BEAUME TRANSASİYA-2012 avtoekspedisiyasının iştirakçıları Şəkidə olmuşlar

 

Malayziyada fəaliyyət göstərən "4x4 World Eksplorer Sdh Bdh" şirkətinin təşkilatçılığı ilə Türkiyə Respublikasından başlanan "BEAUME TRANSASİYA-2012" avtoekspedisiyasının iştirakçıları artıq Azərbaycandadırlar.

AzərTAc xəbər verir ki, avtoekspedisiyanın Azərbaycan hissəsi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və "Millennium Turizm" şirkətinin rəhbərliyi ilə həyata keçirilir.

Türkiyənin İstanbul şəhərindən start götürən avtotur Gürcüstan, Azərbaycan və Rusiya dövlətlərini əhatə etməklə, Çin Xalq Respublikasının Tyanjin vilayətində başa çatacaqdır. Əlli doqquz gün davam edəcək marşrutun ümumi uzunluğu 17 min kilometrdir. Avtoturda 9 ölkəni - Malayziya, ABŞ, Sinqapur, Yunanıstan, Norveç, Rusiya, Özbəkistan, Qırğızıstan və Çini təmsil edən 33 nümayəndə iştirak edir.

Avtoekspedisiyanın iştirakçıları iyulun 20-də Balakən sərhəd keçid məntəqəsindən ölkəmizin ərazisinə daxil olmuşlar. Marşrut proqramına uyğun olaraq Azərbaycan ilə ilk tanışlıq Şəki şəhərindən başlamışdır. Şəkinin əsrarəngiz təbiət guşələrindən olan "Cənnət bağı" istirahət mərkəzində ekspedisiya üzvləri mehribanlıqla qarşılanmışlar. Çay süfrəsi ətrafında davam edən söhbət zamanı qonaqlara Şəkinin qədim tarixi, mədəniyyəti, turizm potensialı barədə ətraflı məlumat verilmişdir.

Avtoekspedisiyanın üzvləri təbiətin qoynunda çadırlar quraraq orada gecələmişlər.

Avtotur iştirakçıları iyulun 21-də Şəkinin tarixi-memarlıq abidələri ilə tanışlıqdan sonra Şəki-Qəbələ, İsmayıllı, Şamaxı-Bakı istiqamətində hərəkət edərək marşrut üzərində yerləşən qədim tarixi və mədəni abidələri, əfsanəvi və dini məbədləri ziyarət edəcək, ölkəmizin mədəni və turizm potensialı ilə yaxından tanış olacaqlar. Ekspedisiyanın üzvləri bir gün Bakı şəhərində qaldıqdan sonra iyulun 22-də günün ikinci yarısında Azərbaycan-Rusiya sərhədini keçərək, rusiyalı turoperatorlara təhvil veriləcəklər.

Ekspedisiyanın bütün gedişi Malayziya televiziyası tərəfindən işıqlandırılacaqdır.

"Millennium Turizm" şirkətinin və "BEAUME TRANSASİYA-2012" avtoekspedisiyasının Azərbaycan hissəsinin rəhbəri Ruslan Quliyev AzərTAc-a müsahibəsində bildirmişdir: "Əsas məqsədimiz ölkəmizdə turizm sektorunun daha da inkişafına, Azərbaycanın mədəni-tarixi potensialının, turizm imkanlarının dünya çapında sistemli şəkildə təbliğinə nail olmaqdır. Əsas hədəfimiz belə beynəlxalq marşrutlarda Azərbaycanın önəmini daha da artırmaq və ölkəmizi bu layihələrin ayrılmaz tərkib hissəsinə çevirməkdən ibarətdir. Biz tarixi "İpək Yolu" üzərində olan bu marşrutun reallaşdırılmasının astanasındayıq. İnanırıq ki, bu layihə Azərbaycanın turizm diyarı kimi tanıdılmasına, ölkəmizə turist axınının artmasına azacıq da olsa töhfəsini verəcəkdir".

 

 

Azərbaycan.- 2012.- 22 iyul.- S. 6.