Vaşinqtonda ABŞ-Azərbaycan təhlükəsizlik dialoqunun növbəti raundu keçirilmişdir

 

 İyulun 24-də ABŞ Dövlət Departamentində ABŞ-Azərbaycan təhlükəsizlik dialoqunun növbəti raundu keçirilmişdir. Dövlət Departamentinin yaydığı rəsmi məlumatda bildirilir ki, ABŞ tərəfini məsləhətləşmələrdə dövlət katibinin siyasi-hərbi məsələlər üzrə müavini Endrü Şapironun rəhbərliyi ilə Avropa və Avrasiya məsələləri üzrə müavin Erik Rubinin, müdafiə nazirinin müavini Selest Uolanderin və enerji nazirinin müavini Uilyam Brayanın daxil olduğu  nümayəndə heyəti təmsil etmişdir.

Məlumatda vurğulanır ki, 2011-ci ildə Bakıda keçirilən təhlükəsizlik dialoqunun uğuru üzərində qurulan budəfəki məsləhətləşmələr zamanı geniş spektrli siyasi-hərbi məsələlər, o cümlədən dəniz təhlükəsizliyi, terrorizmə qarşı mübarizə, sərhəd təhlükəsizliyi, kütləvi qırğın silahlarının və qanunsuz malların yayılmasının qarşısının alınması üzrə əməkdaşlıq, eləcə də Azərbaycanın Əfqanıstanda beynəlxalq təhlükəsizlik səylərinin dəstəklənməsi üzrə təşəbbüslərə verdiyi töhfələr müzakirə edilmişdir.

Azərbaycan tərəfi təhlükəsizlik dialoqunda xarici işlər nazirinin müavini Araz Əzimovun rəhbərlik etdiyi milli təhlükəsizlik nazirinin müavini Əli Şəfiyev, fövqəladə hallar nazirinin müavini Rəhim Lətifov, Dövlət Sərhəd Xidməti sədrinin müavini Fərhad Tağızadə və digər yüksək səviyyəli rəsmilərdən ibarət nümayəndə heyəti ilə təmsil olunmuşdur.   

 

 

Şəfəq AKİFQIZI

 

Azərbaycan.- 2012.- 26 iyul.- S. 1.