Ömər Faiq Nemanzadə: “Millət
hürriyyətin və istiqlalın ləzzətini yalnız öz milli dilində anlaya bilər”
SSRİ dönəmində amansızlıqla qətlə yetirilən milli düşüncəli, maarifpərvər ziyalılardan biri də XIX əsrin sonu, XX əsrin əvvəllərində yazıb-yaratmış Azərbaycanın görkəmli ədibi, ictimai-siyasi xadim, mollanəsrəddinçi, istedadlı publisist, Mesxeti türklərinin böyük oğlu Ömər Faiq Nemanzadədir. Onun məqalə və felyetonları, əsərləri dövrünün ictimai mübarizəsinin bədii salnaməsidir. "Qafqazdan İstanbula xatirələr" adlı əsərində Osmanlı imperiyasının ictimai-siyasi həyatında baş verənlər, həmçinin 1905-1907-ci illərdə Tiflisdə törədilmiş erməni-müsəlman qırğınının səbəbləri təfərrüatı ilə göstərilir. O, həmin hadisələri gözləri ilə görmüş, bu faciələrin ağrılarını yaşamışdır. Müasirləri onun haqqında belə deyirlər: "O, çağdaş türkçülüyü İstanbuldan alıb Ahıska türklərinə, Quzey Azərbaycana, oradan da Güney Azərbaycana yaydı". Azərbaycan türklərinin milli oyanış hərəkatının əsas ideya müəlliflərindən biri olan Ömər Faiq millətin görən gözünü, düşünən beynini "zəhərlənmədən" qorumaq üçün həyatının sonunadək çalışıb-vuruşdu.
Ömər Faiq Nemanzadə 1872-ci ildə Gürcüstanda Ahıska (Axalsıx) qəzasının Azqur kəndində doğulmuşdur. İlk təhsilini kənd məscidində almış, anasının təkidi ilə 1882-ci ildə İstanbula gedərək orada "Fateh" məktəbində oxumuşdur. Təbiət elmlərinə həvəsi olduğuna görə sonradan "Darüş Şəfəq" məktəbinə də daxil olaraq 1891-ci ildə oranı əla qiymətlərlə başa vurmuşdur. Məktəbi bitirdikdən sonra Qalata poçt və teleqraf idarəsində əmək fəaliyyətinə başlayan Ömər Faiq İstanbulda qəzet və jurnallar vasitəsilə Avropadaki demokratik ruhlu türk mühacirlərinin əhval-ruhiyyəsi və türk inqilabçı şairlərin bədii yaradıcılığı ilə yaxından tanış olmuşdur.
Lakin 1894-cü ildə Ahıskada milli
münasibətlər zəminində vəziyyət gərginləşəndə
Ömər Faiq vətənə -
doğmalarının yanına qayıdır. İstanbulda
oxuyub işlədyi dövrdə
buranın qaynar və təlatümlü mühiti onun
dünyagörüşünə böyük
təsir edir, sanki
gözü açılır, inqilabi dünyagörüşlü
ziyalı kimi formalaşır. Bu o vaxtlar idi
ki, Azərbaycanda da milli oyanış, maarif-mədəniyyət hərəkatı
başlamış, Gürcüstanın Qori
şəhərində açılmış seminariyada
Azərbaycan şöbəsi də yaradılmışdı.
Bakıdan gələn xəbərlər Ömər Faiqə
Azərbaycanın demokratik ruhlu
vətənpərvər oğullarına
qarışıb ömrünün sonunadək
bilik və bacarığını xalqın azadlığına və
maariflənməsinə yönəltmək gücü
verdi. 1896-cı ildə xəstəliyi ilə
əlaqədar Gəncəyə, oradan da Hacıkəndə gedib,
orada İstanbulda təhsil
alıb gəlmiş Məhəmməd əfəndi ilə
tanış olur. Açıqfikirli, dünyagörüşlü Məhəmməd
gənclərə elm öyrədir,
azadlığın, istiqlalın necə qüdrətli bir nemət olduğunu onlara başa
salırdı.
Ömər Faiq də bu niyyətlə 1900-cü ildə Şəkidəki ilk üsuli-cədid məktəbinə gedir. Bakıda olarkən milli məktəblərin yox dərəcəsində olduğu, müsəlman xalqının acınacaqlı vəziyyətdə yaşaması Ömər Faiqi dəhşətə gətirir. Axı hər sahədə inkişaf etmiş, Cənubi Qafqazın mədəni-maarif mərkəzinə çevrilmiş Tiflislə müqayisədə Bakı sanki orta əsr dövrünü yaşayırdı. Əlbəttə, bu, çar Rusiyasının Azərbaycana olan münasibətinin nəticəsi idi. 1875-ci ildə "Əkinci" qəzeti nəşrə başlayanda Azərbaycan dilində bir dənə də olsun mətbuat orqanı yox idi. Tiflisdə isə yeni-yeni mətbəələr yaradılır, müxtəlif dillərdə qəzetlər, jurnallar, kitablar nəşr olunurdu.
Ömər Faiq xatirələrində yazır: "Əgər Tağıyevin qız məktəbini görməsəydim, Bakının türk maarifi üzərinə qara bir xətt çəkəcəkdim"
Üç ilə qədər Şəkidə dünyəvi elmlərdən dərs deyib, Türkiyədən gətirdiyi açıqfikirli kitabları xalqa paylayıb oxutduran gənc maarifçi burada Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəli şah" pyesini də səhnə üçün hazırlayır və müsyö Jordan rolunda özü çıxış edir. Lakin 1902-ci il yanvarın 31-də Şamaxıda baş verən zəlzələdən sonra yenidən Tiflisə dönür və Bakıda axtardığı azərbaycanlı ürfanların çoxunu burada tapır. Həmin il martın 30-da maarifçi ziyalı Məhəmməd ağa Şahtaxtlı min bir əziyyətlə də olsa, Azərbaycan dilində ilk ictimai və siyasi gündəlik qəzetin - "Şərqi-rus"un nəşrinin icazəsinə nail olmuşdu. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Səməd ağa Qayıbov, Üzeyir Hacıbəyov, Rəşid İsmayılov, Əsəd Babayev, Yusif Əfəndizadə və başqaları "Şərqi-rus"un başına toplaşmışdılar. Çox keçmədən onlar qəzetin nəşrinə başladılar. 1906-cı ildə isə "Molla Nəsrəddin" jurnalının ilk sayı çapdan çıxdı. "Mollanəsrəddinçilər" adı ilə yaranan fikir cərəyanının rəhbəri Cəlil Məmmədquluzadə ilə dostlaşan Ömər Faiq sonadək bu dostluğa sadiq qalır, jurnalın təsis edilməsində və nəşrində müstəsna xidmətlər göstərir. 1911-ci ildə Cəlil Məmmədquluzadə Tiflisə, jurnalın müvəqqəti redaktoru Məmmədəli Sidqiyə göndərdiyi məktubda yazırdı: "Əzizim Məmmədəli! Bunu sənə əvvəllər də istəyirdim yazım ki, Faiq əfəndi bundan sonra oranın sahibi-ixtiyarıdır, hərtərəfli".
Ö.Nemanzadənin məqalələri Ümid, Ümidvar, Lağlağı, Mozalan, Ömər Faiq imzaları ilə dərc olunur. Dərgidə yalançı hürriyyətpərəstlərə qarşı yazdığı məqaləsində deyilirdi: "Əgər hürr yaşamaq istəyiriksə, dəliqanlı cavanlarımızı qurban verməliyik. Qurban verdikdən sonra isə oturub onları ağlamaqla, uzun yas saxlamaqla özümüzü taqətdən salmamalıyıq. Dübarə qurban verməməliyik, təki hürriyyət xalqın qanı ilə qazandığı halal malı olsun. Əgər oturub gözləsək, başımızı boş danışıqlarla qarışdırsaq, dilimizdə hürriyyət sözü bitsə də, onun bəhrəsi olmayacaqdır".
Başqa bir məqaləsində isə türk gəncliyinə xitab edir: "Sən, ey Türk! Nə əqidədə, nə məsləkdə olursan ol, həmişə Türksən. Sən gərək biləsən ki, dünyada hələ şiə, sünni, babı, şeyxi adları yox ikən sən var idin... Ey özündən xəbərsiz Türk! Mədəniyyət əsrləri, nizam, idarə və asayiş üsulu "yasaq" qanunları hənuz Bağdad, Şam, Paris və Londonda yox ikən sənin yurdunda var idi. Sənin öz dadlı dilini cığırından çıxarıb bugünkü acınacaqlı hala salan ərəb əlifbası və yazısından əvvəl sənin göyçək əlifban və yazın var idi. Bəsdir, bəsdir, ey Türk! Bir az ayıl, əl-ayağını bir az tərpət, vücudunu, varlıq ağacını soran, korlayan tikanları, sarmaşıqları, yad ağacların yarpaqlarını qır at, qurtul! Vücuduna, günəş, hava dəysin. Başını bir az yuxarı qaldır. Öz varlığının, öz vücudunun qiymətini bil. İndiyə qədər yadlar üçün, özgə varlıqlar, özgə vücudlar üçün özünü həlak etmisən. Barı bundan sonra da olsa ayıl, özünə gəl, öz gününə çalış!".
Ömər Faiq təkcə "Molla Nəsrəddin" məcmuəsində deyil, o dövrdə nəşr olunan əksər qəzet və dərgilərdə - "Açıq söz", "Tərəqqi", "İrşad", "Həyat", "Rəncbər", "Adıgün kolxozçusu" və başqa qəzetlərdə müxtəlif təxəllüslərlə çıxış etmişdir. Dövrün bir sıra ictimai-siyasi məsələləri haqqında çıxışları onu müasirlərinə türk düşüncəli, maarifpərvər ziyalı, yetkin qələm sahibi kimi tanıtdırmış və sevdirmişdir. 1919-cu ildə "Azərbaycan" qəzetində dərc olunan "Milliləşmək" məqaləsində Ömər Faiq azərbaycançılığın əsas atributları olan milli dil və ədəbiyyata yüksək önəm verirdi: "Sanlı işlər, tarixi dəyişikliklər bizə göstərir ki, hər cəmiyyət, hər fərd, hər dürlü ənənəsindən, müqəddəsatından, imkan və etiqadından az-çox əl çəkdiyi halda milli dilindən əsla və əsla vaz keçməmişdir və heç vaxt da keçəməz. Çünki bir millətin ədəbiyyata malik dili o millətin ruhu, nişaneyi-mövcudatıdır. Ondan məhrum olduğu gün mərhum olmuş, ondan uzaqlaşdığı gün qəbrinə yaklaşmışdır. Millət ədəbiyyatın silahdan min kərə güclü, əhəmiyyətli olduğunu bu gün hər dürlü qail və keşməkeşlər içərisində ola-ola ən ziyadə qeyrət və səylərini milli ədəbiyyatın səylərini milli ədəbiyyatın tərəqqisinə, ülumun nəşrinə sərf edirlər. Çünki yaxşı bilirlər ki, xalq hürriyyətin qədrini, ləzzətini ancaq və ancaq öz milli dilləri ilə anlaya bilirlər. Və ancaq bu anlayışla hürriyyət və istiqlalın mühafizəsi uğrunda fədayi-can edə bilərlər".
Gürcü və erməni dəstələrinin terror fəaliyyətini Ahıskada gözləri ilə görən Ömər Faiq əfəndi bu dərdlərə dözmür, üsyankar yazıları ilə dövri mətbuatda çıxış edirdi. "Qafqazdan İstanbula xatirələr" adlı əsərində müəllif 1905-1907-ci illərdə Tiflisdə baş vermiş erməni-müsəlman qarşıdurmasının başvermə səbəblərini və gedişatını təfərrüatı ilə işıqlandırmışdı. Həmin əsərdə təəssüflə bildirirdi ki, bu hadisələr Cənubi Qafqazın mədəni mərkəzi sayılan Tiflisdə cərəyan etmişdi. 1905-1907-cı illərdə Tiflisdə erməni millətçi ekstremistlərinin azərbaycanlı əhaliyə qarşı törətdikləri kütləvi silahlı qırğınlar və bu qırğınların acı nəticələri onu dəhşətə gətirmişdi.
Ömər Faiqin ən böyük arzusu Ahıskada milli məktəb açmaq idi. Bu məqsədlə Tiflisin maarif şöbəsinə ərizə yazır. Aldığı cavab isə belə olur: "Lazımsa şkolada oxudun, ayrıca türk məktəbi olmaz". Cavabdan hiddətlənən Ömər Faiq əfəndi: Hər bir millətin mədəniyyətə və maariflənməyə haqqı vardır, bu haqqı hər yerdə, hər zaman saxlamalıdır, - deyə etirazını bildirmişdir. Onun ən fəal işlərindən biri 1917-1920-ci illərdə Ahıskadakı fəaliyyəti olmuşdur. O, Cənub-Qərbi Qafqazda ilk müstəqil-türk respublikasının "Ahıska hökuməti-müvəqqətə"sinə hökumət rəisi seçilmişdir. Lakin altı aydan sonra menşeviklər Gürcüstanı ələ keçirmiş və respublikanı məhv etmişlər. Cənubi-Qərbi Qafqaz hökuməti yıxıldıqdan sonra o, menşevik hökumətindən Ahıska və Ahılkələk əyalətlərinə muxtariyyət tələb etməyə başladı. Lakin arzusunu həyata keçirməyə imkan vermədilər. Əvəzində menşeviklər tərəfindən həbs edilərək Metex qalasına salınır və xalqın tələbi ilə azadlığa buraxılır. Oğlu Nemanzadə Kamil "Atamın dostu" məqaləsində yazırdı: "Molla Nəsrəddin"in nəşri ilə əlaqədar çətinliklər anamın yadına düşəndə həmişə Mirzə Cəlillə atamın o illərdəki fədakarlığına heyran qaldığını söyləyər və onu da gizlətməzdi ki, jurnal dərc olunduğu gündən bizə xoş bir gün yaşatmadılar".
Azərbaycan Xalq Cümhuriyyəti aprel işğalına məruz qaldıqdan sonra Ömər Faiq bir müddət sovet orqanlarında çalışır, 1921-ci ildə Gürcüstan İnqilab Komitəsinin üzvü seçilir. Gürcüstanda yaşayan azərbaycanlıların taleyi, əmin-amanlığı ona həvalə edilir. Faiq əfəndi bu sahədə çox çalışır, çox haqsızlıqlarla üzləşir. Ona görə də müsəlmanlar yaşayan bölgələrdə qeyri-müsəlmanların, xüsusən də ermənilərin idarə orqanlarına soxulması onu hiddətləndirir və o, bu barədə ifşaedici məruzə ilə çıxış edir. Gürcüstanda yaşayan türk-müsəlmanları açıq-aşkar müdafiə etməsi və onların hüquqları uğrunda savaşması, kəskin çıxışlar etməsi 1922-ci ildə tutduğu vəzifəsindən uzaqlaşdırılması ilə nəticələnir. Əvvəlcə Tiflisdə dərc olunan "Yeni fikir" qəzetinə yazar, sonra da Gəncə ziraət (kənd təsərrüfatı) texnikumuna müdir göndərilir. Türk düşüncəsinə, Gürcüstanda və Azərbaycanda maarifçilik, mədəniyyət və milli oyanış uğrunda apardığı mübarizəsinə görə dövrünün böyük ziyalısı Ömər Faiq Nemanzadə 1937-ci il oktyabrın 10-da bir güllə ilə repressiyanın qurbanı oldu.
Rəsmiyyə
RZALI
Azərbaycan.- 2012.- 22 iyul.- S. 5.