Macarıstan Azərbaycan
ilə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıqda
maraqlıdır
Ölkəmizdə səfərdə olan Macarıstanın dövlət katibi, Azərbaycan ilə Macarıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 23-də iqtisadi inkişaf naziri Şahin Mustafayev ilə görüşmüşdür.
Şahin Mustafayev yüksək səviyyəli görüşlərin, qarşılıqlı səfərlərin iki ölkə arasındakı əlaqələrin inkişafında əhəmiyyətindən danışmış, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatın bütün sahələrində uğurlar əldə olunduğunu diqqətə çatdırmışdır.
Peter Siyarto Azərbaycana səfərindən və ölkəmizin dinamik iqtisadi inkişafından məmnunluğunu ifadə etmiş, ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün dövlətlərimizin böyük potensiala malik olduğunu demişdir. Qonaq bildirmişdir ki, Azərbaycan Macarıstanın strateji tərəfdaşına çevrilmişdir.
Macarıstanın dövlət katibi Azərbaycan ilə tikinti, kənd təsərrüfatı, neft, turizm sahələrində əməkdaşlıqda maraqlı olduqlarını bildirmişdir. Eyni zamanda, 200 azərbaycanlı tələbənin Macarıstanda təhsil almalarına imkan yaradılacağı vurğulanmışdır.
Məlumat verilmişdir ki, oktyabrın 8-9-da Budapeştdə Azərbaycan ilə Macarıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcəkdir və burada müzakirə olunan məsələlərlə bağlı konkret qərarlar qəbul ediləcəkdir. Görüşdə iki ölkə arasındakı iqtisadi əlaqələrin mövcud vəziyyəti, iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri və investisiya qoyuluşu imkanları müzakirə edilmişdir.
Sonra Azərbaycanın investisiya və biznes imkanlarının təqdimatı keçirilmişdir.
AzərTAc
Azərbaycan.- 2012.- 24 iyul.- S. 4.