“Yay məktəbi”nin növbəti mərhələsinə
start verilmişdir
İyulun 23-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi gənclərin "Yay məktəbi"nin növbəti mərhələsi Oğuz rayonunda öz işinə başlamışdır.
AzərTAc xəbər verir ki, gənclər rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində olmuş, burada ulu öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlərə baxmışlar.
Mərkəzlə tanışlıqdan sonra gənclər ulu öndərin zəngin irsinin öyrənilməsi ilə bağlı fikir mübadiləsi aparmışlar. Oğuz rayonunda keçirilən "Yay məktəbi"nə rəhbərlik edən YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirmişdir ki, ulu öndər Heydər Əliyev haqqında çoxlu sayda kitablar yazılsa da, onun həyat və fəaliyyətini öyrənmək üçün kifayət etmir. Çünki ulu öndərin xidmətləri tək müstəqillikdən sonrakı dövrləri əhatə etmir. Eyni zamanda müstəqilliyə qədər olan dövrlərdə də Heydər Əliyevin Azərbaycan dövlətinin və dövlətçiliyin inkişafı istiqamətində böyük xidmətləri olmuşdur. Bu gün hər bir gənc ulu öndərin zəngin irsini öyrənməlidir və bu geniş təcrübədən yararlanmalıdır. Çünki bu gün müstəqil Azərbaycan gəncinin cəmiyyətdəki fəal istiqamətinin təməlini məhz ulu öndər müəyyənləşdirib. Yeni mərhələdə Azərbaycan Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir.
Sonra fəal gənclər Oğuz rayon
tarixi-diyarşünaslıq muzeyi ilə
tanış olmuşlar. Gənclərin
"Yay məktəbi" öz
işini davam etdirir.
Azərbaycan.- 2012.- 24 iyul.- S. 4.