Əsl qiyməti
oxucu verir
1932-ci ilin baharında İmişli rayonunda "Qaradonlu" kolxozçusu adlı qəzet nəşrə başladı. O zaman qəzet çap etmək üçün kadrların, mətbəə avadanlığının çatışmazlığı böyük çətinliklər törədirdi. Buna baxmayaraq, qəzet fəaliyyətdən qalmır, get-gedə oxucuların sevimlisinə çevrilirdi. Sonralar "İmişli kolxozçusu", "Yüksəliş", "Qızıl ulduz", Azərbaycanın müstəqilliyi bərpa olunan dövrdən isə "Xalq sözü" adı ilə nəşr olunur.
Ötən əsrin son 70, XXI əsrin arxada qalan illərində rayonda nə kimi işlər görülüb - sualına ən yaxşı cavabı bu qəzetin səhifələrində tapmaq olar. Qəzet təkcə aparılan quruculuq işlərini işıqlandırmaqla kifayətlənməyib, yeri gəldikcə işin öhdəsindən gələ bilməyənləri tənqid edib, nöqsanların aradan qaldırılması üçün öz məsləhətlərini verib, rayon əhalisinin doğma ünvanına, sirdaşına çevrilib.
Redaksiya kollektivinin çətinlikləri də olub. Ötən əsrin 80-ci illərinin axırlarında və 90-cı illərin əvvəllərində respublikamızda qeyri-sabit ab-hava hökm sürəndə yaranan maliyyə çatışmazlığı ucbatından qəzet bir müddət nəşrini dayandırmalı olub. Lakin ölkədə sabitlik, əmin-amanlıq bərpa ediləndən sonra fəaliyyətini yenidən davam etdirir. Ölkədə sabitliyin bərpası isə məlum olduğu kimi, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Buna görə də "Xalq sözü" qəzeti də bütün həyatını xalqın nicatına həsr etmiş, müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmış, dövlət müstəqilliymizin daimi və dönməzliyini təmin edən Azərbaycan xalqının fenomen şəxsiyyəti ulu öndər Heydər Əliyevin işıqlı ideyalarının təbliğatçısı olmuş, bu böyük şəxsiyyətin rayonumuza etdiyi hər bir səfərinə öz səhifələrində geniş yer ayırmışdır. İndi həmin səfərlərin xronikası, xatirə fotoşəkilləri qəzetin qızıl yaddaşı, qızıl fondu kimi qorunur. Ulu öndərdən sonra respublikamıza uğurla rəhbərlik edən Prezident İlham Əliyevin fəaliyyəti də qəzetdə öz əksini geniş tapır.
Tarixə çevrilən illərə, bu qəzetin səhifələrinə nəzər salanda onu da görmək olar ki, "Xalq sözü" kənd əməkçilərinin fəaliyyətinə geniş yer ayırmış, rayonun istedadlı sənət adamlarının üzünə həmişə açıq olmuşdur. Dünyaya İmişli rayonunda göz açıb, nüfuz qazanmış neçə-neçə şair və yazıçılarımız ilk dəfə öz imzaları ilə bu qəzetin səhifələrində tanınmışlar. Bu işdə redaksiyanın nəzdində fəaliyyət göstərən "Ümid" ədəbi birliyinin də böyük rolu olmuşdur. Yaradıcı insanların bir çoxu ilə əməkdaşlıq indi də davam etdirilir. Azərbaycan Yazıçılar Birliyinin Aran bölməsinin məhz bizim rayonda açılması da qəzetin bu sahədə gördüyü məqsədyönlü işlərdən biridir.
Artıq müstəqilliyimizin bərpasından 20 ildən də çox vaxt keçir. Bu illər ərzində, təbii ki, çox şey yaxşılığa doğru dəyişib. O cümlədən torpağa, qurub-yaratmağa olan münasibət də. Kəndli əvvəllər də işləyirdi, indi də işləyir. Lakin torpağın əsl sahibi olandan sonra daha ürəklə işləyir, bilir ki, kimin üçün işləyir. Elə bunun nəticəsidir ki, respublikamızın hər yerində olduğu kimi, İmişli rayonunda da əvvəllər 5-10 ilə görülən işdən çox indi bir ildə quruculuq-abadlıq işləri aparılır. Tale elə gətirib ki, mənim ömrümün çox hissəsi, 46 ili bilavasitə bu qəzetlə bağlıdır. Həmin illər ərzində redaksiyamıza çox adam müraciət edib, məktub yazıb, dərd-sərini arzu və təkliflərini bildirib. Qaneedici yazıların hamısı qəzetin səhifələrində öz əksini tapıb. Bu gün də onlar öz fikirlərini, təkliflərini, arzu və istəklərini bu qəzetin səhifələrində sərbəst söyləyə bilirlər. Biz çalışırıq ki, qəzetə daha çox oxucu cəlb edə bilək. Çünki həmişə qəzetin əsl qiymətini oxucu verir. Onların fikri nə qədər yüksək olsa, bizim üçün də bir o qədər xoş olur. Belədə biz də görürük ki, çəkilən zəhmət, yuxusuz gecələr hədər getmir.
Səməd
İSMAYILOV,
İmişlidə
çıxan "Xalq sözü"
rayon qəzetinin redaktoru
Azərbaycan.- 2012.- 22 iyul.- S. 5.