Daim yenilik və yaradıcılıq axtarışında

 

 Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra digər sahələrdə olduğu kimi, milli jurnalistikanın formalaşmasında da yeni mərhələ başlanmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə söz, mətbuat azadlığının bərqərar olması, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında kütləvi informasiya vasitələrinin sürətli kəmiyyət və keyfiyyət artımı, maddi-texniki bazasının gücləndirilməsi, jurnalist kadrların hazırlanması istiqamətində mühüm addımlar atılmışdır.

Hazırda muxtar respublikada 400-dən artıq jurnalist  çalışır, 3 televiziya, 3 radio fəaliyyət göstərir, 10 qəzet, 3 jurnal nəşr olunur. Müxtəlif informasiya agentlikləri, mərkəzi radiotelekanallar və mətbuatla müntəzəm əməkdaşlıq əlaqələri mövcuddur.

Naxçıvanda KİV-in formalaşması və inkişafında 1967-ci ildən fəaliyyət göstərən Naxçıvan Dövlət Universitetinin (NDU) də özünəməxsus rolu var. 2001-ci ildən universitetdə jurnalistika ixtisasının öyrədilməsi, 2002-ci ildə "Jurnalistikadünya ədəbiyyatı" kafedrasının açılması regionda alitəhsilli jurnalist mütəxəssislərin yetişdirilməsi istiqamətində öz bəhrələrini verməkdədir. NDU-nun jurnalist məzunları dövlət qayğısı sayəsində bu gün ən müxtəlif kütləvi informasiya vasitələrində məsul vəzifələrdə çalışır, öz peşəkarlıqlarını nümayiş etdirirlər. Burada jurnalistika ixtisası alan tələbələr üçün fundamental baza rolu oynayan, 2011-ci il iyulun 22-dən etibarən Media mərkəzi şəklində cəmləşən müxtəlif qurumlar fəaliyyət göstərir.

1997-ci ildən fəaliyyət göstərən universitetin "Qeyrət" nəşriyyatı öz sələfi, 1905-ci ildə Tiflisdə fəaliyyətə başlayan "Qeyrət" nəşriyyatının maarifçilik ənənələrini və milli məfkurəyə sədaqətlə xidmət etmək məramını doğrultmaqdadır. "Qeyrət" elmyönlü, müasir tipli, ən yeni texnika ilə təchiz olunan, yüksək poliqrafik keyfiyyəti ilə seçilən nəşriyyatdır. Tarix üzrə fəlsəfə doktoru, şair-publisist Vaqif Məmmədovun rəhbərlik etdiyi nəşriyyatda ictimai-siyasi, elmi-pedaqoji, tədris-metodiki, bədii ədəbiyyatlar, "Elmi əsərlər" jurnalı və "Fikir" informasiya bülleteni çap olunur.

Naxçıvan Dövlət Universitetinin "Fikir" adlı qəzeti Azərbaycan təhsil tarixinə region universitetində nəşr olunan ilk mətbuat orqanı (birinci nömrəsi 15 oktyabr 1991-ci ildə çıxmışdır) kimi düşmüşdür. Qəzetin adı vaxtilə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin inspektoru Aleksey Osipoviç Çernyayevskinin həmin seminariyanın naxçıvanlı məzunu Əliməmməd Xəlilovla birlikdə nəşr etdirmək istədikləri, lakin çapına nail ola bilmədikləri "Fikir" adlı maarifçi qəzetin adından götürülmüşdür. "Fikir" qəzeti çap olunmamış sələfinin təkcə adını deyil, maarifçilik ideyalarını da uğurla gerçəkləşdirmişdir.

1998-ci ilin iyun ayından müasir dövrün tələblərinə uyğun olaraq Avropa universitetlərinə inteqrasiya nəticəsində Qərb ali məktəblərinin qəzet deyil, informasiya bülleteni tipli jurnalların nəşr edilməsi təcrübəsinə əsaslanaraq "Fikir" qəzetinin bazasında eyniadlı informasiya bülleteni çap olunur. Bu nəşr Naxçıvan elmi-maarifçi mühitini, universitetin keçdiyi inkişaf yolunu, bu ali təhsil ocağında gedən yeniləşmə proseslərini öz səhifələrində əks etdirir.

Lakin "Fikir" informasiya bülleteni elmi-publisistika nümunələrini ali məktəb auditoriyasının tələbatını ödəyə bilmədiyi üçün çoxtirajlı ali məktəb qəzetinin nəşrinə də zərurət yaranmışdı. Beləliklə, 1 aprel 2011-ci ildə universitetin "Jurnalistikadünya ədəbiyyatı" kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Seyid Surənin redaktorluğu ilə "Fikir" informasiya bülleteninə əlavə kimi "Yeni fikir" qəzeti işıq üzü gördü. 20 il əvvəl nəşrə başlamış "Fikir" qəzetinin davamı olan bu mətbu orqanda profilinə görə informasiya bülletenində gedə bilməyən elmi-kütləvi, bədii-publisit yazılar,  müsahibələr dərc olunur. Rektor, akademik İsa Həbibbəylinin təbirincə desək, "Yeni fikir" universitet mühitindəki elmi-maarifçi baxışların ədəbi-düşüncə ilə zənginləşməsinə də xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının respublika səviyyəli elmi nəşrlərin siyahısına daxil etdiyi çoxseriyalı "Elmi əsərlər" jurnalı isə universitetin elmi potensialını, müəllim-professor heyətinin fəaliyyətini əks etdirir. Bu jurnal respublikanın, eləcə də Türkiyə və İran İslam Respublikasının tanınmış alimlərinin elmi məqalələrinə də öz səhifələrində yer ayırır.

Naxçıvan Dövlət Universitetinin 2000-ci ilin iyun ayından fəaliyyət göstərən mətbuat xidməti, 2009-cu ildə isə bu qurumun əsasında yaradılmış mətbuat şöbəsi təhsil ocağı ilə KİV arasında əlaqələndirici rolu oynayır.

Naxçıvan Dövlət Universitetində elm və təhsil, tədris prosesində baş verən yeniliklər, beynəlxalq əməkdaşlıq sahəsində uğurlar, xarici səfərlər, mədəniyyət və idman hadisələri barədə operativ informasiya əldə etmək və onu işıqlandırmaq mətbuat şöbəsinin fəaliyyətinin əsasını təşkil edir.

Mətbuat şöbəsi universitet əməkdaşlarının KİV-lə əlaqəsini təmin etməklə onların elmi-kütləvi məqalələrinin, bədii-publisistik yazılarının dərc olunmasına yaxından kömək göstərir. Universitet televiziyasının çəkdiyi sənədli filmlərin, hazırladıqları verilişlərin  ssenariləri burada hazırlanır. Mətbuat şöbəsi mətbuat orqanlarının elm və tədrisyönlü informasiyalara olan tələbatını ödəyir, elmin, təhsilin inkişaf tempinin geniş oxucu kütləsinə çatdırılmasında fəal iştirak edir.

27 aprel 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin televiziyasının (UTV) yaradılması, kabel televiziyası anlayışının gündəmə gətirilməsi də  mühüm hadisə idi. Televiziya əsasən Amerika, İsveçrə və Türkiyə təcrübəsi əsasında, texnologiya əsrinin müasir tələblərinə uyğun şəkildə qurulmuşdur. Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı ilə studiya, rejissormontaj otaqlarından, multimediaaudiovizual texniki imkanlarla zəngin tədris kabinetlərindən ibarət televiziya ən müasir texniki avadanlıqlarla təchiz edilmişdir. Tələbələr tədris prosesində televiziyanın geniş imkanları hesabına yaradıcılıq imkanları əldə edir, burada sənət dərsləri keçməklə püxtələşir, jurnalistika sənətinin sirlərinə yiyələnirlər. Universitetdə, eyni zamanda Azərbaycanda və dünyada elm, təhsil sahəsində, tədris prosesində baş verən yeniliklər barədə rəngarəng televiziya verilişləri hazırlanır. Professor-müəllim heyətinin aktuallıq kəsb edən mühazirələri efir vasitəsilə auditoriyaya çatdırılır. Canlı yayımla telekörpülərin, videokonfransların, videodərslərin yayınlanması təmin olunur. UTV Naxçıvan Dövlət Universitetinin tanıtma filminin, "Vəhdətin dayaq nöqtəsi", "Müdriklik fəlsəfəsi", "Vətən sığır ürəyimə", "Ecazkar mavi işıq", "Ziyalı ömrü", "Elektron Naxçıvan: dünyaya virtual pəncərə" kimi uğurlu sənədli filmlərin də müəllifidir.

Təhsil ocağının ilk dəfə 22 iyul 2011-ci ildə efirə çıxan "Nuhçıxan" radiosu da müasir avadanlıqlarla təchiz olunmuşdur. Tədrisyönlü radioda universitetin gündəlik həyatını işıqlandıran informasiya proqramları, vətənpərvərlik mövzusunda verilişlər, maraqlı müsahibələr hazırlanır.

Ümumiyyətlə desək, Naxçıvan Dövlət Universiteti muxtar respublikanın jurnalistika ixtisası üzrə yüksək səviyyəli yerli mütəxəssislərlə təmin olunmasında böyük rol oynayır. Daim yenilik, yaradıcılıq axtarışında olan, dövlətçilik və vətənpərvərlik ruhunda formalaşan, dünya jurnalistikasının ən son nailiyyətlərini mənimsəməklə inkişafinteqrasiya yolunu tutan gənc kadrlar milli jurnalistikanın inkişafına gələcəkdə öz sanballı töhfələrini verəcək.

 

 

Mehriban SULTAN,

NDU-nun Mətbuat şöbəsinin

müdiri, filologiya üzrə

fəlsəfə doktoru

 

Azərbaycan.- 2012.- 24 iyul.- S. 5.