Azərbaycanda
növbəti möhtəşəm incəsənət
bayramı - Qəbələ IV Beynəlxalq Musiqi Festivalı
başlanmışdır
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə iyulun 24-də Azərbaycanda növbəti möhtəşəm incəsənət bayramı - Qəbələ IV Beynəlxalq Musiqi Festivalı start götürmüşdür.
AzərTAc xəbər verir ki, "Qafqaz Resorte" hotelinin kamera zalında keçirilən musiqi bayramının ilk konserti SSRİ xalq artisti, dünya şöhrətli musiqiçi Müslüm Maqomayevin 70 illik yubileyinə həsr edilmişdir.
Əvvəlcə unudulmaz opera və estrada müğənnisi Müslüm Maqomayevin məşhur "Azərbaycan" mahnısı səsləndirilmişdir.
Mərasimdə mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev çıxış edərək
dahi musiqiçi Müslüm Maqomayevin həyat və
yaradıcılığından danışmışdır.
Müslüm Maqomayev yaradıcılığının
yüksəkliyindən və özəlliyindən söhbət
açan nazir bu beynəlxalq musiqi festivalının
keçirilməsi ilə bağlı irəli sürülən
gözəl təşəbbüsə görə Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban Əliyevaya dərin minnətdarlığını
bildirmişdir. Nazir bu gün hamının Qəbələyə
gözəl səsi ilə hər bir kəsi sehrə salan dahi
musiqiçi Müslüm Maqomayevin işığına
toplaşdığını bildirmişdir. O, bu cür festivallara hər zaman
ehtiyac olduğunu qeyd etmişdir.
Müslüm
Maqomayevin Azərbaycan musiqisinin dünyada tanıdılmasında məxsusi
rolu olduğunu deyən Ə.Qarayev bildirmişdir ki,
"Müslüm Maqomayev çox uca ifaçılıq məktəbinə
məxsusdur. İllər, əsrlər keçsə də, bu
dahi musiqiçi heç bir zaman unudulmayacaqdır. Sübhəsiz,
burada yubileyin keçirilməsi olduqca önəmlidir. Bu
gün Müslüm Maqomayevin musiqisi bütün
dünyanı riqqətə gətirir və hamı bu ecazkar səsi
doymadan dinləyir. Bu məkana toplaşan insanların
sayından da Müslüm
Maqomayev sənətinin əzəməti hiss olunur".
Müslüm
Maqomayevin 70 illik yubileyinə həsr edilmiş konsert məşhur
rus bəstəkarı Sergey Raxmaninovun "Qəm etmə"
və "Vokaliz" əsərləri ilə
başlanmışdır. Daha sonra konsertdə R.Ştrausun
"Serenada", İ.Bramsın "Yasəmən
çiçəklənəndə", R.Şumanın
"Fantaziştük", Ü.Hacıbəylinin "Sevgili
canan", T.Quliyevin "Sənə də qalmaz", M.Əhmədova
və V.Mustafazadənin "Düşüncə",
S.Rüstəmovun "İntizar", F.Bədəlbəylinin
"Şuşa", Q.Qarayevin və C.Hacıbəyovun "Vətən"
operasından Mərdanın ariyası, M.Maqomayevin
"Elegiya" əsərləri səsləndirilmişdir.
Konsertdə
Qəbələ IV Beynəlxalq Musiqi Festivalının bədii
rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasının rektoru, professor, "Şöhrət"
ordenli Fərhad Bədəlbəylinin ABŞ və
Rusiyanın dünya şöhrətli məşhur
violonçel ifaçısı, "Yeni Rusiya" Dövlət
Simfonik Orkestrinin dirijoru, festivalın bədii rəhbəri
Dmitri Yablonskinin, Azərbaycan Dövlət
Filarmoniyasının direktoru, xalq artisti Murad Adıgözəlzadənin,
tanınmış vokalçılar - Azərbaycan Dövlət
Opera və Balet Teatrının solistləri Fəridə Məmmədovanın,
xalq artisti, Prezident təqaüdçüsü Əvəz
Abdullayevin, Opera və Balet Teatrının və Ş.Məmmədova
adına Opera Studiyasının solisti Səbinə Əsədovanın,
Dövlət Akademik Opera və Balet Teatrının solisti,
Bakı Musiqi Akademiyasının dosenti, əməkdar artist,
Prezident təqaüdçüsü Gülnaz
İsmayılovanın ifasında klassik musiqilər
alqışlarla qarşılanmışdır.
Yubiley
konsertini izləyənlər arasında Müslüm Maqomayevin
həyat yoldaşı, SSRİ xalq artisti, məşhur opera
müğənnisi Tamara Sinyavskaya, Milli Məclisin deputatı
Fəttah Heydərov, tanınmış musiqiçilər,
dövlət və hökumət nümayəndələri, musiqisevərlər olmuşlar.
Qəbələ
şəhərində iyulun 24-dən avqustun 5-dək keçiriləcək musiqi
bayramında Azərbaycan və xarici ölkələrdən
görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər,
dirijorlar iştirak edəcəklər.
Festivalın
rəsmi açılış mərasimi iyulun 25-də
olacaqdır.
AzərTAc
Azərbaycan.- 2012.- 25 iyul.- S. 2.