Bakıda Qeyri-leqal məşğulluğun aradan qaldırılması tədbirləri mövzusunda iclas keçirilmişdir

 

İyulun 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şuranın "Qeyri-leqal məşğulluğun aradan qaldırılması tədbirləri" mövzusunda növbəti iclası keçirilmişdir.

ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov ölkəmizdə xüsusən qeyri-neft sektorunda davamlı artım əldə edildiyini, son 8 ildə bir milyondan çox, cari ilin birinci yarısında isə 46 min yeni yerinin yaradıldığını, işsizliyin hətta inkişaf etmiş dövlətlərlə müqayisədə xeyli aşağı düşərək 5,4 faizə endiyini demişdir.

Qeyd olunmuşdur ki, məşğul əhalinin sayı ilə müqayisədə əmək müqaviləsi əsasında işləyənlərin sayı xeyli azdır. Bu, onu göstərir ki, bir çox işəgötürənlər qeyri-leqal əmək münasibətlərinə yol verməkdə, bununla həm işçi hüquqlarını pozmaqda, həm də müvafiq vergini ödəməkdən yayınmaqda davam edirlər.

Diqqətə çatdırılmışdır ki, artıq qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində ciddi dönüş əldə olunması üçün konkret tədbirlərin görülməsinə başlanılmışdır. Müvafiq qanunvericilikdə təkmilləşdirmələrin aparılması, belə hallara qarşı daha təsirli tədbirlərin görülməsi qərara alınmışdır. Həmçinin sosial tərəfdaşların təmsil olunduğu Milli Üçtərəfli Sosial Şuranın tərkibində qeyd olunan hallarla bağlı komissiya yaradılmışdır.

Bildirilmişdir ki, əmək müqaviləsi əvəzinə mülki müqavilənin bağlanmasının məqsədi isə yerlərində əməyin mühafizəsi norma və qaydalarına əməl olunmasından, işçinin xüsusi geyim, fərdi mühafizə vasitələri ilə təmin edilməsindən, onun dövri olaraq tibbi müayinədən keçirilməsindən yayınmaq, məcburi dövlət sosial sığorta haqqını fiziki şəxsin üzərinə qoymaqdır. Mülki-hüquqi müqavilə üzrə işləri yerinə yetirən şəxslər əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidmətinin nəzarət dairəsinə düşmədikləri üçün vergidən də yayınırlar.

Vurğulanmışdır ki, hazırda qanunvericiliyə ediləcək dəyişikliklərlə bağlı təkliflərdən birimülki müqavilə bağlanan işçilərin sayının ümumi işçilərin 10 faizindən çox olmamasını nəzərdə tutur.

İclasda yaranmış problemin aradan qaldır ılması məqsədilə hazırlanan "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" və "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihələri Şuranın müzakirəsinə təqdim olunmuş, layihələrlə bağlı fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2012.- 25 iyul.- S. 7.