Jurnalistlər
mükafatlandırılmışlar
İyulun 21-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında Azərbaycan milli mətbuatının yaranmasının 137-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə ölkənin aparıcı televiziya kanallarının, qəzetlərinin, informasiya agentliklərinin təmsilçiləri iştirak etmişlər.
Tədbirdə jurnalistləri 22 İyul - Milli Mətbuat Günü münasibəti ilə təbrik edən ATGTİ-nin sədri Şahin İsmayılov çətin və şərəfli inkişaf yolu keçmiş milli mətbuatımıza dövlət qayğısından söz açmışdır.
Bildirilmişdir ki, müstəqillik qazandıqdan sonra ümummilli lider Heydər Əliyevin böyük səyləri nəticəsində söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, senzura ləğv edilmişdir. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, sürətlə inkişaf edən internet resursları cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayır.
Sonra 1000 tələbə arasında keçirilmiş sorğunun nəticələrinə əsasən seçilmiş kütləvi informasiya vasitələri, eləcə də fərdi jurnalistlər müxtəlif nominasiyalar üzrə diplomlara layiq görülmüş, hədiyyələrlə mükafatlandırılmışlar.
Azərbaycan Dövlət Teleqraf
Agentliyi (AzərTAc) də ATGTİ ilə
sıx əməkdaşlığına görə diplomla təltif edilmişdir.
Azərbaycan.- 2012.- 22 iyul.- S. 6.