nun professor
Azərbaycan.- 2012.- 22 iyul.- S. 2.