Böyük
Britaniyanın nüfuzlu “Total Politics” jurnalında “Azərbaycan:
dünyaya yeni qapı” sərlövhəli
məqalə dərc edilmişdir
Böyük Britaniyanın nüfuzlu "Total Politics" jurnalının 50-ci yubiley nömrəsində "Azərbaycan: dünyaya yeni qapı" sərlövhəli geniş məqalə dərc edilmişdir. Məqalədə Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqe, ölkəmizin tarixi, zəngin mədəniyyəti haqqında ətraflı məlumat verilir. Bildirilir ki, Azərbaycan rəhbərliyinin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkə son illər sürətlə inkişaf edir. Son səkkiz ildə Azərbaycanda ümumi daxili məhsulun üç dəfə artdığı qeyd olunan məqalədə ölkədə həyata keçirilən uğurlu layihələrin əhalinin rifah halını daha da yaxşılaşdırdığı vurğulanır.
Yazıda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın aşağıdakı sözləri sitat gətirilir: "Azərbaycanın uğurları göz qabağındadır. Dövlət büdcəsi 16 dəfə artmış, ölkədə minlərlə məktəb, yüzlərlə səhiyyə müəssisəsi, onlarla idman kompleksi tikilmişdir. Yoxsulluğun səviyyəsi beş dəfə azalaraq 49 faizdən 9 faizə enmişdir. Sevimli paytaxtımız Bakı şəhəri çox dəyişmişdir. Bütün bunlar Azərbaycanda inkişafın səviyyəsini aydın şəkildə nümayiş etdirir. Bu gün bütün dünya Azərbaycanı neft və qaz ixracatçısı kimi tanıyır, lakin bizim tariximiz və mədəniyyətimiz milli irsimizin mühüm aspektləridir".
Məqalədə bildirilir ki, Azərbaycanın xarici siyasəti beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə hörmət, daxili işlərinə qarışmamaq prinsiplərinə söykənir.
Yazıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də ətraflı bəhs edilir. Bildirilir ki, bu münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş, bir milyondan artıq azərbaycanlı doğma torpaqlarında qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, işğal hələ də davam edir.
Bildirilir ki, regional sülh və təhlükəsizliyin təmini, uğurlu əməkdaşlıq və mühüm layihələrin həyata keçirilməsi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindəndir. Regional və qlobal səviyyələrdə ikitərəfli və çoxtərəfli əlaqələrini getdikcə daha da genişləndirən Azərbaycan demokratik inkişaf yolu ilə irəliləyir. Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumların fəal üzvü, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM-ın təsisçilərindən biridir. Əfqanıstanda sülhməramlı əməliyyatlara mühüm töhfə verən Azərbaycan NATO və Avropa İttifaqı ilə də əlaqələrini inkişaf etdirir.
Yazıda qeyd edilir ki, Azərbaycanın uğurlu daxili və xarici siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz onun dövlətçilik bacarığı, uzaqgörənliyi mürəkkəb regionda yerləşən Azərbaycanın xarici siyasətdə uğurlarını reallaşdırmışdır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Azərbaycanın uğurlu neft strategiyasının reallaşmasında ulu öndər Heydər Əliyevin xidmətlərinin xüsusi vurğulandığı yazıda "Əsrin müqaviləsi"nin imzalanması müasir tariximizin ən parlaq səhifələrindən biri kimi qiymətləndirilir, neftimizi dünya bazarlarına çıxaran Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan boru kəmərlərindən geniş bəhs edilir. Bildirilir ki, bu gün Azərbaycan dünyaya təkcə xam neft deyil, həm də neft məhsullarını ixrac edən ölkə kimi tanınır.
Məqalədə qeyd edilir ki, Azərbaycan həm də zəngin mədəniyyəti ilə bütün dünyada məşhurdur. Ölkəmizdə xalçaçılıq sənətinin tarixinin çox qədim olduğu bildirilən yazıda vurğulanır ki, xalq tətbiqi incəsənətinin bu sahəsi turistlərin diqqətini xüsusilə cəlb edir. Azərbaycanın rəngarəng və əntiq xalçaları hələ orta əsrlərdən bütün dünyada məşhurdur. Azərbaycan xalçalarının nümunələrinə dünyanın ən məşhur muzeylərində - Parisdəki Luvr, Nyu-Yorkdakı Metropolitan, Londondakı Viktoriya və Albert muzeylərində də rast gəlmək mümkündür. Təsadüfi deyildir ki, Azərbaycan xalçaları UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
Məqalədə Azərbaycanın zəngin musiqi mədəniyyətinin incisi olan muğam haqqında da ətraflı məlumat verilir. Bildirilir ki, 2003-cü ildə muğam UNESCO-nun "Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri" siyahısına daxil edilmişdir.
Bakının gecə görüntülərinin əks olunduğu şəkillərin də yer aldığı məqalədə, həmçinin son dövrlər şəhərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri, o cümlədən Dövlət Bayrağı Meydanı, "Alov qüllələri", Heydər Əliyev Mərkəzi, "Bakı Ağ Şəhər" də daxil olmaqla reallaşdırılması nəzərdə tutulan nəhəng layihələr haqqında da ətraflı məlumat verilir.
Geniş oxucu kütləsinə malik olan və 2008-ci ildən nəşr edilən "Total Politics" jurnalının yaradıcıları jurnalist Lein Deyl və siyasi şərhçi Şeyn Qrirdir. Dünyada baş verən siyasi prosesləri geniş işıqlandıran, tanınmış dövlət xadimləri, politoloqlarla müsahibələrə yer verən jurnal Britaniyanın siyasi dairələrində böyük populyarlığa malikdir.
AzərTAc
Azərbaycan.- 2012.- 24 iyul.- S. 1.