Qədim Katexin müasir siması

 

 Katex kəndinin adı elə Balakənin adı qədər məşhurdur desək, yanılmarıq. Bakı-Zaqatala-Gürcüstan avtomobil magistralının üstündə yerləşən bu kənd "kürəyi"ni dağlara söykəyib. Çox axar-baxarlı mənzərəsi var. Əslində, avtomobil magistralı Katexi yarıya bölür. Yolun hər iki üzündə ağ-qara daşlı hasarlar, səliqəli və yaraşıqlı evlər, birki, çalışqan, zəhmətkeş kənd sakinləri... İlk yaranan təəssürat budur. Katexlilərin mehribanlığına və qonaqpərvərliyinə də söz ola bilməz. Bir dəfə payız aylarının birində kəndin içindən keçərkən telefonla danışmaq üçün avtomobilimizi kənara çəkib saxladıq. Bir andaca başımıza xeyli adam toplaşdı: "Xoş gəlmisiniz" deyən kim, kömək təklif edən, hal-əhval soruşan, hətta çaya dəvət edən kim... Əlbəttə, bu münasibəti görmək çox xoşdur. Ancaq bu yerlərə bələd olduğumuzdan onu da bilirdik ki, belə qonaqpərvərliyin arxasında mütləq bir "yoxlama", bir ayıq-sayıqlıq da var - naməlum qonağı anında tanımağa, məramını, məqsədini bilməyə çalışırlar. Bu xüsusiyyət sərhəd bölgəsi sakinlərinə xasdır və çox təqdir olunası haldır.

Katexin girişində kənd bələdiyyəsinin daxili imkanları hesabına bir hektara yaxın ərazidə istirahət parkı salınır. Bələdiyyə sədri Cavanşir Piriyev bildirdi ki, parkda son tamamlama işləri də yekunlaşmaq üzrədir.

Mayın 7-də və 18-də baş verən zəlzələlərdən sonra Katexin də qayğıları artıb. İlk təkanlardan, çatlar yaranandan sonra Fövqəladə Hallar Nazirliyinin komissiyası ilə birgə 209 evə və müəyyən obyektlərə baxış keçirilib. Nəticədə 44 ev, 1 məscid, 1 bağça, Qarahacılı tam orta məktəbinin binası qəzalı, 61 ev normal sayılıb. 39 evdə bərkitmə-gücləndirmə, 65 evdə isə təmir planlaşdırılıb.

Mayın 18-də baş verən zəlzələdən sonra isə 86 evə baxılıb. Bu dəfə 4 ev qəzalı, 31-i normal sayılıb. 35 evdə təmir, 16 evdə bərpa-gücləndirmə işləri nəzərdə tutulub. Sonrakı günlərdə bütün müraciətlərə diqqətlə yanaşılıb ərizələr müvafiq komissiyaya çatdırılıb.

7678 nəfər əhalisi, 1258 təsərrüfatı olan Katex kəndində müxtəlif millətlərin nümayəndələri yaşayır. Avarlar, saxurlar, ruslar, ləzgilər, azərbaycanlılar Katexi eyni məhəbbətlə sevirburada həyatın enişli-yoxuşlu, dolanbac yolları ilə çiyin-çiyinə addımlayırlar. Ürəklə bir-birinin qapılarını döyür, qız alır, qız verirlər. Elə Balakən RİH başçısının Katex kəndi üzrə icra nümayəndəsi Məmməd İsayev də avardır. Sovet dövründə kolxozda təsərrüfat briqadiri olub. Kənddə böyükdən-kiçiyə hamının "dili"ni bilir. Söhbət əsnasında M.İsayev qeyd etdi ki, katexlilər çox zəhmətkeş olduqlarına görə onlarla hər çətinliyin öhdəsindən gəlmək mümkündür.

Katexdə 5-i tam orta, 1-i ümumi olmaqla 6 məktəb fəaliyyət göstərir. Bu məktəblərdə 880 şagirdin təlim-tərbiyəsi ilə 183 müəllim məşğul olur. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı xətti ilə 2008-ci ildə 180 yerlik ümumi, 2011-ci ildə 230 yerlik ikimərtəbəli tam orta məktəb binaları tikilib istifadəyə verilib. Şəhid Mübariz Şabanovun adını daşıyan 3 nömrəli orta məktəb isə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib. 230 yerlik ikimərtəbəli Katex zavod tam orta məktəbinin binası isə yeni dərs ilinə qədər hazır olmalıdır.

Kənddəki 2 nömrəli məktəb avarların daha çox yaşadığı ərazidə yerləşir. Bu məktəbdə 4-cü sinfə qədər avar dilində dərslər keçilir.

Katexdə 2 uşaq bağçası, 2 mədəniyyət evi, 2 elektron ATS, 4 kitabxana, 1 şadlıq evi, 2 aptek, 1 poçt şöbəsi, 1 tibb məntəqəsi, 70-ə yaxın ticarət obyekti fəaliyyət göstərir. Mədəniyyət evinin biri təmirsizdir.

İcra nümayəndəsi Məmməd İsayevlə kənddəki "Şəhidlər kompleksi"nə də baş çəkdik. Katex vətən torpaqlarının müdafiəsi uğrunda iyirmi övladını şəhid verib. Bu kənddə də Qarabağ müharibəsi, Əfqanıstan, Çernobıl əlillərinə qayğı ilə yanaşırlar. İkinci dünya müharibəsi veteranlarından isə ikicə nəfər qalıb - Möhmə Zodorov və Əsəbömər Qurbanov. Yaşlarının çoxluğuna baxmayaraq, hər ikisi gənclərlə tez-tez görüşür, onlara öz döyüşçü həyatlarından, vətən uğrunda hər cür fədakarlıqlara hazır olmağın şərəfindən söhbət açır, ordu sıralarına yola düşənlərə ağsaqqalveteran xeyir-duası verirlər. Hazırda Katexdən 70-ə yaxın gənc Silahlı Qüvvələrin sıralarında hərbi xidmətdədir.

Katexlilərin əsas məşğuliyyəti maldarlıq, kənd təsərrüfatı işləri və arıçılıqdır. Bütün Balakəndə olduğu kimi, Katexdə də xurma ağacları çoxdur. Meyvə yetişən zaman satılan satılır, qalanın da bir hissəsindən bəhməz bişirilir, bir hissəsi isə elə ağacların başında qurda-quşa yem olurdu. Son dövrlərdə kənd təsərrüfatı məhsullarını saxlama anbarının tikilməsi qismən də olsa, "xurma problemi"nin həllinə kömək edir. Ötən illərdə arıçıların mövsümi dağ köçünə yaradılan süni əngəllər də aradan qaldırılıb.

Kənd əhalisinin 90 faizi təbii qazdan istifadə edir. Katexin ümumilikdə 170 kilometrlik əsas qaz xətti var. Elektrik dirəklərinin dəyişdirilməsinə başlanılıb. İnternet üçün ikinci ATS quraşdırılıb. Tezliklə 48 nəfər sürətli internetə qoşulacaq.

Kənd əhalisinin suvarma içməli su sarıdan çətinliyi yoxdur. 7 arteziandan əlavə 1 quyu da qazılır.  

Katexdə dövlət qeydiyyatına alınmış tarixi abidələr mövcuddur. Dördbucaqlı qala, Müdafiə qalası, VI əsrə aid divarlar, 3 qədim məscid... Şübhəsiz, turizmin inkişafına diqqət artırılsa, bu qədim abidələr qonaqlar üçün maraqlı olar Katexin sorağı daha uzaqlara yayılar.

Hələliksə Katex öz adi qayğılı kənd həyatını yaşayır. Zəlzələlərdən sonra ziyan çəkmiş sökülməli evlər sökülüb, yerləri təmizlənib layihə üzrə yeni evlərin tikintisi üçün qazıntı işlərinə başlanılıb. Ancaq katexlilər təkcə bu qayğılarla yaşamırlar, bilirlər ki, dövlətin yüksək dəstəyi sayəsində zəlzələnin fəsadları da aradan qaldırılacaq sakinlər bütün diqqətlərini yenidən əkin-biçin, bağ-bağat işlərinə yönəldəcəklər. Əslində, indi belədir - bir əlləri tikintidə, bir əlləri məhsul yığımındadır.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2012.- 25 iyul.- S. 6.