Azərbaycan polisi şərəfli yol keçmişdir

 

İyulun 2-də Azərbaycan polisi yaranmasının 94-cü ildönümünü qeyd etmişdir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu münasibətlə nazir general-polkovnik Ramil Usubovun rəhbərliyi ilə DİN-in kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşları Fəxri xiyabana gələrək  ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə tər çiçək dəstələri düzmüşlər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad olunmuşdur.

Daha sonra DİN-in təmsilçiləri respublikanın ərazi bütövlüyüsuverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanına gedərək "Əbədi məşəl" abidəsini ziyarət etmişlər.

Həmin  gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin peşə bayramına və  2011-2012-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Nazir Ramil Usubov mərasimdə çıxış edərək ötən 94 il ərzində Azərbaycan polisinin şərəfli yol keçdiyini, Vətənə, xalqa, anda sədaqətlə, ləyaqətlə xidmət etdiyini, polis orqanlarının zamanın bütün sınaqlarından mətinliklə çıxdığını, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini vurğulamışdır.

Diqqətə çatdırılmışdır ki, Daxili İşlər Nazirliyi, onun vahid sistemini təşkil edən polisDaxili Qoşunlar dövlətin və xalqın ən çətin anlarında Vətənin müsəlləh əsgəri olmuş, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən respublikamızın ərazi bütövlüyünü mərdliklə qorumuşlar. Bu döyüşlərdə 1695 əməkdaş və hərbi qulluqçu şəhid olmuş, 76 nəfər "Milli Qəhrəman" adına layiq görülmüşdür. Bununla bərabər, müstəqillik illərində cinayətkarlığa qarşı mübarizədə və asayişin qorunmasında 94 polis əməkdaşının həlak olması, 1778 nəfərin xəsarət alması da Azərbaycan polisinin fədakarlığının və əzmkarlığının əyani təsdiqidir.

Nazir qeyd etmişdir ki, ulu öndərin siyasi kursunun layiqli davamçısı olan cənab İlham Əliyevin 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra uğurla həyata keçirdiyi inkişaf strategiyası Daxili İşlər Nazirliyi sistemində də fəaliyyətin beynəlxalq standartlar səviyyəsinə yüksəlməsində mühüm rol oynamışdır. Azərbaycan Prezidenti tərəfindən şəxsi heyətin vəzifə və rütbəyə görə maaşlarının artırılması ilə bağlı  2004-2011-ci illərdə 10 sərəncam imzalanmış, polisin maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmət şəraitinin yaxşılaşdırılması, yeni informasiya texnologiyalarının tətbiqi, müasir infrastrukturun yaradılması istiqamətində mühüm işlər görülmüşdür. Təkcə son 3 ildə nazirliyin aparatının struktur qurumları, ərazi polis orqanları və təhsil müəssisələri üçün bütövlükdə 64 bina, o cümlədən əməkdaşlar və zabit hərbi qulluqçular üçün 6 xidməti yaşayış binası, istirahət və sağlamlıq kompleksis. tikilib istifadəyə verilmişdir.

Beynəlxalq təcrübəyə uyğun həyata keçirilmiş hərtərəfli islahatlar və modernləşmə cinayətkarlığın, onun transmilli növlərinin təhdidlərinə möhkəm sipər çəkməyə, vətəndaşların qanuni mənafelərini etibarlı müdafiə  etməyə tam imkan verir. Artıq uzun illərdir ki, respublikamız ictimai asayişin və əmin-amanlığın qorunması sahəsində Avropa və MDB məkanında lider dövlətlərdəndir.

Daha sonra daxili işlər naziri ölkədə cinayətkarlığa qarşı qətiyyətli mübarizənin və ictimai qaydanın nümunəvi təmin edilməsinin uğurlu nəticələri barədə mərasim iştirakçılarına ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, ölkədə cinayətkarlığa qarşı barışmaz mübarizənin başlanğıcını qoymuş 1994-cü il 9 avqust tarixli fərmandan sonrakı dövrdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 24 mindən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir. Əllərdə qanunsuz saxlanılan 40 mindən çox odlu silah yığılmış və onun tətbiqi ilə törədilən cinayətlərin sayı 11 dəfə azalmışdır. Axtarışda olan 80 mindən artıq təqsirləndirilən şəxs tutulmuş, qanunsuz dövriyyədən 6 tondan çox narkotik vasitə çıxarılmışdır.

Hər il qeydə alınan hüquqazidd əməllərin 90 faizə qədərini məhz böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər təşkil edir. Əhalinin 100 min nəfərinə nisbətdə Azərbaycanda ağır və xüsusilə ağır cinayətlər, o cümlədən qəsdən adam öldürmə və ona cəhdlər, quldurluqlar, soyğunçuluqlar, oğurluqlars. əksər Avropa, AmerikaAsiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır.

Nazir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin kadrların hazırlanması işinə hər zaman xüsusi önəm verdiyini,  bir neçə gün öncə, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimdəki nitqində də gənc kadrların hazırlanması prosesini bizim gələcəyimizi şərtləndirən amillərdən biri kimi vurğuladığını xatırlatmışdır.

Qeyd olunmuşdur ki, indi orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali təhsilli əməkdaşların xüsusi çəkisi 1992-ci illə müqayisədə 58 faizdən 90 faizə, onların tərkibində hüquqşünasların xüsusi çəkisi 33 faizdən 76 faizə yüksəlmişdir.

General-polkovnik Ramil Usubov beş il Polis Akademiyasında mükəmməl təhsil almış, müxtəlif biliklərə yiyələnmiş, insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin, hüquq və azadlıqlarının qorunması kimi çətin, lakin çox şərəfli bir peşəni seçmiş müdavimlərə aldıqları nəzəri bilikləri praktikada uğurla tətbiq etmələrini, peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını, yenilikləri mənimsəmələrini, dünyagörüşlərini və peşəkarlıqlarını daim artırmalarını, xalqa sədaqətlərilə polis adını həmişə uca tutmalarını tövsiyə etmişdir.

Daxili işlər orqanlarının fəaliyyətinə hər zaman yüksək dəyər verdiyinə görə bütün şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlığını bildirən nazir R.Usubov onu əmin etmişdir ki, şəxsi heyət qanunla müəyyən edilmiş mühüm və şərəfli vəzifələri, qarşıya qoyulan tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, xalqa,  Vətənə sədaqətlə xidmət edəcəkdir.

Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov əlamətdar hadisələr - Azərbaycan Polisi Günü və tədris ilinin buraxılışı münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və ən xoş arzularını mərasim iştirakçılarına çatdırmışdır.

Akademiyanın rəisi polis general-mayoru Nazim Əliyev çıxış edərək bu ali polis təhsili ocağının keçdiyi yol, tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması, daxili işlər orqanları üçün yüksək ixtisaslı zabit kadrların hazırlanması istiqamətində son illər görülmüş işlər barədə ətraflı məlumat vermişdir.

Bildirilmişdir ki, 2011-2012-ci tədris ilində Polis Akademiyasını əyani fakültə üzrə 124, qiyabi fakültə üzrə 192, ümumilikdə 314 məzun bitirir.

Tədbirin sonunda  daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş məzunlara diplomları və "polis baş leytenantı" xüsusi rütbələrinin paqonlarını təqdim etmişdir.

Akademiyanı fərqlənmə diplomu ilə başa vurmuş Eldar Qədimov yaş kötüyünə rəmzi xatirə lövhəsini vurmuşdur.

Daha sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilmişdir.

Müdavimlər "Azərbaycan Polisi" marşını ifa etmişlər.

 

 

Azərbaycan.- 2012.- 3 iyul.- S. 3.