Dövrünün böyük mühərriri

 

İsmayıl bəy Mustafa ağa oğlu Qaspralı (Qasprinski). XIX və XX yüzilliklərin qovşağında yaşayıb-yaratmış bu şəxsiyyəti tarix bizə Rusiya müsəlmanları arasında maarifçi türkçülük hərəkatının görkəmli xadimlərindən biri kimi təqdim edir. İ.Qaspralı eyni zamanda Krım türklərinin (tatarlarının) ictimai-siyasi xadimi, maarif islahatçısı, görkəmli naşir, milli mətbuatın banisi, alim, yazıçı olub.

İsmayıl bəy Qaspralının fəaliyyəti nə qədər çoxşaxəli olsa da, onun həyatının və məşğulluğunun başlıca məqsəd və məramını mətbuat təşkil edib. Cəsarətlə deyə bilərik ki, Qaspralı öz dövrünün böyük mühərrirlərindən biri idi.

"Bir insana nitqdil nə qədər gərəkdirsə, çox insanlara, yəni bir millətə, bir qövmə mətbuat və nəşriyyat o dərəcədə gərəkdir: çünki mətbuat xalqın, millətin dilidir. Mətbuat millətin bir dilidir ki, səsi dünyanın bir tərəfindən o biri tərəfinə qədər gedər. Bir dildir ki, sədası min il sonra da eşidilər. Mətbuat bir qüvvədir ki, dənizlərin, çöllərin bir tərəfindən o biri tərəfinə keçər, zamanları bir-birinə qovuşdurar. Dövrümüzdə bu nəhəng qüvvəyə malik olan kiçikböyük millətlər olduğu halda, bizdə mətbuat əsərinin yox deyiləcək dərəcədə olması neçə vaxtlardan bəri könlümüzə bir qayğı, bir ağrı verməkdə idi". ("Halın ifadəsi" məqaləsi. "Tərcüman" qəzeti, ¹24, 1883). İsmayıl bəy mətbuata məhz belə dəyər vermişdir.

İsmayıl bəy Qaspralı (Qasprinski) 1851-ci il martın 21-də Baxçasaray şəhərindən iki saatlıq məsafədə yerləşən Ovçuköydə zadəgan məmur ailəsində dünyaya göz açmışdır. Onun Qaspralı soyadının mənşəyi hələ də çoxlarını maraqlandırır. Bu, İsmayıl bəyin atası Mustafa ağanın (Mustafa Əlioğlunun) doğulduğu Qaspra şəhərinin adından götürülüb. Lakin İsmayıl bəyin uşaqlığı Baxçasarayda keçmiş, bu şəhər onun həyatında küçələri, məscidləri, evləri və Xan sarayı ilə silinməz izlər buraxmışdı.

Yeddi yaşına çatanda evdə xüsusi müəllimdən dərs almağa başlayıb. Bu, 1861-ci ilə qədər davam edib. Həmin ildən 1863-cü ilədək isə Ağməsciddə (Simferopol) gimnaziyada oxuyub. Sonra Voronej ibtidai hərbi və Moskva orta hərbi məktəblərində təhsil alıb. 1871-1874-cü illərdə Parisdə Şərq dilləri liseyində oxuyub. Bu liseyə qəbul olunmazdan əvvəl bir neçə il Baxçasarayın Zəncirli məscidində və Yaltanın Dərəköy məktəbində rus dili müəllimi işləyib. Parisin "Aşey" reklam agentliyində məmur, yazıçı İ.S.Turgenevin katibi, Baxçasaray şəhər bələdiyyə idarəsinin rəisi kimi də çalışıb.

1874-cü ilin sonları və 1875-ci illərdə İstanbulda yaşayan İsmayıl bəy türk zabiti, yaxud bu ölkənin məmuru olmaq arzusuna çatmayıb. Odur ki, 1875-ci ildə yenidən Baxçasaraya qayıdıb. Üç il Krım yarımadasını gəzib-dolaşaraq xalqın həyatına dərindən bələd olub. İşlədiyi vəzifələrdən də görünür ki, Qaspralı müxtəlif şəhərlərdə yaşayıb. Elə yaşayış yerlərini və vəzifələri dəyişdikcə Odessada, Moskvada, Peterburqda çıxan mətbuat orqanlarında müxtəlif yazılarla çıxış edib.

Qaspralı beş ildən çox bir zamanda Baxçasaray şəhər bələdiyyə idarəsinin rəisi işləmişdi. Bu zaman o, tutduğu vəzifəsindən istifadə edərək bir sıra ideyalarını gerçəkləşdirməyə çalışırdı. Lakin onun qarşısına çox maneələr çıxırdı. Ona görə də İsmayıl bəy bu zaman xalqa mətbuat yolu ilə xidmət etməyin daha çox fayda verəcəyinə bir daha inandı. 1879-cu ildə o, Rusiya hökumətindən bir qəzet nəşrinə icazə istədi, amma arzusuna əməl olunmadı. 1881-ci ildə İ.Qaspralı "Gənc Molla" təxəllüsü ilə rus dilində gələcəkdə kitab halında nəşr olunacaq "Rusiya müsəlmanlığı" məqaləsini yazdı və onu "Tavrida" qəzetində nəşr etdirdi. Əslində, bu, məqalələr silsiləsi idiimperiyada yaşayan türk-müsəlman xalqlarının hüquq və vəzifələrinə həsr olunmuşdu.

İsmayıl bəy Qaspralı Rusiyanın türk-müsəlman əhalisinin mədəni birliyi ideyasını irəli sürürdü. Bu ideyanın tezliklə həyata keçirilməsi üçün türk dilində dövrü mətbuat və milli məktəb yaratmaq məqsədindən əl çəkə bilmirdi. 1880-1883-cü illərdə "Tonquc", "Şəfəq", "Qəmər", "Ay", "Ulduz", "Günəş", "Həqiqət", "Lətail" kimi məcmuə və qəzet adları ilə nəşrlər, eyni zamanda, "Salnameyi-türki" və "Mirati-cədid" adlı almanaxlar buraxır və müxtəlif imzalarla yazdığı məqalələrində məhz maarifçilik ideyalarını yayırdı.

Nəhayət, dördillik mübarizədən sonra 1883-cü il aprelin 10-da, Krımın Rusiya tərəfindən işğal edilməsinin 100 illiyi tamam olduğu gün naşir türkcə-rusca çıxacaq "Tərcüman-Perevodçik" qəzetini buraxmaq üçün icazə alır. "Dildə, fikirdə, işdə birlik". Bu, "Tərcüman"ın şüarı olur. Redaktor bu ideyanı geniş bir ərazidə yaşayan türk xalqları arasında yorulmaq bilmədən təbliğ edir. İlk vaxtlar cəmi 320 nüsxə çıxan "Tərcüman"ın tirajı sürətlə artır və 20 mini keçir.

"Tərcüman"ın qədəmi yüngül olur. Növbəti, 1884-cü ildə Qaspralı Baxçasarayda ilk "üsuli-cədid" məktəbi açır. Buraya müxtəlif bölgələrdən şagirdlər toplayır və onlara fonetik təlim qaydalarını öyrədir. Bu yolla, yəni şagirdləri vasitəsilə o, həmin qaydaları bütün Rusiya müsəlmanları arasında yayır. Bundan əlavə, Qaspralı "Xose-yi Sibyan" adlı əlifba dərsliyini tərtib edir. Bu kitabla bütün Rusiya müsəlmanlarının mədəni həyatında, onların maariflənməsində yeni bir mərhələ başlanır.

Velikorus millətçiliyinin türk-müsəlman xalqları üçün böyük təhlükə olduğunu Qaspralı çox aydın dərk edirdi. Məhz buna görə də imperiyada yaşayan müsəlman xalqları arasında milli şüurun formalaşması, onların sıx əlaqəsi və bir-birinə bağlılığını məqsədə çevirmişdi. Hər vasitə ilə buna can atır, mətbuatda alovlu çıxışlar edirdi. "Asiya və Avropanın bir qismində sanki böyük bir millət - türk-tatar milləti var. Bu millət dağınıq, parçalanmış, zəif haldadır, digər millətlərə nisbətən elm və mərifətcə, sərvət və mədəniyyətcə çox geridə qalmışdı. Belə davam edərsə, əbədi mübarizə qanununa uyğun olaraq (bu millət) məhv olacaq, başqa millətlər tərəfindən udulacaqdır..." Belə bir həyəcan təbili səsləndirirdi İsmayıl bəy Qaspralı.

Ona görə də təsadüfi deyil ki, o zaman Firidun bəy Köçərli: "İsmayıl Qaspralı "Tərcüman"ı ilə bizi ayıltdı", - demişdi.

Tədqiqatçı, professor Xeyrulla Məmmədov "Türcüman"a özünəməxsus tərzdə dəyər verib: "Tərcüman" (1883-1918) XIX əsrin sonu - XX əsrin əvvəlində Rusiya müsəlmanları mühitində nəşr edilən qəzet və jurnalların ən uzunömürlüsü, geniş miqyasda yayılanı və ən çox oxunanı olmuşdur. O, bir il iki ay "Ziyayi-Qafqasiyə", səkkiz il yarım "Kəşkül", bir il doqquz ay "Şərqi-Rus", 1905-ci il inqilabından sonra Qafqazda, Krımda, Volqa boyunda, Türkistanda çıxan müxtəlif məsləkli dövri mətbuat orqanları - "Həyat", "İrşad", "Molla Nəsrəddin", "Nur", "Azad xalq", "Yıldız", "Vətən xadimi", "Fikir", "Əl-islah" və s. qəzet və jurnallarla paralel fəaliyyət göstərmişdir. 1891-ci ilin oktyabrında - "Kəşkül"ün bağlanmasından 1903-cü ilin martına - "Şərqi-Rus"un nəşrə başlamasına qədər, təxminən 12 il "Tərcüman" Rusiya imperiyasının müsəlman əhalisinə məxsus yeganə qəzet olmuşdur".

"Tərcüman" Rusiyada müsəlmanların məskunlaşdığı bölgələrin həyatını, orada gedən prosesləri işıqlandırmağa çalışırdı. Ona görə də getdikcə sevimli qəzetə çevrilirdi. O, Kazan, Orenburq, Qarasubazar, Baxçasaray, Uralsk, Sibir tatarlarının, Cənubi Qafqaz türklərinin həyatını diqqətindən kənarda qoymurdu. Öz səhifələrində ziyalılara çox yer verirdi. İsmayıl bəy Qaspralı erməni daşnaklarının 1897-ci ildə Anadoluda, 1905-1906-cı illərdə Qafqazda törətdikləri qanlı cinayətləri hiddətlə pisləmiş və bu fəsad əhlini ağlını başına yığmağa çağırmışdır.

XX əsrin əvvəllərində İsmayıl bəyin siyasi baxışlarında, ictimai görüşlərində bir sıra ciddi dəyişikliklər baş verdi. O, "islamı əsri bir surətdə anlamaq" şüarı ilə çıxış edərək "dildə, fikirdə, işdə birlik" düsturunu artıq bütün türkçülük cərəyanının lisan, ədəbiyyat, ictimaiyyət, hətta siyasət sahələrinə tətbiq etməyə çalışdı. Elə buna görə də Azərbaycanda özünə ideyaca yaxın olan şəxsiyyətlərlə - Əlimərdan bəy Topçubaşovla, Əli bəy Hüseynzadə ilə, Əhməd bəy Ağayevlə dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirdi.

Təsadüfi deyil ki, Qaspralı dostlarının "Müsəlman ittifaqı" adlı siyasi partiya yaratmaq haqqında fikrinə qoşulmuşdu. Bu partiyanın yaranması fikri 1905-ci ildə Peterburqda məşhur tatar alimipublisisti Əbdürrəşid İbrahimovun evində Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Alim Məqsud və Bünyamin Əhmədin iştirakı ilə gizli yığıncaqda səslənmişdi. İsmayıl bəy bu partiyanın 1905-ci ilin avqustunda Nijni-Novqorod şəhərində, Oka çayı üzərində "Qustav Struve" gəmisində baş tutan birinci və 1906-cı ilin yanvarında Peterburqda Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə keçirilən ikinci qurultayına gəlmişdi.

İ.Qaspralı Rusiya imperiyasındakı türk xalqlarının tarix, din, dil, adət-ənənə birliyini nəzərə alaraq, onların daha da yaxınlaşması, əqidə, məslək baxımından birləşməsi, tərəqqi etməsi üçün ortaq ədəbi dil formalaşdırmaq təşəbbüsü ilə çıxış etmişbu istiqamətdə "Tərcüman" vasitəsilə müəyyən işlər də görmüşdür. O yazırdı: "Dayanmadan çalışaq, mühərrir rəfiqlər, bizlər hazırda nə qədər qəzet, risalə yazsaq da, dünyamızı dərhal islah edə bilməyəcəyimiz məlumdur, lakin əlimizdən gələcək çox mühüm bir işimiz də vardır. Bu da ortaq ədəbi dilə təməl, əsas, bünövrə qoymaqdır. Bu işə ziyadə diqqət yetirək". ("Dostlarıma açıq məktub").

Ə.Ağaoğlunun fikrincə, İ.Qaspralının təbliğ etdiyi qayə türklərə özlərini tanıtdırmaq, milli şüuru inkişaf etdirərək onlara bir olduqlarını təlqin etməkdən ibarətdir: "Və bu qayəyə çatmaq üçün ən əvvəl türkləri hər yerdə boğan, birliyindən ayıran, milli şüurdan məhrum edən cəhalətlə mübarizəyə girişirbunun üçün də ən müəssir amil olaraq mətbuatla məktəbə müraciət edir. Məktəb və mətbuat: türklüyü xilas edəcək o iki silah! Və mərhum bütün həyatını türkləri silahla təchiz etməyə xərclədi. İsmayıl bəy ailəsi ilə həm mühərrir, həm mürəttib, həm də müvəzirlik vəzifələrini icra edirdi. Qəzeti oxutdurmaq üçün İsmayıl bəy dəfələrlə Krımdan Qafqaza, Türküstan, Buxara, KazanOrenburqa qədər səfər edərək qapı-qapı dolaşmaq məcburiyyətində idi!" (A.Tahirli "Bütün türklərin tərcümanı").

Professor Xeyrulla Məmmədov Qaspralı haqqında belə yazırdı: "Özü fəaliyyətini təkmilləşdirib, əsrin tələb və ehtiyacları mövqeyindən yeni istiqamətdə daha mənalı və məzmunlu tədbirlər həyata keçirməyə başladı. Naşirlik, redaktorluq, yazıçılıq və pedaqoqluq etdiyi uzun illər ərzində çatdığı yüksək mövqe, topladığı zəngin təcrübə, qazandığı böyük hörmət İ.Qaspralını xalqa ağlı və qələmi ilə xidmət göstərmək istəyənlərin sevimli müəlliminə çevirdi. Krım yarımadası, Baxçasaray şəhəri həmvətənlərinin tərəqqisi işinə xilmət etmək istəyənlərin Kəbəsi oldu. Hamı üzünü bu qüvvəyə tutdu və "zülmət səltənəti"ndən qurtuluş üçün nicat istədi. Bu isə İ.Qaspralıya Rusiyadakı soydaşları arasında yetişən ziyalıların bir neçə nəsli ilə dostluq və əməkdaşlıq etmək və fəaliyyətini işıqlandırmaq imkanı yaratdı".

İsmayıl bəy Qaspralı və Azərbaycan. Bu, bəlkə də ayrıca bir yazının mövzusudur. İlk növbədə onu qeyd etmək lazımdır ki, İsmayıl bəyi Azərbaycanla sıx qohumluqdostluq telləri bağlayırdı. Əvvəla, onun sevimli qızı, eyni zamanda, həmkarı və silahdaşı Şəfiqə xanım azərbaycanlı ailəsinin gəlini idi. Belə ki, "Türk ədəmi-mərkəziyyət" partiyasının banisi, Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən və rəhbərlərindən biri olan Nəsib bəy Yusifbəyli Baxçasarayda yaşadığı zaman Şəfiqəni görüb bəyənmiş və onunla evlənmişdi. Bundan əlavə, Qaspralının Azərbaycanda çoxlu yazar dostu, məsləkdaşı vardı. O, dəfələrlə Bakıda, Tiflisdə, Naxçıvanda, Şəkidə, Şamaxıda və digər yerlərdə olmuşdu. Bu səyahətlər zamanı o, xalqımızı daha yaxından tanımış, azərbaycanlıların elmə, təhsilə, mətbuata marağını əyani görmüşdü.

"Tərcüman"ın redaktoru kimi fəaliyyət göstərdiyi 31 il ərzində Azərbaycanın həyatında elə bir mühüm hadisə olmamışdır ki, İsmayıl bəy ona münasibət bildirməsin və elə az-çox tanınan ziyalı yox idi ki, qəzetdə onun adını çəkməsin.

Qaspralı bir sıra elm, maarif, mədəniyyət xadiminin həyat və yaradıcılığını şəxsən izləyirdi. Onların arasında Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Nəriman Nərimanov, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Üzeyir Hacıbəyli, Cəlil Məmmədquluzadə və başqaları da var idi.

İsmayıl bəy Azərbaycanın ədəbi-mədəni həyatında, mətbuatında baş verən hadisələri ardıcıllıqla izləyirdi. 1903-cü ildə qələmə aldığı "Tiflisdə yeni qəzet" adlı yazısında "Şərqi-Rus" qəzetinin nəşrə başladığını bildirir: "Qafqaz üçün bir qəzet lazım olduğu çoxdan bəri hiss olunurdu. Buna baxmayaraq, bir neçə dəfə təşəbbüs edilsə də, icazə verilməmişdi. Bu dəfə isə Məhəmmədağa Şahtaxtlı imtiyaz almağa nail oldu. Təbrik edir, uğurlar arzulayırıq. 20 ildən bəri "Tərcüman" yalnız çalışırdı. İndi dostu zühur etdi. Ümid edirik ki, məsləki də başqa olmaz. Yalnızlığımız bizə çox ağır gəlirdi. İş çox, məsələ çox. Qələm bir idi, iki oldu".

Bu sözlər Qaspralının bir tərəfdən, ümumiyyətlə, mətbuatın fədaisi olduğunu göstərirdisə, digər tərəfdən Azərbaycanı çox sevdiyini, onun tərəqqisinə sevindiyini təsdiqləyirdi.

İ.Qaspralı irsində Həsən bəy Zərdabinin mətbu fəaliyyətinin, "Əkinçi" qəzetinin və Azərbaycanda çıxan digər nəşrlərin, mətbəələrin tarixi əhəmiyyəti dəfələrlə yüksək səviyyədə xüsusi qədirbilənliklə vurğulanmışdır.

Qaspralının "Həyat" qəzeti barədə yazdığı məqalə də bu baxımdan çox maraqlıdır. O, 1905-ci ildə Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun redaktorluğu ilə çıxan "Həyat" qəzetinin işıq üzü görməsindən duyduğu fərəhi qələmə alır: "Şükür Xudaya! Maşallah zamana! İyirmi illik həsrətdən sonra "Həyat" göründü".

İsmayıl bəy Qaspralı 1906-cı ilin 7 aprelində Tiflisdə nəşrə başlayan "Molla Nəsrəddin" jurnalını Azərbaycan mətbuatı tarixində xüsusi hadisə, Rusiyanın türk-müsəlman xalqlarının ədəbiyyatında satirayumorun inkişafına təkan verən yeni istiqamət kimi təqdir etmişdi. Ədib oxucuların diqqətini, ilk növbədə, məcmuənin müsəlman həyatının ciddi qüsurlarının islahı üçün zəruri olan kəskin tənqidi pafosuna cəlb edirdi. O yazırdı: "Tiflisdə Cəlil əfəndi Məmmədquluzadənin "Molla Nəsrəddin" namında nəşr etməyə başladığı gülünclü tənqid və lətifə məcmuəsinin birinci nüsxəsi idarəmizə gəldi. İş bu nüsxə səkkiz səhifəyi havi olub, dörd səhifəsi Qafqaziya əhvalını tənqidanə və həcvyanə təsvir edən bir qaç boyalı gözəl rəsmlər ilə təzyin edilmişdir. Və mündəricatı dəxi şayani diqqət və ibrət olub, millətimiz arasında bəzi suyi-adət və hərəkət haqqında xeyli tənqidanə yazılmış lətifə və fəqərələri tamildir. Əgər irəli nüsxələri dəxi böylə müntəzəm bir surətdə nəşr olunsalar, tərəqqi edəcəklərinə şübhə olmayıb, bizim bu qisim yeni ədəbiyyatımız dəxi tədricən intişar edərək millət arasında rəğbət bulub fayda gətirməsi məlumdur".

"Tərcüman"ın mətbuat xülasələrində "Molla Nəsrəddin" bir qayda olaraq həmişə diqqət mərkəzində olurdu. Digər qəzet və jurnallarla müqayisədə onun məziyyətləri daha qabarıq şəkildə açıqlanırdı. Bu baxımdan 1906-cı ildə "Tərcüman"da "Bizim mətbuat" başlığı altında dərc olunmuş bir icmal xüsusi maraq doğurur. "Molla Nəsrəddin"də İ.Qaspralının diqqətini cəlb edən ən başlıca cəhət redaktorredaksiya əməkdaşlarının mühərrirlikdə və yazıçılıqda yüksək istedad nümayiş etdirmələri idi. Onun fikrincə, bu, özünü jurnalın tükürpədici acı həyat həqiqətlərini təsvir, köhnə adət-ənənələri tənqid edən satirayumorla dolu yazılarında, böyük məharətlə çəkilmiş dərin milli koloritə malik rəsmlərində, sadə və təsirli, çox vaxt iynəli dilində, mənalı və ibrətli gülüşündə, mürəkkəb ictimai-siyasi problemləri lətifə və zərbi-məsəllər qədər yığcam şəkildə ifadə etmək bacarığında, kiçik yazıların bədii təsir gücündə təzahür edirdi. Bütün bu keyfiyyətlərinə görə İ.Qaspralı hamıya "Molla Nəsrəddin"i oxumağı və ondan bəhrələnməyi tövsiyə edirdi. O yazırdı: "Məcmuələrimizin dördüncüsü boyalı rəsmləri ilə təzyin olunub, həcviyyatdan, lətayifdən, tənqid və müvaxizədən bəhs edən "Molla Nəsrəddin" məcmuəsidir. Bu məcmuə həftədə bir kərə Tiflisdə çıxmaqdadır. Mühərriri Cəlil bəy Məmmədquluzadədir. Şimdiyə qədər müntəzəmən 23 nüsxəsi nəşr olundu. Rəsmləri və mündəricatı qayət gözəl və millidir. Lisanı ötkün və təsirlidir. Masalları gülgülü və ibrətlidir. Şöylə ki, acı, ağu həqiqətləri ballı, şəkərli oxumaq, üsul və köhnə adətlər və körənəklər lətifə ilə mat edildiyini görmək istəyənlər bu jurnalı alsınlar, oxusunlar".

"Molla Nəsrəddin" jurnalı təqiblərə məruz qalanda isə İ.Qaspralı həmkarlarına arxa-dayaq olaraq yazırdı: "Sizin məcmuənizdə hədəfə olduqca sərrast dəyən şeylər vardır.., gümrah çalışın".

"Ziya" və "Kəşkül" qəzetlərinin bağlanmasından dərin təəssüf hissi keçirən naşir yazırdı: "Bu iki qəzeti iki günəş, iki şəms kimi görməli idilər... idilər, idilər, idilər, amma öncə "Ziya", sonra "Kəşkül" uçan ulduzlar kimi sönməyə məcbur oldular... Çox ayıb, minbir təəssüf, ammafayda? Çox böyük və dəyərli imtiyazları qeyb etdik: iki maarif günəşini qoruya bilmədik, söndürdük, ayıb".

1906-cı ildə mərkəzi Rusiyada çap olunan "Azad", "Ulduz", "Ülfət", Bakıda çıxan "Həyat" və "İrşad" qəzetləri arasında narazılıqlar baş verir. Mətbuat fədaisi olan, üstəlik də müsəlman ittifaqını və türk birliyini özünə müqəddəs amal edən Qaspralı bu vəziyyətə laqeyd qala bilməzdi. O, dərhal məsələyə münasibət bildirir, naşirləri və redaktorları subyektiv hisslərdən uzaq olmağa, ümumi işə, bir mənafeyə xidmət etməyə çağırır.

1905-ci ilin dekabrında "Həyat"ı Ə.Hüseynzadə ilə birlikdə redaktə edən Ə.Ağayev qələmdaşından ayrılaraq özünün "İrşad" adlı müstəqil qəzetini yaradır. Əsas səbəb bu idi ki, Ə.Ağayev o zaman Şeyx Cəmaləddin Əfqaninin təsiri ilə islamçı mövqedə dayanmışdı. Ə.Hüseynzadə isə turançılıq ideyasını yayırdı. Odur ki, onlar bir-birindən ayrılmalarının səbəbini hərəsinin müstəqil qəzet buraxmaq arzusu ilə izah etsələr də, əsl səbəb iki dost və həmkar arasındakı ideya ayrılığı idi. Qaspralı isə belə hesab edirdi ki, hər iki cərəyan milli mənafe baxımından faydalıdır, ona görə də ayrılığa əsas görmürdü. O yazırdı ki, "Həyat" və "İrşad" ikiyə ayrılmış bir vücuddur: "Bu vücudun hər nədən olursa-olsun, ikiyə ayrılması ağrısız-acısız olmayacağı məlumdur".

Bu dövrdə çıxan "Füyuzat" qəzeti "Tərcüman"ın türklər üçün ümumi dil yaratmaq məqsədini bəyənmirdi. "Tərcüman" isə "Füyuzat"ı məhəlləçiliyə meyil etdiyi, dilinin qəliz olduğu üçün tənqid edirdi.

Ə.Hüseynzadə "Həyat"ın 1905-1906-cı illərdə çıxan nömrələrini cildləyib üstünə Hacı Zeynalabdin Tağıyevin şəkli olan səhifədə xüsusi bir müraciətlə dostlarına, redaksiyanın əməkdaşlarına, qəzetin nəşrinə hər hansı baxımdan dəstək verən insanlara göndərir. Əlbəttə ki, belə bir hədiyyə Qaspralıya da çatır. Qaspralı da buna cavab verir. Belə ki, İsmayıl bəy dostuna minnətdarlıq ifadə edərək "Açıq məktub" yazır.

Tədqiqatçı X.Məmmədovun fikrincə, bu "Açıq məktub"un birinci rus inqilabı illərində bir amal uğrunda döyüşən, müsəlman-türk dünyasının iki böyük şəxsiyyətinin bir-birinin idealına, sənətinə hörmət və məhəbbəti öyrənmək baxımından tərbiyəvi əhəmiyyəti böyükdür.

Azərbaycanın qabaqcıl fikirli ziyalıları da öz növbəsində İsmayıl bəyin türk-müsəlman xalqlarının milli və mədəni intibahı yolunda fədakar fəaliyyətini yüksək qiymətləndiriblər. Ceyhun Hacıbəyli onu "böyük idealist", Məhəmməd Hadi "böyük İsmayıl bəy", Əliabbas Müznib "sevimli pədər", Xəlil Xasməmmədli "böyük və əzmkar türk qəhrəmanı", Haşım bəy Vəzirov "əsla yorulmaqusanmaq bilməyərək müsəlmanlar və müsəlmanlıq yolunda çalışan" mübariz şəxsiyyət adlandırıblar. Bundan başqa, milli mətbuatda onun haqqında yazılanlarda "möhtərəm ustad", "fəxri-millət", "Türklügü paydar, milləti namdar etməklə çalışmaqdan yorulmaq bilməyən... ustadi-əzim" ifadələrinə tez-tez rast gəlmək olar.

Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Soltanməcid Qənizadə, Nəcəf bəy Vəzirov, Əliabbas Müznib, Ceyhun bəy Hacıbəyli, Mirzə Bala Məmmədzadə və başqaları Qaspralının türkçülük ideya və siyasətini müdafiə etmiş, ondan bəhrələnmiş və bu işi daim inkişaf etdirmişlər.

Bütün bunlarla bahəm, İsmayıl bəy Qaspralı bir çox elmi, publisist və bədii əsərlərin müəllifidir. "Rusiya müsəlmanlığı" (1881), "İslamlığa dair nizamlarimtiyazlar" (1885), "Avropa mədəniyyətinə bir nəzəri-müvazinə" (1885), "Rus-Şərq razılaşması" (1886), "Mirati-cədid" (1882), "Atlaslı cahannüma" (1892), "Qiraəti-türkü" (1894), "Gündoğdu" və s. onlardan ən yaddaqalanlarıdır.

Lakin əvvəlki fikrimizə qayıdaraq bir daha qeyd edək ki, Qaspralı, ilk növbədə, naşir və qəzetçi idi. Onun bu mətbuat sevgisi ailəsinin bütün üzvlərinə sirayət etmişdi və onların hər biri Qaspralıya bacardığı kimi dəstək verirdi. Bu sevgidən ən çox pay götürən isə qızı Şəfiqə xanım olmuşdu.

Bu gün isə məhz İsmayıl bəy Qaspralını yad etməyimiz yerinə düşür. Çünki o, jurnalistlərin yeni-yeni nəsilləri tərəfindən çox xüsusiyyətləri əxz edilə biləcək böyük mühərrir, mətbuatımızın fədaisi idi. Filologiya elmləri doktoru Abid Tahirlinin yazdığı kimi: "Həsən bəy Zərdabinin "Əkinçi"si (1875-1877) ilə başlayan Rusiya müsəlmanlarının mətbu həyatı İ.Qaspralının "Tərcüman"ı ilə (1883-1918) yeni inkişaf mərhələsinə qədəm qoydu. Obrazlı yazsaq, H.Zərdabi "Əkinçi"sini vilayətin aynasına, İ.Qaspralı öz qəzetini bütün türklərin tərcümanına çevirməyə nail oldu".

Türk xalqının görkəmli maarifçi ziyalısı İsmayıl bəy Qaspralı 1914-cü il sentyabrın 11-də Baxçasarayda vəfat etdi. Sabahısı gün möhtəşəm bir cənazə mərasimi ilə dərin hörmət və ehtiramla dəfn olundu.

Nəriman Nərimanov İ.Qaspralının vəfatı ilə əlaqədar "Bəsirət" qəzetində dərc etdirdiyi "Baxçasarayda imtahan meydanı" məqaləsində ziyalılığa böyük itki üz verdiyini bildirərək yazırdı ki, millət yolunda "bütün ömrünü sərf edən", onu "axır nəfəsinədək nicat yoluna dəvət edən" böyük ustadın qəbri üzərində abidə ucaltmaq zəruridir. İ.Qaspralının vəfatı münasibətilə "Türk yurdu" jurnalında dərc olunmuş nekroloqu isə Əhməd bəy Ağaoğlu yazmışdı.

 

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2012.- 24 iyul.- S. 5.