İnkişaf
strategiyasının ideoloji manifesti
"Millətin tərkibində
kreativ və ağıllı insanların, yaradıcı
enerjiyə malik olan intellektualların sayının artması
Azərbaycanda müasir cəmiyyət qurulması
üçün əsas stimul ola bilər. Millətin bu keyfiyyətləri
milli ideyanın formalaşmasının əsas tərkib hissəsi
kimi ölkənin innovativ modernləşməsinin əsasını
təşkil etməlidir".
Ramiz
MEHDİYEV
Bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövrünü geridə qoymuş müstəqil Azərbaycanın yeni inkişaf mərhələsində qarşıya qoyduğu başlıca məqsəd ictimai həyatın bütün sahələrinin modernləşdirilməsi yolu ilə inkişaf etmiş ölkələr sırasına daxil olmaqdır. Bir zamanlar bu hədəfin reallaşması təbii olaraq cəmiyyətdə müəyyən skeptik yanaşmalara yol açırdısa, son illərdə həmin məqsəd milli ideya səviyyəsinə yüksəlmişdir. 10 ilə yaxınlaşan müddətdə dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında ictimai həyatın bütün sahələrində qazanılan nailiyyətlər Azərbaycanın belə yüksək iddiadan çıxış etməsinə və strateji məqsədə doğru inamlı addımlar atmasına real imkanlar açmışdır.
Gələcəyə kreativ
baxış
Prezident İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli sərəncamı əsasında hazırlanmaqda olan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası bu məqsədə doğru gedən yolda həyata keçirilməsi vacib islahatları özündə ehtiva edəcəkdir. İqtisadi modernləşmə prosesini sürətləndirməklə ümumi daxili məhsul istehsalının 2 dəfəyədək artırılmasını başlıca vəzifələrdən biri kimi müəyyənləşdirən həmin sənəddə 2020-ci ilə qədər inkişafın başlıca təmayülləri də dəqiq əksini tapmalıdır. Həmin məqsədlərə nail olunması üçün təbii resurslardan asılılığın azaldılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə yanaşı, elmtutumlu istehsal sahələrinə, innovasiyalara diqqətin artırılması nəzərdə tutulur.
İnsan kapitalının yüksək inkişaf səviyyəsinə çatdırılması, xalqın bilik və bacarıqlarının səmərəli tətbiqi mexanizmlərinin qurulması, qloballaşmanın üstünlüklərindən yararlanan önləyici inkişaf modelinə keçidin təmin olunması yaxın perspektiv üçün qarşıya ciddi məqsədlər kimi qoyulmuşdur. Bütün bunlara nail olmaq üçün, həmçinin biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafının təmin edilməsi, iqtisadi inkişafda rentabelliliyə məhz yeni texnoloji mexanizmlər əsasında nail olunması, nəhayət, bütün bunları təmin edəcək yeni təfəkkürlü, kreativ gəncliyin formalaşdırılması nəzərdə tutulur. Bu hədəflərin lokomotivi rolunda isə yeni dəyişikliklərə müvafiq olaraq formalaşan kreativ elita, onun intellektual səviyyəsi və yaradıcı qabiliyyəti çıxış edəcəkdir.
Prezident İlham Əliyevin praqmatik lider olaraq son illərdə qarşıya qoyduğu mühüm vəzifələrdən biri də məhz milli inkişafda intellektual irəliləyişə nail olmaqla, davamlı iqtisadi rifahın təmin edilməsindən ibarətdir. Ölkənin innovasiya inkişafına keçidin zəruriliyi insan kapitalının reallaşdırılmasını və ümumi rifah səviyyəsini təkmilləşdirmək məqsədi ilə insanların potensial imkanlarının səmərəli tətbiqinə əsaslanan elmi strategiyanın hazırlanmasını zərurətə çevirir. Qlobal rəqabət şəraitində respublikanın elmi potensialının davamlı şəkildə yüksəldilməsi, gənc, kreativ və intellektual səviyyəli insanların istedadından dövlət quruculuğu prosesində maksimum istifadə edilməsi dövlətin innovasion inkişafının təmini baxımından vacibdir.
Prezident İlham Əliyev hələ AMEA-nın 2011-ci il 23 aprelində keçirilmiş ümumi yığıncağında xüsusi vurğulamışdır ki, Azərbaycan dövləti iqtisadi inkişaf prosesində, ilk növbədə, cəmiyyətin intellektual potensialına istinad edir. Cənab İlham Əliyev hazırkı mərhələdə elmi proqnozlardan iqtisadi inkişaf prosesində səmərəli istifadə olunması, daha dəqiqi, elmlə iqtisadiyyatın uğurlu vəhdətinin təmin edilməsi vacibliyini xüsusi vurğulamışdır: "Bütövlükdə Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı dünya miqyasında bir fenomendir. Son bir neçə il ərzində ölkəmizdə iqtisadi artım ən yüksək səviyyədədir və biz bu göstəriciyə görə dünya miqyasında birinci yerdəyik... Bununla bərabər, biz uzunmüddətli inkişaf strategiyamızı müəyyən edərkən mütləq güclü elmi bazaya arxalanmalıyıq. Biz iqtisadi inkişafımızın gələcək istiqamətlərini müəyyən edərkən güclü elmi əsaslara söykənməliyik. Burada düzgün proqnozlar verilməlidir".
Proqnoz dedikdə, hər hansı iqtisadi sistemin gələcək vəziyyəti üçün kəmiyyət və keyfiyyət parametrləri formasında əsaslandırılmış tədbirlər kompleksi başa düşülür. Proqnozlaşdırma sistem olaraq müxtəlif məqsədlərin həyata keçirilməsini nəzərdə tutur. Bu məqsədlərə ölkə, region və müəssisə miqyasında iqtisadi inkişafın məqsəd və vəzifələrinin müəyyən edilməsi; iqtisadi inkişafın təmin olunmasının optimal istiqamətini müəyyənləşdirməklə ona çatmağın daha səmərəli variantlarının tapılması; məqsədə çatmaq üçün mövcud resursların həcminin müəyyənləşdirilməsi vacibdir. Şübhəsiz, gələcəyi proqnozlaşdırmadan, inkişafın əsas mərhələlərini, görüləcək işlərin ardıcıllığını müəyyən etmədən uğur qazanmaq mümkün deyildir. Hazırda Azərbaycanda hazırlanmaqda olan İnkişaf Konsepsiyanın əsas məqsədi də məhz gələcək inkişaf təmayüllərini müəyyənləşdirmək və proqnozlaşdırmaq, islahatların sürətləndirilməsi əsasında keyfiyyətcə yeni idarəetmə sistemləri yaratmaq, iqtisadiyyatın bütün sahələrində köklü dəyişikliklərə nail olmaqdır.
"Bilik iqtisadiyyatı"na
keçidin uğurlu bünövrəsi
Azərbaycanda fəlsəfi, siyasi və iqtisadi fikrin düzgün məcrada inkişafına, yeni dövrün tələbi kimi cəmiyyətdə həllini gözləyən aktual nəzəri məsələlərin həllinə böyuk töhfələr vermiş Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" əsərində ölkənin inkişaf perspektivlərini məhz biliklər iqtisadiyyatı ilə əlaqələndirir, elmtutumlu istehsalatların, yüksək texnologiya və innovasiyaların inkişafı zərurətini önə çəkir. Kifayət qədər dərin elmi-fəlsəfi və iqtisadi təhlilə, zəngin faktoloji bazaya söykənən əsərdə Azərbaycanın modernləşməsi prosesində bilik və innovativ texnologiyaların, habelə onların mükəmməl şəkildə tətbiqi ilə səmərəli nəticələr əldə edən kreativ gəncliyin formalaşmasının əhəmiyyəti diqqətə çəkilir: "Bu strateji hədəfə nail olmaq Azərbaycan cəmiyyətinin hər bir üzvünün müasir inkişafın meyillərini və yollarını dərk etməyə çalışması, özünün tərəqqiyə nail olmaq istəməsi ilə mümkündür. Bunun üçün öyrənmək, təhsil səviyyəsini artırmaq, düşünmək, əmək vərdişlərini təkmilləşdirmək qabiliyyətini inkişaf etdirmək, sosial məsuliyyəti və nəticə etibarilə şəxsiyyətin, bütövlükdə ölkənin rəqabət qabiliyyətini gücləndirmək lazımdır. Millətin tərkibində kreativ və ağıllı insanların, yaradıcı enerjiyə malik olan intellektualların sayının artması Azərbaycanda müasir cəmiyyət qurulması üçün əsas stimul ola bilər. Millətin bu keyfiyyətləri milli ideyanın formalaşmasının əsas tərkib hissəsi kimi ölkənin innovativ modernləşməsinin əsasını təşkil etməlidir".
Ölkənin davamlı inkişafının neft-qaz və digər təbii resurslarla deyil, məhz elm, bilik, güclü "insan kapitalı" ilə bağlı olduğunu dəfələrlə bəyan etmiş dövlət başçısı İlham Əliyev bu fikirdədir ki, yüksək ixtisaslı kadr potensialı bu gün hər bir dövlətin davamlı sosial-iqtisadi, mədəni-intellektual yüksəlişinin əsas şərtidir. Müasir dünyada elmi-informativ biliklər inkişafın mühüm katalizatoruna, innovasiya yeniliklərin başlıca təminatına, habelə iqtisadiyyatın lokomotivinə çevrilmişdir. Bunu ABŞ, Almaniya, Yaponiya, Şimali Koreya, Finlandiya, İsrail və digər dövlətlərin iqtisadi inkişaf strategiyasına nəzərən əminliklə demək olar.
Elmtutumlu məhsulların buraxılışına görə, dünya bazarında ölkələr aşağıdakı kimi təmsil olunmuşlar: ABŞ 25, Avropa İttifaqı ölkələri 35, Yaponiya 11, Sinqapur 7, Cənubi Koreya 4, Çin 2, Rusiya 0,4 faiz. İnkişaf etmiş ölkələrin təcrübəsi həm də onu göstərir ki, özündə yeni bilik və həllər saxlayan texnologiyalar, məhsullar, avadanlıqlar ÜDM artımının 70-85 faizini təşkil edir.
Müasir dövrdə elmtutumlu informasiyanın yaradılması, əldə edilməsi, istehsal prosesinə praktik tətbiqi təkcə sosial-iqtisadi inkişafın deyil, həm də qlobal rəqabətin mühüm şərtidir. İnformasiya cəmiyyətinin əsas kapitalı bilik, informasiya və bu informasiyanın daşıyıcısı sayılan şəxs olub, yeni keyfiyyətli biliyə əsaslanan iqtisadiyyatın yaranmasını, mükəmməl innovasiya siyasətinin həyata keçirilməsini tələb edir.
Azərbaycanda son illərdə bu sahədə əldə olunan yüksək inkişaf göstəriciləri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu bünövrəyə əsaslanır. Ümummilli lider hələ respublikaya birinci rəhbərliyi dövründə cəmiyyətin bütün sferalarında inkişafın məhz elmi əsaslara söykənməsinə çalışmış, sənayenin ayrı-ayrı sahələrində elmi-texniki tərəqqinin ən son nailiyyətlərindən istifadə olunması, intellektual resursların artırılması vacibliyini önə çəkmişdir. Cəmiyyət inkişaf prosesinin elmi-intellektual əsaslar üzərində qurulmuş yeni innovasion mərhələsinə qədəm qoymuş, Azərbaycanda yüksək ixtisaslı kadrlar hazırlayan yeni-yeni ali və orta ixtisas məktəbləri açılmışdır.
Böyük strateq respublikaya ikinci rəhbərliyi dövründə də insan kapitalının yüksəlişinə xidmət edən bütün zəruri tədbirləri həyata keçirmiş, hələ 70-80-ci illərdə formalaşdırılmış zəngin elmi-intellektual potensiala istinad edərək özünün mükəmməl elm və təhsil konsepsiyasını irəli sürmüşdür. Heydər Əliyev eyni zamanda yeni texnologiyaların tətbiqi üçün zəruri hüquqi-normativ baza yaratmış, 2003-cü il 17 fevral tarixdə imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" adlı sənədlə müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində strateji vəzifələri müəyyənləşdirmişdir. İlk dəfə olaraq məhz bu sənəddə dövlətin innovasiya inkişafında elmin rolu önə çəkilmiş, elmtutumlu yeni texnologiyaların inkişafı məsələsi zəruri tələb kimi əksini tapmışdır. Beləliklə, Azərbaycanın gələcək modernləşməsi və kreativ iqtisadiyyatın formalaşdırılmasında müasir texnologiyaların, innovasiyaların rolu uzaqgörənliklə önə çəkilmişdir.
Akademik Ramiz Mehdiyev "XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" əsərində haqlı olaraq yazır: "Keçən əsrin 90-cı illərində Heydər Əliyevin etdiyi seçim ilə müasir Azərbaycanın siyasi, iqtisadi və sosial-mədəni sahələrdə inkişaf istiqamətləri müəyyənləşmişdir. Bir daha təsdiq olunmuşdur ki, güclü, qüdrətli dövlət qurmaq, zamanın axarından geri qalmamaq üçün siyasi və iqtisadi transformasiya, yeni intellektual nəslin formalaşması, innovasiyalar, cəmiyyətin səfərbər edilməsi zəruridir".
"Kreativ modernləşmə"
zamanın çağırışıdır
Böyük alman mütəfəkkiri İmmanuel Kant vaxtı ilə özünün fəlsəfi traktatlarında yazırdı ki, "Cəmiyyət mütərəqqi ideyalar üzərində hərəkət edən canlı mexanizmdir". Hər bir cəmiyyətin inkişafı, yeni dövrün reallıqlarına cavab verməsi üçün həqiqətən də elmi-intellektual potensiala ehtiyac duyulur. Təsadüfi deyildir ki, ötən 9 ildə ölkənin dinamik inkişafının praktik nəticələri özünü həm də elm-təhsil sisteminin modernləşdirilməsində, innovativ-texnoloji yeniliklərin tətbiqində göstərir. Yeni inkişaf mərhələsinin tələblərinə cavab verən, sistemli şəkildə reallaşdırılan bu islahatlar, eyni zamanda, ölkədə müasir biliklərin, "nau-hau" texnologiyalarının tətbiqi əsasında güclü "insan kapitalı"nın formalaşdırılması məqsədinə hesablanan siyasətin səmərəliliyini göstərir. Azərbaycan məhz bu çevik, məqsədyönlü siyasətin nəticəsi kimi son illərdə elm və təhsilin, o cümlədən ali təhsil sisteminin həlli vacib problemlərinin müəyyən qismini aradan qaldırmaq imkanı qazanmışdır.
Akademik Ramiz Mehdiyev "XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" əsərində bütün bunlara diqqəti çəkərək yazır ki, Prezident İlham Əliyevin "qara qızılın" insan kapitalına çevrilməsi istiqamətində yürütdüyü siyasət məhz Azərbaycanın modernləşməsinə xidmət edir: "İlham Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan dövlətinin həyatında keyfiyyətcə yeni mərhələ başlamışdır. Prezident İlham Əliyev vəzifəsinin icrasına başlayandan az sonra imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair tədbirlər haqqında" (noyabr 2003-cü il), "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" (fevral 2004-cü il) fərmanları ilə ölkənin sosial-iqtisadi inkişafına təkan vermişdir. Azərbaycanın inkişafı problemlərinin yeni, innovativ dərkinə keçid prosesinə təkan verən də məhz bu fərmanlar olmuşdur. Dünyanın ən inkişaf etmiş dövlətləri sırasına daxil olmaq üçün cəmiyyət həyatının bütün sahələrinin modernləşdirilməsi prioritetə çevrilmişdir".
Yeni əsrdə hər bir cəmiyyətin həyatında mütərəqqi texnologiyaların rolu artır, iqtisadi artımın xarakteri dəyişir, "ictimai tərəqqi" anlayışı və onun meyarları barədə yeni baxışlar meydana çıxır, bazarların qloballaşması prosesi baş verir. Belə şəraitdə müstəqil Azərbaycan dövləti dünya iqtisadiyyatının strategiyasına uyğun olaraq özünün innovasiya siyasətini həyata keçirməyə çalışır. İnnovasiya dedikdə, ümumən, cəmiyyətdə elmi-texniki tərəqqinin gerçəkləşdirilməsi aləti kimi özünü göstərən yeniləşmə prosesi başa düşülür. Bu mühüm prosesdə elmi-texniki tərəqqinin yenilikləri nəzərə alınır, müasir elmi tədqiqatların aparılmasına diqqət artırılır. İstehsal və sosial sahələrdə elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə etmək istiqamətində investisiya fəaliyyətinin bir forması da məhz innovasiyadır.
İnnovasiya prosesi bir sıra mühüm istiqamətlərdə həyata keçirilir. Bunlar əsasən, elmi-texniki proqramların həyata keçirilməsi; iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi məqsədilə məhsuldar qüvvələrin tərkibində keyfiyyət dəyişiklikləri etmək üçün fundamental tədqiqatların maliyyələşdirilməsi; texnika və texnologiyanın prinsipcə yeni qənaətçil növlərinin işlənib hazırlanması; yayılması və tətbiqi, ixtiraların və kəşflərin tətbiqinin genişləndirilməsi nəticəsində istehsalın texniki səviyyəsində keyfiyyət dəyişikliklərinin sürətləndirilməsi; iqtisadiyyatın sahələrində yeniliklərin tətbiqi nəticəsində sosial, iqtisadi və ekoloji səmərənin artırılmasının təmin edilməsi kimi strateji istiqamətlərdir.
"XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" əsərində akademik Ramiz Mehdiyev göstərir ki, ölkənin innovativ modernləşməsinə, müasir cəmiyyət quruculuğuna nail olmağın daha bir mühüm amili sosialyönümlü iqtisadiyyatın, sosial ədalətin və güclü prezident hakimiyyətinin mövcud olmasıdır. Güclü milli liderin təşkilatçı və istiqamətverici rolu olmadan ölkəni inkişaf etmiş dövlətlər sırasına çıxarmaq üçün göstərilən bütün cəhdlər uğursuzluğa düçar ola bilər. Əsərdə həmçinin vurğulanır ki, Prezident İlham Əliyevin innovasiya-kreativ sektorun inkişafını dəstəkləməsi ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması sahəsində atılan mühüm addımlardan biridir.
Əsərdə yer almış bu fikirlə də tam razılaşmaq olar ki, modernləşmənin xarici texnoloji nailiyyətlərin, özgə ideya və konsepsiyaların sadəcə tətbiqi olması qənaətindən uzaqlaşmaq lazımdır. Belə ki, hər bir dövlətin əsas nailiyyəti insan kapitalıdır və buna görə də modernləşmə məhz milli kadrlara, milli kreativ zümrəyə arxalanmalıdır. Azərbaycanda bu potensialdan səmərəli istifadə modernləşmə baxımından müsbət nəticələrini göstərir. Modernləşmə məqsədilə dövlət əsaslı kapital qoyuluşu hesabına həyata keçirilən layihələrin əsas məqsədi insanların yüksək rifahının, firavan yaşayışının təmin edilməsidir. Regionlarda və paytaxt Bakıda qlobal layihələrin həyata keçirilməsi - yeni yolların, körpülərin, piyada keçidlərinin salınması, kommunal xarakterli problemlərin həlli, abadlıq, quruculuq tədbirlərinin genişləndirilməsi infrastrukturun müasirləşdirilməsi yolu ilə insanların həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Bu tədbirlər nəticəsində həm də insanların düşüncə və yaşayış tərzi, həyata baxışı dəyişir, modernləşmənin mahiyyəti ictimai təfəkkürdə aydın dərk edilir, yeni texnologiyalar daha sürətlə mənimsənilir.
Akademik Ramiz Mehdiyev yaradıcı tədqiqatlara əsaslanan kreativ modernləşmənin vacibliyini də önə çəkir: "Prezident İlham Əliyev və onun komandası bəzi Asiya dövlətlərinin təcrübəsini öyrənərək özləri üçün müəyyən etmişlər ki, böyük, ambisiyalı məsələlərin həlli üçün qeyri-standart yollar axtarmaq, modernləşməni elmin son nailiyyətləri, yeni texnologiyalar və idarəetmə metodları əsasında həyata keçirmək lazımdır. İqtisadiyyatda, siyasətdə, elm və təhsildə, sosial sahədə, mədəniyyətdə yaradıcı tədqiqatlara əsaslanan innovativ "kreativ" modernləşmə vacibdir. Bu innovativ tədqiqatları real ictimai təcrübədə tətbiq etmək gərəkdir. Dövlət vəzifələri zamanın tələbinə uyğun dərk etməsə, özünü tarixin arxa planına atacaqdır. İnnovativ modernləşmə öz tipologiyasına görə təkamülyönlü inkişafa yaxındır. Bu, Azərbaycanın inkişaf strategiyasının ruhuna tam cavab verir".
İqtisadiyyatın innovativ
inkişafı
"XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" əsərində iqtisadi modernləşmə prosesi geniş təhlilə cəlb olunmuş və məsələyə münasibətdə klassik və çağdaş nəzəriyyələrin müqayisəli şəkildə təhlili aparılmışdır. Müəllifin fikrincə, klassik modernləşmə nəzəriyyəsinə uyğun olaraq ənənəvi cəmiyyətin müasir cəmiyyətə, yəni aqrar cəmiyyətin sənaye cəmiyyətinə transformasiyası modernləşmə, müasir cəmiyyətin postmodern cəmiyyətə, yəni sənaye cəmiyyətinin postsənaye cəmiyyətinə transformasiyası isə postmodernləşmə kimi səciyyələnir.
Azərbaycan iqtisadiyyatının modernləşməsi ilə bağlı dəyərli fikirləri göstərir ki, görkəmli filosof nəzəri və təcrübi bilikləri uğurla sintez edərək inkişafın yeni təmayüllərini dürüst şəkildə müəyyənləşdirmişdir. Müəllif haqlı olaraq vurğulayır ki, birinci istiqamət məhz respublikanın innovativ inkişafıdır. Bu istiqamət Azərbaycan şirkətləri tərəfindən müasir texnologiyaların mənimsənilməsini, yeni, rəqabətədavamlı məhsullar istehsalının təmin edilməsini və ixrac bazarlarının genişlənməsini nəzərdə tutur. Əsərdə inkişafın ikinci istiqaməti kimi dinamik inkişaf edən bazar təsisatlarının möhkəmlənməsini və rəqabətin təmin edilməsini diqqətə çəkir. Bu istiqamət sahibkarlığın inkişaf etdirilməsini, ölkə iqtisadiyyatına investisiyaların cəlbini nəzərdə tutur.
Akademik Ramiz Mehdiyevin fikrincə, milli inkişafın üçüncü istiqaməti milli iqtisadiyyatın daha da şaxələndirilməsini, müasir texnologiyaların tətbiqi ilə məhsul istehsalının genişləndirilməsini, emal sənayesinin və "biliklər iqtisadiyyatı"nın rəqabət qabiliyyətinin artırılmasını nəzərdə tutur. Dördüncü istiqamət olaraq "insan kapitalı"nın yeni keyfiyyətinə nail olunması, yaradıcı düşünə bilən kadrların yetişdirilməsi, onların hazırlıq səviyyəsini kreativ iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması zəruriliyi vurğulanır. Nəhayət, modernləşmənin beşinci istiqaməti kimi iqtisadi artımın yeni mənbələrinin yaradılması üzrə işin davam etdirilməsi zərurətindən söhbət açılır. Müəllifin fikrincə, Bakı-Tbilisi-Qars dəmir yolunun və beynəlxalq dəniz ticarəti limanının tikintisinin başa çatdırılması bu məqsədə nail olmağa kömək edəcək, ölkənin tranzit potensialını xeyli artıracaqdır.
Əsərdə qarşıdakı illərdə ümumi daxili məhsul istehsalında əsas ağırlığın məhz qeyri-neft sektorunun üzərinə düşəcəyi də xüsusi qeyd olunur: "Hökumətin planlarına görə, ölkədə adambaşına düşən ümumi daxili məhsulun (ÜDM) həcmi inkişaf etmiş ölkələr səviyyəsində olmalıdır. Hazırda bu göstərici 7 min dollardan bir qədər artıqdır. 2003-2011-ci illərdə ÜDM-in üç dəfə artdığını nəzərə alsaq, bu, çox böyük tərəqqinin göstəricisidir. Növbəti on il ərzində ÜDM minimum iki dəfə artmalıdır. Bu artım əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin ediləcəkdir".
Akademik Ramiz Mehdiyevin son əsərində yer almış fikirlər həm də onu göstərir ki, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında neftdən qazanılan gəlirlərin insan kapitalına çevrilməsi tədbirləri geniş əksini tapacaqdır. Konsepsiyanın hazırlanması zamanı iqtisadi inkişafın yeni innovativ metodlar əsasında sürətləndirilməsi və bu kontekstdə texnoloji modernləşmə prosesinin həyata keçirilməsi məsələləri də diqqətdə saxlanılacaqdır.
Dünya təcrübəsi göstərir ki, texnologiyalar sahəsində innovasiya təmayüllü kiçik və orta sahibkarlığa kömək, xarici şirkətlərin və potensial investorların innovasiya sahibkarlığının inkişafına cəlb olunması, inkişafın müxtəlif mərhələlərində innovativ texnoloji layihələrə yerli və xarici investisiyaların cəlb olunması infrastrukturun inkişafı baxımından vacib amillərdən biridir. Eyni zamanda, yeni iş yerlərinin yaradılmasına nail olmaq, yüksək ixtisaslı və beynəlxalq təcrübəyə malik mütəxəssislər yetişdirmək, birgə tədqiqat layihələri, regional innovasiya sistemi formalaşdırmaq, yeni müəssisələrin yaranmasına münbit şərait yaratmaq, ümumi iqtisadi inkişafda informasiya-kommunikasiya texnologiyalarının (İKT) xüsusi çəkisini artırmaq və s. bu kimi mühüm məqsədlərin reallaşdırılması üçün inkişaf etməkdə olan ölkələrdə yüksək texnologiyalar üzrə xüsusi iqtisadi zonaların yaradılması vacibdir. Məhz bu baxımdan, Azərbaycanda İKT üzrə texnoparkların və elmyönümlü inkubatorların yaradılması istiqamətində müəyyən tədbirlərin həyata keçirilməsi vacib məqsədlər kimi qarşıda durur.
Ümumdünya İqtisadi Forumunun informasiya texnologiyalarının inkişafına (Global Information Technology Report 2012) dair yeni hesabatında Azərbaycan İKT-nin inkişaf səviyyəsinə görə 142 ölkə arasında 61-ci olmuşdur Azərbaycan reytinqdə 3,9 balla ötənilki mövqeyini 9 pillə yaxşılaşdırmışdır. Bu, ölkəmizdə İKT sahəsində böyük inkişaf potensialının mövcudluğunu bir daha təsdiqləyir.
Modernləşmədə kreativ gəncliyin
rolu
Azərbaycanda müasir dövrün çağırışlarını həssaslıqla duyan yeni təfəkkürlü, kreativ gəncliyin formalaşdırılması zərurəti daha çox dövlət idarəçiliyinin müasirləşdirilməsi, "elekton hökumət"in yaradılması, bir sözlə, bütün sahələrdə idarəetmənin kompyuterləşdirilməsi, innovasion yeniliklərin tətbiqi ilə bağlıdır. Kreativ gəncliyin yetişdirilməsi zərurəti həm də insan kapitalının gücləndirilməsini tələb edir. İqtisadi modernləşmə və demokratikləşməni təmin edən mühüm faktorlardan biri də məhz insan resurslarının inkişafı, elmin, təhsilin, informasiya texnologiyalarının səviyyəsinin durmadan yüksəldilməsidir. Məhz bu reallıqlardan çıxış edən akademik Ramiz Mehdiyev yazır ki, modernləşmə hər bir şəxsiyyətin yaradıcı potensialının açılmasını təmin etməklə yanaşı, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarının yaxınlaşmasını reallaşdırmaqla, ölkənin daha yüksək inkişaf pilləsinə keçməsini nəzərdə tutur. Müəllifin təhlillərinə əsasən, bu proses yalnız "insan kapitalı"nın formalaşmasının, cəmiyyətin hərtərəfli inkişafının əsas amili olan təhsil sisteminin modernləşdirilməsi sayəsində mümkündür.
Əsərdə yer almış bu fikir də xüsusi maraq doğurur ki, müasir dövrdə şəxsiyyətin siyasi sosiallaşması prosesi əhalinin məhz gənclərdən ibarət qrupuna ünvanlanır, daha dəqiqi, gənclər öz maraqlarında, baxışlarında, dəyərlərində, mədəni davranışlarında əhəmiyyətli dəyişikliklərə məruz qalırlar: "Gənc nəsil tamamilə haqlı olaraq öz ölkəsinin sabitliyinin və inkişafının əsas amili, cəmiyyətdə fundamental dəyişikliklərin aparıcı qüvvəsidir. Azərbaycan dövlətinin əhalisinin 66 faizini 35 yaşınadək gənclərin təşkil etməsi faktını nəzərə alsaq, tam məsuliyyətlə söyləmək olar ki, mədəni praktika kimi təhsil təkcə əmək bazarı üçün mütəxəssis hazırlanmasına deyil, ilk növbədə şəxsiyyətin formalaşmasına və millətin mədəni təcrübəsinin müəyyən hissəsinin nəsillər vasitəsilə ötürülməsinə cavabdeh olan institutdur. Məhz buna görə Prezident İlham Əliyev milli təhsil sisteminin inkişafı məsələsini Azərbaycanın gələcək inkişafının əsas şərti kimi göstərmişdir. Prezident hesab edir ki, Azərbaycanın inkişafının yeganə yolu təhsildən, müasir biliklərdən, intellektual əməyin inkişafından, informasiya və kompyuter texnologiyalarının geniş tətbiqindən keçir".
Təhsilin beynəlmiləlləşməsi, qlobal rəqabət şəraitində intellektual səviyyənin daim artırılması və xidmətlər sahəsinin prioritet olması üçün zəruri şərait yaradılması son dərəcə vacibdir. Bütün bunlara nəzərən akademik Ramiz Mehdiyev yazır ki, müasir hakim elitanın üzərinə düşən vəzifə XXI əsrdə Azərbaycanın siyasi, iqtisadi və sosiomədəni gerçəkliyini modernləşdirməkdən ibarətdir. Müəllifin fikrincə, gənc, kreativ və intellektual insanların istedadından istifadə edilməsi, dövlətin innovasiyalı inkişafını və həyata keçirilən siyasətin varisliyini təmin etməyə qadir olan əsas amildir. Odur ki, milli təhsil sistemi müasir dövrün tələblərini və standartlarını, yeni nəslin yetişdirilməsi və tərbiyə olunması sahəsində bilikləri və texnologiyaları, dünyada cərəyan edən ümumi meyillərə müvafiq olan metodları əhatə etməlidir. Əsərdə həmçinin vurğulanır ki, Azərbaycan təhsil sisteminin başlıca vəzifəsi ölkənin fasiləsiz modernləşdirilməsi və inkişaf etmiş cəmiyyətə tam transformasiyası üçün zəruri olan insan kapitalının keyfiyyət və kəmiyyətcə artırılmasından ibarətdir. Bu səbəbdən, milli təhsil sisteminin modernləşdirilməsi insan kapitalının inkişafı çağırışlarına cavab verən əsas amilə çevrilir. Azərbaycanın biliklərə əsaslanan qlobal iqtisadiyyata qoşulması milli innovativ infrastrukturun yaradılmasını tələb edir.
Ümumilikdə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "XXI əsrdə Azərbaycan ideyası kreativ millət kontekstində" əsərindən hasil olan ümumi qənaət belədir ki, Azərbaycanda təkamül yolu ilə gerçəkləşən, tədrici xarakter daşıyan modernləşmə prosesi, ilk növbədə, idarəçiliyə yeni ruh və müasirliyin, habelə innovativ yeniliklərin gətirilməsi prinsipinə əsaslanır. Məhz bu transformasiya davamlı iqtisadi inkişafı şərtləndirməklə, ölkədə dövlətçilik ənənələrinin möhkəmlənməsini, siyasi-intellektual elita ilə xalqın yaxın mənəvi bağlılığını təmin edir.
Əlican BABAYEV,
Azərbaycan Dövlət
İqtisad
Universitetinin "İqtisadi nəzəriyyə-1"
kafedrasının müdiri, iqtisad
elmləri
doktoru, professor
Azərbaycan.- 2012.- 25 iyul.- S. 3.