Londona fərəhlə, Bakıya zəfərlə

 

 Bütün dünyanın maraqla gözlədiyi sayca XXX Yay Olimpiya Oyunlarının başlamasına  iki gün qalır. Artıq dünyanın ən mötəbər, nüfuzlu beynəlxalq idman yarışında mübarizə aparacaq komandalar turnirin təşkil olunduğu Böyük Britaniyanın paytaxtı  Londona yola düşür.

Son dövrlərdə idman sahəsində əldə etdiyi uğurlu nəticələrlə beynəlxalq idman aləmində öz layiqli yerini tutmuş Azərbaycan məlum olduğu kimi London-2012-yə  16 idman növü üzrə 53 lisenziya ilə qatılır. Bu isə o deməkdir ki, ölkəmiz müstəqillik tarixində ilk dəfə böyük qrupda yarışmaya qatılır. Qeyd edək ki, Olimpiadada ölkənin atletlərinin sayı 50-dən aşağı olduqda bu, kiçik qrup sayılır. Bununla yanaşı,  Azərbaycan üçün daha bir yenilik XXX Olimpiya Oyunlarında 5 yeni idman növündə təmsil olunmağımızdır. Bunlar kanoe, akademik qayıqlarda avarçəkmə, velosiped, idman gimnastikası və qılıncoynatma idman növləridir.

İyulun 24-də London Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançıların bir qisminin yolasalma mərasimi keçirildi. Gənclər və İdman Nazirliyinin qarşısında böyük çoşqu yaşanırdı. İdmançılar, məşqçilər, federasiya nümayəndələri,  jurnalistlər  və atletlərimizi yola salmağa  gələn  ailə üzvləri sevinc, həyəcan içində idilər.

Olimpiyaçılarımızı yola salan maşın karvanı səhər saatlarında Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinin binasının qarşısından Heydər Əliyev Beynəlxalq Hava Limanına doğru böyük şövqlə istiqamətləndi. Hava limanında  nümayəndə heyəti  coşqulu ab-hava, böyük izdiham, musiqi sədaları ilə qarşılandı.

Buraya  toplaşan insanların əllərində "Londona fərəhlə, geriyə qələbə ilə", "Bizə qələbə yaraşır", "Olimpiya zirvəsini fəth edək" kimi şüarlar olan plakatları görmək mümkün idi.

Otuz iki idmançıdan ibarət ilk heyətin tərkibində boksçular, üzgüçülər, qılıncoynadanlar, atletlər, cüdoçular və ağır atletlər yer alırdılar. Digər 3 səfər iyulun 26-da, avqustun 2-də və avqustun  4-də olacaq.

Yolasalma mərasimində idmançılarımız çox böyük sevinç içərisində idilər. Azarkeşlərin onlara bəslədiyi hörmət, sevgietimad  olimpiyaçılarımızda ruh yüksəkliyi yaratmışdı. Bunları onların gözlərindən oxumaq olurdu.

Londona yola düşən bəzi idmançılarımızla görüşüb söhbət etdik. Onların fikirlərini təqdim edirik:

 

 

Elnur MƏMMƏDLİ:

 

"Yenidən çempionluq sevinci yaşamaq istəyirəm"

 

"Olimpiadaya çox böyük bir əhval-ruhiyyə ilə qatılırıq. İnanırıq ki, bu-dəfəki çıxışımız daha məhsuldar olacaq.

İnşallah, vətənə medallarla qayıdacağıq. Çalışacağıq ki, dövlət himnimiz səslənsin, bayrağımız yüksəklərdə dalğalansın. Bildiyimiz kimi, Milli Olimpiya Komitəsinin prezidenti, dövlət başçısı cənab İlham Əliyevin ölkəmizdə idmana və idmançılara göstərdiyi diqqət və qayğı çox böyükdür.  Bütün bunlar biz idmançıları daha böyük zəfərlər əldə etməyə ruhlandırır.

Olimpiadaya hazırlıq prosesiniçox yaxşı keçmişik. Bilirik ki,  Azərbaycan xalqı bu dəfə də bizdən böyük nailiyyətlər gözləyir. Bu gün  Londona belə yüksək əhval - ruhiyyə ilə yollanırıq.  Əsas məqsədim yenidən Olimpiya çempionu olmaqdır. Çünki bunu edəcəyim təqdirdə ölkəmizin adına yeni bir rekorda imza atmış olacağam.  Arzum budur ki, biz Olimpiadadan gələndə də belə sevinc olsunbu cür yüksək səviyyədə qarşılanaq. Bunun üçün isə Londondan uğurla qayıtmalıyıq".

 

 

Layeş ABDULLAYEVA:

 

"Ən böyük arzum gerçəkləşdi"

 

 "Bu gün çox fərəhli haldır ki, London Olimpiadasına belə möhtəşəm bir təntənə ilə yollanırıq. Bu, mənim karyeramda ilk Olimpiyadadır.

Mötəbər turnir mənim üçün böyük bir sınaq olacaq. Buna görə də çox sevincli və həyəcanlıyam. Azərbaycan bayrağının altında dünyanın ən nüfuzlu idman yarışında çıxış etmək hər bir idmançının arzusudur. Bu gün arzum gerçəkləşdiyinə görə özümü çox xöşbəxt hiss edirəm.

London-2012-yə çox ciddi şəkildə hazırlaşmışam. Ən azından Vətənə bir bürünc medalla qayıtmağı söz verirəm. Çünki dövlət tərəfindən biz idmançılara göstərilən diqqət və qayğının qarşısında bunu etməyə borcluyuq. Bu gün burada bizə yolasalma mərasimi keçirilir. İnanılmaz bir sevincatmosfer var. Bu, bizi qələbə qazanmağa daha da ruhlandırır. Bir anlıq xəyala daldım və Olimpiya çempionu kimi Vətənə qayıdacağımı düşündüm. Bu möhtəşəmdir. İnşallah, xəyalım gerçəkləşər".

 

 

London-2012-nin hakimi Əjdər CƏFƏROV:

 

"Ölkəmizin idman şərəfini layiqincə qoruyacağıq"

 

"Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi, London Olimpiadasında hakimlik edəcək beynəlxalq dərəcəli azərbaycanlı referi kimi mən ölkəmizin idman şərəfini layiqincə qorumaq üçün əlimdən gələni əsirgəməyəcəm.

Respublikamızın istənilən sahədə artan imkanları bütün sahələrə olduğu kimi, idman sahəsinə də öz təsirini göstərir. Bu gün Azərbaycanda idmana böyük maraq var. Yetişməkdə olan gənc nəsil idmanın müxtəlif növləri ilə məşğul olmağa başlayıb. Bunun səbəbi isə odur ki, dövlət səviyyəsində idmana qayğı göstərilir.

Təsadüfi deyil ki, idmanın inkişafı hər zaman olduğu kimi, bu gün də dövlət siyasətində prioritet məsələlərdəndir. Məhz dövlətin davamlı olaraq göstərdiyi diqqət və qayğının nəticəsidir ki, ölkəmizin idman uğurları ildən-ilə artmaqdadır. Biz isə bu inkişafdan qürur duyuruq və bacardığımız qədər gənclərə yardım etməyə çalışırıq. Olimpiadaya yollanacaq güləş üzrə milli komandamızın son durumuna gəldikdə isə deyə bilərəm ki, yığmamızın üzvləri artıq təlim-məşq toplanışını yekunlaşdırmaq üzrədirlər. Hər bir idmançı AGF-in rəhbərliyinin nəzarətindədr. Yunan-Roma güləş növü üzrə Olimpiadada mübarizə aparacaq idmançılarımız hazırda öz çəkilərinə nəzarət prosesindədirlər. Sərbəst güləşçilərimiz hələ də Bakıda hazırlıqlarını davam etdirirlər. Qadın idmaçılarımız isə Ukraynada təlim-məşq toplanışındadırlar və avqust ayının 1-də Bakıya dönəcəklər. Bütün hazırlıqlar yüksək səviyyədə keçib. Ümid edirəm ki, bu hazırlıqların nəticəsində idmançılarımız Azərbaycanı layiqincə təmsil edəcəklər".

 

 

 Vətən HÜSEYNLİ:

 

"İnanıram ki, üçrəngli bayrağımızı yüksəklərə qaldıracağam"

 

"Boks üzrə yığma komandamız London Olimpiadasına yüksək səviyyədə hazırlaşıb. İnanıram ki, Azərbaycanın üçrəngli bayrağını yenə də yüksəklərə qaldıracağam.

London-2012-yə vəsiqəni Trabzonda keçirilən lisenziya turnirində ikinci yeri tutaraq qazanmışam. Son hazırlıq prosesini İtaliyada keçirmişik. Orada təlim-məşq toplanışı çox yüksək səviyyədə olunub. Yığmamızın üzvləri İtaliya, İrlandiyaKuba idmançıları ilə hazırlıq prosesi keçiblər. Biz, boks yığmamızın 7 üzvü Londona böyük ümidlərlə yollanırıq. İstəyimiz vətənə medallarla qayıtmaqdır. Bizə olan etimadı doğrultmağa çalışacağıq.

Mən yarışlarda rinqə 81 kq çəki dərəcəsində mübarizə aparan idmançılarla çıxacam. Ona görə də rəqiblərimlə əvvəlcədən maraqlanmışam. Onların döyüşlərini izləmişəm. Tanıdığım və tanımadığım boksçularla yəqin ki, üz-üzə gələcəm. Onların arasında son dünyaAvropa çempionları da var. Ancaq rəqiblərin nailiyyətləri məni qorxutmur. Olimpiadada zəif rəqib olmur. Ona görə də bu yarışmaya ciddi hazırlaşmışam. İnanıram ki, zəhmətim hədər getməyəcək. Komandamızda psixoloji vəziyyət çox yüksək səviyyədədir. İnşallah, Londonda Azərbaycan himnini dəfələrlə səsləndirərik və hər şey bizim üçün uğurlu olar".

 

 

Teymur MƏMMƏDOV:

 

"Vətənə mütləq medalla qayıtmalıyıq"

 

 "Qürurverici haldır ki, boks üzrə milli komandamız Olimpiadaya 8 idmançı ilə qatılır. Bunlar dünya, Avropa çempionları, mükafatçıları olan idmançılardır.

Bu isə o deməkdir ki, mütləq Vətənə medalla qayıtmalıyıq. Medalın hansı əyarda olacağını isə Londonda görəcəyik. Ancaq sözsüz ki, medal qazanacağıq. Bilirəm ki, medal qazananlar sırasında ən iddialı namizədlərdən biriyəm. Bütün bunlar istər-istəməz məsuliyyət hissimi artırır.

Hazırlıq prosesini çox yaxşı keçmişik. Dünyanın bir çox ölkələrində təlim-məşq toplanışlarında olmuşuq. İnanıram ki, bütün bunlar öz bəhrəsini verəcək və Olimpiya çempionu olaraq, Azərbaycan xalqını sevindirəcəm. Mənə elə gəlir ki, ən böyük qələbə zalda dövlət himnimizin səslənməsi və bayrağımızın ən yüksəkdə dalğalanmasıdır. Bundan böyük sevincola bilər axı? Bütün idmançılara uğurlar arzulayıram. Bu dəfə ki medalların sayının digər Olimpiya oyunlarına nisbətən  daha çox olacağına inanıram".

 

 

Kifayət QASIMOVA:

 

"Formada olduqda hər bir idmançıya qalib gəlmək mümkündür"

 

"Keçən il Avropa çempionatından əvvəl demişdim ki, nə dərəcədə çətin görünsə də 2012-ci ildə keçiriləcək London Olimpiadasına vəsiqə qazanmaq istəyirəm.

London Olimpiadasına vəsiqə qazanmaq üçün öz çəki dərəcəmin reytinqində ilk "13-lük"də yer almalıydım. Düşünürdüm ki, London Olimpiadasına qatılmaq şansım yarıbayarıdır. Olimpiadaya vəsiqə qazanacağım təqdirdə çalışacaqdım ki, mükafata layiq 3 yerdən birini tutum. Bu gün isə mən XXX Yay Olimpiya Oyunlarında iştirak etmək üçün Londona yola düşən idmançılar sırasındayam.

Bir il əvvəl mənim üçün Londona getmək nə qədər çətin görünsə də, bu gün sevincimin həddi-hüdudu yoxdur. Çox güclü məşq prosesi keçmişik. Əlimizdən gələni əsirgəməmişik. Çalışacağıq ki, Azərbaycana medalla qayıdaq. Rəqiblərim də güclüdürlər. Amma formada olduqda hər bir idmançıya qalib gəlmək mümkünür. Olimpiada qalibi olmaq hər bir idmançının arzusudur. İdmana göstərilən qayğıya görə cənab Prezidentimiz İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Həmçinin Cüdo Federasiyasına və federasiyasının prezidenti Füzuli Ələkbərova minnətdaram".  

 

 

Elçin CƏFƏROV,

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2012.- 25 iyul.- S. 5.