Azərbaycan ilə
Kolumbiya arasında əməkdaşlığın
inkişaf etdirilməsi üçün
geniş potensial mövcuddur
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Latın Amerikası ölkələrinə səfəri çərçivəsində Kolumbiyada olmuşdur.
AzərTAc xəbər verir ki, E. Məmmədyarov Kolumbiyanın xarici işlər naziri Maria Angela Holguin Cuellar ilə görüşmüşdür.
Kolumbiyalı nazir azərbaycanlı həmkarının başçılıq etdiyi nümayəndə heyətini salamlayaraq bu səfəri yüksək qiymətləndirmişdir. Ötən ilin oktyabrında Kolumbiya ticarət missiyasının Azərbaycana səfərdən çox məmnun qayıtdığını deyən M.Cuellar ölkələrimiz arasında ticarət, kənd təsərrüfatı və energetika sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulamışdır. Kolumbiyalı nazir siyasi sahədə olan yüksək əlaqələrin digər istiqamətlər üçün də səmərəli zəmin yaradacağına əminliyini bildirmişdir.
Qonaqpərvərliyə görə təşəkkürünü bildirən E.Məmmədyarov respublikamız haqqında məlumat verərək Azərbaycanın Latın Amerikası ölkələri ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirmişdir. E.Məmmədyarov həmkarından Azərbaycan Prezidenti İlham Əliyevin Kolumbiya Prezidentinə ünvanladığı məktubun yüksək ünvan sahibinə çatdırılmasını xahiş etmişdir. Nazir bildirmişdir ki, Azərbaycan dövlətinin başçısı Kolumbiya Prezidentini ölkəmizə rəsmi səfərə dəvət etmişdir. E.Məmmədyarov ölkələrimiz arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin, o cümlədən ikiqat vergitutmanın aradan qaldırılması, investisiyaların qarşılıqlı təşviqi və qorunması sahəsində sazişlərin imzalanmasının vacibliyini vurğulamışdır.
Görüşdə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həlli yolları, BMT Təhlükəsizlik Şurası
çərçivəsində əməkdaşlıq
perspektivləri, həmçinin humanitar,
təhsil və idman sahələrində əlaqələrin
inkişaf etdirilməsi yolları
müzakirə olunmuşdur.
Azərbaycan.- 2012.- 26 iyul.- S. 2.