ƏSİR
DÜŞƏN XATİRƏLƏR
Artıq
neçənci dəfədir ki, Ağdamın
işğalının qara bayramını qeyd edirik!
Bundan
sonra daha neçə dəfə "ildönümü"
keçirəcəyik, onu Allah bilir!
Gələcəkdə
neçə qara bayram bizsiz olacaq, o da məlum deyil!
Bircə
şeyə əminik ki, nə vaxtsa torpaqları
qaytaracağıq.
Başqa cür
mümkün deyil!
Həm
də tarix var, onun ortaya qoyduğu nəticələr bəllidir.
Nədir o nəticələr?
Formasından
asılı olmayaraq bütün imperiyalar dağılır. Sonuncusu qırmızı imperiya
idi. Amma yenə
davamı var!
Bölünmüşlər
gec-tez bir-birinə qovuşur, birləşir. Bunu Şimali və Cənubi
Vyetnamda gördük.
Bütün dünya Berlin divarlarının sökülməsinin,
"qılıncla bölünən" iki
Almaniyanın birləşməsinin şahidi oldu!
Heç ola bilməz ki, Ağdam o tərəfdə xaraba və dağılmış vəziyyətdə qala, biz onu birləşdirə bilməyək! Bunu ermənilər də çox gözəl anlayırlar! Odur ki, gəlib Ağdamın ərazisində məskunlaşmırlar. Bilirlər ki, belə halda onları Ağdam torpağından onlar bizi çıxartdıqlarından daha betər vəziyyətdə çıxararıq!
Hələlik isə "qara
bayram"ları qeyd edirik...
Kədərli
günlərin isə nisgilli düşüncələri
olur...
Hansısa şairin, hansısa şeirindən haçansa yaddaşımda qırılıb qalan bir bənd var. Fərqinə varmamışam, amma bu gün dərininə gedəndə əvvəllər görmədiyimi görürəm:
Yolumuz
ayrılır, ayrılır yaman,
Ana
balasından ayrılan kimi.
Qartal
yuvasından, şimşək buluddan,
İnsan
obasından ayrılan kimi.
Ananın
baladan ayrılması faciədir!
Qartal
yuvasından kənarlaşırsa, geri dönməyə bilər!
Buluddan
qopan şimşək isə sonuncu dəfə parıldayaraq əbədi
qaranlığa qərq olur!
Sən
demə ayrılığın ən
dəhşətlisi insanın doğma obasından
ayrılması imiş!
Həm
də uzaqdan həsrətlə baxa bildiyin, göz
dağına çevrilmiş obasından naməlum müddətə
ayrılması!
Nə
dözə bilirsən, nə də geriyə qayıda!
Amma həmin
xarabalıqlar içərisində
onu gözləyən o qədər müqəddəsliklər
var ki!
Təbii
ki, söhbət ayrı-ayrı insanlara və ailələrə
dəyən külli miqdarda ziyandan - yandırılan və
dağıdılan evlərdən, məhv edilən
yaşıllıqlardan, talanan obyektlərdən getmir! Bunları
kalkulyatorla hesablamaq
asandır. Söhbət hər bir insan üçün əziz
və doğma olan dəyərlərdən,
itirilmişləri, arxada
qalmışları və unudulmuşları andıracaq xatirə
yerlərindən gedir! Bu
gün erməni əsirliyində qalaraq ağrı-acıya çevrilən
xatirə yerlərindən!
İnsan
arzuları ilə yaşayır, böyüyür, bəzən
arzularının ardınca uzaqlara da gedir. Amma tez-tez
el-obasına qayıdaraq doğmaları və bir də yetim
qoyub getdiyi xatirələrlə görüşür.
Bir
milyon qaçqın və məcburi köçkün isə
arzu və istəklərinin dalınca düşməyib,
ölümdən və girov düşmək dəhşətindən
qorxaraq canını götürüb qaçıb!
O
qaçhaqaçda özü ilə çox şey
götürə bilməyib!
Düşmən
əlinə keçən maddiyyat dağılıb, mənəviyyat
isə dara çəkilib!
Biz
geriyə dönüb xatirələrimizi də əsirlikdən
azad etməliyik!
Həmin
xatirələrin hər biri həyatımızın
hansısa anı, yurdumuzun hansısa nemətilə
bağlıdır. Bəzən nimdaş,
dəbdən düşən, bu gün heç nəyə
yaramayan əşya belə bizim üçün (məhz
bizim) son dərəcə
əziz və qiymətli olur! Bax, hərdən xatirələr də həmin
əşyaya görə əsirlikdə dözür,
dayana bilirlər.
... Bu gün doğulduğumuz
evə girib beşiyimiz
qoyulan otağa baxa bilmirik. Çünki o ev ya
dağıdılıb, ya da
yandırılıb. Beşiyimiz isə qənimət
olaraq erməninin
əlinə keçib.
Yəqin
indi hansısa erməni balası orada yatıb, şellənir.
Görəsən
necə yuxular görür?
İnanmıram
Xocalıdan qənimət kimi aparılan beşikdə yatan erməni
uşağı qansız yuxular görə bilsin!..
... Ağdamda tut ağacı olmayan həyət yox idi! Dibindən suyu əskik etməzdilər. Hərdən budağına kəndir bağlayıb yelləncək düzəldərdilər. Yayda şipşirin meyvəsi, sərin kölgəsi olan tut ağacı həm də simsar insanların toplaşdıqları yer idi. Tutu çırpanda isə qonşular həyətə yığışar, hərə karxananın bir ucundan tutar, bəzən başına çəkərək özünü budaqdan tökülən şirəli meyvələrdən qoruyardı. Sonra hərə bir boşqab tut yeyə-yeyə söhbətə nərdivan qoyulardı.
İndi
yəqin ermənilər həmin tut ağaclarının
barını yığıb qıcqırdaraq araq çəkirlər!
ATƏT-dən gələn qonaqlarının süfrəsinə
qoymaqdan ötrü!
... Hər həyətdə üstünə meynə dırmaşdırılan çardaq olardı. Həmin çardağın üzərinə çadır çəkməklə asanlıqla toy mağarı düzəltmək, xeyir iş görmək olardı.
Yəqin
ki, çardaqların dəmiri oğurlanmış, tənəkləri
isə qurumuşdur. Çadırlar isə
qaçqınçılığın ilk
dövrlərində düzlərə səpələnənlərin
karına gəldi!
... Qızıl gül bitməyən
həyət yox idi. Hərə
gül kollarının sayı, növ çoxluğu ilə
fəxr edərdi. Yazda, payızda əkin
qələmlərini dəyişib bir-birlərində olmayan "sort boşluğunu" doldurardılar.
Yabanı
qanqallar o qədər çoxalıb, boy atıb ki, daha mədəni
qızılgüllərə yer qalmayıb!
... Heç birimizin
birinci sinfə getdiyimiz
məktəbimiz, müəllimlərimiz yerində deyil! Məktəblər
dağıdılıb, müəllimlər isə məcburi köçkün olaraq
respublikanın əllidən çox rayonuna səpələnib.
Daha
məktəb, sinif, parta xatirələrimiz yoxdur!
Sanki heç
olmayıb...
... Qəbiristanlıqlara da
həsrət qalmışıq! Ölənlər yasin səsinə həsrət
qaldıqları kimi...
... Qohumlar bir-birilərinin ad günlərini
unudublar. Keçirilməyən
tarixlər kimin yadında qalar ki...
... Bəzən vaxtında xəbər tutub yas mərasimlərinə
də çatmaq olmur. Hərə bir yanda, ehtiyac
və çətinlik
məngənəsində!
... Vəsiyyətlərin məzmunu da
dəyişib. Ölənlər
qalanlara miras əvəzinə "yük"
tapşırıb gedirlər:
torpaq azad ediləndə sümüklərimi
aparıb öz qəbiristanlığımızda, özümüzünkülərin yanında basdırarsınız!
... İnsanlar könüllü şəkildə
özlərini gorbagor
etdirirlər. Təki
nə vaxtsa, ölümdən sonra olsa da belə,
doğma yurda dönə bilsinlər!
Birdən onların arzularını
yerinə yetirməyə
bizim ömrümüz
çatmadı? Onda necə olsun?
Nə üzlə onların yanına gedəcəyik?!
... Ağdama gedən yol Uzundərədən keçir.
Yüzlərlə insan "Ağdama
qayıdanda Uzundərəni
iməkləyə-iməkləyə, dizin-dizin sürünə-sürünə
gedəcəyəm" - deyə
əhd edib. Seyid Lazım Ağanın cəddinə
and içib!
Uzundərədə sürünəcək
insanların da sayı yaman azalır!
... Hərdən
balinalar özlərini
sahilə ataraq intihar edirlər. Bütün dünya bir-birinə dəyir, informasiya agentlikləri bu xəbəri gündəmin sensasiyasına
çevirirlər. Zarafat
deyil, beş-altı balina ölə bilər! Humanistlik göstərmək, onları
dənizə qaytararaq
xilas etmək lazımdır!
... BMT Təhlükəsizlik Şurasının
20 ildir ki, Qarabağ məsələsi
ilə bağlı icra olunmamış dörd qətnaməsi durur!
... 20 ildir ki, ATƏT-in həmsədrləri Bakıdan-Yerevana,
Yerevandan Bakıya gedib gəlirlər. "Haqsızlıq" davam edir! Hələ də onların bu uğursuz və mənasız səfərlərini Ginnesin
rekordlar kitabına salmayıblar...
Ümid kasıb üçün
bir çörək
Ye, Məhməd ye!
Ye, Məhməd ye!
Azərbaycan.- 2012.- 24 iyul.- S. 3.