Bayrağımız qürurumuzdur

 

Hacıqabul şəhərinin ən yüksək hissəsində bir meydan var. Bura Dövlət Bayrağı meydanıdır. Bakı istiqamətində şəhərə giriş buradan başlanır. Respublikamızın qərb istiqamətinə də magistral şose yolu onun yanından keçib gedir.

Bir neçə il bundan əvvəl daşlı-kəsəkli, kollu-koslu bir ərazi idi bura. İndi isə qürurumuz, iftixarımız olan üçrəngli bayrağımız dalğalanır. Şəhərin hər yerindən görünən bayraq dirəyinin hündürlüyü 52 metrdir. Hazırda meydanın ərazisində tikinti-abadlıq işləri görülür. "Nur-İnşaat" MMC-nin ustaları, fəhlələri divar hörür, zövqlə onu daş layı ilə üzləyir, səkilərə tamet düzürlər. Bir hektara yaxın ərazidə yaşıllıq salınmış, müxtəlif gül kolları və bəzək ağacları əkilmişdir. Buradan şəhərin mərkəzinə gedən küçədə də təmir işləri görülür.

Meydanın özəlliyindən biri də ondadır ki, onun bir tərəfində xalq qəhrəmanı Koroğlunun böyük daş lövhə üzərində kompozisiyası yaradılır. Şahə qalxan Qıratın üstündə Koroğlu qılıncını qınından sıyırıb irəli şığıyır. Bu isə buradan keçən, habelə meydanı seyr edən hər bir azərbaycanlıda qürur hissi doğurur, erməni işğalı altında olan torpaqlarımızın nəyin bahasına olursa-olsun geri qaytarılacağına inam yaradır, hər birimizi səfərbər olmağa səsləyir.

 

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2012.- 25 iyul.- S. 6.