Seçilən yol qələbəyə aparır

 

Ağdamın işğalından 19 il keçir

 

Zaman heç nəyə məhəl qoymadan öz köhlənini dördnala çapmaqdadır. İllər sanki göz qırpımında gəlib keçir, hadisələr elə sürətlə cərəyan edir kiE Dünən dünyaya gələn uşağın boy-buxunlu cavana çevrilməsi üçün keçən illəri elə bil hiss etməmişik. Çadır şəhərciklərində doğulub Ağdamı heç zaman görməyən ağdamlı gənclər indi hərbi xidmətdədirlər. Bu say-seçmə oğullar əlinə silah götürüb böyüklərin qəmli söhbətlərində yana-yana xatırlanan Qarabağı  azad etmək, doğma yurd uğrunda döyüşlərdə şəhid olan əzizlərinin intiqamını almaq üçün əmrə müntəzir dayanıblar.

Tarixin daş yaddaşı - 23 iyul 1993-cü il. Qarabağın musiqi beşiyi, qeyrətli, cəsarətli oğullar diyarı Ağdam həmin gün Ermənistan silahlı qüvvələri  tərəfindən işğal olunubdur. Ağdamın süqutunu şərtləndirən müxtəlif amillər  vardır. Çoxlarına məlum olan həqiqətdir ki, Qarabağda yaşayan ermənilər Ağdam adı gələndə həmişə təlaş keçiriblər, ağdamlı qarşısında geri çəkiliblər. Uzun illər boyu bu xof, bu qorxu onların canına, qanına hopub. Unudulmayan  Ağdamın işğalı hər dəfə söhbət mövzusuna çevriləndə adamlar heyrətini  gizlətmir. "Axı bu, necə ola bilərdi?" sualı ilə qarşısındakını dərindən  düşünməyə vadar edir. Comərd oğullarının hünəri ilə ölkədə ad çıxaran Ağdam necə oldu ki, süqut etdi? Məkrli ermənilər bəd niyyətlərinə çatmaq üçün hərtərəfli hazırlıq görmüşdülər.

Əlverişli məqamın yetişməsini gözləyirdilər. Himayədarlarından həm  hərbi, həm siyası kömək alan namərd ermənilər məqam gözləyirdilər. Təəssüf ki, o dövrdə ölkəmizdə cərəyan edən hadisələr bilavasitə ermənilərin xeyrinə işləyirdi. O vaxt Azərbaycana rəhbərlik edən AXC-Musavat iqtidarının səriştəsizliyi dövlətin xalqın başına gələn bir çox böyük bəlaların əsas səbəbi idi. Təsəvvür edin, ölkə  yenicə müstəqillik qazanmış, nizami ordu hələ yaranmamışdı. Qarabağ  savaşının ağırlığı ayrı-ayrı özünümüdafiə batalyonlarının üzərinə düşürdü. Bu, o dövr idi ki, dağılan sovet imperiyasının bir çox hərbi hissələri hələ Azərbaycanda idi. O cümlədən Ağdamın Uzun dərə adlanan ərazisində çox böyük hərbi potensiala malik hərbi baza yerləşirdi. Qarabağda isə qızğın döyüşlər gedirdi. Silaha, sursata böyük ehtiyac duyulurdu. AXC iqtidarı Rusiyaya məxsus hərbi birləşmələri, güclü döyüş texnikasını ölkədən çıxarmaq üçün böyük dirəniş göstərdi buna asanlıqla nail oldu. Ona görə asanlıqla ki, Rusiya müharibənin alovlandığı bir bölgədə öz köhnə dostlarının, strateji müttəfiqlərinin yanında olmaqda maraqlı idi. Necə deyərlər, istədiyim yar idi, yetirdi pərvərdigar. Bu səhv strateji addım bizə baha başa gəldi. Azərbaycandan çıxarılan hərbi hissələr onlara məxsus döyüş texnikası uzaq Rusiyaya aparılmadı. Elə Qarabağda, ermənilərin nəzarəti altında olan ərazilərdə, xüsusilə Xankəndi ətrafında dislokasiya edildi. Ermənilərin istədiyi bu idi. Cəbhədə qüvvələr nisbəti ermənilərin xeyrinə əsaslı şəkildə dəyişməyə başladı. Azərbaycandan çıxarılan hərbçilər qəzəblərini söndürmək üçün ermənilərə qoşulub kəndlərimizi, şəhərlərimizi dağıdır, övladlarımızı qətlə yetirirdilər. Xocalı faicəsində , Ağdamın digər bölgələrin işğalında da onların iştirakı təkzibolunmaz faktlarla təsdiq edilmişdir. Müstəqil bir dövlətin ərazisində başqa dövlətə məxsus hərbi hissənin olması, təbii ki, arzuedilən deyil. Lakin belə qərarı vermək üçün zəngin dövlət idarəçiliyi təcrübəsi lazım idi. Təəssüf ki, o gərgin zamanda Azərbaycana rəhbərlik edənlər çox səriştəsiz idilər. Onlar reallığın diktə etdiyi müdrik siyasətə yox, hay-küylü çıxışlara, sensasiya doğuran pafoslu bəyanatlara üstünlük verirdilər... Bütün bunlar isə bumeranq kimi qayıdıb öz başımızda çatlayırdı. Orduda vahid rəhbərliyin olmaması, könüllü özünümüdafiə batalyonlarının fəaliyyətlərinin əlaqələndirilməməsi Ağdamın digər rayonların işğalını qaçılmaz edirdi. Qüvvələr nisbətinin qeyri-bərabər olduğu bu müharibədə Ağdam döyüşür, təslim olmurdu. Bu döyüşlərdə 6 minə qədər ağdamlı şəhid oldu. Buna baxmayaraq, rayonun ərazisinin dörddə üç hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. 20 ilə yaxındı ki, doğma yurd-yuvalarından perik salınan ağdamlılar məcburi köçkün kimi respublikanın bütün bölgələrinə səpələniblər. Uzun illər boyu ağdamlılar çadır şəhərciklərində, yük vaqonlarında qarğı-qamış daxmalarda zillət çəkdilər. Respublika Prezidenti İlham Əliyev ağdamlı məcburi köçkünlərlə görüşündə "Ölkədə bir çadır  şəhərciyi qalmayacaqdır", - deyə fikrini açıqlayanda adi məişət problemlərinin qarşısında aciz qalan adamların üstünə sanki gün doğdu. Sözü ilə əməli həmişə bir olan dövlət başçısının verdiyi vəd çox sürətlə reallaşmağa başladı. Ağdamın əlimizdə olan ərazilərində bir-birinin ardınca 17 qəsəbə salındı. Bu  qəsəbələrdə zəruri infrastruktur yaradıldı. Məktəblər, xəstəxanalar, uşaq bağçaları, müxtəlif xidmət obyektləri yaradıldı. Hər ev üçün ayrılan həyətyanı torpaq sahələri artıq bol meyvəli bağ-bağçaya çevrilib. Dövlət başçısının tapşırığı ilə bölgənin bütün yaşayış məntəqələrinə təbii qaz çəkilib. Heç bir qəsəbədə, heç bir kənddə su, işıq, yol problemi yoxdur.

Ötən illər ərzində dövlətin hər cür qayğısından bəhrələnən ağdamlılar  heç vaxt ələbaxım olmayıblar, həmişə öz halal zəhmətlərinə güvəniblər. Ərazisinin 77 faizi işğal altında olan bir rayonun əhalisi canından artıq sevdiyi  torpağı yenə həvəslə əkib-becərir, bol məhsul yetişdirir, təknəsinin çörəyi  üçün kiməsə əl açmır.

Bu günlərdə Ağdamda 2012-ci ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Ötən altı ay ərzində görülmüş işlərdən və qarşıdakı vəzifələrdən danışan Ağdam Rayon İcra  Hakimiyyətinin başçısı Nizami Sadıqov dövlət qayğısından güc alan  ağdamlıların sabaha yenilməz inamından, qələbə əzmindən, xalqımızın  ümummilli lideri Heydər Əliyevin siyasi kursuna sədaqətindən ətraflı danışmışdır. Qeyd edilmişdir ki, ötən altı ay ərzində ümumi məhsul buraxılışının həcmi ötən illə müqayisədə 6,2 faiz artaraq 36 milyon manata  çatmışdır. Bu dövrdə 559-u daimi olmaqla 830 yeri açılmışdır. Cari ilin birinci yarısında dövlət başçısının tapşırığı ilə inşa edilmiş uşaq xəstəxanası və doğum evi, həmçinin təcili və təxirəsalınmaz tibbi yardım stansiyası,  "Aqroservis" kompleksi, 180 şagird yerlik Səfərli kənd tam orta məktəbi istifadəyə verilmiş, YAP Ağdam rayon təşkilatının qərargahı, Birinci Yüzbaşılı kənd uşaq bağçası əsaslı təmir edilmiş, Heydər Əliyev parkında yenidənqurma işləri aparılmış, şəlalə-bulaq kompleksi inşa edilmişdir. Kənd təsərrüfatı məhsulları istehsalında böyük artıma nail olunmuşdur.

Ağdam camaatı həmişə nikbin olub. İtkiləri son dərəcə ağır, başqa heç  nə ilə müqayisə edilməyəcək dərəcədə qiymətli olsa da, onları yaşadan  sabahımızın işıqlı olacağına, doğma yurda qayıdışın ən yaxın zamanda gerçəkləşəcəyinə olan inamdır. Bu yenilməz inam mayasını respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasətindən, Qarabağ məsələsində dəyişməz, qətiyyətli və prinsipial mövqeyindən alır. Qarabağda hər kəs inanır ki, illərdən bəri həsrət qaldığımız cənnət misallı torpaqlara böyük qayıdışa az qalır.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2012.- 22 iyul.- S. 4.