Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

 Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

Maddə 1. "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, ¹ 18, maddə 243; 1995, ¹ 14, maddə 237; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997,  ¹ 5, maddə 385, ¹ 6, maddə 493; 1998, ¹ 2, maddə 70; 2000, ¹ 12, maddə 835; 2001, ¹ 3, maddə 143, ¹ 6, maddə 378, ¹ 11, maddə 674; 2002, ¹ 1, maddə 4, ¹ 8, maddə 463; 2004, ¹ 7, maddə 505; 2005, ¹ 3, maddə 152, ¹ 10, maddə 874; 2006, ¹ 1, maddə 3, ¹ 2, maddə 64, ¹ 3, maddə 219, ¹ 4, maddə 319, ¹ 11, maddə 933, ¹ 12, maddələr 1006, 1017, 1029; 2007, ¹ 7, maddə 712, ¹ 8, maddə 753, ¹ 11, maddə 1053; 2008, ¹ 3, maddə 158, ¹ 8, maddələr 699, 701, ¹ 10, maddə 886; 2009, ¹ 7, maddə 519; 2010, ¹ 3, maddə 166,  ¹ 4, maddə 276, ¹ 11, maddə 935; 2011, ¹ 4, maddə 270, ¹ 6, maddə 474, ¹ 7, maddə 580) aşağıdakı dəyişikliklər edilsin:

 

1.1.  3-cü maddə üzrə:

1.1.1.  ikinci hissədə "18 yaşına çatmış, müstəsna hallarda isə təhsil almaq, beynəlxalq tədbirlərdə iştirak etmək, müalicə olunmaqya daimi yaşamaq üçün xaricə gedən 18 yaşına çatmamış" sözləri "hər bir" sözləri ilə əvəz edilsin;

1.1.2.  üçüncü hissə aşağıdakı redaksiyada verilsin:

"Pasportun ümumvətəndaş, xidməti və diplomatik tipləri vardır. Pasportların təsvirini, spesifikasiyasını və nümunəsini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.".

1.2.  4-cü maddə üzrə:

1.2.1.  birinci hissədən "fotoşəkli," sözü çıxarılsın;

1.2.2.  ikinci hissə ləğv edilsin və üçüncü, dördüncü hissələr müvafiq olaraq ikinci, üçüncü hissələr hesab edilsin;

1.2.3.  üçüncü hissədə "on illik" sözlərindən əvvəl "1 yaşınadək uşaqlar üçün bir illik müddətə, 1 yaşından 3 yaşınadək uşaqlar  üçün üç illik müddətə, 3 yaşından 18 yaşınadək uşaqlar üçün beş illik müddətə, 18 yaşına çatmış şəxslər üçün isə" sözləri əlavə edilsin.

1.3.  5-ci maddənin ikinci hissəsində "verilməsi üçün dövlət rüsumu alınır" sözləri "verilməsi və ya dəyişdirilməsi üçün dövlət rüsumu alınmır" sözləri ilə əvəz edilsin.

1.4.  6-cı maddənin ikinci hissəsində "verilməsi" sözündən sonra "və ya dəyişdirilməsi" sözləri əlavə edilsin.

1.5.   7-ci maddə üzrə:

1.5.1.  birinci hissənin 1-ci bəndində "seriyası və",  "onunla birgə gedən 18 yaşına çatmamış uşaqların soyadı, adı, cinsi və doğulduğu tarix," sözləri çıxarılsın, "cinsi," sözündən sonra "fərdi identifikasiya nömrəsi," sözləri, "verilmə tarixi," sözlərindən sonra "etibarlılıq müddəti," sözləri əlavə edilsin;

1.5.2.  birinci hissənin 2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

"2) pasport sahibinin üz təsviri üçün yer, elektron daşıyıcının (çipin) mövcudluğunu göstərən xüsusi işarə və maşınla oxuna bilən iki sətirdən ibarət yazı əks olunur;";

1.5.3. ikinci hissədən "və belə pasportların etibarlılıq müddəti, uzadılmış etibarlılıq müddəti, bu müddəti uzadan orqanın adı, uzadılma tarixi" sözləri çıxarılsın;

1.5.4. üçüncü hissədən "və müvafiq dövlət orqanlarının məsul əməkdaşı tərəfindən imza və möhürlə təsdiq edilir" sözləri çıxarılsın;

1.5.5.  aşağıdakı məzmunda dördüncü və beşinci hissələr əlavə edilsin:

"Pasportda elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcıya (çipə) bu maddənin birinci hissəsinin 1-ci bəndində göstərilən məlumatlar (pasport sahibinin imzası istisna olmaqla), pasport sahibinin üz təsviri və barmaq izi və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi halda digər məlumatlar daxil edilir.

Bu maddədə nəzərdə tutulmuş məlumatları pasporta və ya onun elektron daşıyıcısına daxil edən vəzifəli şəxs həmin məlumatların düzgünlüyünə görə cavabdehdir.".

1.6. 8-ci maddə üzrə:

1.6.1. ikinci hissədən "fotoşəkillər," sözü çıxarılsın;

1.6.2. aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

"Pasport almaq istəyən vətəndaşın əl-barmaq izlərinin götürülməsi, habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun fotoşəklinin çəkilməsi pasportu verən müvafiq dövlət orqanında həyata keçirilir.".

1.7. 9-cu maddəyə aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:

"Pasportu verən orqanın iş qrafiki haqqında məlumatlar, pasportun verilməsi və dəyişdirilməsi üçün tələb olunan sənədlərin siyahısı və ödənilməli olan dövlət rüsumunun məbləğləri müvafiq icra hakimiyyəti orqanının rəsmi internet saytında və pasportu verən qurumlarının binalarının qarşısında hər kəsin yaxşı görə biləcəyi lövhələrdə yerləşdirilməlidir.".

1.8. 10-cu maddə üzrə:

1.8.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:

"Pasportun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın  soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, yaxud pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, pasport dəyişdirilməlidir.";

1.8.2. aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

"Pasportun üzərində və ya elektron  daşıyıcısında göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.".

Maddə 2.  2013-cü il iyunun 1-dək verilən pasportlar etibarlılıq müddəti bitənədək və ya vətəndaşın soyadı, adı, atasının adı dəyişənədək, yaxud pasport itənədək, yararsız hala düşənədək və ya pasportun üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.

Maddə  3. Qanunun qüvvəyə minməsi

3.1. Bu qanunun 1.1.2-ci, 1.3-cü  və 1.4-cü maddələri dərc edildiyi gündən qüvvəyə minir.

3.2. Bu qanunun digər müddəaları 2013-cü il iyunun 1-dən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2012-ci il

 

Azərbaycan.- 2012.- 24 iyul.- S. 2.