Londondakı Olimpiya kəndində Azərbaycan bayrağı qaldırılmışdır

 

İyulun 25-də Londondakı Olimpiya kəndində Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilmişdir.

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova AzərTAc-a bildirmişdir ki, mərasimdə nazir Azad Rəhimov, Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətov, Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Azərbaycan nümayəndə heyətinin üzvləri və idmançılar iştirak etmişlər.

Olimpiya kəndinin rəhbəri Tessa Couell Azərbaycan nümayəndə heyətini salamlayaraq London Olimpiadasının bütün iştirakçılarına, o cümlədən Azərbaycan olimpiyaçılarına da parlaq qələbələr arzulamışdır.

Ölkəmizin dövlət himninin sədaları altında Azərbaycan bayrağı qaldırılmışdır.

İlham Mədətov xanım Couellə Azərbaycan suveniri bağışlamış, o da öz növbəsində İ.Mədətova xatirə medalı təqdim etmişdir.

Xatırladaq ki, 32 idmançının, rəsmi şəxslərin, məşqçi və hakimlərin daxil olduğu Azərbaycan olimpiya nümayəndə heyəti dünən Londona gəlmişdir. Azərbaycan idmançılarının ikinci qrupu Londona avqustun 4-də yola düşəcəkdir.

XXX Yay Olimpiya Oyunlarının rəsmi açılışı iyulun 27-də olacaqdır. Açılış mərasimində Azərbaycan nümayəndə heyəti sayca 14-cü keçəcəkdir. Azərbaycan olimpiya yığmasının bayraqdarı 2008-ci il Pekin Olimpiadasının çempionu, cüdoçu Elnur Məmmədli olacaqdır.

İyulun 28-də Londonda Azərbaycan gecəsi keçiriləcəkdir. Tədbirdə Azərbaycana həsr edilmiş videoçarxlar nümayiş etdiriləcək, caz, opera ifaçıları, habelə muğam ustaları çıxış edəcəklər.

Builki Olimpiya Oyunlarında Azərbaycan yığması ilk dəfə bu cür geniş heyətdə çıxış edəcəkdir. İdmanın 16 növündə ölkəmizi 53 idmançı təmsil edəcəkdir. Onlardan 41-i Olimpiya Oyunlarında ilk dəfə iştirak edəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 26 iyul.- S. 1.