Azərbaycan milli mətbuatının 137-ci ildönümü qeyd edilmişdir

 

  AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov Azərbaycan mediasının nümayəndələrini milli mətbuatımızın yaradılmasının 137-ci ildönümü münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışdır.

Professor Əli Həsənov demişdir ki, Azərbaycan cəmiyyətinin fikir dünyasının qabaqcıl nümayəndələri olan jurnalistlər, mətbuat sahəsində çalışan alimlər, pedaqoqlar, ziyalılar neçə ildir ki, iyulun 22-də bir araya gələrək bu bayramı qeyd edirlər. Fərəhləndirici haldır ki, Azərbaycanda Milli Mətbuat Gününün böyük təntənə ilə qeyd edilməsi artıq xoş bir ənənəyə çevrilmişdir. Neçə illərdir ki, davam edən bu ənənənin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər Heydər Əliyev 2000-ci il martın 27-də Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi ilə bağlı fərman imzalamışdır. Həmin vaxtdan iyulun 22-si Azərbaycanda Milli Mətbuat Günü kimi dövlət səviyyəsində qeyd olunmağa başlanmışdır. Ənənəvi olaraq hər il bu bayram günündə ölkəmizin ictimai-siyasi həyatının müxtəlif sahələrində dəyərli yazıları ilə fərqlənən və dövlətçilik ənənələrimizə xidmət edən media mənsubları mükafatlandırılırlar.

Şöbə müdiri bildirmişdir ki, bugünkü tədbirdə cəmiyyətimizdə rəy formalaşdıran, insanların fikir və mülahizələrini ümumiləşdirib mətbuat səhifələrinə çıxaran, hakimiyyətlə vətəndaş cəmiyyəti arasında bağlılıq yaradan, cəmiyyətin dövlət siyasətinə münasibətini ümumiləşdirib səhifələrinə, efirlərinə, radio dalğalarına çıxaran insanlar toplaşmışdır. Cəmiyyətdə hər zaman ön sıralarda olan bu insanlar ictimai rəyin formalaşmasında mühüm rol oynayırlar.

Prezident Administrasiyasının rəsmisi vurğulamışdır ki, Azərbaycan milli mətbuatı çox çətin, eyni zamanda, zəngin və şərəfli inkişaf yolu keçmişdir. 1875-ci ildə maarifçipublisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan "Əkinçi" qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları ətrafında birləşdirmişdir. Qəzetdə elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc olunmuş, mövhumata və cəhalətə qarşı kəskin çıxışlar edilmiş, bu mətbu orqan vasitəsilə xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparılmışdır. Maarifçilik xüsusiyyətləri ilə seçilən bu qəzet milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlmişdir.

Əli Həsənov demişdir ki, 137 il əvvəl görkəmli ictimai xadim, böyük maarifpərvər Həsən bəy Zərdabi Azərbaycanda ilk milli mətbuat nümunəsi yaradanda bu qədər davamçısı olacağını bilsəydi, qürur hissi keçirərdi. O dövrdə 5-10 ziyalını bir əqidə ətrafında səfərbər etmək, onların fikir dünyasını cəmiyyətə çatdırmaqda bu insanların təfəkküründən yararlanmaq hər ziyalının işi deyildi. Bu səbəbdən Milli Mətbuat Gününün məhz Həsən bəy Zərdabinin adı, onun yaratdığı "Əkinçi" qəzeti ilə bağlanması bu böyük publisistin haqqıdır.

Mətbuat Şurasının sədri Əflatun Amaşov da Azərbaycan mətbuatının keçdiyi çətin və şərəfli tarixi yola nəzər salmış, "Əkinçi" qəzetinin xalqımızın həyatında oynadığı rolu qeyd etmişdir.

Vurğulanmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında" 2012-ci il 4 iyun tarixli sərəncamına uyğun olaraq, Zərdabda və Gəncədə tədbirlər keçirilmişdir, bu istiqamətdə işlər davam etdiriləcəkdir.

Sonra Mətbuat Şurasının təsis etdiyi "Ali media mükafatı"nın təqdimetmə mərasimi olmuşdur.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli "Ali media mükafatı"nın birinci, "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Azəri-Press" (APA) informasiya agentliyinin baş direktoru Vüsalə Mahirqızı ikinci, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli, Təfəkkür Universitetinin professoru Tofiq Yusifov və "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı isə üçüncü dərəcələrinə layiq görülmüşlər.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli son illər ölkəmizdə medianın inkişafı istiqamətində görülmüş işlərdən danışmışdır.

V.Səfərli milli mətbuatın 137-ci ildönümü ilə əlaqədar keçirilən jurnalistlərin fərdi yazı müsabiqəsinin nəticələri barədə məlumat vermişdir. Bildirmişdir ki, müsabiqəyə 10 istiqamət üzrə ümumilikdə 77 yazı təqdim olunmuşdur. Yazılar fondun doqquz eksperti tərəfindən araşdırılaraq qiymətləndirilmişdir.

Sonra müsabiqə qaliblərinə - "Zaman Azərbaycan" qəzetinin şöbə müdiri Natiq Pənahlı,  "Paritet" qəzetinin müxbiri Fuad Hüseynzadə, "Qələbə" qəzetinin (Salyan) baş redaktoru Rüstəm Məlikov, "Kaspi" qəzetinin baş redaktorunun müavini Məğrur Əliyev, "Olaylar" qəzetinin cənub bürosunun rəhbəri Hafiz Mirzə, "Yeni Azərbaycan" qəzetinin müxbiri Hüyla Məmmədli, "Yeni Müsavat" qəzetinin redaktoru Elşad Məmmədov, "Səs" qəzetinin baş redaktorunun müavini Valeh Məhərrəmov, "Kür" qəzetinin (Yevlax) müxbiri Afaq Bayramova, "Üç nöqtə" qəzetinin müxbiri Xalid Kazımov, AzərTAc-ın müxbirləri Ramiz Quliyev, Suvar İbadov, "Yeni gün" qəzetinin baş redaktoru Böyükxan Bağırlı, "Olaylar" informasiya agentliyinin redaktoru İradə Əhmədova, "Paralel" qəzetinin baş redaktorunun müavini Akif Nəsirli, "Mövqe" qəzetinin redaktoru Rasim Bayramov, "Lent.az" informasiya agentliyinin müxbiri Elşən Məmmədov, "Futbol+qol" qəzetinin şöbə müdiri Şahin Şirinov, "Palitra" qəzetinin müxbiri İlkin Ağayev, "Azadinform" informasiya agentliyinin müxbiri Atif Eyvazov, "Gəncəbasar" qəzetinin (Gəncə) müxbiri Əfsun Sucayev, "Xalq qəzeti"nin əməkdaşları İlqar Rüstəmov, Namiq Əhmədov, "İki sahil" qəzetinin müxbiri Sevinc Azadi, "Zaqatala" qəzetinin redaktoru İbrahim İbrahimov, "Bakı Xəbər" qəzetinin müxbiri İradə Sarıyeva,  "MODERN.AZ" informasiya agentliyinin əməkdaşı Aytən Əliyeva, "Azadlıq" qəzetinin müxbiri Aytən Məmmədova, "525-ci qəzet"in müxbiri Aqil Lətifov və "Qobustan" qəzetinin baş redaktoru Lalə Maxsudovaya KİVDF-nin mükafatları təqdim edilmişdir.

Sonda milli mətbuatımızın 137-ci ildönümü ilə bağlı "Bakcell" şirkəti bir çox qurumların mətbuat xidmətlərinin rəhbərlərinə və media təmsilçilərinə mükafatlar təqdim etmişdir.

Tədbir konsert proqramı ilə başa çatmışdır.

 

 

Azərbaycan.- 2012.- 24 iyul.- S. 2.