Əhməd bəy Ağayevin “Dəbistan” və “Molla Nəsrəddin” məqaləsinə və mətbuata dair fikirlər haqqında
Azərbaycan milli mətbuat tarixində jurnalistik istiqamətin başlanğıcını qoyan "Molla Nəsrəddin" və "Dəbistan" jurnalları haqqında söz düşəndə elmi dairənin və geniş ictimaiyyətin yadına, adətən, Əli bəy Hüseynzadənin "Molla Nəsrəddin" və "Dəbistan" məqaləsi düşür. Həmin məqalə "Həyat" qəzetinin 18 may 1906-cı il tarixli nömrəsində çap edilmişdir. Ancaq ondan 32 gün əvvəl - "İrşad" qəzetinin 16 aprel 1906-cı il tarixli nömrəsində Əhməd bəy Ağayevin yazıb çap etdirdiyi "Dəbistan" və "Molla Nəsrəddin" məqaləsinin adını yalnız professor Məmməd Məmmədov çəkmiş, bu sətirlərin müəllifi isə yazılarının birində həmin məqaləni xatırlatmışdır. Halbuki "Dəbistan" və "Molla Nəsrəddin" məqaləsi haqqında ətraflı və əsaslı söhbət açıb onu geniş ictimaiyyətə çatdırmaq həm elmi, mədəni, mənəvi, ideoloji, ictimai-fəlsəfi fikrin inkişafını izləmək, həm də mətbuat tarixi baxımından faydalıdır.
Məqalələrin adlarındakı yaxınlıq, bəlkə də, formal yerdəyişməni nəzərə almasaq, eynilik Ə.Hüseynzadənin öz qələm dostu Ə.Ağayevlə məslək və yaradıcılıq dostluğunun davamını göstərən fakt kimi maraqlıdır. Hər iki məqalədə bəzi oxşar tezislər inkişaf etdirilmişdir. Bu da təsadüfi deyil, belə ki, Ə.Ağayevin məqaləsi çapdan çıxanda "Molla Nəsrəddin"in cəmi iki nömrəsi işıq üzü görmüşdü (çox güman ki, "Dəbistan" və "Molla Nəsrəddin"i yazanda "Molla Nəsrəddin"in ikinci nömrəsi heç Bakıya çatmayıbmış). Məqalənin yığıldığı 15 aprel günündə "Dəbistan" jurnalının birinci nömrəsi də çap prosesində idi. Ə.Hüseynzadə "Molla Nəsrəddin" və "Dəbistan" məqaləsini yazanda isə hər iki jurnalın bir neçə nömrəsi artıq oxucuların ixtiyarında idi. Bu da, təbii olaraq, Əli bəyə öz fikirlərini əsaslandırmaq, "Molla Nəsrəddin" və "Dəbistan" jurnallarını müqayisəli şəkildə dərindən təhlil etmək üçün geniş imkan və zəngin material vermişdi.
Əhməd bəyin "Dəbistan" və "Molla Nəsrəddin" məqaləsində əsas diqqət XX əsrin əvvəllərində milli mətbuatın inkişafının səbəbləri, əhəmiyyəti və cəmiyyətin, yaradıcı şəxslərin bu yolla öhdəsinə düşən vəzifələrin müəyyənləşdirilməsi, onların həlli yollarına yönəldilmişdir.
Bəlli olduğu kimi, "Dəbistan" jurnalının ilk nömrəsi 16 aprel 1906-cı ildə çapdan çıxmışdır. "İrşad" qəzetinin həmin gün çıxan nömrəsinin birinci səhifəsində "Dəbistan"ın çapdan çıxan birinci nömrəsinin təqdimat mərasimi - rəsm güşadı keçiriləcəyi haqda elan verilmişdir. Ə.Ağayevin "Dəbistan" və "Molla Nəsrəddin" məqaləsi həmin hadisə, yəni jurnalın nəşri ilə bağlı milli mətbuat mənzərəmizin bir qədər də zənginləşməsi ilə bağlı qələmə alınaraq, "İrşad"ın elə 16 aprel 1906-cı il tarixli nömrəsində (səh. 1-2-də) çap edilmişdir. Məqalə milli maarifin günü-gündən inkişafından və ona nicat yolu göstərən mətbuatın şəbəkəsinin genişlənməsindən doğan şükranlıqla başlanır. Göstərilir ki, başqa xalqlarla müqayisədə elə bir böyük uğur olmasa da, "bir ilin müddətində Qafqaz müsəlmanları arasında iki qəzetə - "Həyat" və "İrşad" - nəşr olunmağa başladı. Bu günlərdə Tiflisdə bir də bir müsəvvər bir məsxərə qəzetəsi ("Molla Nəsrəddin" jurnalı nəzərdə tutulur - A.B.) zühur etdi. Bu gün də Bakıda uşaq və şagirdlər üçün "Dəbistan" adlı cəridə veriləcək!!"
Əhməd bəyin haqlı qənaətinə görə, min illərlə qəflət yuxusuna uyub hər bir tərəqqi və inkişafdan geri qalan, ətalət və cəhalət pəncəsində çırpınan, getdikcə gücü tükənməkdə olan Qafqaz müsəlmanlarının milli ruh yüksəkliyi ilə hərəkətə gəlmələrinin əsas səbəbi "küll Rusiyanı bürüyən" milli ruhlu azadlıq hərəkatıdır. Həmin hərəkatın o dövrədək varlığı sanki bilinməyən Azərbaycan xalqının da milli özünüdərkini, mənlik şüurunu qüvvətləndirməyə doğru hərəkətə gətirməyi barədə məqalədə oxuyuruq: "...Bir il bundan əqdəm guya Qafqazda heç müsəlman yox idi; heç müsəlman dili yox idi; heç müsəlman yazıçı yox idi!!! Şimdi əqla qeyrilər nəflərində bir şey oldu!! Əqla az da olsa dərdlərimizi, ehtiyaclarımızı söyləməyə, ürəklərimizi boşaltmağa bir yer oldu!!! Əqla bu qədər olduğumuz xabi-qəflətdən gözümüzü açmağa şüruu etdik (başladıq - A.B.)!!"
Müəllifin işıqlı sabaha, gələcəkdə daha böyük və sürətli inkişaf tapacağımıza ümid və inamını artıran odur ki: "İştə çətin öylə burası idi! Çətin əvvəlinci qədəm idi! Şimdi iş gedər! Bu iş yavaş deyil, çox tezlik ilə biz müsəlmanlar da tərəqqi və təaliyə yolunda qeyrilərlə həmduş (çiyin-çiyinə, yanaşı - A.B.) və həmdəst gedəriz".
Ə.Ağayev bütün bunlarla yanaşı, Azərbaycan xalqının potensial imkanlarının, istedad və qabiliyyətinin hüdudsuzluğuna, Tanrının və təbiətin ondan heç bir şey əsirgəmədiyinə də güvənir, uzun əsrlərin ətalət və kəsalətindən sonra həmin imkanların, güc və qabiliyyətin hərəkətə gəlməsi, onların düzgün istiqamətə yönəldilməsi nəticəsində tezliklə inkişaf etmiş millətlərin sırasında dayana biləcəyimizə inanırdı... Eyni zamanda, dərin təəssüf hissi ilə bütün güc və qabiliyyətimizin uzun əsrlər boyu milli inkişafımıza zidd olub, bizi geriliyə, məhvə sürükləyib ayaqlar altında qalmağa, başqalarının əlində xarü zəlil olmağa sürükləyən əməllərə sərf olunduğunu da diqqətə çatdırırdı.
"Lakin biz şimdiyədək xabi-qəflətdə olub, Allah-Taala kəramət etdiyi nemətlərdən bəhrəmənd olmamışıq; əqlimizi, zəkamızı, fəsahət və bəlağətimizi kitalətimizi işlətməmişik; ata-babadan irs mirası qalan kəsalət və bətalətə qərq olub bikarlığı, tənbəlliyi özümüzə sənət etmişik; gücümüzü, zorumuzu, əqlimizi, zəkamızı pis işlərə, fəsadə nifaqə və qeyri-naməşru (qanunsuz - A.B.) və naməqul işlərə işlətmişik; uşaqlarımız məktəb və sənət əvəzinə küçələrdə tərbiyə tapıb bikarlığa, ləhv ləbə adət etmişlər!"
Bütün bunların artıq arxada qaldığı, dövrün tələbinə uyğun olaraq, cavanlarımızın yavaş-yavaş tərbiyə tapıb, məktəb görüb, qeyri tayfaların və dünyanın əhval və əxlaqından müxbir (xəbərdar, məlumatlı - A.B.) olub qeyrətə gələrək iş görmələri, millət fikrinə düşmələri müəllifin ruhunu yüksəldir, işıqlı sabaha inamını artırırdı. Əhməd bəy inanırdı ki, əgər cavanlarımız indiyədək yol kəsmək, adam öldürmək, qumarxana küncündə puç olmaq, küçələri veyil-veyil dolanmaqla gün keçirirdilərsə, hazırda millət yolunda, onun tərəqqisi və inkişafı uğrunda çalışmaqdadırlar. Ona görə ki, hazırda "...qabiliyyət və istedadi-millimiz üçün meydan açılıb, bir parlaq ziyalı surətdə özünü nümayan etməkdə (göstərməkdə, meydana çıxmaqda - A.B.) şəkk yoxdur". Fikrinin əsaslı, konkret fakt və vəziyyətə dayandığını göstərmək üçün Ə.Ağayev bir vaxtlar "Həyat" və "İrşad" qəzetlərinin nəşrinə başlayarkən keçirdiyi narahatlıqların indi tamamilə əsassız olduğunu diqqətə çatdıraraq sözünə belə davam edir: "Mən "Həyat" və "İrşad" qəzetlərinə şüruu edəndə bir az vaqeə edirdim ki, əcəba millətimizdə layiq və dana (alim, istedadlı, bilikli - A.B.) yazıçılar olacaqmı?! Lakin bir az keçdikdə mənə məlum oldu ki, səhv etmişəm. Çünki millətimiz o qədər layiq, daha müxbir şəkildə köməkçilər meydana gətirdi ki, iki qəzetə deyil, onlarca qəzetə abartmağa müstəiddirlər!
Şimdi "Dəbistan"ın və "Molla Nəsrəddin"in də zühura çıxması bunu sübut ediyor!!"
Ə.Ağayevi sevindirən, vəcdə gətirən (bunu cümlələrin sonunda qoyulan nida, qoşa nida işarələri də göstərir) təkcə soydaşlarının milli tərəqqi istiqamətində hərəkətə gəlib çoxlu sayda milli qanlı əliqələmli ziyalı cavanların olması deyil, həm də onların əksəriyyətinin işbilən, istedad sahibi olmalarıdır.
"Molla Nəsrəddin" jurnalının karikatura və yazılarının həm ideyası, həm məzmun və məna dərinliyi, həm də bədii tərtibatı və mədəni, mənəvi təsir gücünün yüksəkliyi barədə söylənən fikirlər də bunu təsdiq etməkdədir. Məqalədə oxuyuruq: "Baxın "Molla Nəsrəddin"ə. Bu cəridə nə gözəl cəridədir! Nə qədər əql, zəka, məharət və zövq göstəriyor!! Nəinki biz müsəlmanlar, bəlkə ən mədəni, ən mütərəqqi tayfalar böylə cəridələr ilə fəxr edə bilərlər! Onun nəqşləri və sözləri o qədər gözəl, o qədər pürməna, o qədər tənəbbihamiz (təsirli, oyadıcı, ağıllandırıcı, ağılverici - A.B.) nəqşlər və sözlərdir ki, insanın baxdıqca xoşu gəlib, baxdıqca bəsirəti artır (gözü açılır, dərrakəsi artır, aydınlaşır - A.B.)".
"Molla Nəsrəddin"dən alınan təəssürat, onun hər cəhətdən yüksək səviyyədə olmasından gəlinən qənaət "Dəbistan" jurnalının da səviyyəli və milli ruhlu, təlim tərbiyənin sirlərinə, metodlarına kifayət qədər bələd olan insanlar tərəfindən çıxarılması müəllifdə onun da səviyyəli olacağı inamını yaradır. Buna görə fikrinə belə davam edir: "Əminik ki, "Dəbistan" da öz dairəsində bir layiq, möhtərəm, bəsirət artıran, məlumatlı cəridə olacaq; üsuli-tərbiyəmizə böyük-böyük xidmətlər edəcək".
"Dəbistan" kimi tədris, tərbiyə məsələlərinə üz tutan, pedaqoji sahəyə dair problemləri işıqlandırıb onların həlli yollarını göstərməyi qarşısına məqsəd qoyan bir nəşrin o dövr üçün (həm də indi) xüsusi dəyərə malik olduğunu, vacibliyini müəllif belə əsaslandırırdı: "Bu maddə, yənu üsuli-tərbiyə məsələsi biz müsəlmanlar üçün ən böyük, ən mühüm maddələrdən biridir. Yəqinə demək olur ki, bu maddədə biz müsəlmanlar bir cahil, qəbih, bir şey bilmiyən uşaq kibiyiz və bizim cümlə bəlalarımız, bədbəxtliyimiz həman bu maddədən naşidir, çünki övlad tərbiyəsini bilmiyən bir taifə nə cür səmadət və fəlahətə (əkinçilik, kənd təsərrüfatı - A.B.) nail olar?!"
Milli mədəni, mənəvi, əxlaqi şüurun formalaşıb dövlətçilik, vətəndaşlıq istiqamətində inkişaf etməsində mətbuatın rolunu, əhəmiyyət və dəyərini şərh etməklə yanaşı, oxucuların, xalqın bu sözlərə, məsləhət və tövsiyələrə qulaq asıb-asmayacağının da vacibliyi diqqətə çatdırılır. Göstərilir ki, başlanan xeyirxah işin "yariməsi üçün iş sahiblərinə, fikir və məqsəd sahibinə qulaq asıb", deyilənlərə əməl etməyi bacaranların - oxucu və camaatın olması da əsas şərtlərdəndir. Əks halda bütün görülən işlər, söylənən dəyərli fikirlər havaya, boşuna atılan güllələr kimi olar. Ona görə Əhməd bəy farsın belə bir sözünü - Müstəme sahib soxən ra bər səre kar avərd (tərcüməsi: Dinləyən, qulaq asan söz sahibini iş başına gətirdi) - kəlamını misal gətirərək, əlavə edir ki: "Bu söz nə gözəl söz! Ələlxüsus bir söz qəzetələr üçün həqdir! Çünki qəzetə və qəzetəçi hər gün danışan bir şeydir; onu eşidici (yəni eşidən, dinləyən, oxuyan - A.B.) olmasa, kimə danışsın?!"
Doğrudan da, oxucusu olmayan qəzetçinin və mətbu orqanın işi, fikri və amalı işə keçməz, o iş başında dura bilməz. Ona görə Əhməd bəy oxuculara qəzet (jurnal) çıxarmağın, jurnalistikanın ağırlığı, çox xərc, zəhmət və vətəndaş fəallığı hesabına ərsəyə gəldiyi barədə də məlumat verməyi lazım bilərək yazır: "Cəmaətimiz isə qəzetə barəsində qəribə-qəribə fikirdədir!! Öylə fikr eyliyirlər ki, qəzetə və ya cəridə fəqət bir parça yazılmış kağızdır. Halbuki bu bir parça yazını ortalığa çıxartmaq üçün cürbəcür zəhmət və məşəqqətlərdən savayı maşınlarına, hürufatına və qeyri lazımatına (ləvazimatına - A.B.) əqla on beş min manat lazımdır; bundan keçəndən sonra hər nömrənin əqla həştad, doxsan manat xərci var!"
Ona görə xalqı, oxucuları bir bu qədər zəhmət və məşəqqət, xərc və məhrumiyyət hesabına başa gələn, millət və milli tale üçün dəyərli nemətin qədrini bilməyə, onu yaşatmaq, həm də özünün işıqlı sabahını təmin etmək naminə fəallığa, qədrşünaslığa, maddi və mənəvi dəstəyə səsləyirdi. Göstərilirdi ki, əks təqdirdə qələm əhli olan ziyalılarımız küskünləşərək işdən soyuyub hərəsi bir başqa sənətin dalınca gedər. Nəticədə indi çatdığımız son dərəcə əhəmiyyətli nemətə - mətbuata bir daha çətin ki əlimiz çata. Belə bir aqibət isə, əlbəttə, milli və dövləti fəlakət olardı. Ancaq Əhməd bəy Ağayev milli mətbuatın və inkişafın işıqlı sabahına belə bir əminliklə inanırdı ki, həm qəzetələrimizə ("Həyat" və "İrşad"a) və həm "Dəbistan"a və "Molla Nəsrəddin"ə layiqincə yardım və kömək edib qoymuyacaqlar ki, "bu günə nafe və lazım şeylərdən məhrum olaq".
Böyük jurnalist, ictimai xadim və mütəfəkkirin ümid və arzuları, vətəndaş narahatlıqları bu gün öz bəhrəsini vermişdir; milli mətbuat və dövlətçiliyimizin uğurları fikrimizə əsasdır.
Alxan BAYRAMOĞLU,
filologiya elmləri doktoru,
professor
Azərbaycan.- 2012.- 25 iyul.- S. 7.