Altı ayın yekunları sürətli yüksəlişdən xəbər verir

 

 Şəmkirdə son ayların ən önəmli hadisələrindən biri budur ki, rayon əhalisinin sayı iki yüz min nəfərə çatmışdır. Çox sahədə respublika üzrə birincilər sırasında gedir. Görülmüş işlərin miqyası da böyükdür.

Cari ilin altı ayının yekunları müzakirə olunarkən bu barədə ətraflı danışıldı.

Rayon icra hakimiyyətinin başçısı Nazim Veysov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışlarındakı tələblərə uyğun olaraq yerlərdə görülən işləri ətraflı təhlil etdi.

Qeyd olundu ki, rayon həyatının hər sahəsində sürətli inkişaf var. Bu ilin altı ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul istehsalının həcmi 31,2 faiz artaraq 181 milyon manata çatmışdır. Adambaşına düşən məhsul buraxılışı 905 manat olmuşdur. Rayonda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilir. Son bir neçə ay ərzində onlarca özəl müəssisə işə salınmış, 2200 yeri açılmışdır.

Rayonda mal-qaranın bəslənilməsi, taxıl, kartof, tərəvəz, üzüm istehsalı sahəsində zəngin təcrübə qazanılmışdır. Cari ildə 17 min hektar sahədə taxıl əkilmişdir. 12,4 min hektar sahədə biçin başa çatmış, indiyə kimi təqribən 50 min ton məhsul götürülmüşdür. Dağlıq bölgələrdə biçin davam edir. Artıq rayonda 526 hektar üzüm bağı mövcuddur, onun da xeyli hissəsi son vaxtlarda salınmışdır.

Gəlir artdıqca quruculuq işlərinə xüsusi fikir verilir. Hesabat dövründə altmış milyon manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. Rayon başdan-başa inşaat meydanına bənzəyir. "Akkord" şirkəti tərəfindən içməli sukanalizasiya xətlərinin çəkilişinə başlanılmışdır. Sərxan massivində ümumi tutumu 9 min kubmetr olan 4 su anbarının inşası başa çatdırılıb. Şəmkirçay dəryaçasına gələcək suyu qəbul etmək üçün isə rayonun mərkəzində tutumu 3 min kubmetr olan anbarın tikilməsi nəzərdə tutulmuşdur.

Rayonda yol təsərrüfatının yenidən qurulmasına xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin 27 fevral 2012-ci il tarixli sərəncamına uyğun olaraq "Gəncə Körpü Tikinti-2" ASC tərəfindən Kür qəsəbəsinə gedən yol bərpa olunur. bp şirkətinin köməyi ilə Qaracəmilli-Təzəkənd arasındakı 8 kilometrlik yola asfalt döşənir. Rayon mərkəzində küçələr, meydançalar abadlaşdırılır, səkilər sahmana salınır, müasir işıq sistemi qurulur.

Dövlət Proqramına uyğun olaraq rayonda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Bakı Oksford məktəbində müasir tipli yataqxana binasının, uşaq bağçasının və Xatirə parkının tikintisinə başlanılmışdır. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli binanın inşası davam etdirilir. Son illərdə 19 məktəb binasından altısı Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilmişdir. Abbaslıda, Şeidlərdə, Düyərlidə, Sabirkənddə yeni məktəb binalarının inşasına başlanılmış, Abbasbəyli, İsgəndərli, Qaralar kənd məktəblərində və digər yerlərdə təmir işləri başa çatmaq üzrədir. Səhiyyə, mədəniyyət və turizm sahələrində də bu cür əsaslı işlər həyata keçirilir.

Kəndlərin ən ümdə problemləri təbii qazelektrik enerjisi ilə bağlıdır. Hazırda rayonun 44 yaşayış məntəqəsində 32,5 min abonentin mənzilinə təbii qaz verilir. Bayramlı, Muxtariyyat, Qılıncbəyli və Qaralar kəndlərinə qaz kəmərinin  çəkilməsi problemi həll olunub.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulmuş Şəmkir və Yenikənd su elektrik stansiyaları ahəngdar işləyir. Dağların başında nəhəng dəryaça yaradılır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında Samur-Abşeron kanalı,  Taxtakörpü su anbarı ilə yanaşı, Şəmkirçay dəryaçasının da respublikamızın həm meliorasiya, həm də içməli su probleminin həllində mühüm əhəmiyyətə malik olduğunu xüsusi vurğulayaraq demişdir: "Hər iki layihə qlobal layihədir. Ölkə iqtisadiyyatına, yəni bir layihəyə qoyulan investisiya baxımından, bəlkə də, ən böyük layihələrdir və kənd təsərrüfatının inkişafı üçün ən vacib layihələrdir. Bu layihələrin icrası nəticəsində on minlərlə, bəlkə də yüz minlərlə hektar yeni əkin sahələri dövriyyəyə buraxılacaq, yeni yerləri, yeni istehsal sahələri yaranacaq, yəni, o bölgələrdə böyük canlanma müşahidə olunacaqdır.

Orada işlər cədvəl üzrə gedir və bəlkə də, cədvəli bir qədər qabaqlayırlar. Ona görə baxmaq lazımdır, - düzdür, bizim dövlət büdcəmiz artıq formalaşıbdır, əlavə vəsait yoxdur, - ancaq əgər haradasa bir imkan yaranarsa, mən hesab edirəm ki, bu layihələri daha da sürətləndirmək, vaxt itirməmək üçün əlavə vəsait ayrıla bilər".

Toplantı iştirakçıları Şəmkir rayonuna göstərdiyi qayğı və diqqətə görə dövlət başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Şəmkirin potensialı böyükdür. Cari ilin altı aylığının yekunları deməyə əsas verir ki, ilin sonuna kimi hər sahədə daha böyük uğurlar əldə ediləcəkdir.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2012.- 25 iyul.- S. 6.