Ağdamlı gənclər
beynəlxalq təşkilatlara müraciət
ünvanlamışlar
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı gənclər birliyinin təşəbbüsü ilə bir qrup gənc rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 19-cu ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinə müraciət ünvanlamışdır.
1500-dən artıq elektron ünvana göndərilən müraciətdə Ağdam rayonunun tarixi, coğrafiyası, memarlıq və mədəniyyət abidələri, rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi barədə ingilis və rus dillərində məlumatlar əks olunmuşdur.
Müraciətdə bildirilir ki, Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü ildə Ağdam rayonunun 77,4 faizi - Ağdam şəhəri və 87 kənd işğal olunaraq talan edilmiş, dağıdılmışdır. Ağdamın müdafiəsi uğrunda gedən döyüşlərdə minlərlə insan şəhid olmuş, sağlamlığını itirmiş, 130 min nəfərdən artıq ağdamlı öz doğma torpağından didərgin düşərək məcburi köçkünə çevrilmişdir.
Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik
Şurasının işğal olunmuş Azərbaycan torpaqlarının
qeyd-şərtsiz boşaldılması haqqında qəbul etdiyi qətnamələrin hələ də
yerinə yetirilməməsinin, Azərbaycan ərazilərinin işğal altında qalmasının təəssüf
hissi ilə qeyd olunduğu müraciət bu
sözlərlə qurtarır: "Biz,
ağdamlı gənclər doğma şəhərimizə
qayıtmaq, orada yaşamaq
istəyirik. Əminik ki, dünya
birliyi bizim haqq səsimizi eşidəcək,
Ağdamın işğaldan azad olunması istiqamətində tədbirlər
görəcəkdir".
Azərbaycan.- 2012.- 22 iyul.- S. 7.