Ulu öndər Heydər Əliyev hər zaman Şuşaya böyük diqqət və qayğı göstərmişdir

 

Dünən "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyində (İB) ulu öndər Heydər Əliyevin 1982-ci ilin iyulun 29-da Şuşada Molla Pənah Vaqifin poeziya günlərində iştirakının 30-cu ildönümünə həsr olunmuş "dəyirmi masa" keçirilmişdir.

Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, İB-nin sədri Bayram Səfərov ümummilli lider Heydər Əliyevin hər zaman Şuşaya böyük diqqət və qayğı göstərdiyini vurğulamışdır.

B.Səfərov ulu öndərin 1967-ci ildə Şuşaya ilk səfəri, 1970-ci illərin ikinci yarısında şəhərin inkişafı üçün verdiyi qərarlar, burada kurort kompleksinin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir. Ümummilli lider Heydər Əliyevin 1982-ci ilin yanvarın 14-də M.P.Vaqifin məqbərəsinin açılışında iştirak etdiyini xatırladan sədr qeyd etmişdir ki, həmin il iyulun 29-da ulu öndər tanınmış Azərbaycan şairləri və yazıçıları ilə birlikdə M.P.Vaqifin poeziya günləri çərçivəsində Xurşidbanu Natəvan və Mir Mövsüm Nəvvabın abidələrinin açılışında da olmuşdur.

Rayon icra hakimiyyətinin başçısı ümummilli lider Heydər Əliyevin göstərişi ilə Dağlıq Qarabağda, xüsusilə Şuşada həyata keçirilən irimiqyaslı quruculuq işlərindən danışmışdır.

Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gördüyü işlərdən danışan B.Səfərov çıxışının sonunda ulu öndər Heydər Əliyevin "Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir" fikrini səsləndirmişdir.

Digər çıxış edənlər - Şuşa rayon səhiyyə şöbəsinin müdiri R.Məhərrəmov, Şuşa Rayon İcra Hakimiyyətinin məsul işçisi V.Hüseynov, Şuşa rayon mədəniyyət şöbəsinin müdiri Z.Abbasov, şair Ə.Şirvanlı, "Qarabağa aparan yol" qəzetinin redaktoru Ə.Mahmud və başqaları ulu öndərin Şuşaya səfərləri ilə bağlı xatirələrini söylədilər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin Şuşaya səfərlərini əks etdirən videoçarx nümayiş etdirilmiş, fotosərgi düzənlənmişdir.

 

 

Azərbaycan.- 2012.- 26 iyul.- S. 2.