Danışan şəkillər...

 

Bu ilin mayında Slovakiyanın paytaxtı Bratislava şəhərinin Dövlət Filarmoniyasında ölkəmizlə bağlı "Azərbaycan Günü" adlı keçirilən təntənəli mərasimdə tanınmış ictimai-siyasi xadimlər, ziyalılar, həmçinin 20-yə yaxın səfirliyin rəhbərləri iştirak edirdilər. Rəsmi hissədən öncə qonaqlar Slovakiyanın "Reduta" Dövlət Filarmoniyasının foyesində gənc və istedadlı fotoqraf Gülşən Qasımzadənin Azərbaycana həsr olunmuş fotosərgisi ilə tanış oldular. Mərasimin rəsmi hissəsinin açılışında çıxış edən Azərbaycanın Slovakiyadakı fəxri konsulu, professor Cəlal Qasımov və Slovakiya parlamentinin Mədəniyyət komitəsinin sədri, dövlət katibi Dujan Yaryabek ölkələr arasında müxtəlif sahələrdə həyata keçirilən əlaqələrin inkişafından, uğurlu layihələrdən söz açdılar.

Gənc fotoqraf Gülşən xanımın sərgidə diqqətçəkən fotoları ilə bağlı ürəkaçan fikirlər səsləndi. Azərbaycanın qeyri-adi gözəllikləri, təbiət mənzərələri, qədim abidələri, xoşbəxt uşaqların gülüşləri fotoobyektin gözü ilə xarici qonaqlara təqdim edildi. Hər bir foto onu seyr edən kəsdə ölkəmiz haqqında dərin məlumat və təəssürat yaradırdı. Əlavə şərhə, izahata ehtiyac yox idi. Dağların başına örpək kimi dolanan buludun çəkilməsi (bunun fotoqraf tərəfindən o anda ustalıqla lentə alınması), Əshabi-Kəf ziyarətinin əzəməti, Bakının rəmzi olan Qız qalası və onun ətrafı, Kiş kəndindəki qədim alban abidəsi, eləcə də yurdumuzun müxtəlif bölgələri ilə əlaqədar fotolar tamaşaçılar tərəfindən maraqla izləndi. Xüsusilə də milli geyimdə olan balacaların dünyasından xəbər verən fotolar məzmun və rəngarəngliyi ilə seçilirdi.

2005-ci ildə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsini fərqlənmə diplomu ilə bitirən Gülşən Qasımzadə memar-dizayner kimi fəaliyyət göstərir. Onun foto sənətinə olan marağı uşaqlıq illərindən başlayıb. Qeyri-adi anları, məqamları, maraqlı görüntüləri, mənzərələri lentə köçürməyə böyük həvəsi olub. Elə tələbəlik illərində də fotoaparatı əlində olub. Azərbaycanın hansı guşəsinə gedibsə, şəhərə qayıtdıqdan sonra mütləq yazı stolunun üstü şəkillərlə dolu olardı. Elə bu həvəs və məhəbbətin nəticəsidir ki, tələbəlik illərində onun kiçik sərgiləri keçirilərdi. Bəlkə də şəxsi arxivində qalaqlanan şəkillərdən neçə sərginin materialını tapmaq olar. Bu istəyin nəticəsi uğurlu oldu. Slovakiyada keçirilən sərgidə Gülşən Qasımzadənin fotoları yüksək dəyərləndirildi. Müxtəlif ölkələrin Slovakiyada yerləşən səfirliklərinin rəhbərləri Gülşən xanımın yaradıcılıq məharətini çox bəyəndilər. Hətta onlar ayrı-ayrılıqda bu xanım fotoqrafla söhbətləşərək öz ölkələrinə dəvət edirdilər. Elə bu diqqətin nəticəsidir ki, növbəti sərgisinin payızda Vyanada keçirilməsi gözlənilir.

Gülşən Qasımzadə söyləyir: "Hazırda Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin binasının təmiri ilə bağlı işlər gedir, payızda istifadəyə veriləcək. Onun açılış mərasiminə dəvət almışam. Yurdumuzun gözəlliklərini, Bakının möcüzələrini həmin sərgidə bir daha öz fotolarımla təmsil etməyə çalışacağam".

İlk baxışda adama elə gəlir ki, fotoqraflıq asandır. Bax, çək. Amma hamının bəlkə də görmədiyi, hiss etmədiyi elə məqamlar var ki, onlar məharətli fotoqrafın sayəsində lentə köçürüləndə çox qeyri-adi təsir bağışlayır. Hətta heyrətlənirsən. Bəzən də bunu real əks-səda yox, rəsm əsəri kimi dəyərləndirirsən. Fotoqraf sənəti yaradıcılıq tələb edır. Heç kəsin əhəmiyyət vermədiyi elə kiçik detallar var ki, onlar fotoobyektin gözü ilə çox dərin mətləblərdən xəbər verir.

Gənc və istedadlı fotoqraf xanıma - Gülşən Qasımzadəyə yaradıcılıq uğurları arzulayırıq! Qoy onun Azərbaycan sevgisi min rəngli fotolara dönərək elləri dolaşsın! Sorağı müntəzəm olaraq sərgilərdən gəlsin...

 

 

F.XƏLİLZADƏ

 

Azərbaycan.- 2012- 24 iyul.- S. 8.