Kolumbiya Parlamenti
Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı yeni sənədlər
qəbul edə bilər
"Bizim Azərbaycana səfərimiz Kolumbiya hökuməti və parlamenti üçün çox önəmlidir. Səfər çərçivəsində bir sıra səmərəli görüşlər keçirildi və əlaqələrimizin hərtərəfli inkişafı üçün faydalı danışıqlar aparıldı".
Bu sözləri Azərbaycanda səfərdə olan Kolumbiya Senatının ikinci Konstitusional komitəsinin sədri xanım senator Alexandra Moreno Pirakive iyulun 2-də Milli Məclisdə keçirdiyi mətbuat konfransında deyib. Xanım senator bildirib ki, cari il aprelin 24-də Kolumbiya Senatında Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, xüsusən də Xocalı soyqırımı ilə bağlı sənəd qəbul olunub. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Ermənistanın işğalçı, təcavüzkar dövlət olduğu öz əksini tapıb: "Biz 20 ildir davam edən Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həllinə tərəfdarıq. Kolumbiya Parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni sənədlər də qəbul edə bilər".
Kolumbiyanın Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafında maraqlı olduğunu vurğulayan xanım senator vurğulayıb ki, cari ilin sonunadək Azərbaycanda Kolumbiyanın səfirliyinin açılması gözlənilir.
Alexandra Moreno Pirakive bu günə qədər ölkələrimiz arasında diplomatik və xidməti pasportları olan şəxslərin vizasız gediş-gəlişinə, Diplomatik akademiyalar arasinda təcrübə mübadiləsinə dair sənədlərin imzalandığını bildirib, daha bir neçə sənədin isə hazırlıq mərhələsində olduğunu söyləyib.
Azərbaycan.- 2012.- 3 iyul.- S. 2.