Bakıda “Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində
QHT-hökumət dialoqu” mövzusunda tədbir keçirilmişdir
İyulun 2-də Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu" mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə vətəndaş cəmiyyətinin daha da möhkəmləndirilməsi ilə əlaqədar QHT-lərin qarşısında duran vəzifələr, onların fəaliyyətinin səmərəliliyinin artırılması, bu istiqamətdə hökumətin gördüyü işlər, QHT-hökumət münasibətlərinin inkişafı ilə bağlı müzakirələr aparılmışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev tədbiri açaraq bildirmişdir ki, 2007-ci ildən Azərbaycan hökuməti qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir. O qeyd etmişdir ki, Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" 2007-ci ildə imzaladığı sərəncam QHT sektorunun inkişafında yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Vurğulanmışdır ki, dövlətlə vətəndaş cəmiyyəti institutları arasında münasibətlər modelinin müasirləşdirilməsində, demokratiyanın inkişaf etdirilməsində, milli maraqların qorunmasında QHT-lərin fəaliyyəti böyükdür. Ona görə də Azərbaycan hökuməti ölkədə QHT-lərin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlərə xüsusi önəm verir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov tədbirdə çıxış etmişdir.
Əli Həsənov demişdir ki, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı dövlətin siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Şöbə müdiri bildirmişdir ki, heç bir demokratik dövləti fəal vətəndaşların təşəbbüslərini reallaşdıran, ictimai davranış normalarını müəyyən edən və həyata keçməsini təlqin edən vətəndaş cəmiyyəti institutları olmadan təsəvvür etmək mümkün deyildir. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bəyan etmişdir ki, ölkənin dinamik iqtisadi inkişafı siyasi islahatlarsız, daxili ictimai-siyasi proseslərdə fəal vətəndaşların iştirakı olmadan təsəvvür edilə bilməz.
Əli Həsənov bildirmişdir ki, Azərbaycan dövləti qeyri-hökumət təşkilatlarını özünə tərəfdaş hesab edir. QHT-lərin fəaliyyətinin əsasını təşkil edən ictimai-siyasi, sosial, iqtisadi, mədəni sahələr, eyni zamanda, dövlət fəaliyyətinin əsaslarını təşkil edir. Sonra tədbir müzakirələrlə davam etmişdir.
Tədbirdən sonra jurnalistlərə açıqlama verən professor Əli Həsənov bildirmişdir ki, 100-ə yaxın QHT nümayəndələrinin iştirakı ilə keçirilmiş müzakirələr çox məhsuldar olmuşdur. Görüşdə QHT-lərin cəmiyyətdə şəffaflığın təmin olunmasında, daxili və xarici siyasətin dəstəklənməsində rolu, hakimiyyətin bu sahədə onlara yarada biləcəyi imkanlar, QHT-lərin formalaşdırılması, qeydiyyatı, fəaliyyətinin təşviq olunması və digər məsələlərə toxunulmuşdur. Demək olar ki, hakimiyyət nümayəndəsi olaraq, mən əksər məsələlərdə onların təkliflərinin konstruktiv olduğunu bildirdim.
Əli Həsənov qeyd etmişdir ki, görüşdə qaldırılan əksər məsələlər hakimiyyətin siyasəti ilə tam üst-üstə düşür. QHT nümayəndələrinin toxunduğu məsələlər, eyni zamanda, hakimiyyətin arzu və istəyinə uyğundur. Çünki vətəndaş cəmiyyəti quruculuğu Azərbaycan dövlətinin siyasətinin əsasını təşkil edir. QHT-lərin fəaliyyəti vətəndaş təşəbbüslərinə söykənir, bu fəaliyyət insan hüquqlarının qorunmasına yönəlmişdir və buna görə də biz bunu dəstəkləyirik.
PA-nın şöbə müdiri görüşdə 80-dən artıq təklifin səsləndirildiyini, həmin təkliflərin qruplaşdırılaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birlikdə müzakirə olunacağını da diqqətə çatdırmışdır. Təkliflər əsasən qanunvericilik təşəbbüsü, sosial fəaliyyət, təşkilati məsələlər, qrantların verilməsi, QHT-lərin fəaliyyətinin dəyərləndirilməsi, QHT-hökumət münasibətlərinin tənzimlənməsi ilə bağlıdır.
Prezident Administrasiyasının rəsmisi bu cür dialoqun bundan sonra da davam etdiriləcəyini söyləmişdir. Bildirilmişdir ki, gələcəkdə konkret istiqamətlər üzrə fəaliyyət göstərən QHT-lərlə ayrıca görüşlərin keçirilməsi ilə bağlı razılıq əldə olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2012.- 3 iyul.- S. 3.