Brüsseldə Şərq tərəfdaşlığı proqramının üzvü olan ölkələrin xarici işlər nazirlərinin üçüncü iclası keçirilmişdir

 

Brüsseldə "Şərq tərəfdaşlığı" proqramının üzvü olan ölkələrin xarici işlər nazirlərinin üçüncü iclası  keçirilmişdir. İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil etmişdir.

İclasda Avropa İttifaqının (Aİ) üzvü olan ölkələrin xarici işlər nazirləri, Avropa Komissiyası, Avropa Xarici Fəaliyyət Xidməti, Avropa Sərmayə Bankı, Aİ-nin regionlar, iqtisadi və sosial komitələrinin nümayəndələri, həmçinin Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistanın xarici işlər nazirləri , "Şərq tərəfdaşlığı" Vətəndaş Cəmiyyəti Forumunun təmsilçisi iştirak etmişlər. Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton iclasa sədrlik etmişdir.

İştirakçılar "Şərq tərəfdaşlığı" proqramının hazırkı vəziyyəti, Varşava sammitindən sonra tərəfdaş ölkələr ilə münasibətlərdə qeydə alınmış tərəqqi və mövcud problemlər, 2013-cü ildə Vilnüsdə keçiriləcək sammitədək "Şərq tərəfdaşlığı"nın reallaşdırılması üzrə "Yol xəritəsi" və onun icrası ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparmışlar.

Aİ ilə tərəfdaş ölkələr arasında münasibətlərin genişləndirilməsində, siyasi assosiasiyanın və iqtisadi inteqrasiyanın sürətlənməsində, sosial-iqtisadi islahatların dəstəklənməsində "Şərq tərəfdaşlığı"nın strateji əhəmiyyəti vurğulanmışdır.

İclasda tərəfdaş ölkələr ilə assosiasiya sazişləri üzrə danışıqların uğurla davam etdiyi, eyni zamanda, Azərbaycan da daxil olmaqla aidiyyəti dövlətlərlə viza rejiminin sadələşdirilməsi və readmissiya sazişləri üzrə danışıqların davam etdiyi qeyd olunmuşdur.

Bir sıra Aİ-nin üzvü olan ölkələrinin xarici işlər nazirləri tərəfdaş dövlətlərin ərazisində mövcud olan münaqişələrin həll olunmamasından ciddi narahatçılıqlarını bildirmişlər. Onlar bu münaqişələrin dövlətlərin ərazi bütövlüyü və suverenliyi çərçivəsində nizamlanmasının əhəmiyyətini vurğulamışlar.

İclasda Aİ ölkələri ilə viza rejiminin sadələşdirilməsinin və təhsil sahəsində əməkdaşlığın təkmilləşdirilməsinin vacibliyi qeyd olunmuşdur.

İclasdan sonra Aİ-nin genişləndirilməsi və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle adından tərəfdaş ölkələrin nümayəndə heyətlərinin başçılarına işçi şam yeməyi verilmişdir.

 

 

Vüqar SEYİDOV

 

Azərbaycan.- 2012.- 25 iyul.- S. 2.