Azərbaycan milli mətbuatı yeni inkişaf mərhələsindədir

 

 Yeni Azərbaycan Partiyasında milli mətbuatın yaranmasının 137-ci ildönümü ilə bağlı bir qrup mətbuat nümayəndəsi mükafatlandırıldı

 

İyulun 24-də  Yeni Azərbaycan Partiyasının qərargahında milli mətbuatın yaranmasının 137-ci ildönümü ilə bağlı bir qrup mətbuat nümayəndəsi ilə görüş keçirildi. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov qeyd etdi ki, böyük inkişaf yolu keçən Azərbaycan  mətbuatı bu gün ictimai-siyasi proseslərin işıqlandırılması ilə bağlı üzərinə düşən missiyanı layiqincə yerinə yetirir. Mətbuat nümayəndələri respublikanın ictimai-siyasi həyatında oynadığı rola görə qürur duya  bilərlər.

Əli Əhmədov Azərbaycan mətbuatının 10-15 il əvvəlki dövrlərlə müqayisədə irəliyə doğru uğurla inkişaf etdiyini bildirdi. Bu illər ərzində milli mətbuatımızda inkişaf, təkmilləşmə prosesi getmiş, qəzetlərdə ciddi təhlili yazılar verilmiş, onlar keyfiyyət baxımdan artmışdır. Mətbuatda çalışan jurnalistlərin peşəkarlıq səviyyəsi yüksəlmişdir. Məhz ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan mətbuatının inkişafında yeni mərhələ başlanmışdır. Həmin dövrdən respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılmışdır.

Əli Əhmədov bildirdi ki, ulu öndərin mətbuat sahəsindəki mütərəqqi siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasının tərəfdarı kimi çıxış edir. Dövlət başçısı milli mətbuatın qabaqcıl ölkələrin mütərəqqi ənənələrinə əsaslanmaqla, eyni zamanda, xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayır.

Əli Əhmədov mətbuatdakı problemlərə də toxundu: "Danılmaz faktdır ki, bu gün mətbuatda problemlər də mövcuddur. Bu problemlər əsasən qəzetlərin satışı və jurnalistlərin əməkhaqlarının az olması ilə bağlıdır. Ancaq buna baxmayaraq ölkədə gedən inkişaf özünü mətbuat sahəsində də göstərir. Belə ki, mətbuatdakı dəyişikliyi Azərbaycanın modernləşməsindən, iqtisadi inkişafından kənar təsəvvür etmək mümkünsüzdür".

Əli Əhmədovun sözlərinə görə, ölkə rəhbərliyi kütləvi informasiya vasitələri ilə dövlət qurumları arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğu prosesində onların rolunun gücləndirilməsi məqsədi ilə bir sıra mühüm tədbirlər həyata keçirir. Bu gün ölkədə söz və mətbuat azadlığı üçün heç bir maneə yoxdur, jurnalistlər istədikləri mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdıra bilirlər. Prezident İlham Əliyev jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün mühüm qərarlar verib. O cümlədən, KİV əməkdaşlarının mənzillərlə təmin olunması üçün müvafiq sərəncam imzalayıb.

Tədbirin sonunda Əli Əhmədov jurnalistləri bir daha peşə bayramı münasibəti ilə təbrik etdi və ölkədə fəaliyyət göstərən bir qrup media əməkdaşını mükafatlandırdı. Qeyd edək ki, mükafatlandırılanlar sırasında qəzetimizin əməkdaşı Elnur Hacalıyev də var.    

 

 

Azərbaycan.- 2012.- 25 iyul.- S. 2.