Ağdamın işğalının 19-cu ildönümü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunmuşdur

 

 Ağdamın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 19-cu ildönümü ilə əlaqədar iyulun 23-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin üzvləri, Milli Məclisin deputatları, Ağdam ictimaiyyətinin nümayəndələri, respublikamızın tanınmış ziyalıları Şəhidlər xiyabanını və İkinci Fəxri xiyabanı  ziyarət etmişlər.

Əvvəlcə "Əbədi məşəl" abidəsi önünə əklil qoyulmuş, Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni faşistlərinə qarşı mübarizədə həyatlarını qurban vermiş Vətən övladlarının, o cümlədən ağdamlıların məzarları üzərinə gül dəstələri düzülmüşdür.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov bildirmişdir ki, 23 iyul ağdamlılar üçün çox acı tarixdir. Ancaq bu gün ağdamlıların əhval-ruhiyyəsi yüksəkdir. Dövlət tərəfindən qaçqın və məcburi köçkünlər üçün hər cür şərait yaradılmışdır. Rayonda ardıcıl abadlıq işləri görülür. Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət yetirməsi qaçqın və məcburi köçkünlərin tezliklə yurd-yuvalarına qayıdacaqlarına ümidi daha da artırır.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov ölkəmizin sürətli inkişafından danışaraq Azərbaycan ordusunun qüdrətli olduğunu vurğulamışdır. Diqqətə çatdırmışdır ki, bu üstünlüklər xalqımızda inam hissi yaradır. Azərbaycan xalqı əmindir ki, tezliklə ədalət  bərpa olunacaq və torpaqlarımız işğaldan azad ediləcəkdir.

Sonra tədbir iştirakçıları türk əsgərlərinin xatirəsinə ucaldılan abidəni ziyarət etmişlər. İkinci Fəxri xiyabanda dəfn olunan Ağdam şəhidlərinin xatirəsi də anılmış, məzarları üzərinə gül dəstələri düzülmüşdür.

Sonda xalq artisti Qədir Rüstəmovun məzarı da ziyarət edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 24 iyul.- S. 3.