Vətəndaş
cəmiyyəti institutlarının beynəlxalq əməkdaşlığı
genişlənir
BAMF-in bu istiqamətdə
fəaliyyəti diqqət çəkir
İyulun 2-9-da Nyu-Yorkda, BMT-nin Baş Qərargahında bu qurumun İqtisadi-Sosial Şurasının (ECOSOC) "Minilliyin məqsədlərinə nail olmaq üçün bütün səviyyələrdə əsaslı, dayanıqlı və bərabər iqtisadi inkişaf çərçivəsində kasıbçılığın aradan qaldırılması üçün bacarıqların və faydalı işlərin dəstəklənməsi" adlı yüksək səviyyəli toplantısı keçirilib. Tədbirdə BMT-nin Baş katibi Pan Gi Mun, ECOSOC-un prezidenti Miloş Koterec, BMT Baş Assambleyası 66-cı sessiyasının prezidenti Nasser Abduləziz Əl Nasser başda olmaqla BMT agentliklərinin, Avropa Komissiyasının, Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Ticarət İttifaqı Konfederasiyasının və digər beynəlxalq qurumların rəsmiləri, dünyanın əksər ölkələrinin yüksək vəzifəli şəxsləri iştirak etmişdilər. ECOSOC-un QHT bölməsinin xüsusi məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) BMT-nin əvvəlki tədbirlərindən fərqli olaraq yüksək səviyyəli bu toplantıya xüsusi dəvət alan təşkilatlardan biri kimi böyük nümayəndə heyəti ilə qatılmışdır.
Qeyd edək ki, BAMF 1992-ci ildə dövlət qeydiyyatına alınmış müstəqil qeyri-hökumət təşkilatıdır. Təşkilat BMT qurumları, ABŞ Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, nazirliklər, agentliklər, habelə regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. ECOSOC-in QHT bölməsinin xüsusi məşvərətçi statuslu üzvü olan BAMF Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin İctimai-Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Sülh Bürosunun (BSB), Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) üzvüdür. 2007-ci ildən BAMF Azərbaycan Respublikasında fəaliyyətləri Beynəlxalq Humanitar yardım üzrə Respublika Komissiyası tərəfindən əlaqələndirilən təşkilatların siyahısına daxil edilib. BAMF BMT üzrə Azərbaycan QHT-lərinin Milli Koordinatorudur.
BMT-nin sözügedən tədbirinə qatılmaq və təşkilatın adının toplantının gündəliyinə salınması üçün BAMF ECOSOC-a əvvəlcədən yazılı bəyanatla müraciət edib. ECOSOC-un 2012-ci il Yüksək Səviyyəli Toplantısına dəstək olmaqda təşkilatın göstərdiyi maraq böyük razılıq hissi doğurub, BAMF-in Minilliyin İnkişaf Məqsədlərindən irəli gələn vəzifələrə uyğun hazırladığı bəyanat 6 dilə tərcümə edilərək digər sənədlərlə birgə ECOSOC-un 2012-ci il Yüksək Səviyyəli Toplantısının bütün iştirakçıları arasında paylanıb.
İyulun 3-də Beynəlxalq Avrasiya Mətbuat Fondu Yüksək Səviyyəli Toplantı çərçivəsində "Dayanıqlı və geniş inkişaf istiqamətində işləyən donor və partnyorların toplantısı" adlı tədbirini keçirib. BAMF-in sədri Umud Rəhimoğlu ilə söhbət zamanı öyrəndik ki, Yüksək Səviyyəli Toplantıda donorlarla və beynəlxalq qurumlarla görüş keçirilməsi üçün çox az sayda təşkilata bu cür şərait yaradılıb. O bildirdi ki, bu tədbirin təşkilinə və uğurla keçirilməsinə BMT-nin Azərbaycan üzrə rezidenti Fikrət Akçura, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan üzrə nümayəndəsi Daq Siqurdson, UNİCEF-in ölkə rəhbəri Mark Herevard böyük dəstək vermiş, ABŞ Dövlət Departamenti öz missiyasının tədbirə qatılması üçün xüsusi səy göstərmişdir.
Azərbaycanın vətəndaş cəmiyyəti tarixində ilk və önəmli bir hadisə olan, BMT agentlikllərinin, donor icmasını təmsil edən nümayəndələrin, beynəlxalq qurumların, vətəndaş cəmiyyətlərinin qatıldığı və 3 saat davam edən bu toplantıda Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi, Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva, Beynəlxalq Humanitar Yardım üzrə Azərbaycan Respublikası Komissiyasının nümayəndəsi Məhəmməd Məhərrəmov, BMT-nin Azərbaycan ofisinin ictimai informasiya departamentinin rəhbəri Envera Selimoviç, BAMF-in beynəlxalq fəxri məsləhətçisi, Azərbaycan Diplomatik Akademiyasının İnsan Resursları və Tədbirlərin Təşkili Departamentinin direktoru Lütfül Kəbir, BAMF-in proqramlar və beynəlxalq əlaqələr departamentinin rəhbəri Nik Nvolisa və digər şəxslər iştirak ediblər.
Dayanıqlı və geniş inkişaf istiqamətində işləyən donor və tərəfdaşların bir araya gəlməsində olduqca böyük əhəmiyyət kəsb edən toplantıda Minilliyin İnkişaf Məqsədlərinə uyğun olaraq dünya miqyasında icmanın inkişaf məsələləri sahəsində ən yaxşı təcrübələrin bölüşməsi, icmalarda kasıbçılığın aradan qaldırılması üçün şəbəkənin gücləndirilməsi məsələləri geniş müzakirə olunub.
Yüksək səviyyəli tədbirə sahiblik edən U.Rəhimoğlu toplantının açılışında dünyada kasıbçılıq və aclıq sahəsində mövcud olan qlobal strategiyanı müzakirə etmək üçün dayanıqlı və əsaslı inkişafa dəstək olan donorlar və tərəfdaşların görüşünə ehtiyac olduğunu vurğulayıb. O deyib ki, son dövrlərdə maliyyə böhranının təsiri nəticəsində inkişaf yönümlü işlərdə dayanıqlılığı saxlamaq çətin olmuşdur. Çünki donor təşkilatlar fondlarını azaltmış, bəzi donorlar isə müəyyən layihələrin maliyyələşdirilməsini dayandırmışlar. Ancaq Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün 2015-ci ilin sonuna kimi dayanıqlı inkişaf aksiyaları maliyyələşdirilməli və bu aksiyalar hərtərəfli dəstəklənməlidir.
Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayevanın toplantıdakı çıxışı iştirakçılar arasında böyük maraqla dinlənilib. O, əvvəlcə qeyd edib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin imkişafını dövlət özünün prioritet məqsədlərindən biri hesab edir və məhz bu münasibətin nəticəsidir ki, ölkədə hökumət-QHT əməkdaşlığı normal məcrada davam edir. Dövlət vətəndaş cəmiyyətləri üçün etibarlı hüquqi baza yaradıb. Q.Paşayeva vurğulayıb ki, Azərbaycanda 1 milyondan artıq adam hələ də məcburi köçkün və qasqın həyatı yaşamaqdadır. Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyini olduqca sərt şəkildə ifadə edən Q. Paşayeva deyib ki, erməni hərbi qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik ərazilərini şərtsiz olaraq tərk etmələrinə dair BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsi təmin olunmadığı halda, Azərbaycanda dayanıqlı və əsaslı inkişaf tam həyata keçirilə bilməz.
Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının qaçqınlar, məcburi köçkünlər və miqrasiya problemləri üzrə şöbəsinin müdir müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının nümayəndəsi Məhəmməd Məhərrəmov Azərbaycandakı beynəlxalq qurumların fəaliyyətlərinin əlaqələndirilməsi istiqamətində Humanitar komissiyanın gördüyü işlərdən, qaçqınlar və məcburi köçkünlərin problemlərinin həlli sahəsində Azərbaycan hökumətinin həyata keçirdiyi proqramlardan söz açıb və qeyd edib ki, qaçqınlar və məcburi köçkünlər arasında kasıbçılığın səviyyəsinin aşağı salınması istiqamətində həyata keçirilən dövlət proqramı öz bəhrəsini versə də, 400 min məcburi köçkün hələ də çətin vəziyyətdə, müvəqqəti yaşayış məntəqələrində yaşayır. Odur ki, bu istiqamətdə işlərin davamlı həyata keçirilməsi üçün donor dövlətlərin və beynəlxalq təşkilatlarin dəstəyinin böyük əhəmiyyəti var və Azərbaycanda qaçqınların və məcburi köçkünlərin problemləri tam həll olunanadək beynəlxalq humanitar qurumların öz missiyalarını davam etdirməsinə ehtiyac duyulur.
BMT-nin İnkişaf Proqramının Mərkəzi Asiya və Azərbaycan üzrə bölməsinin rəhbəri Jan Harfist deyib ki, kasıb və marginləşmiş qrupların ehtiyacları inkişaf prioritetinin mərkəzində olmasa, iqtisadi artım hesabına əlavə iş yerləri yaranmayacaq və kasıbçılıq azalmayacaq.
BAMF-in keçirdiyi toplantının uğurlu cəhətlərindən biri də ondan ibarət olub ki, tədbirdə böyük fəallıq göstərən beynəlxalq qurumların təmsilçiləri Azərbaycanla bağlı həqiqətlərə xüsusi münasibət bildiriblər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün təşəbbüslərin birləşdirilməsinin zəruriliyindən söz açıblar. BMT QAK-nın Nyu-York ofisinin direktoru Udo Canz məcburi köçkünlərin vəziyyətinin həmişə gündəlikdə olmasının vacibliyini qeyd edib. Azərbaycanda qaçqın və məcburi köçkün məsələsinə ürək yanğısı ilə toxunan U.Canz bu istiqamətdə gələcəkdə görüləcək işlərin hələ çox olduğunu bildirib və deyib ki, Dağlıq Qarabağ məsələsi həll edildikdən sonra yeni problemlərin çözülməsinə ehtiyac olacaq: "Biz hamımız birlikdə Azərbaycanda 20 il öz doğma torpaqlarından didərgin düşməyə məcbur olmuş insanlara davamlı olaraq bunları verməyi bacarmalıyıq: ləyaqətli həyat, əmək bazarına giriş, səhiyyə xidməti başda olmaqla bütün əsas xidmət sahələrinə giriş. Həmçinin onların torpaq və mülkiyyətə malik olmaq hüquqları da qorunmalıdır.
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan nümayəndəsi xanım Envera Selimoviç toplantıdakı çıxışında əhali arasında bərabər dayanıqlı inkişaf sahəsində QHT-lərin, xüsisilə də, BAMF-in fəaliyyətini yüksək dəyərləndirib.
Son illər dayanıqlı və geniş inkişaf istiqamətində həyata keçirilən işlərdə BAMF-ə ən çox dəstək göstərən beynəlxalq qurumlardan biri də ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Olunması İdarəsidir. BAMF 2007-ci ildən bu idarənin İctimai Özəl Tərəfdaşlıq Proqramının üzvüdür. Bu nüfuzlu qurumla əməkdaşlıq sayəsində BAMF indiyədək Azərbaycanın müharibədən zərər çəkmiş və işğaldan azad olunmuş regionlarında xeyli iri həcmli humanitar layihələr həyata keçirib və belə layihələrdən yüzlərlə müharibə qurbanı, qaçqın və məcburi köçkün, yaşayış səviyyəsi aşağı olan yerli icma sakinləri faydalanıb. ABŞ Dövlət Departamentinin BMT-dəki missiyasının nümayəndəsi xanım Karen Nyumən toplantıdakı çıxışında fikirlərini belə ifadə edib: "Mən ABŞ Dövlət Departamenti adından BAMF-ə müraciətlə demək istərdim ki, həqiqətən də, gördüyünüz işlər diqqətəlayiqdir. Düzünü deyim ki, bütün layihələrinizdən xəbərdar deyildim, ancaq sizin aparıcı donor təşkilatlarınızdan və partnyorlarınızdan biri olmaq çox sevindiricidir. Mikro-kreditlərin verilməsi və məcburi köçkünlərlə apardığınız işlər də diqqətəlayiqdir, həmçinin bütün dünyada baş verənlər haqqında məlumatı təmin edən sosial media komponenti barədə eşitmək də həyəcanlandırıcıdır. Gördüyünüz işlər barədə digər agentliklərin, hökumətin bilməsi və öyrənməsi lazımdır. Sizi təbrik edirəm, sizinlə tərəfdaş olmaqdan qürur duyuram".
Toplantıda "Dayanıqlı inkişaf istiqamətində əsas məsələlər kasıbçılıq, gender balansı, uşaq haqları, əlillər, təhsil, səhiyyə və ətraf mühit məsələsidir" - deyən ECOSOC-un QHT-lər bölməsinin rəhbəri Andrey Abramov vətəndaş cəmiyyətinin inkişafı istiqamətində uğurlu siyasətin qurulmasına görə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan hökumətinə, fondun əməkdaşlıq etdiyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirib. Azərbaycanda hökumət və vətəndaş cəmiyyətləri arasında dinamik və olduqca maraqlı qarşılıqlı əlaqələrin mövcud olduğunu deyən A.Abramov onu da vurğulayıb ki, BAMF BMT-nin fəaliyyətini təkcə Azərbaycanda milli səviyyədə koordinasiya etmir, həmçinin regional fəaliyyətin genişləndirilməsində də əhəmiyyətli rol oynayır. Beləliklə, təşkilatın fəaliyyət göstərdiyi sahələrə üyğun olaraq bu fəaliyyət nümunələrinin digər regionlarda da tətbiq edilməsi çox vacibdir. A.Abramov daha sonra deyib: "Bu təşkilatın digər bir üstünlüyü də odur ki, kollektiv ən xırda məsələyə belə ciddi yanaşır. Bu gün vətəndaş cəmiyyəti diqqətini həlli vacib olan məsələlər üzərində cəmləmişdir və bu məsələlərin həyata keçirilməsində israrlıdır. Mən bu təcrübənin sərhədləri aşmaqla regional və digər ölkələrin milli QHT-lərinə ötürülməsinin və BMT-nin də bu məsələ ilə məşğul olan donorlarla işləməyə cəlb olunmasının mümkün yollarını müəyyənləşdirməyə çağırıram.
Bu, BMT təmsilçisinin Azərbaycanın qeyri-hökumət təşkilatının fəaliyyətinə verdiyi yüksək qiymətin təsdiqi idi.
Toplantıda Avropa ölkələrindən, Hindistandan, Malayziyadan, Qırğızıstandan, Nigeriyadan toplantıya qatılan beynəlxalq qurumların və QHT sektorunun nümayəndələri, donorlar, BMT-nin ölkə missiyalarının nümayəndələri tədbirin keçirilməsini yüksək qiymətləndiriblər, müzakirə olunan məsələlər barədə fikir mübadiləsi aparıblar. Onların əksəriyyəti Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti ilə tanış olmaq, əldə edilən uğurları gözləri ilə görmək üçün ölkəmizə gəlmək barədə arzularını da ifadə ediblər.
Sonda BAMF-in sədri U.Rəhimoğlu bütün iştirakçılara tədbirin uğurlu keçməsi üçün apardıqları işə görə dərin təşəkkürünü bildirib. Onun sözlərinə görə, biz fövqəladə hallarda üzləşilən kasıbçılığa müraciət edən donorlar, tərəfdaşlar və QHT-lər üçün qlobal strategiyanı hazırlamağı düşünürük. BAMF bugünkü nəticələrə əsaslanaraq "2015-ci ilə kimi kasıbçılığın aradan qaldırılmasında vətəndaş cəmiyyətinin rolu" adlı hesabat hazırlayacaq və bunu ECOSOC-un QHT-lər bölməsi və vətəndaş cəmiyyəti təşkilatları ilə bölüşəcəkdir. U.Rəhimoğlu onu da bildirib ki, bu toplantı QHT-lər və Azərbaycan vətəndaş cəmiyyəti üçün uğurlu bir addımdır: "BAMF Azərbaycandan belə yüksək səviyyəli tədbiri keçirən ilk QHT-dir. Bu gün BAMF-in tərcümeyi-halında yeni bir səhifə açıldı və biz ümid edirik ki, dayanıqlı və əsaslı aksiyalar həyata keçirməklə Azərbaycanda, Asiya və Avropanın qonşu ölkələrində kasıbçılığın aradan qaldırılmasına dəstək olmaq olar".
ECOSOC-un Yüksək Səviyyəli Toplantısında BAMF-in keçirdiyi tədbirə hazırlıq işlərində Azərbaycan Respublikası Baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənovun, Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin xüsusi dəstəyi olub. Toplantının uğurla başa çatması, tədbirdə qarşıya qoyulan Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün donor - QHT tərəfdaşlığının davam etdirilməsi məsələsində yekdil razılığın əldə olunması ölkədə vətəndaş cəmiyyətinin inkişafına göstərilən ardıcıl diqqət və qayğının, hökumət-QHT birgə əməkdaşlığının parlaq təzahürü idi.
Azərbaycan.- 2012.- 22 iyul.- S. 7.