Azərbaycan,
sənə qələbə yaraşır
İdman sağlamlıqdır. Sağlamlıq isə insan üçün çox vacib və gərəklidir. Təsadüfi deyil ki, biz bir-birimizə minnətdarlığımızı, razılığımızı bildirəndə ilk növbədə sağlamlıq arzulayırıq. Sağlamlıq həm də üzun ömür yaşamağın, fəal həyat tərzi sürməyin ən mühüm şərtidir. İnsana sağlamlığı və hərəkətliliyi isə idman verir. Məhz buna görə də idmana sərf olunan vaxt itirilən yox, qazanılan vaxtdır! İdman insanın əhval-ruhiyyəsini qaldırır, iradəsini möhkəmləndirir, dözümlülüyünü yüksəldir. Bu mənada həm də sağlam bədəndə sağlam ruh olur, deyirlər.
İdman sülhün elçisidir. Bəli, idman təkcə idmançıları yox, onlara azarkeşlik edənləri də birləşdirir. İdman yarışları zamanı hər bir dövlət bütün iştirakçılar, tamaşaya gələnlər üçün qapılarını açır. Dünyada siyasi münasibətlərin idmana təsiri qəbul olunmur! İdmançılar isə dövləti münasibətlərdən asılı olmayaraq yarış zamanı yalnız idman qaydaları çərçivəsində mübarizə aparırlar. Sülh və barış idmanın mahiyyətindədir! Hətta rinqdəki təkbətək döyüşdə bir-birinin qanını axıdan boksçular belə sonda qucaqlaşıb öpüşərək ayrılırlar.
İdmanın siyasətə müsbət təsiri mümkündür. Çünki insanlar bir-birləri ilə ünsiyyətə girəndə, əlaqə quranda daha tez anlaşırlar. Adətən, dövlət başçıları başqa ölkəyə səfər edəndə qarşılanma mərasimində təmsilçisi olduğu dövlətin himni səsləndirilərək bayrağı asılır. Qalib idmançının şərəfinə də himn səsləndirilərək bayraq ucaldılması gözəl ənənələrdən biridir. Bu, təkcə qalib gələn idmançının yox, həm də onun təmsil etdiyi ölkə vətəndaşlarının ən xoş və sevincli anlarından biri olur!
İdman sərhəd tanımır. Bu, bütün parametrlərdə belədir. Ən qədim yarışma növü olan Olimpiya oyunları zamanın bütün sərhədlərini aşaraq günümüzədək gəlib çıxmışdır. Yer kürəsinin hər hansı nöqtəsində keçirilən idman yarışını dünyanın hər yerində eyni vaxtda izləmək mümkün olur. İdmanın vahid dili var - idman dili. Yarışanlar, milliyyətindən asılı olmayaraq, həmin dildə bir-birini anlayırlar. İdman yarışları keçirilən məkan bütün dünyaya açılaraq idmansevərləri birləşdirir.
Azərbaycanda idmana böyük diqqət və qayğı göstərilir. Bu münasibət idmana olan sevgidən qaynaqlanır. Ulu öndər Heydər Əliyev ölkədə idmanın inkişafına xüsusi diqqət yetirir, bunu dövlətin gənclər siyasətinin tərkib hissəsi sayırdı. Sovet dövründə idmançılarımız yalnız SSRİ-nin adı və bayrağı altında beynəlxalq idman yarışlarına çıxa bilirdilər. Ölkəsinin bayrağını qaldırmaq, himnini səsləndirmək o dövrün qalib Azərbaycan idmançısına nəsib olmurdu. Müstəqillik dövründə isə vəziyyət bambaşqadır. Doğrudur, ötən əsrin doxsanıncı illərinin əvvəllərində, xaos və anarxiya dövründə idmançılarımız iştirak hüququ qazandıqları yarışlara belə vəsait çatışmazlığından gedə bilmirdilər. Ulu öndər Heydər Əliyevin xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtmasından, cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra bu sahədə vəziyyət kökündən dəyişdi.
Bu gün idman Azərbaycan gənclərinin həyatının ayrılmaz hissəsinə çevrilmişdir. Ötən dövrdə ölkəmizdə 34 regional Olimpiya Mərkəzi tikilmişdir, 8 mərkəzdə isə tikinti davam edir. Respublikamız Avropa, dünya səviyyəli yarışlara ev sahibliyi edir. Elə ay yoxdur ki, Azərbaycanda hansısa beynəlxalq tədbir, yarış keçirilməsin! Bəzən bir həftə ərzində bir neçə idman növü üzrə yarışlar baş tutur. Bütün bunlara Azərbaycandakı mövcud idman infrastrukturu, idmançılara olan diqqət və xalqımızın qonaqpərvərliyi imkan yaradır. Son illərdə bir neçə böyük idman-konsert zalı tikilmişdir. Onların içərisində ən möhtəşəmi "Bakı Kristal Zal"dır. O zalda birinci dəfə "Eurovision" mahnı müsabiqəsi keçirilmişdir. İstənilən idman yarışı da keçirilə bilər. Tofiq Bəhramov adına Respublika Stadionunda aparılmış yenidənqurma və bərpa işlərindən sonra stadion dünya standartlarına cavab verir. Keçən il Bakıda yeni Olimpiya stadionunun təməli qoyulmuşdur. Bu, bölgənin ən böyük və ən müasir Olimpiya stadionu olacaqdır. Gimnastika Olimpiya İdman Zalının da tikintisinə başlanmışdır.
3 iyul 2012-ci ildə dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçiriləcək XXX Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yolasalma mərasimində iştirak etdi. Unudulmaz və maraqlı görüş idi! Dövlət başçısı parlaq və mənalı nitq söylədi! Ölkəmizdə 2000-ci ildən reallaşdırılan idman siyasətindən konkret faktlar əsasında bəhs olundu. Nitqin ən maraqlı və yaddaqalan anlarına bir daha diqqət çəkirik:
"İdmanın inkişafı Azərbaycanda dövlət siyasətidir və Azərbaycan dövləti Azərbaycan idmanının inkişafı üçün konkret addımlar atmışdır. Bu gün də siyasət davam etdirilir. İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmançılara olan hörmət cəmiyyətdə yüksək səviyyədədir".
"Azərbaycanda idmanın inkişafına dair siyasət çox uğurludur və deyə bilərəm ki, bizdə olan təcrübə bəzi ölkələrdə öyrənilir və tətbiq edilir".
"İdmanın inkişafını müəyyən edən bütün amillər Azərbaycanda vardır. İdmançılarımız beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil edirlər, hər il yüzlərlə medal qazanırlar. Həm dünya, həm də Avropa çempionatlarında Azərbaycanın milli bayrağı dalğalanır, Azərbaycanın milli himni səslənir. Əlbəttə, bu, hər bir Azərbaycan vətəndaşı üçün böyük sevincdir, böyük fərəh hissi yaradır".
"Azərbaycanda idmanın inkişaf dinamikası çox müsbətdir. Yeni gənc nəsil yetişir və Olimpiya komandamızın tərkibindəki idmançıların böyük əksəriyyəti ilk dəfə olaraq Olimpiya oyunlarında iştirak edəcək".
"Mən idmanla məşğul olmağı hər bir vətəndaşa tövsiyə edirəm. İdmanın çox böyük xeyri vardır. İdman insanı fiziki cəhətdən möhkəm edir. İdmançılar, xüsusilə Azərbaycan idmançıları böyük mənəvi dəyərlərə malikdirlər".
Azərbaycan idmançıları XXX Yay Olimpiya oyunlarına möhkəm baza və ruh yüksəkliyi ilə gedirlər. Müstəqillik dövründə idmançılarımız Atlanta, Sidney, Afina və Pekində keçirilən Olimpiya və Paralimpiya oyunlarında iştirak etmişlər. Nəticə çox uğurlu olmuşdur. Belə ki, 2000-ci ildə Avstraliyanın Sidney şəhərində, XXVII Yay Olimpiya oyunlarında 2 qızıl, 1 bürünc, Paralimpiya oyunlarında isə 1 qızıl, 1 gümüş medal qazanılmışdır. Bütövlükdə isə 199 ölkə arasında 34-cü yer tutulmuşdur. 2004-cü ilin Olimpiya oyunlarında idmançılarımız 1 qızıl, 4 bürünc, Paralimpiya oyunlarında isə 2 qızıl, 1 gümüş medala sahib çıxmışlar. 2008-ci il Pekin Olimpiadası da idmançılarımız üçün uğurlu olmuşdur. Olimpiya oyunlarında 1 qızıl, 2 gümüş və 4 bürünc, Paralimpiya yarışmasında isə 2 qızıl, 3 gümüş və 5 bürünc medal qazanılmışdır.
Azərbaycan idmançıları bu dəfəki yarışlara daha böyük heyətlə - 53 idmançı ilə qatılır. Bu o deməkdir ki, artıq Azərbaycan böyük idman ölkəsi statusunu qazanıb. 15 il ərzində belə bir səviyyəyə yüksəlmək Milli Olimpiya Komitəsinin fədakar və səmərəli fəaliyyətinin bəhrəsidir.
Bir neçə fakta
nəzər salaq:
Bu gün Azərbaycan
dünyanın idman mərkəzlərindən biri
kimi tanınır. Təkcə
2011-ci ildə respublikamızda
36 beynəlxalq yarış
təşkil edilmişdir;
Cari ilin 6 ayı ərzində isə 28 beynəlxalq yarışa ev sahibliyi
edilmişdir;
Olimpiya idman növləri üzrə qazanılan medalların sayı durmadan artır. Belə ki, əgər Atlanta Olimpiadası
(1993-1996-cı illər) ərəfəsində
idmançılarımız dünya və Avropa birinciliklərində,
beynəlxalq yarışlarda
71 medal qazanmışdılarsa, London Olimpiadası ərəfəsində
835 medala - 12 dəfə
çox medala sahib çıxmişlar;
Pekin Olimpiya oyunlarına 11 idman növündə
44 lisenziya, Londona isə 16 idman növündə 53 lisenziya qazanılmışdır;
İlk dəfə olaraq kanoe, akademik qayıqlarda avarçəkmə,
qılıncoynatma, velosiped
və idman gimnastikası yarışlarında
təmsil olunacağıq;
Bundan başqa, London Olimpiya oyunlarına Azərbaycandan
beş hakim, 29 məşqçi, altı
həkim gedəcəkdir.
Qalib idmançıların mükafatlandırılması
qaydası da müəyyən
olunmuşdur. Qeyd edək
ki, idmançıların
sosial durumunun yüksəldilməsinə daim
diqqət yetirilir.
Demək olar ki, hər il 20-30 idmançıya
dövlət və Milli Olimpiya Komitəsi tərəfindən
yeni mənzillər verilir. Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev XXX Yay Olimpiya oyunlarında
ən yüksək
nəticələr qazanacaq
idmançıların və
onların məşqçilərinin
mükafatlandırılması barədə sərəncam
imzalamışdır. Qalib
idmançılara bütövlükdə
aşağıdakı həcmdə
pul mükafatı veriləcəkdir:
Olimpiya oyunlarında I yeri tutan idmançı 600 min
manat, II yeri tutan idmançı 300 min
manat, III yeri tutan idmançı 150 min
manat;
Paralimpiya
oyunlarında I yeri tutan idmançı 200 min
manat, II yeri tutan idmançı 100 min
manat, III yeri tutan idmançı isə 50
min manat alacaqdır.
Vətən dünən olimpiyaçılara
xeyir-dua verərək
Londona yola saldı!
53 ümidverici idmançımız
dünyanın ən möhtəşəm idman
yarışmasına qatılacaq!
Bu, Azərbaycan idmanının
yeni sınağı deməkdir!
İnanırıq ki, bu sınaq da uğurlu
olacaq, olimpiya təsvirli medallarımızın
sayı daha da artacaqdır!
UĞURLAR SƏNƏ,
AZƏRBAYCAN İDMANÇISI!
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2012.- 25 iyul.- S. 1.