Təbiəti qorumaq həm də özümüzü
qorumaqdır
Qloballaşan, inkişafının ən yüksək mərhələsinə qədəm qoyan dünyanın qarşısında duran əsas vəzifələrdən biri təbiəti, təbii resursları qoruyub saxlamaq, gələcək nəsillərə ötürməkdir. Artıq dünyanı başına götürən təbii fəlakətlər də sanki insanlara bir xəbərdarlıqdır, "SOS" siqnallarıdır. Bunlar isə son illər özünü o qədər tez-tez və qabarıq şəkildə göstərir ki, onları görməmək, eşitməmək mümkün deyil. Bu mənada son illər dünya dövlətlərinin bu sahədəki axtarışları, ətraf mühitin mühafizəsi üçün birgə səyləri diqqətəlayiqdir.
Artıq neçə illərdir BMT-nin təşkilatçılığı ilə dünya miqyasında ekoloji mövzuda təbliğat işləri təşkil olunur, müxtəlif tədbirlər keçirilir. Belə qlobal tədbirlərdən biri bu mötəbər qurumun təşkilatçılığı ilə keçirilən, hər il geniş şəkildə qeyd olunan ətraf mühitin ümumdünya mühafizəsi günüdür. Onu da yada salmağa dəyər ki, ətraf mühitin ümumdünya mühafizəsi günü BMT-nin ətraf mühitlə bağlı keçirilən konfransında - 5-16 iyun 1972-ci ildə Yaponiya və Seneqal dövlətlərinin təklifi ilə təsis olunmuşdur və dünya ictimaiyyətini ətraf mühitin mühafizəsi problemlərinə daha effektiv surətdə cəlb etmək üçün 5 iyun 1973-cü ildən etibarən bütün dünyada geniş şəkildə qeyd olunur. BMT-nin Baş Assambleyası təşkilata üzv olan ölkələri həmişə, xüsusilə 5 iyun günü ətraf mühitin qorunması və yaxşılaşdırılmasına yönəldilmiş tədbirləri daha fəal həyata keçirməyə, təbliğat-təşviqat xarakterli işləri gücləndirməyə səsləyir. Bu məqsədlə dünyanın hər yerində ətraf mühitin ümumdünya mühafizəsi gününə həsr olunmuş aksiyalar keçirilir, şəhər və kəndlərdə ekoloji sorğular aparılır.
Sürətlə dünyaya inteqrasiya olunan respublikamız da belə tədbirlərdən kənarda qalmır. Uzun illərdir ki, ekoloji biliklərin artırılması, gənc nəsil arasında ekoloji tərbiyənin gücləndirilməsi istiqamətində ölkəmizdə genişmiqyaslı işlər aparılır. 2010-cu ilin "Ekologiya ili" elan olunması da bu problemə Azərbaycan dövlətinin, ictimaiyyətinin artan diqqətindən xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif tədbirlərdə, görüşlərdə ekoloji problemlərin həllinə xüsusi diqqət yetirərək onu müvafiq dövlət və qeyri-hökumət təşkilatları qarşısında prioritet vəzifələrdən biri kimi qoyur və iqtisadi, sosial-mədəni və digər məsələlərlə yanaşı, ekoloji problemlərin həllinə də ayrıca diqqət yetirir. Təbii ki, iqtisadiyyatın sürətli inkişafı, yeni neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi ekoloji problemlərin də həllinə gözəl imkanlar yaradır.
Bir faktı da vurğulamaq lazımdır ki, məsələnin aktuallığı, vacibliyi onun həlli üçün bütün dövlət və qeyri-hökumət təşkilatlarını, müxtəlif qurumların səylərini birləşdirməyi tələb edir. Biomüxtəlifliyin qorunması, meşələrin mühafizəsi və inkişafı, geoloji kəşfiyyat, əhalinin içməli su ilə təminatı, çirkab suların idarə olunması, neftlə çirklənmiş ərazilərin təmizlənməsi qarşıda duran belə vacib məsələlərdəndir.
Son illərdə aparılan uğurlu geoloji kəşfiyyat işləri sayəsində yeni qızıl yataqlarının aşkarlanması ölkə iqtisadiyyatının inkişafına böyük bir töhfə oldu. Qiymətli metalların sənaye üsulu ilə istehsalına başladıqdan sonra Azərbaycan qızıl ixrac edən ölkələr sırasına qoşulmuşdur. Bu mənada, Gədəbəy, Göygöl, Şəmkir və Daşkəsən rayonlarında uğurlu addımlar atılmaqdadır. Ümumiyyətlə, müxtəlif təbii ehtiyatlarla, o cümlədən qiymətli metallarla zəngin olan Qarabağın, xüsusilə Kəlbəcərin nə vaxtsa işğaldan azad olunması Azərbaycanın bu sahədə də dünya dövlətləri arasında öz mühüm yerini tutacağına əminlik yaradır.
Tarixən Azərbaycanda formalaşmış biomüxtəlifliyin qorunub saxlanması, onun gələcək nəsillərə çatdırılması da vacib, ümumxalq əhəmiyyətli vəzifələrdəndir. Son illər respublikamızda bu sahədə də mühüm addımlar atılmaqdadır. 2003-cü ildən başlayaraq xüsusi qorunan təbiət ərazilərinin sahəsi iki dəfədən çox artırılaraq 1132,5 min hektara çatdırılmış, nəticədə 10 milli park, 11 qoruq və 24 yaşıllıqdan ibarət şəbəkə yaradılmışdır. Ümumilikdə, bütün bunlar ölkə ərazisinin 13 faizdən çoxunu təşkil edir. Samur-Yalama Milli Parkının, Qızılağac Dənizkənarı Milli Parkının və Zaqatala-Balakən Biosfer Rezervatının formalaşmasının başa çatdırılması, 130 min hektar sahəyə malik, Cənubi Qafqazın ən böyük parklarından biri olan Şahdağ Milli Parkında aparılan tikinti, abadlıq işləri, vəhşi təbiətin günün tələblərinə uyğun mühafizə olunması da bu sahədə böyük bir addımdır.
Meşə salınması və onun mühafizəsi sahəsində də görülən işlər diqqətəlayiqdir. Son iki ildə ümumilikdə 22 min hektar ərazidə meşəbərpa işləri aparılmış, 7471 hektar sahədə yeni meşələr salınmışdır. Təkcə cari ilin birinci rübündə 801 hektar sahədə 1,5 milyon ağac əkilmiş, xeyli toxumluq əldə edilmişdir.
Paytaxt Bakıda, eləcə də ətraf kənd və qəsəbələrdə yaşıllaşdırma işləri böyük sürətlə həyata keçirilir. Təqdirəlayiq haldır ki, bu zaman Abşeronun ənənəvi bitki aləmi nəzərə alınaraq orada zeytun bağlarının salınmasına xüsusi fikir verilir. Hazırda Hövsan ətrafında yaşıllıqlar artırılaraq yeni zeytun massivlərinin salınması dediklərimizə bir sübutdur. Eyni mənzərəni Bakıdan Qubaya, Şamaxıya, Qazaxa yola düşən hər kəs müşahidə etməkdədir. Ümumiyyətlə, ekoloji problemlərdən danışarkən təbii resursların qorunmasından, su və kanalizasiya problemlərindən yan keçmək mümkün deyil. Bütün bu qlobal məsələlərin həllində isə hamı dövlətin, dövlət strukturlarının yanında olmalı, onlara hər cür dəstək göstərməlidir. Çünki təbiətimizi qorumaq özümüzü, ailəmizi, övladlarımızı qorumaq, onların sağlam gələcəyini təmin etmək deməkdir.
Bəxtiyar QARACA
Azərbaycan.- 2012.- 25 iyul.- S. 8.