Azərbaycan bir qarış torpağını belə ermənilərin tapdağı altında qoymayacaqdır

 

İyulun 23-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanda səfərdə olan bir qrup xarici mətbuat nümayəndələri ilə görüşmüşdür.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair xarici jurnalistlərə məlumat verilmişdir.

Bu gün respublikamızın hər yerində Ağdamın işğalının 19-cu ildönümünün qeyd olunduğunu vurğulayan Ə.Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışmışdır. Bildirilmişdir ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağ və ona bitişik yeddi rayon işğal olunmuş, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistanın BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymadığını deyən Ə.Həsənov Azərbaycanın münaqişənin beynəlxalq hüquqa əsaslanan Madrid prinsipləri çərçivəsində həllinin tərəfdarı olduğunu bildirmişdir. Azərbaycan bir qarış torpağını belə ermənilərin tapdağı altında qoymayacaqdır.

Azərbaycanın qazandığı uğurlardan danışan Ə.Həsənov demişdir ki, ölkəmizin 155 dövlətin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, dünyada inkişaf edən ölkələr sırasında olması respublikamızın beynəlxalq  aləmdə artan nüfuzunun bariz nümunəsidir. Ölkəmizdə son illərdə yoxsulluğun səviyyəsinin aşağı düşdüyü, Azərbaycanın dünyada ən sürətlə inkişaf edən dövlət olduğu qonaqların diqqətinə çatdırılmışdır.

Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərdən danışan komitə sədri vurğulamışdır ki, ölkəmizdə son 20 ildə onların problemlərinin həllinə 5,4 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuşdur. Bunun üç milyard dolları büdcə, 1,4 milyard dolları Dövlət Neft Fondunun, bir milyard dolları isə beynəlxalq humanitar təşkilatların vəsaitidir. Neft Fondu hesabına qaçqın və məcburi köçkünlər üçün 71 qəsəbə salınmışdır.

BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreşin ölkəmizə səfərini xatırladan Ə.Həsənov onun Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin mənzil-məişət və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində səylərini alqışladığını və bunu digər ölkələr üçün nümunə kimi səciyyələndirdiyini jurnalistlərin diqqətinə çatdırmışdır.

Sonra Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırmışdır.

Qonaqlar Azərbaycanda müşahidə etdikləri sürətli inkişafdan, tolerantlığın yüksək səviyyəsindən məmnunluqlarını bildirmiş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səy göstərəcəklərini vurğulamışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 24 iyul.- S. 3.