Masallı 2012-ci ilin folklor
paytaxtıdır
Masallı ölkəmizin qədim yaşayış məskənlərindəndir. Xalqımıza, xüsusilə cənub bölgəsinə məxsus olan, yüz illər, min illər yol keçib gələn adət-ənənələr, folklor nümunələri bu gün də burada yaşamaqdadır. İnsanların ən sevincli və kədərli vaxtlarında - beşik başında, tarlada, inək sağanda, xəmir yoğuranda, nehrə çalxayanda, qız köçürəndə, oğul evləndirəndə və digər mərasimlərdə yaranıb onlar: laylalar, oxşamalar, bayatılar, əfsanələr, rəvayətlər, lətifələr, söyləmələr, nəğmələr.
Xalqımızın bu əvəzsiz mənəvi dəyərlərini qorumaq, gələcək nəsillərə çatdırmaq çox mühüm əhəmiyyət kəsb edir. Çünki ana dili kimi, folklor da xalqın mənəvi diriliyi, milli kimliyidir. Qeyd etməliyik ki, internet mühitində yaşayan indiki yeniyetmələrin çoxu xeyli vaxtını kompyuter arxasında keçirir, yaşlı nəsil nümayəndələri, xüsusilə baba-nənələri ilə az təmasda olduqlarından şifahi ədəbiyyat nümunələrini az eşidirlər. Elə buna görə də folklorumuzun təbliği ilə bağlı son illər tədbirlər görülməkdədir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "2010-2012-ci illər üçün xalq yaradıcılıq paytaxtları" proqramı tərtib olunub. Proqrama əsasən, 2012-ci ildə Masallı "Azərbaycanın folklor paytaxtı" elan edilib. Bununla bağlı təşkilat komitəsi yaradılıb. Rayonun şəhər, qəsəbə və kəndlərində yaşayan yaşlı nəslin nümayəndələri, ziyalılar və din xadimləri ilə görüşlər keçirilib, söhbətlər aparılıb. Cari ilin mart ayından indiyə kimi ayrı-ayrı adamların sinəsində, yaddaşında yatıb qalan bir çox folklor nümunələri aşkarlanaraq qələmə alınıb. Bu yaxınlarda isə Masallı Rayon İcra Hakimiyyətində "Azərbaycan folkloru mədəni sərvətimizdir" mövzusunda elmi-praktik konfrans keçirilib. Folklorşünas alimlərin də iştirak etdiyi konfransda qeyd olunub ki, 100-150 il bundan əvvəl yaşamış bir çox xalq qəhrəmanları: Xoşçobanlıda Qaçaq Mozu, Xırmandalıda Qara Paşa, İslam və başqaları haqqında rəvayətlər bu gün də adamların yaddaşında qalmaqdadır. Masallıda ən çox yayılan folklor nümunələrindən biri halaydır. O, əsasən, xınayaxdı gecələrində ifa olunur. Halay dəstəsində ikidən tutmuş ona qədər adam ola bilər. Halay biliciləri onun mərhələlərini belə sıralayırlar: lolo; uca dağlardan səslərəm; yeri ha yeri; sonalar; yeri kim; yar düymələr şəstin; dəstə eylər; gül eylər; aman; mələk; basma, basma tağları; ha yordu, yordu, yordu; aman, aman. Təsadüfi deyil ki, respublikamızda məşhur olan "Halay" folklor xalq kollektivi burada - Masallı rayonunun Mahmudavar kəndində yaranıb. Onun bünövrəsi 1957-ci ildə həvəskar mədəniyyət işçisi, etno-folklorun, mərasim və əmək nəğmələrinin mahir bilicisi Ümbülbanu Cəbiyeva tərəfindən qoyulub. Qızlardan ibarət dəstənin geniş tamaşaçı kütləsi qarşısında çıxışı isə 1959-cu ildən başlayıb. O vaxta qədər kollektiv kənd toylarında, kiçik şənliklərdə, bir növ, təlim-məşq hazırlığı keçib. Yaxın aylarda kollektivin 55 illiyi rayon ictimaiyyəti tərəfindən geniş şəkildə qeyd ediləcək. Ötən illər ərzində "Halay" respublikamızda və onun hüdudlarından kənarda Azərbaycanın milli folklor incilərinin, xüsusən də cənub bölgəsinin mərasim-oyun nəğmələrinin, bütövlükdə mənəvi dəyərlərimizin təbliği sahəsində çox işlər görüb. Çəkilən zəhmət hədər getməyib. Həvəskar qızlardan ibarət qrup xalq kollektivi adını alıb. Ucqar dağətəyi kəndindən başlanan yaradıcılıq yolu "Halay"ı respublikamızın titullu səhnələri ilə yanaşı, növbəti zirvələrə - Macarıstan, İraq, Türkiyə, Rusiya, ümumilikdə 30-a yaxın ölkədə tamaşaçıların görüşünə aparıb çıxarıb.
Dəfələrlə respublika festivallarının qalibi olan "Halay" folklor kollektivi 2007-ci ildə Türkiyədə uluslararası Novruz şənliklərində Azərbaycanı layiqincə təmsil edib. Təsadüfi deyil ki, tədbirin sonunda qardaş ölkənin Baş naziri R.T.Ərdoğan kollektiv üzvləri ilə görüşüb, onları təbrik edib və Azərbaycanın cənub bölgəsində belə bir yaradıcı dəstənin fəaliyyət göstərməsindən dostcasına məmnun olduğunu bildirib. "Halay" 2008-ci ildə Dağıstanın Mahaçqala şəhərində keçirilən "Dağlı xalqlarının beynəlxalq folklor festivalı"nda da uğurlu kompozisiyaya görə Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə yanaşı, ən yaxşı və zövqlü milli geyimə görə təsis edilən mükafata da layiq görülüb.
Folklor rəqs kollektivinin sonuncu səfəri keçən ilin avqustunda Macarıstana olub. "Halay" ənənəsinə sadiq qalaraq burada keçirilən Ümumdünya folklor festivalından da uğurla qayıdıb. Masallı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri, əməkdar mədəniyyət işçisi Lətifə Mövsümova səfər təəssüratları haqqında belə dedi:
- Bizi macar
torpağında səmimiyyətlə qarşıladılar. Şamdan sonra
"Halazşarda" restoranında
tanışlıq axşamı
oldu. Biz 20 dəqiqə
ərzində milli rəqslərlə yanaşı,
bir neçə folklor-yaradıcılıq elementləri
də təqdim edə bildik.
Səfərin ikinci günü - avqustun 13-ü Macarıstan
günü idi. Bizi ölkənin
paytaxtı Budapeştlə
tanışlığa apardılar.
Dunay çayının hər
iki sahilində qərarlaşmış şəhər
həm klassik tarixi abidələri, həm də müasir dizaynla ucaldılmış monumental tikinti-arxitektura
nümunələrilə diqqəti
cəlb edir. Xüsusi gəmi ilə səyahətdə ölkə
paytaxtını əhatəli
seyr edə bildik.
Həmin gün axşamüstü
"Macarıstana xoş
gəlmişsiniz!" süarı
altında bütün
qruplar üzrə rəqs kollektivlərinin təqdimatı, ayın
14-də isə festivalın
açılışı oldu. Ölkələrin sıralandığı səhnədə biz birinci
dayanmışdıq. Hər kollektiv də öz dövlətinin bayrağı ilə təqdim olunurdu. "Summerfest-2011"ə 20-dən artıq
ölkənin folklor kollektivi gəlmişdi.
Avropa ölkələri
ilə yanaşı, uzaq Kanada, Uruqvay,
Venesuela, Peru, Çin,
Tailandın da bu tədbirə qatılması həyəcan
və məsuliyyəti
daha da artırırdı.
Həmçinin qardaş
Türkiyə, qonşu
Rusiya, eləcə də Estoniya, Fransa, İtaliya, Rumıniya, Çexiya və digər ölkələrin də iştirak etdiyi folklor bayramı gərgin anlar yaşatdı.
"Halay" kollektivi
Qafqaz və Orta Asiyada yeganə
olduğu üçün
bizim rəqslərə
və milli mərasim oyunlarına maraq daha yüksək
idi. Qızlarımız təkcə rəqs
etməklə kifayətlənmir,
həm də yerli sakinlərə və turistlərə öz rəqslərimizi öyrədirdi. Belə tədbirlərdə
müharibə və əmək veteranlarının,
əlillərin qonağı
olduq, saatlarla onlara Azərbaycanın mərasim oyunlarını
təqdim etdik.
Festivalın proqramında növbəti düzənləmə belə idi: ayın 14-ü Şadlıq, 15-i Dostluq günü, sonra Musiqi, Qızıl ürək, Sevgi, Vətəndaş, Bütün macarların həmrəyliyi, 21 avqust isə Vida günü. Kollektivimiz hər yerdə səmimiyyətlə qarşılanır, bizə ölkəmiz, təmsil olunduğumuz rayon, insanlarımız barədə sual verirdilər. Festivalın bağlanış mərasimində bizə qiymətli hədiyyələr, xüsusi diplom təqdim edildi.
"Summerfest-2011"dəki uğurlu çıxışımız ümumi zəhmətin bəhrəsiydi. Folklor nümunələrimizin layiqli təqdimatında rəqqaslar Mətin Ələkbərli, Xəyalə Dadaşova, Heyran və İranə Sadıqovalar, Aynur Nəsirova, Fərizə və Şəbnəm İsgəndərovalar, Arzu və Gülnarə Quliyevalar, musiqiçilər Sakit və Şirvan Müslümovlar, Qabil Niftiyev və Nahid Nəhmətovun əməyi çoxdur.
55 yaşlı "Halay" ölkəmizin, habelə cənub bölgəsinin folklorunu bax belə qoruyur, onu dünyaya tanıtdırır. Təcrübəli kollektiv xalqın nadir incilərinin daim yaşaması üçün öz təcrübəsini, peşə ustalığını gənclər və uşaq qruplarına da böyük səy və həvəslə öyrədir.
S.CAVADOV
Azərbaycan.- 2012.- 25 iyul.- S. 6.