Papaqçılıq

 

El sənətkarları

 

Papaq kişilərin zaman-zaman istifadə etdiyi baş örtüyüdür. Bütün xalqlarda papağa münasibət yaxşı olub, Azərbaycanda isə ona xüsusi hörmətlə yanaşılıb. Şifahi xalq ədəbiyyatı nümunələrində papaqla bağlı çoxlu sayda atalar sözü, zərbi-məsəllər də var. Dahi Nizami Gəncəvi papaqçılıq sənətinə münasibətini hələ o dövrlərdə belə nəzmə çəkmişdir:

 

Kamil bir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.

 

"Kitabi-Dədə Qorqud" boylarından məlumdur ki, papaq namus, qeyrət, kişilik, əzmkarlıq, əyilməzlik, qürur simvoluna  və and yerinə çevrilib. Əlbəttə, məqsədimiz papaq haqqında təfsilatı ilə məlumat vermək, papaqçılığın necə yaranmasına və nə zamanlardan yol gəlməsinə toxunmaq deyil, onun üzləşdiyi problemlərdən və ona gəncliyin münasibətindən söz açmaqdır.

Hər bölgənin özünün digər sənət növlərində olduğu kimi, papaqçılıqda da sənətkarları yetişib. Bu sənət əsasən nəsildən-nəslə ötürülməklə qorunub saxlanıb. Qarabağ, Şirvan və Gəncəbasardan  sonra Bakıda da bu sənətin çox geniş yayıldığı dövrlər olub.

Bu qədim el sənətini hazırda yaşadanlarımız az deyil. Ötən ay Bakıda  "Eurovision-2012" mahnı müsabiqəsinin keçirildiyi müddətdə digər sənətkarlar ilə yanaşı, papaqçılar da öz əl işlərini əcnəbi qonaqlara yüksək səviyyədə nümayiş etdirdilər. Ulu babasından qalma  papaqçılıq sənəti ilə məşğul olan, "İçərişəhər"in "Bazar meydanı" adlanan ərazidə görüşdüyümüz Aqil Qurban oğlunu təkcə doğulduğu Şəkidə deyil, dünyanın bir çox yerlərində də tanıyırlar. Babası Azadxandan qalma sənəti davam etdirməklə, o, sadəcə, çörəkpulu qazanmır, əslində, xalqımıza məxsus papaqçılığın qorunub gələcək nəsillərə çatdırılması kimi vacib işlə məşğul olur. Papaqları bir neçə növə bölən usta "qaragüln qiymətinin nədən baha olmasını  belə dilə  gətirdi:

- Əvvəla, papaqların qiyməti onun ölçülərinə deyil, xammal materialına  görə dəyişir. 25-dən 250 manatadək, hətta ondan bahalı papaqlar var. Papaqçılığın bir sənət kimi qorunub saxlanmasında mühüm məsələ onlara ehtiyacın olub-olmamasıdır. Əlbəttə, minilliklər yola salmış digər geyim formaları kimi, papaqlara da münasibət zaman  keçdikcə dəyişib. Bir zamanlar, yəni bəylik-xanlıq dövrlərində onları belə adlandırırmışlar: düryə, daqqa, çal, motal, çoban və s. Papaqlar hərbi baş geyimi kimi də qəbul edilib. Demək olmaz ki, papaq qoymaq yalnız bizim xalqa məxsusdur. Bütün xalqlarda papaq zaman-zaman dəbdə olub. Buxara papaqlar Orta Asiyada daha geniş yayılıb və əsrlərlə dəbdən düşməyib. Bu papaqların qiyməti digərlərininkindən bahalığına görə  fərqlənib. Hər kişi də buxara papaq qoya bilməyib. O dövrlərin sayılıb-seçilən imkanlıları buxara və ya qaragül papaqlarından istifadə ediblər. Əyan-əşrəflər, yəni xidmətçi və ya nökər-naiblər isə, adətən, ucuz, məsələn motal papaq qoyublar. M.Ə.Sabirin əsərlərində təsvir olunan tiplərin istifadə etdikləri də əsasən motal papaqlar olub.

Qaragül dərisindən hazırlanmış papaqların digərlərə nisbətən daha bahalı olmasına gəlincə, ipək kəlağayı ustası, şəkili Əmiraslan Saniyev bildirdi ki,  qaragül papaqlarının hazırlanma texnologiyası digərlərininkindən fərqlidir: "Bilirsiniz, bu papaqları hazırlamaq o qədər də sərfəli deyil. Əvvəla, üç qaragül  cinsli quzu anadan olan kimi (hətta anası onu yalayıb dərisini qurutmamış) kəsilməlidir. Belə olmasa, onda quzunun dərisinin üzərindəki düyünlər açılar. Onda isə həmin dəridən qaragül papağı tikmək mümkün olmaz. Onun dəyəri də  dərinin üzərindəki yun düyünlərinin açılmamasındadır. İkincisi, həmin növ qoyunları respublikamızda artırmaq mümkün olmayıb. Bu istiqamətdə cəhdlər göstərilib, lakin yerli şəraitə uyğunlaşmadıqları üçün qaragül heyvandarlıq təsərrüfatını yaratmaq və inkişaf etdirmək müşkülə çevrilib. Orta Asiyadan heyvan gətirib, 3-ündən bir papaq hazırlamaq isə papaqçılara sərf etmir. Ona görə də həmin papaqların sırası seyrəlməkdədir.

Bakının Çəmbərəkəndində 80 il bundan öncə dünyaya göz açmış Kamil Məlikov da söhbətində papaqçılığın bəzi məziyyətlərini açmışdı, həm də giley-güzarla: "Bilirsiniz, məni incidən son dövrlər, ümumiyyətlə, geyimlə bağlı məsələlərdir. Avropa mədəniyyəti Şərqdən götürdüyü halda, biz yerli-yersiz, nə gəldisə, dəb deyib yapışırıq. Vaxt var idi ki,  küçə-bazarlarda, lap elə iş yerində başıaçıq kişiyə rast gəlinməzdi. Demirəm ki, hamı da buxara və ya çal papaq qoysun. Bir vaxtlar papaq kişilərin mənəvi pasportu idi. İndi, az qala, bəzi gənclər başıpapaqlı kişilərə dodaq büzürlər".

Bakının "Nizami" metrostansiyasının yaxınlığındakı "Məişət evi" adlı dükanda papaq tikməklə məşğul olan dünyagörmüş müdrik kişi hətta, söhbət zamanı bir tarixi məqama da toxunmuşdu. Dediklərinə görə, bir vaxtlar Hacı Zeynalabdin Tağıyevin onun atasına bağışladığı papağı usta da çox böyük şərəflə qoruyub. Daha maraqlısı isə hələ uşaq yaşlarında çox şıltaq, idarəolunmaz kimi tanınan Kamilin hətta bir dəfə küçə ilə qaçıb tini dönərkən Mir Cəfər Bağırovla üzzə gəlməsi olub. Sonralar bu hadisəni Kamil kişi belə danışıb: "Doğrusu, bu, mənə yuxu kimi gəlirdi. Amma bir gün biz Mir Cəfər Bağırovla doğrudan da, qarşılaşdıq. O zamanlar vəzifəli şəxslər xüsusi papaq tikdirərdilər. Artıq onda fabrikdə püxtələşmiş usta kimi tanınırdım. Bəzi dövlət adamları papaq tikdirmək üçün mənə sifariş verirdilər. Onu da deyim ki, "stalinka", yəni "uzungünlük" dəbdə idi. Bir gün fabrikin rəhbərliyi məni çağırıb dedi ki, yoldaş Bağırova yeni "stalinka" tikilməlidir. Sex müdiri özünü saxlaya bilmədi:

- Bir problem yoxdu ki? Yoldaş Bağırov sənin adını çəkib və deyib ki, onun yaxşı əl qabiliyyəti var. Qoyun papağı Kamil tiksin.

Ondan sonra usta Kamil xatırlayır ki, demək, Mir Cəfər Bağırovun yaddaşında qalıb.

Son dövrlərədək bəzi  dövlət məmurlarına da papaq tikən usta ömrünün çoxunu 2 saylı Tikiş Fabrikində keçirib. O dövrlərin dəbdə olan baş geyimlərini xatırladıqca sanki özünün gəncliyinə və şövqlə çalışdığı günlərə qayıdırdı. Yaddaşına gətirirdi ki, sovetlərin dövründə ciddi tapşırıq olmasa da, rəhbər vəzifədə çalışanlar digərlərindən seçilmək üçün baş geyimlərindən fərqli istifadə edirdilər. Məsələn, şlyapa (panama), "stalinka",  qaragül, "zapayka", "kazaki", yaxud buxara papaq onları sadə əmək adamlarından fərqləndirirdi. Əsasən "süleymani"nin və qaragülün milli papaq olması barədə müxtəlif mənbələrdə  məlumat verilir. Buxara və "kazaki"nin tarixən Azərbaycanda geniş yayılmasına baxmayaraq, onların Orta Asiyadan və Sibir ellərində yaşayan türkdilli xalqlardan gətirilmələri birmənalı təsdiq edilib. Mustafa Kamal Atatürkün papağı "kazaki", Şeyx Şamilinki isə qaragül olub. Şimali Qafqaz xalqlarında bu növ papaqlar, yəni "kazaki" ilə qaragül  bu gün də dəbdədir.

Bizimlə söhbətində şəkili usta Aqil Qurban oğlu da onu söyləməyi unutmadı ki, papaq qoymaq yalnız görkəm üçün deyil, onun sağlamlığa da çox böyük müsbət təsiri var. Papaq qoyan kişilərdə baş ağrılarına, qan təzyiqinə çox az rast gəlinib.

Budur, tarixi keçmişimizdən gələcəyə apardığımız milli geyimlərimizdən biri sayılan papaqların dünənki və bugünkü aqibəti. Papaqçıların nikbinliyinə əsas verən amillər isə az deyil. Təki elə olsun. Papağını qabağına qoyub fikirləşən dədə-babalarımızın yadigarlarını qoruyub saxlamaq bugünkü və gələcək nəsillərin mənəvi borcudur.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2012.- 24 iyul.- S. 7.