Naxçıvanda sosial-iqtisadi inkişaf keyfiyyətcə yeni mərhələyə qədəm qoyur

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilmişdir

 

 İyul ayının 24-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyası keçirilmişdir. Sessiyada 2012-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının 2011-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi,  "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin seçkilər haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi, "Naxçıvan Muxtar Respublikası Ali Məclisi komitələri sədrlərinin, sədr müavinlərinin və üzvlərinin seçilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarında dəyişikliklər edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərmanlarının təsdiq edilməsi barədə məsələlər müzakirə edilmişdir.

2012-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar müzakirələrdə Naxçıvan Muxtar Respublikasının vergilər naziri Əli Mahmudov, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Hüseynov və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Bəxtiyar İsmayılov çıxış etmişdilər. Müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edilmişdir.

Naxçıvan Muxtar Respublikasının 2011-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi barədə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov çıxış etmiş və "Naxçıvan Muxtar Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası" haqqında Naxçıvan Muxtar Respublikasının Qanunu qəbul olunmuşdur.

Sessiyada "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi səsə qoyularaq qəbul edilmişdir. Həmçinin yeni seçilmiş deputatların Ali Məclisin müvafiq komitələrinin tərkibinə daxil edilməsi barədə qərar qəbul olunmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fərmanları təsdiq edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sessiyaya yekun vurmuşdur. Bildirmişdir ki, ölkə başçısı tərəfindən göstərilən yüksək qayğı və diqqət muxtar respublika əhalisinin qurub-yaratmaq əzmini artırmışdır. Bizim üzərimizə düşən vəzifə bundan sonra da məsuliyyətlə çalışmaq, səyimizi artırmaqdır.

Ali Məclisin Sədri sessiyada aidiyyəti dövlət orqanlarının rəhbərlərinə  konkret tapşırıqlar vermiş, muxtar respublikada sosial-iqtisadi həyatın  bütün sahələrinin inkişafı üçün ayrılmış maliyyə vəsaitinin həcminin ildən-ilə artması nəzərə alınaraq Maliyyə Nazirliyinə bu vəsaitin təyinatına uyğun və səmərəli  istifadəsinə nəzarəti gücləndirməyi tapşırmışdır.

Həmçinin muxtar respublikada vergidən yayınma hallarının qarşısının alınmasında və şəffaflığın təmin olunmasında mühüm əhəmiyyətə malik olan POS-terminallardan istifadə mədəniyyətinin gücləndirilməsi, yerli istehsalın inkişaf etdirilməsi, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, onu xarici amillərin təsirindən qorumaq üçün yerli xammaldan istifadə əsasında fəaliyyət göstərən və satış bazarı olan yeni emal müəssisələrinin yaradılması, daxili bazarda süni qiymət artımının qarşısının alınması məqsədilə görülən tədbirlərin təsirliliyinin artırılması, istehsal olunan məhsulların keyfiyyətinə, müasir standartlara cavab verməsinə və rəqabət apara bilmək qabiliyyətinə malik olmasına ciddi nəzarət edilməsi, özəl sektorun inkişafı və sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin gücləndirilməsi məqsədi ilə bankkredit təşkilatları tərəfindən verilən kreditlərin coğrafiyasının tələbata uyğun genişləndirilməsi, kreditlərin verilməsi zamanı  daha münasib faiz dərəcələrinin tətbiqinin diqqət mərkəzində saxlanması üçün müvafiq dövlət qurumlarına tapşırıqlar verilmişdir.

Eləcə də əhalinin ərzaq və qida məhsullarına olan tələbatının ödənilməsi üçün aqrar sahənin inkişafının hər zaman diqqət mərkəzində saxlanılmasına, taxıl biçininin mütəşəkkil başa çatdırılması və tədarük olunan məhsulun ehtiyat anbarlarına və dəyirmanlara qəbuluna diqqətin artırılması üçün də göstərişlər verilmişdir.

Ali Məclisin Sədri tikinti-quruculuq işlərinin muxtar respublikada geniş vüsət almasını nəzərə çatdırmış və tikinti təşkilatlarının, xüsusilə su, kanalizasiya, yol, elektrik, qaz və rabitə xətlərinin çəkilişi ilə məşğul olan təşkilatların fəaliyyətində əlaqələndirmə və ardıcıllığın təmin edilməsi, bu işlərin yerinə yetirilməsində yerli istehsal məhsullarına üstünlük verilməsi, xaricdən gətirilən və keyfiyyət sertifikatı olmayan materiallardan istifadənin qarşısının alınması, aparılan tikintidizayn işlərində milli ornamentlərin daha geniş miqyasda tətbiqinin diqqət mərkəzində saxlanılması barədə də tapşırıqlarını vermişdir.

Enerji daşıyıcılarından qanunsuz istifadənin qarşısının alınmasına diqqəti çəkən Ali Məclisin Sədri elektrik enerjisi və təbii qazın ötürülməsi zamanı yol verilən itkinin minimuma endirilməsi üçün təxirəsalınmaz tədbirlər görülməsinin, həmçinin sel təhlükəsi olan yerlərdən keçən elektrikqaz xətlərinin yerinin dəyişdirilməsi üçün tədbirlərin müəyyənləşdirilərək həyata keçirilməsinin vacibliyini vurğulamışdır.

2012-ci ilin ölkəmizdə "İdman ili", Naxçıvan Muxtar Respublikasında "Milli dəyərlər ili" elan olunmasına da toxunan Ali Məclisin Sədri gənc və yeniyetmələrin idman federasiyalarına cəlbi ilə bağlı səylərin artırılmasını, keçirilən idman yarışlarının kütləviliyinin təmin edilməsini, milli adət-ənənələrimizin, mətbəximizin, folklorumuzun, rəqslərimizin, muğamlarımızın təbliğinin diqqət mərkəzində saxlanılması üçün müvafiq qurumlara tapşırıqlarını vermişdir. Eləcə də muxtar respublikada potensialından tam istifadə olunmayan turizm sektorunun inkişafı, bu sahədə beynəlxalq təcrübənin mənimsənilməsi üçün məqsədyönlü tədbirlər görülməsinin vacibliyini vurğulamışdır.

Ali Məclisin Sədri aliorta ixtisas təhsili müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının imkanlarından, elektron lövhələrdən və digər əyani vəsaitlərdən istifadəni təmin etmək, tədrisin keyfiyyətini yüksəltmək, geniş biliyə və dünyagörüşünə malik kadrların yetişdirilməsi üçün bütün imkanların səfərbər edilməsi, təhsilin və elmin inkişafı ilə bağlı mövcud olan bütün infrastrukturdan məqsədyönlü istifadə etməklə muxtar respublikanın tarixi, arxeologiyası, təbii sərvətləri və onlardan istifadə imkanları barədə tədqiqatların davam etdirilməsi, fundamental elmi nəşrlərin hazırlanması üçün tapşırıqlarını vermişdir.

Bir çox vacib məsələlərə toxunan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sessiyaya aşağıdakı cümlələrlə yekun vurmuşdur:

"Muxtar respublikanın iqtisadi inkişafı hamını düşündürməlidir. Biz daim irəli getməli, hər bir sahədə məsuliyyət hissini artırmalı və daha səylə çalışmalıyıq. Ölkə başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi: "Mən şübhə etmirəm ki, növbəti illərdə də Naxçıvan Muxtar Respublikasının qarşısında duran bütün vəzifələr uğurla icra ediləcəkdir. Bütün infrastruktur, sosial, iqtisadi və sənaye layihələri, proqramları icra ediləcək, Naxçıvan daha da gözəl, daha da güclü olacaqdır. Bu işlərdə sizin hamınıza uğurlar arzu edirəm".

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü çağırış beşinci sessiyası öz işini başa çatdırmışdır.

 

 

Elxan MƏMMƏDOV

 

Azərbaycan.- 2012.- 26 iyul.- S. 2.