Mətbuat
işçiləri ilə görüş
keçirilmişdir
Milli Mətbuat Günü münasibətilə Mingəçevir Şəhər İcra Hakimiyyətində görüş keçirilmişdir. Tədbirdən əvvəl görüş iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.
Ziyalıların, şəhər ictimaiyyəti nümayəndələrinin iştrakı ilə keçirilən görüşü Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq milli mətbuatımızın keçdiyi şərəfli yoldan, mətbuatın inkişafına Prezident İlham Əliyevin göstərdiyi qayğıdan danışmışdır. Qeyd olunmuşdur ki, ölkəmizdə azad mətbuatın, fikir plüralizminin, demokratiyanın inkişafı yolunda böyük uğurlar qazanılır. Qəzetlərin "Azərbaycan" nəşriyyatına borclarının büdcədən ödənilməsi, müstəqil qəzetlərə birdəfəlik maliyyə yardımlarının edilməsi, mətbuat işçilərinə mənzil tikintisinin reallaşması və sair bu kimi tədbirlər dövlət qayğısının göstəricisidir.
"Mingəçevir" qəzetinin baş redaktoru Naib Rüstəmov, "Mingəçevir işıqları" qəzetinin baş redaktoru Fərman Nəbiyev, "Mingəçevir leysanı" jurnalının baş redaktoru İsmayıl İmanzadə, "Zaman" qəzetinin bölgə müxbiri Esmira Hidayətova çıxış edərək ölkəmizdə mətbuat işçilərinə göstərilən diqqət və qayğıdan söz açmışlar. Şəhər ziyalılarından Əyyub Əyyubov və Sahib Əliyev çıxış edərək mətbuat işçilərinin peşə bayramını təbrik etmişlər.
Lazım
QULİYEV
Azərbaycan.- 2012.- 22
iyul.- S. 2.