Bakıda Olimpiyaçılarımıza dəstək olaq! devizi ilə veloyürüş keçirilmişdir

 

 İyulun 23-də Dənizkənarı Milli Parkın xüsusi velosiped yolunda "Olimpiyaçılarımıza dəstək olaq!" devizi ilə veloyürüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin, Azərbaycan Velosiped İdmanı Federasiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yürüşdə 500-dən çox peşəkar və həvəskar velosipedçi iştirak etmişdir.

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev veloyürüşün XXX London Yay Olimpiya Oyunlarında iştirak edəcək yığma komandamızı dəstəkləmək məqsədilə təşkil olunduğunu bildirmişdir.

Federasiya rəsmisi Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək bütün idmançılarımıza, o cümlədən Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra olimpiadada yarışacaq ilk velosipedçimiz  Yelena Çalıxa uğurlar arzulamışdır.

Qeyd edilmişdir ki, bu il  mayın 9-dan 13-dək ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş birinci beynəlxalq velosiped turu ölkəmizdə velosiped idmanının inkişafı üçün yeni imkanlar açmışdır. Azərbaycanda velosiped  idman növünün inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan tur  bu tipli yarışların keçirilməsinə böyük maraq yaratmışdır.

Bildirilmişdir ki, hazırda ölkəmizdə gənc velosipedçilərin yarışlara cəlb olunmasına və velosiped idmanının təbliğinə diqqətlə yanaşılır. Azərbaycanda velosiped idmanının inkişaf etdirilməsi üçün xüsusi proqram hazırlanmışdır və həyata keçirilməkdədir. Proqram çərçivəsində görüləcək tədbirlər velosiped idmanı üzrə yarışların əhatəsinin daha da genişlənməsinə və ölkəmizi ən mötəbər beynəlxalq yarışlarda layiqincə təmsil edəcək peşəkar velosipedçilərin hazırlanmasına təkan verəcəkdir.

Paytaxt sakinlərinin  maraqla qarşıladıqları veloyürüşə  "Dalğa Plaza"nın yanından start verilmişdir. Velosipedçilər  buradan Dövlət Bayrağı Meydanına  və geriyə yürüş etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 24 iyul.- S. 7.